Məhkəmə qərarları › İş №1(010)-149/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-149/2024

29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-149/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X4 iştirakları ilə, 17 avqust 1962-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı 14 dekabr 2023cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs 26 noyabr 2023-cü il tarixdə, saat 15:30 radələrində ünvan 2 ünvanında yerləşən evin həyətində qonşusu Zərərçəkmiş şəxs onu qeyd olunan evdən çıxaracağını deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əsəbləşib əli ilə qəsdən sonuncunun üz nahiyəsinə bir dəfə zərbə vurmuş, daha sonra onun başını divara vurmaqla ona sol göz ətrafı yumşaq toxumaların qançırı, burun kökünün şişkinliyi və sıyrığı, sol yanaq və almacıq nahiyəsinin hematoması, sol əlin V barmağının şişkinliyi, sol budun qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir.» Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi, döngə 1, ev 23 ünvanında yeləşən ev ona məxsusdur. Yəni evi o tikdirsə də, həmin vaxtı Rusiya Federasiyasında yaşadığı üçün kiçik qardaşı X3 adına sənədləşdirmişdir. 2020-ci il tarixdə o, Rusiya Federasiyasında yaşadığı zaman narkotik vasitə istifadəçisi olan qardaşı X6 tanışı Zərərçəkmiş şəxs 11000 (on bir min) manat pul alaraq Raisanı həmin evə qeydiyyata almış və orada yaşamağa icazə vermişdir. Raisa qeyd olunan evə qaz, su və işıq xətləri çəkdirmiş və sayğaclar qoydurmuşdur. Qardaşı Sənan 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə həbs olunduqdan sonra o, Bakı şəhərinə gəlmiş və həmin vaxtı Sənanın Raisanı oraya qeydiyyata saldırdığını öyrənmişdir. Raisaya evin ona məxsus olduğunu, Sənanın onu oraya yalnız qeydiyyat etdirdiyini, qeydiyyatda olması evin ona məxsus olması demək olmadığını, evi satıb pulunu götürmək istədiyini dedikdə, Raisa onunla razılaşmamışdır. Raisa ondan 15000 (on beş min) manat pul tələb etməyə başladıqda, əsəbləşib evin küçə qapısına qıfıl vurmuşdur ki, Raisa oraya daxil ola bilməsin. Evi satmaq üçün tanıdığı şəxslərə məlumat vermiş, evi almaq üçün gələn müştəriləri Raisanın müxtəlif bəhanələrlə almaqdan yayındırdığını gördükdə, onun niyyətinin evə sahiblənmək olduğunu başa düşmüşdür. 26 noyabr 2023cü il tarixdə, saat 15:30 radələrində Raisa ilə Suraxanı rayon İcra Hakimiyyətinin qarşısında görüşdükdə, ona arxasınca evə gəlməsini dedikdə Raisa ona heç bir söz demədən onunla birlikdə qeyd olunan ünvana getmişdir. Evin həyətinə daxil olduqda Raisaya evi almaq üçün gələcək müştərilərlə heç bir danışıq aparmayacağını, ona evi satmaqda mane olmayacağını, evi isə 40000 (qırx min) manata satıb ona cəmi 10000 (on min) manat pul verəcəyini dedikdə, Raisa bu dəfə də razılaşmayaraq onunla mübahisə etməyə başlamışdır. Mübahisənin təsirindən əsəbləşib qəsdən əli ilə bir dəfə Raisanın sifətinə zərbə endirmiş, daha sonra əli ilə onun başından tutub başını divara vurmuşdur. Bundan sonra Raisa həyətdən çıxıb getmişdir. Sonda isə məhkəmədən əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də buna nail ola bilməməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası vətəndaşıdır, hazırda yaşadığı yəni, ünvan 3 ünvanında yerləşən evi 2020-ci il tarixdə X5 11000 (on bir min) manat pul ödəməklə almışdır. Evi aldıqdan sonra oraya su, qaz və işıq xətləri çəkdirib sayğaclar qoydurmuşdur. Evi aldığı şəxs Sənan Osmanov 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs olunmuş, həmin vaxtdan sonra Sənanın qardaşı Təqsirləndirilən şəxs Rusiya Federasiyasından Bakı şəhərinə gəlmiş və həmin gündən bu evə görə, onu narahat etməyə başlamışdır. Belə ki, Zahid evin ona məxsus olduğunu, onun həmin evə yalnız qeydiyyatının olduğunu, evi satıb pulunu götürmək istədiyini dedikdə, evə görə Sənana 11000 (on bir min) manat pul ödədiyini, yaşadığı müddətdə evə 4000 (dörd min) manat pul xərclədiyini, bu səbəbdən ona 15000 (on beş min) manat pul verəcəyi təqdirdə evdən çıxacağını desə də, Zahid onunla razılaşmamışdır. Həmin evə aid nə ona nədəki Zahidə aid rəsmi sənəd yoxdur. 26 noyabr 2023-cü il tarixdə, saat 15:30 radələrində Zahidlə Suraxanı rayon İcra Hakimiyyətinin qarşısında görüşdükdə, Zahid ona arxasınca evə gəlməsini dedikdə etiraz etməyib onun arxasınca getmişdir. Yaşadığı evin həyətinə daxil olduqda, Zahid ona evdə yaşamağa bir şərtlə icazə verəcəyini, belə ki, evi satmaq üçün müştəri tapacağını, evi 40000 (qırx min) manata satmaq istədiyini, həmin puldan ona 10000 (on min) manat pul verəcəyini dedikdə Zahidlə razılaşmamışdır. Bu zaman Zahid əsəbləşərək onunla əvvəlcə sözlə mübahisə etmiş, əsəbi halda qəsdən əli ilə bir dəfə sifətinə zərbə endirmiş və daha sonra əli ilə başından tutub başını divara vuraraq onu döymüşdür. Verilən suallara cavab olaraq bildirdi ki, həmin vaxt evdə iksindən başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, Təqsirləndirilən şəxs hər gün onu nalayiq söyüşlərlə təhqir edir, rahat yaşamasına imkan vermir, bunları təsdiq edən diskləri məhkəməyə təqdim etmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində ədalətli və ciddi cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Zərərçəkmiş şəxs 26 noyabr 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək və Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə ərizə verərək həmin gün saat 15:30-da Təqsirləndirilən şəxs yaşadığı evdən onu çıxaracağını deyib evin qarşısında onunla mübahisə etməsini və əli ilə sifətinə zərbə vurub başını divara vuraraq onu döyməsini bildirmişdir. 22 noyabr 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, 27 noyabr 2023-cü il tarixdə, saat 10:00-da Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Əliyev küçəsi, döngə 1, ev 23 ünvanına baxış keçirilmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onu həmin yerdə döyüb. Hadisə yerində hər hansı iz və ya maddi sübut aşkar edilməmişdir. Hadisə yerinin fotoşəkilləri protokola əlavə edilmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixli ərizələri ilə Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına heç bir etirazlarının olmadığını bildirmişlər. 27 noyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin təhqiqatçısı, polis mayoru Namiq Məmmədov tərəfindən Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış materialda böyük ictimai təhlükə törətməyən aşkar cinayət müəyyən olunduğundan 27 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 294.1.1 və 294.1.2-ci maddələrinə əsasən cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X10 27 noyabr 2023-cü il tarixli, 1066 nömrəli məhkəmə tibbi ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol göz ətrafı yumşaq toxumaların qançırı, burun kökünün şişkinliyi və sıyrığı, sol yanaq və almacıq nahiyəsinin hematoması, sol əlin V barmağının şişkinliyi, sol budun qançırları. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 26 noyabr 2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə, ümumilikdə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən yetirilməsi inkar olunmur, lakin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınmaları inkar olunur. Suraxanı RİHB-in Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 1962-ci ildə Göyçay rayonunda anadan olub, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Xəyyam Əliyev (keçmiş Cabir Əliyev) küçəsi, döngə 1, ev 23 ünvanında qeydiyyatsız yaşayır (ünvan 4n ərizəsinə əsasən). Evlidir, 2 övladı var. Bu ünvanda yaşadığı müddətdə onun barəsində Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qonşular tərəfindən şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2001-ci il tarixli 07 saylı əmri ilə təsdiq olunmuş «Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları»na əsasən tibbi nöqteyi-nəzərdən sağlamlığa zərər vurma ya bədən xəsarəti, yəni xarici mühit amillərinin (mexaniki, fiziki, kimyəvi, bioloji, psixi) təsiri nəticəsində üzv və toxumaların anatomik tamlığının, yaxud fizioloji funksiyalarının pozulması, ya da xəstələnmə və patoloji hal kimi başa düşülür. Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası keçirildikdə «Ekspert rəyi», məhkəmə-tibbi müayinəsi keçirildikdə isə «Məhkəmə-tibbi müayinə aktı» tərtib olunur. Azərbaycan Respublikası CM-də sağlamlığa zərər vurmanın üç dərəcəsi ayırd edilir: sağlamlığa ağır zərər vurma; sağlamlığa az ağır zərər vurma; sağlamlığa yüngül zərər vurma. Həmin Qaydaların İİİ fəslinə əsasən yüngül zərər vurmanın əlamətlərinə aşağıdakılar aiddir: -sağlamlığın qısa müddətə pozulması; -ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi. Sağlamlığın qısa müddətə pozulması dedikdə, əmək qabiliyyətinin 21 (iyirmi bir) gündən – 3 (üç) həftədən az olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir. Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Sağlamlığı qısa müddətə pozan yüngül zərər vurmaya aid edilə bilərlər: -Xİ-Xİİ qabırğalar istisna olmaqla 1 (bir) qabırğanın fraqmentlərinin yeri dəyişməyən sınıqları; -burun sümüyünün cərrahi müdaxilə tələb etməyən, əhəmiyyətli deformasiyası olmayan sınığı; -əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin İ barmaqları, ayaqların İ, İİ və İİİ barmaqları istisna olmaqla); -stasionar və ambulator müalicə alıb-almamasından asılı olmayaraq cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; -baş beyin silkələnməsi. Hazırkı «Qaydalar»ın Azərbaycan Respublikasının ərazisində istifadə edilməsi məcburidir. Məhkəmə baxışı zamanı cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ünvan 5 ünvanında birlikdə yaşadığından və münaqişəli tərəflər olduğundan onlar barəsində Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə məktub ünvanlanmış və xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən həmin şəxslər polis şöbəsində münaqişəli qonşular kimi nəzarətə götürülmüşdür. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəmə baxışından təqdim olunmuş fotoşəkillərə və 02 ədəd CD diskə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, fotoşəkillərdən həqiqətən də Zərərçəkmiş şəxs sifət nahiyəsində xəsarətlərin olması aşkar görünür, həmin xəsarətlər 27 noyabr 2023-cü il tarixli, 1066 nömrəli məhkəmə tibbi ekspertiza rəyinin nəticə hissəsində qeyd olunanlarla eynilik təşkil edir. Bundan başqa disklərdən birinə baxış zamanı diskin içərisində 1 ədəd faylda səs yazısı olması müəyyən edildi. Həmin səs yazısında danışan şəxsin Təqsirləndirilən şəxs Müəzəffər oğlunun səsinə oxşayan səs olması və nalayiq söyüşlərlə kimisə təhqir etməsi eşidildi. Digər diskə baxış zamanı 2 səs yazma ilə bağlı faylın olması müəyyən olundu. Həmin fayllardan birinciyə baxış zamanı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və başqa bir nəfər kişi səsli şəxsin söhbət etməsi, həmin söhbət zamanı Təqsirləndirilən şəxs nalayiq söyüşlərlə Zərərçəkmiş şəxs təhqir etməsi və evdən çıxarma ilə bağlı söhbətlərin danışıldığı eşidildi. 2-ci fayldakı səsdə isə eyni qaydada Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və başqa bir nəfər kişi səsli şəxsin evin satışı, evdən çıxarılma ilə bağlı söhbətlər etməsi eşidildi. Məhkəmə tərəfindən həmin 02 ədəd CD disklərdə iş üçün əhəmiyyət kəsb edən sübut əhəmiyyətinə malik hər hansı məlumat olmadığından sübut qismində qiymətləndirilmir. Lakin hər iki CD disk cinayət işi materiallarına əlavə edilir. Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş fotoşəkillər isə zərərçəkmiş şəxsin bədəni üzərində xəsarətlərin olmasını və həmin xəsarətlərin məhkəmə tibbi ekspertiza rəyindəki xəsarətlərlə eynilik təşkil etməsi səbəbindən iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmaqla cinayət işi materiallarına əlavə edilməsi zəruridir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, məhkəmə tibbi ekspertizasının rəyini, istintaq və məhkəmə hərəkəti protokollarını, cinayət işinə əlavə edilmiş fotoşəkilləri və məhkəməyədək sadələşdirilmiş icraat materialını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı toplanmış kifayət qədər mötəbər sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş cinayət əməlini törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəyini, istintaq və məhkəmə hərəkəti protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. CPM-nin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. CPM-nin 214.4-cü maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 128-131, 174, 175, 177.1, 185.1, 186.1, 187.1, 187.2, 188, 197.1, 200.1, 201.1, 221.1, 256.1, 256.2, 258.1, 258.2, 259.1, 263.1 və 326-cı maddələri ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə aparılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.1-ci maddəsinin və 297.0.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 12 yanvar 2011-ci il tarixli Qərarına əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın əsas təyinatı cinayətin aşkar şəraitdə törədilməsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsin ilkin dəlillər əsasında bəlli olduğu hallarda həmin işlərin tez bir zamanda həyata keçirilməsindən ibarətdir. Bu isə nəticə etibarı ilə cinayət təqibi orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına, onların imkan və vəsaitlərinə prosessual baxımdan qənaət olunmasına xidmət edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CPM-in 293.1-ci maddəsinin «böyük ictimai təhlükə törətməyən aşkar cinayət» müddəası həmin Məcəllənin 214.4-cü maddəsində göstərilən cinayətlərin ilkin dəlillərin (sübutların) məcmusu əsasında məhz konkret şəxs tərəfindən aşkar şəraitdə törədilməsi kimi başa düşülməlidir. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə təhqiqatın nəticələrini əks etdirən prosessual sənəd məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair tərtib olunmuş yekun protokuludur (CPM-in 296-cı maddəsi). Göstərilən sənəd sübutların məcmusu əsasında cinayət əməlinin məhz konkret şəxs tərəfindən törədildiyini israr etdiyindən məhkəməyədək sadələşdirilmiş icraatda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs təqsirləndirilən şəxs statusuna malikdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxsla ibtidai istintaq və məhkəmə istintaqı zamanı barışmamış, Zərərçəkmiş şəxs həmin şəxs barəsində ciddi cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Beləliklə də məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmaqla, qəsdən sağlamlığa yüngül zərər vurmuş, bununla da Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və zərərçəkmiş şəxslə barışıq əldə etməmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolunda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə tibbi ekspertizasının rəyi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, həmçinin fotoşəkillər ilə təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, 1962-ci il təvəllüdlü olmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd göstərməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını tədqiq edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində mövcud iş üzrə ibtidai araşdırma dövründə qətimkan tədbiri seçilməmişdir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, hazırki hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilməli, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 347, 351-353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində hazırkı hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilsin. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş fotoşəkillər iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınsın və cinayət işi materiallarına əlavə edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 06 (altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 36 (otuz altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar