Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-144/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1979-cu ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, iki azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, 04 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 sentyabr 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 4(010)-36/2024 saylı qərarı ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində əvvəli 27 yanvar 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs növündə qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 25 aprel 2024cü il tarixli, 1(010)-261/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmış, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 0,397 qram narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz olaraq əldə olunması, saxlanması, istifadəsi, gəzdirilməsində şübhəli bilindiyi üçün 04 sentyabr 2023-cü il tarixdə saat 21:05 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 1-ci döngənin girişində saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci polis bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,397 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 26, mənzil 125 ünvanında qeydiyyatda olsa da, ünvan 3 ünvanında yaşamışdır. Fərdi əməklə fəaliyyəti ilə məşğul olmuşdur. Əvvəllər məhkum olunmuşdur. Təxminən 10 il olar ki, narkotik vasitə qəbul edib, son zamanlar isə «kakos» kimi tanıdığı narkotik vasitə heroini falqa arasında çəkmək yolu ilə qəbul etmişdir. 04 sentyabr 2023-cü il tarixdə, təxminən saat 21 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 1-ci döngənin girişində piyada gedərkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb, özlərini təqdim etdikdə, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin işçiləri olduğunu bilmişdir. 32-ci polis bölməsinə dəvət edilərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra, həmin idarənin təhqiqatçısı, polis kapitanı Rəşad Həsənzadə tərəfindən üzərində Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılmasının zəruri olduğu bildirilərək Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin üzərində şəxsi axtarış aparılmadan əvvəl Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı Vəkil Bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizə alındıqdan sonra, dəvət olunmuş vəkil Müdafiəçi ona bir daha hüquq və vəzifələrini izah etdikdən sonra, təhqiqatçı tərəfindən xidməti otaqların birində videoçəkiliş aparılmaqla, polis işçilərinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində, yəni əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan «kakos» kimi tanıdığı heroini masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə, üzərində şəxsi axtarış aparılsa da, başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd sellofanın içərisindəki maddə «kakos» kimi tanıdığı heroindir. Həmin narkotik vasitə heroini, həmin gün səhər Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manat pul ödəməklə əldə etmişdir. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin zərfə qoyulub, qablaşdırılmışdır. Qablaşdırılmış zərf 196 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Bundan əlavə, keçirilən bütün proseslər videoçəkilişlə qeydə alınmışdır. Daha sonra isə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanıldığını və toplanmış materialların Suraxanı RPİ-nin istintaq şöbəsinə təqdim olunduğunu öyrənmişdir. Məhkəmə istintaqında isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu ittiham aktında qeyd olunan əməkdaşlar tutmayıb. Evinin qabağında olan zaman bir qara rəngli maşın ona yaxınlaşdı və Ruslan olub-olmamasını soruşdular. Onlara adının Ruslan yox, Ramin olduğunu bildirdi. Onlar həmin zaman onu maşına əyləşdirərək Suraxanı RPİ-nin 32-ci polis bölməsinə apardılar. Orada şiddət və fiziki təziq göstərərək onu döydülər. Ondan guya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını etiraf etməsini istədilər. Onların dediklərinin heç birini boynuna almırdı. Daha sonra, Toğrul adlı polis əməkdaşı onu aparıb 32-ci polis bölməsinin arxasında döydü və artıq ağrılara dözə bilməyib, guya az miqdarda narkotik vasitəni üzərində daşımasını boynuna aldı. Suraxanı rayon prokurorluğunda olan zaman bədənində olan xəsarətləri göstərərək polis əməkdaşlarından şikayətçi olduğunu bildirmişdir. Prokurorluqdan buraxılandan sonra, Toğrul adlı polis əməkdaşı onun evinə gələrək şikayətini geri götürməsini istəmişdir. O, da məcburən prokurorluğa gedərək öz şikayətini geri götürmüşdür. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, tutulan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Ümumilikdə, çox az müddət narkotik vasitə istifadəçisi olmuşdur. Onu tutan polis əməkdaşlarının adlarını bilmir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona psixi və ya fiziki zorakılıq tətbiq edilmişdir. Sonda isə, qardaşının rəhmətə getməsini və anasının xəstə olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci polis bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 04 sentyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 2, ev 7 ünvanında yaşamış Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 1-ci döngənin yaxınlığında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra 04 sentyabr 2023-cü il saat 21:05-də Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə qeyd edilən ünvanın yaxınlığına getmişlər. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 1-ci döngənin girişində dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olmasını bildirib, Suraxanı RPİ-nin 32-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla polis bölməsinə gəlmişdir. Bundan sonra, bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda, ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O, da üzərində özü istifadə etməsi üçün saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmiş və əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd ağ rəngli kağız bükümdə içərisində narkotik vasitə olan heroini təqdim etmişdir. Bundan sonra, onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra, onun təqdim etdiyi bükümə baxış keçirilmişdir. Baxış zamanı həmin bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir, həmin narkotik vasitəni Əhmədli metrosunun yaxınlığından tanımadığı şəxsdən 10 manat pul göndərərək Suraxanı qəsəbəsindən götürmüşdür. Narkotik vasitəni öz istifadəsi üçün almış və özündə saxlamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin 01 (bir) ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, protokolda yazılanların doğru olması imzalar ilə təsdiq edilmişdir. Suala cavab olaraq bildirdi ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq tətbiq edilməmiş, sonuncu tərəfindən də onlara qarşı müqavimət göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 da eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 05 sentyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 04 sentyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. (iş.v. 4-5) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən, 01 (bir) ədəd şəffaf sellofana bükülmüş büküm təqdim edərək, içərisində narkotik vasitə heroin olmasını, heroini 04 sentyabr 2023-cü il tarixdə Əhmədli metrosunun yanında tanımadığı şəxsdən 10 manat müqabilində almasını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü açdıqda, içərisində spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofana bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 (bir) ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 196 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (iş.v. 33-34) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşları Suraxanı RPİ-nin 32-ci polis bölməsinin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək bildirir ki, təqdim etdiyi sellofan bükümünün içərisindəki maddə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir və tanımadığı şəxdən öz şəxsi istifadəsi üçün 10 manata almışdır. Bundan sonra, polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparır. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilmir. Məhkəmə-kimyəvi ekspertizasının 05 sentyabr 2023-cü il tarixli, 3-16-16/2- 6/4701 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №196" dairəvi möhür əksləri, “R. Ömərovun üzərindən aşkar edilmiş maddə...” sözləri soyad və imzalar olan 01 (bir) ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,397 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,397 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq – 0,347 qram. (iş.v. 40-42) Ambulator məhkəmə-narkoloji ekspertizasının 24 oktyabr 2023-cü il tarixli, 6973 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 100- 101) Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat tapşırığına cavab olaraq ünvanlanan 13 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin hansı mənbədən əldə edilməsi istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamış və bundan başqa, hər hansı bir cinayət əməli törətməsi müəyyən olunmamışdır. (iş.v. 83-84; 98) 18 noyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 0,397 qram, tədqiqatdan sonra qalıq qalmış 0,347 qram olan narkotik vasitə - heroin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 18 noyabr 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarla maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (iş.v. 105-112) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD disk 18 noyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 128-134) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 19 fevral 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması və döyülməsi faktı ilə bağlı verdiyi məlumatların tam, hərtərəfli və obyektiv araşdırılması və araşdırmanın nəticəsi barədə qəbul edilmiş qərarın surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudova sorğu göndərilmişdir. 06 aprel 2024-cü il tarixdə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X7 tərəfindən Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış 443-C-24 nömrəli material nəzərdən keçirilərək, Suraxanı RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkət və davranışlara yol verilmədiyi üçün Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. 19 fevral 2024-cü il tarixdə, Suraxanı Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs anası X3 2023-cü il ərzində müraciətləri ilə bağlı ərizə və raportların surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı Suraxanı RPİ-nin 32-ci polis bölməsinə məktub ünvanlanmışdır. Həmin məktuba cavab olaraq 14 fevral 2023-cü il tarixdə, saat 12 radələrində yaşadığı evdə olan zaman oğlu Təqsirləndirilən şəxs onu vuraraq xəsarət yetirməsi və onun bu səbəbdən cinayət məsuliyyətinə cəlb olunmasını istəməsi ilə bağlı Təqsirləndirilən şəxs anası X5 tərəfindən Suraxanı RPİ-nin 32-ci polis bölməsinə ünvanlanan ərizə məhkəməyə təqdim edilmişdir. Suraxanı Rayon Məhkəməsi tərəfindən 19 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin MSY-də həkim müayinəsindən keçməsi və müayinənin nəticəsi barədə sənədlərin, o cümlədən qeydiyyat jurnalından həmin şəxslə bağlı məlumatın məhkəməyə təqdim edilməsi ilə bağlı Suraxanı RPİ-nin X6 sorğu göndərilmişdir. Suraxanı RPİ-nin rəisi, polis-polkovniki Şəhriyar Şəmşirli tərəfindən sorğuya cavab olaraq Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin MSY-ə 04 sentyabr 2023-cü il tarixdə daxil olması, 06 sentyabr 2023-cü il tarixdə MSY-dən azad olması, tibbi müayinə zamanı isə üzərində hər hansı bir xəsarət aşkar edilməməsi barədə bildirilmiş və buna dair tibbi müayinənin keçirilməsi, tibbi yardımın göstərilməsi və MSY-də saxlanılan şəxslərin qeydiyyatı kitabında aparılan qeydlərin surəti Suraxanı Rayon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası DİN-in MSY-də saxlanılan şəxslərin uçotu kitabından görünür ki, Təqsirləndirilən şəxs, həqiqətən 04 sentyabr 2023-cü il tarixdə Suraxanı RPİnin MSY-ə daxil olmuş, 06 sentyabr 2023-cü il tarixdə isə azad olmuş, bu zaman isə onun tərəfindən heç bir şikayət daxil olmamış, həmçinin MSY-yə giriş və çıxış zamanı ilkin müayinədən keçirilərkən bədənində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdə saat 21:35-də şübhəli şəxs qismində tutulmuş, saat 21:05-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 06 sentyabr 2023-cü il tarixdə, saat 11:10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 06 sentyabr 2023-cü il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 4(010)-36/2024 saylı qərarı ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində əvvəli 27 yanvar 2024-cü il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 25 aprel 2024cü il tarixli, 1(010)-261/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmışdır. (iş.v. 24, 57-59, 72-73, 77-82, 81-82) Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırkı dövrədək Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmiş, sonuncu dəfə isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 25 yanvar 2022-ci il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasın ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, 01 (bir) il müddətə azaldılmış, 03 iyun 2022-ci il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. (iş.v. 105-106) Göründüyü kimi, Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsi ilə olan cinayət əməlinə görə, məhkumluğu götürülməmiş və ödənilməmişdir. Belə ki, törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olmuşdur. Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin bir qrup şəxs tərəfindən və ya təkrar törədilməsi - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı 03 iyun 2023-cü il tarixdən hazırkı iş üzrə cinayəti törətdiyi 04 sentyabr 2023-cü il tarixədək iki il müddət keçmədiyindən hazırda məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxs hesab olunur. (iş.v. 103-105) Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X10 görə təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. X8 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam etiraf etsə də, məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmiş, belə ki, az bir müddət ərzində narkotik vasitə istifadəçisi olsa da, tutulan zaman üzərində narkotik vasitə olmadığını, onu ittiham aktında qeyd edilən polis əməkdaşlarının tutmadığını, bundan əlavə, polis əməkdaşları tərəfindən təzyiqlərə və işgəncələrə məruz qalaraq döyülüb xəsarət aldığını, bu səbəbdən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyini boyununa almasını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı psixi və fiziki zorakılıq tətbiq edilibedilməməsinin, edildiyi halda, bədənində MSY-də saxlanılan zaman hər hansı xəsarətin olub-olmamasının araşdırılması səbəbindən müvafiq orqanlara sorğular göndərilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadədə qeyd etdiyi xüsusatların yoxlanılması səbəbindən, onun Suraxanı RPİ-nin MSY-də həkim müayinəsindən keçməsi və müayinənin nəticəsi barədə sənədlərin, o cümlədən qeydiyyat jurnalından həmin şəxslə bağlı məlumatın, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması və döyülməsi faktı ilə bağlı verdiyi məlumatların tam, hərtərəfli və obyektiv araşdırılması və araşdırmanın nəticəsi barədə qəbul edilmiş qərarın surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı həmin sorğuların cavablarından görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərinə hər hansı xəsarət olması faktı aşkar edilməmişdir. Odur ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası DİN-in MSY-də saxlanılan şəxslərin uçotu kitabından görünür ki, Təqsirləndirilən şəxs, həqiqətən 04 sentyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin MSY-ə daxil olmuş, 06 sentyabr 2023-cü il tarixdə isə azad olmuş, bu zaman isə onun tərəfindən heç bir şikayət daxil olmamış, həmçinin həm giriş, həm də çıxış zamanı, ilkin müayinədən keçirilərkən bədənində hər hansı bir xəsarət aşkar edilməmişdir. Eyni zamanda Suraxanı RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkət və davranışlara yol verilmədiyi üçün Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd olunması barədə 06 aprel 2024-cü il tarixdə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X7 tərəfindən qərar qəbul edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə qeyd etdiyi xüsusatlarla əlaqədar hər hansı hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında şikayət etməmişdir. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd CD diskə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən də aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi görünür. Onu ittiham aktında qeyd edilən polis əməkdaşlarının tutmadığını bildirməsi xüsusatına münasibətdə isə məhkəmə qeyd edir ki, cinayət işi materiallarında olan raportlar və 04 sentyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutulması zamanı və üzərində şəxsi axtarış aparılan zaman iştirak edən polis əməkdaşları məhz Şahid2 və Şahid1dur. Məhkəmə iclasında həmin polis əməkdaşları şahid qismində dindirilərkən təqsirləndirilən şəxs tərəfindən onlara qarşı hər hansı etiraz və ya irad daxil olmamışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla heç bir dəlillə əsaslandırılmadığı üçün, məhkəmə onun dediklərinə tənqidi yanaşaraq məhkəmə istintaqında verdiyi ifadəsini sübut növü kimi qiymətləndirmir, əksinə ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut növü olaraq qiymətləndirir. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 0,397 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, sorğularaq alınmış cavablar, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi ilə bərabər onun Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair iki cinayət işi Suraxanı rayon Məhkəməsinin icraatındadır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq cəza təyin edilməli, cəzasının əvvəli hökm elan olunduğu vaxtdan, yəni 06 may 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs başqa cinayət işi ilə bağlı həbsdə saxlanılması nəzərə alınmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,347 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdən 06 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 06 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,347 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-144/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-144/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver