Məhkəmə qərarları › İş №1(010)-149/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-149/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-149/2023 12.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 sentyabr 2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1.601 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəki əldə edərək üzərində saxlamaqla daşımış və 18 avqust 2022-ci il tarixdə, saat 10:15-də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsində saxlanılaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman, həmin 01 ədəd bükümdə təmiz çəkisi 1.601 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, təxminən 10 ilə yaxındır narkotik vasitə tiryəkdən istifadə edir. 17 avqust 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Nizami” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün 01 ədəd bükümüdə narkotik vasitə tiryək almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamaqla daşımışdır. 18 avqust 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsində olduğu zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparmışlar. Polis Bölməsində xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra videoçəkilişdən istifadə edilməklə, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də, o, əynində olan mavi rəngli cins şalvarın sol yan cibində saxladığı 01 ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə tiryəkdir, onu 17 avqust 2022-ci il tarixdə axşam saatlarında “Nizami” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamaqla daşımışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində yenidən axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 18 avqust 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 10:15-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsində xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması və daşımasında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparmışlar. Orada Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs, əynində olan mavi rəngli cins şalvarın sol yan cibində saxladığı 01 ədəd bükümü təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə tiryəkdir, onu 17 avqust 2022-ci il tarixdə axşam saatlarında “Nizami” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamaqla daşımışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümdəki narkotik vasitə tiryək qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə üzərində axtarış həyata keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 18 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki mavi rəngli cins şalvarın sol yan cibində saxladığı 01 ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə tiryəkdir, onu 17 avqust 2022-ci il tarixdə axşam saatlarında “Nizami” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamaqla daşımışdır. Həmin bükümdəki maddə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 18 avqust 2022-ci il tarixli, 6/4392 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR.DİN “zərflər üçün N° 195” möhür əksi, “şübhəli şəxs...Təqsirləndirilən şəxs” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1.601 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’in siyahısına (Siyahı İ) daxildir. Təmiz çəkisi 1.601 qram olan tiryəkin 0.1 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1.501 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 20 avqust 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilir. Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sol yan cibində saxladığı 01 büküm aşkar edilərək götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümdə olan maddə narkotik vasitə tiryəkdir, onu 17 avqust 2022-ci il tarixdə axşam saatlarında “Nizami” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamaqla daşımışdır. Həmin bükümdəki maddə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülür və baxışın nəticələrinə dair protokol tərtib edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində yenidən axtarış aparılır, lakin sonuncunun üzərindən dövriyyəsi qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 sentyabr 2022-ci il tarixli, 5010 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 19-cu bəndlərinə əsasən tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı həddi 0.5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 50 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər oğurluq etməyə görə məhkum olunmasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 avqust 2022-ci il tarixli məlumatından və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 sentyabr 2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, əvvəllər az ağır cinayət törətməyə görə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 02 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəası həm qadın, həm də kişi məhkumlara aiddir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 18 avqust 2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 avqust 2022-ci il tarixli qərardan, habelə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 avqust 2022-ci il tarixli, 4(010)-499/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon prokurorunun təqdimatı təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində əvvəli 18 avqust 2022-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Bundan əlavə iş materiallarından görünür ki, 15 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işinin icraatı dayandırılmışdır. 21 noyabr 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyinə görə həmin tarixdə cinayət işinin icraatı təzələnmişdir. 21 noyabr 2022ci il tarixdə isə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 18 avqust 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1.501 qram olan narkotik vasitə - tiryək məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 18 avqust 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 02 (iki) gün müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu 12 yanvar 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, xalis çəkisi 1.501 qram olan narkotik vasitə - tiryək məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar