Məhkəmə qərarları › İş №1(010)-147/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-147/2020

14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-147/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə saat 22:30 radələrində özünə məxsus olan “Kia Sorento” minik markalı 10UO955 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, 16 saylı cəzaçəkmə müəssisəsi istiqamətindən Şuşa şəhərciyi istiqamətinə saatda 50 km sürətlə idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərini pozmuş (həmin normaya əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar), Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsi, 130 ünvanında yerləşən “xxxxxxxxx”in qarşısında onunla əks istiqamətdə 16 saylı X1 qəsəbəsi istiqamətinə hərəkət edən, Kərimov Sahib Başar oğlu tərəfindən idarə olunan “Tofaş Şahin” markalı 99NG153 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Təqsirləndirilən şəxsin yuxarıda təsvir olunan ehtiyatsızlığı nəticəsində Kərimov Sahib Başar oğlu sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilən xəsarət alaraq hadisə yerində ölmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx xxxx 2020-ci ildə gecə vaxtı özünə məxsus olan “Kia Sorento” minik markalı 10UO955 dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxmış və 16 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən üzü Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaşayış sahəsi istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkət etmişdir. Bu vaxt onun hərəkətinə nəzərən yolun solunda yerləşən “xxxxxxxxx”ə çatmağa bir az qalmış dövlət qeydiyyat nişanına fikir vermədiyi “Mercedes” minik markalı avtomobil sol tərəfdən köməkçi yoldan onun hərəkətini gözləmədən hərəkət etdiyi baş yolda daxil olmuş və o, həmin avtomobillə toqquşmamaq üçün idarə etdiyi avtomobilin əyləcini sıxaraq sükanı bir az sola tərəf çevirmişdir. Bu zaman idarə etdiyi avtomobilin ön hissəsi onunla əks istiqamətdə ona doğru hərəkət edən “Tofaş Şahin” minik markalı 99NG153 dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşdu. Hadisədən sonra idarə etdiyi avtomobildən enmişdir. Bu zaman ətrafda olan tanımadığı şəxslər toqquşduğu avtomobilin içərisindən sürücünü çıxartdılar. Bu vaxt yoldan keçən tanımadığı şəxslərdən biri idarə etdiyi avtomobillə yaxınlaşıb toqquşduğu avtomobilin sürücüsünü həmin avtomobilə qoyaraq xəstəxanaya apardılar. O, isə hadisə yerində dayanıb polis əməkdaşlarının gəlməyini gözləmişdir. Əməlindən peşmandır. Qeyd edir ki, mərhumun dəfn, yas və qəbir daşı xərclərini tam olaraq özü çəkib, zərərçəkmiş şəxsin ailəsi ilə barışıq əldə edibdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 bildirmişdir ki, Kərimov Sahib Başar oğlu onun əri olub. Onunla 2010-cu ildə ailə həyatı qurmuş, bu nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 dünyaya gəlmişlər. Onlar ailə həyatı qurduqdan sonra Sahibin yaşadığı ünvan 4 mənzil 53 ünvanında yaşamışlar. xx xxxx 2020-ci ildə günorta Sahib evə gəlmiş və nahar etdikdən sonra idarə etdiyi “Tofaş Şahin” minik markalı 99NG153 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək getmişdir. Həmin gün axşam yaşadığı evdə olan zaman yoldaşı Sahibin mobil telefonundan kimsə onun mobil telefonuna zəng edərək yol-nəqliyyat hadisəsi baş verdiyini və Sahibin xəsarət aldığını bildirmişdir. O, bu barədə qaynanası Nargiləyə məlumat vermişdir. Bundan sonra qaynanası Sahibin 3 saylı ŞKX-də olduğunu dəqiqləşdirmiş və və xəstəxanaya getmiş, bir az sonra isə ona zəng edərək həyat yoldaşı Kərimov Sahib Başar oğlunun yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb vəfat etdiyini bildirmişdir. Qeyd edir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Həqiqətən də o, özü və ailəsi təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs mərhumun dəfni, yas mərasimlərini və məzar daşının qoyulması ilə bağlı bütün zəruri xərcləri çəkmişdir. İş üzrə ibtidai araşdırma dövründə zərərçəkmiş şəxs qismində cəlb edilmiş X6 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, gəlib ifadə verməmiş, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid zərərçəkmiş şəxsin hüquqi varisi X2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayəti törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlar, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sənədlərlə təsdiq olunur. xx xxx 2020-ci il tarixli 8/393 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “1-2. İstintaq tərəfindən təqdim olunan məlumatlara görə Kia Sorento markalı 10UO955 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3-4. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə: hərəkət üçün təhlükə yaranan anda Tofaş Şahin markalı 99NG153 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 45 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Kərimov Sahib Başar oğlunun toqquşmanın qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda Tofaş Şahin markalı 99NG153 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 45 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Kərimov Sahib Başar oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşmanın qarşısını almağa texniki imkanı olmuşdur”. Meyitin ekspertizası ilə bağlı xx xxxx 2020-ci il tarixli 32 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “1987-ci il təvəllüdlü X8 Başar oğlunun məhkəmə-tibbi müayinəsinə, laborator müayinənin cavabına və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1. X8 Başar oğlunda aşkar edilmiş xəsarətlər - baş beyin qişalarına, qişaları altına, toxumasına və mədəciklərinə qansızma, çənəaltı nahiyənin və sol dirsək oynağının əzilmiş-cırılmış yaraları həyatı olub, mərhumun ölümündən bir qədər əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat qəzası zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. 2. Mərhum S.B.Kərimovun ölümünə səbəb baş beyinə qansızma nəticəsində inkişaf edən baş beyin ödemi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. 3. Mərhum S.B.Kərimovun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində il dəfə olaraq az ağır cinayət törətdiyini, öz əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsin hüququ varisinin və zərərçəkmiş şəxsin ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar