Məhkəmə qərarları › İş №1(010)-15/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-15/2021

19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-15/2021 19.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1971-ci ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şirvan şəhəri, Pramxor qəsəbəsi, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Şirvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 03 il 06 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə barəsində «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli 816-VQD nömrəli Qanunu tətbiq edilərək yuxarıda göstərilən hökm üzrə azadlıqdan məhrum etmə cəzası 03 il 02 ay 28 günə endirilmiş və həmin gün (xx xxxxxx 2018-ci il tarixində) cəzası başa çatdığına görə azad edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2020ci il tarixli qərarı ilə barəsində əvvəli xx xxxxx 2020-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (sonradan təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti müvafiq məhkəmə qərarları ilə uzadılıb) Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və xx xxxx 1966-cı ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Şirvan şəhəri, Pramxor qəsəbəsi, ünvan 3 ünvanı üzrə qeydiyyatda olan, Şirvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli 816-VQD nömrəli Qanunu tətbiq edilərək yuxarıda göstərilən hökm üzrə azadlıqdan məhrum etmə cəzası 04 il 02 ay 15 günə endirilmiş, xx xxxxxx 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, 10 – xx xxxxx 2020-ci il tarixləri üzrə tutulmuş, müstəntiqin xx xxxxx 2020-ci il tarixli qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının xx xxxx 2020-ci il tarixli qərarı ilə bu qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır), göstərilən qətimkan tədbirinin şərtlərini pozduğuna görə Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, göstərilən qərara əsasən xx xxxxxx 2020-ci ildə tutulmuş və həmin tarixdən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixindən xx xxxxxx 2019-cu il tarixinə keçən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olan, saxlanc yeri kimi istifadə edilən toyuq hininə taxta qapısının üzərindəki mismarı açmaq yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 15 manat təşkil edən 35 ədəd toyuğu gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 525 manat miqdarında maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu il tarixindən xx xxxxxx 2019-cu il tarixinə keçən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olan, saxlanc yeri kimi istifadə edilən toyuq hininə qapısını açmaq yolu ilə qanunsuz olaraq daxil olaraq oradan hər birinin dəyəri 10 manat təşkil edən 25 ədəd toyuğu gizli yolla talayıb zərərçəkmişə ümumilikdə 250 manat miqdarında maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinə keçən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 6 ünvanında yerləşən evin qarşısındakı, qapısı küçəyə açılan və saxlanc yeri kimi istifadə olunan toyuq hininə qapısını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 100 manat təşkil edən 04 ədəd toyuğu, 1 ədəd 30 manat dəyərində xoruzu, hər birinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 100 manat təşkil edən 05 ədəd ördəyi və hər birinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 100 manat təşkil edən 04 ədəd lal ördəyi gizli yolla talayıb zərərçəkmişə ümumilikdə 330 manat miqdarında maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2020-ci ildə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində saxlanc yeri kimi istifadə edilən toyuq hininə taxta qapısının üzərindəki mismarı açmaq yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 02 ədəd hind quşunu və hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 110 manat dəyərində 11 ədəd toyuğu gizli yolla talayıb zərərçəkmişə ümumilikdə 210 manat miqdarında maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2020-ci ildə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində saxlanc yeri kimi istifadə edilən toyuq hininə taxta qapısının üzərindəki mismarı açmaq yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 02 ədəd hind quşunu və hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 110 manat dəyərində 11 ədəd toyuğu gizli yolla talayıb zərərçəkmişə ümumilikdə 210 manat miqdarında maddi ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, qardaşı Rövşənlə birlikdə yaşayır və ustalıq etməklə maddi cəhətdən dolanacağını təmin edir. Əvvəllər də oğurluq cinayətləri törədib. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, xx xxxxxx 2020-ci ildə pulu olmadığına görə oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinə keçən gecə saat 02 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində piyada gəzməyə başlamışdır. Bu zaman Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsində yerləşən həyət evinin işıqlarının yanmadığını görüb daş hasardan aşaraq evin həyətinə düz hinin yanına düşmüşdür. Həmin hinin qapısının üzərindəki, kilid kimi istifadə olunan mismarı digər tərəfə yönəltməklə hinin qapısını açmışdır. Bildirir ki, həmin vaxt özü ilə bir neçə kisə və bir çanta da gətirmişdir. Toyuqları hərəsinə 6 ədəd toyuq olmaqla dörd kisəyə yığmış, həmin kisələri iki-iki aparıb kənarda bir yerə qoymuşdur. Sonda isə 11 toyuğu çantaya yığaraq digər kisələrin yanına aparmışdır. Oğurladığı toyuqları tullantı qablarının yanına yığaraq orada səhərə qədər gözləmişdir. Səhər açılanda bir kisə və bir çantanı orada yerləşən çalada gizlədib 3 kisə toyuqla həmin tullantı qablarının yaxınlığında yerləşən 104 nömrəli marşrutla Suraxanıda yerləşən bazara gəlmişdir. Oğurladığı toyuqları Suraxanı bazarında toyuq satışı ilə məşğul olan Süleyman adlı yaşlı kişiyə dörd manat əlli qəpikdən və beş manatdan satmışdır. Ümumilikdə ona nə qədər pul verildiyini xatırlamır. Suraxanı rayonunda yerləşən bazardan qayıdıb içərisində altı ədəd toyuq olan bir kisəni və içərisində on bir ədəd toyuq olan çantanı götürərək Yeni Günəşlidə 46 nömrəli marşrutun axırıncı dayanacağında yerləşən tərəvəz dükanı işlədən İlqar adlı şəxsə böyüklüyündən asılı olaraq 4 və 5 manata satmışdır. İlqar ona həmin toyuqların qarşılığında 77 manat pul verib. Əldə etdiyi bütün pulları öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2019-cu ildən xx xxxxxx 2019-cu il tarixinə keçən gecə saat 02 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində piyada gəzərək oğurluq etmək üçün quş damı axtarmağa başlamışdır. Bu zaman Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsində piyada gəzərkən orada yerləşən həyət evlərindən birinin işıqlarının yanmadığını və həyətdə də quş damı olduğunu görmüşdür. Həmin evin hasarı alçaq olduğu üçün quş damına girib oradakı ev quşlarını oğurlamağı qərara almışdır. Bundan sonra ətrafa nəzər yetirmiş və heç kim olmadığına əmin olduqdan sonra həmin evin alçaq olan hasarından həyətə keçib ehtiyatla həyətdə yerləşən quş damına yaxınlaşmışdır. Həmin yerin taxta materialdan hazırlanmış qapısı var idi. Qapının üstündə isə kilid kimi mismar vurulmuşdu. Əli ilə həmin taxta qapının üstündəki kilidi yana əyib açmış və özü ilə gətirdiyi kisənin ağzını açaraq həmin quş damında olan ev quşlarını kisəyə yığmağa başlamışdır. Orada olan bütün ev quşlarını bir kisəyə yığdıqdan sonra qalxıb hasara yaxınlaşmış və əlindəki kisəni hasarın çölünə qoyub özü də hasardan çölə çıxmışdır. Bundan sonra oğurladığı toyuqları içərisinə yığdığı kisəni götürüb oradan uzaqlaşmışdır. Bir az getdikdən sonra o, həmin kisənin ağzını açmış və orada 25 ədəd toyuq olmasını aşkar etmişdir. Bundan sonra oğurladığı ev quşlarını yığdığı kisəni Yeni Suraxanı qəsəbəsində olan zibilliyin yanında gizlətmiş və evə gəlmişdir. Ertəsi gün gedib oğurladığı toyuqları gizlətdiyi yerdən götürərək gətirib Yeni Günəşli qəsəbəsində yerləşən ərzaq malları satılan mağazaya hər birini 5 manatdan satmış və ümumilikdə əldə etdiyi 125 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci ildə pulu olmadığına görə oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinə keçən gecə saat 02 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində piyada gəzməyə başlamışdır. Bu zaman Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsində yerləşən həyət evinin işıqlarının yanmadığını və həyətdə olan lakin qapısı küçəyə açılan toyuq damı olduğunu görmüşdür. Həmin quş damından oğurluq etməyi qərara almışdır. Quş damına yaxınlaşmış və qapının üstündə olan qıfılı yerdən götürdüyü daş parçası ilə sındırmışdır. Sonra qapını açıb quş damına daxil olmuş və özü ilə gətirdiyi kisəni açıb orada olan bütün ev quşlarını həmin kisəyə yığmışdır. Bundan sonra quş damından çıxaraq oradan uzaqlaşmışdır. Bir az uzaqlaşdıqdan sonra kisənin ağzını açmış, orada 4 toyuq, 1 xoruz, 5 ədəd ördək və 4 ədəd lal ördək olduğunu aşkar etmişdir. Həmin kisəni görünməyən yerdə gizlətmişdir ki, ertəsi gün quşları satıb qazanc əldə etsin. Bundan sonra o, evə getmişdir. Ertəsi gün səhər tezdən gəlib bir gün əvvəl oğurladığı ev quşlarını yığdığı kisəni gizlətdiyi yerdən götürmüş və aparıb Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən bazarda 4 ədəd toyuğun hər birini 5 manatdan, bir ədəd xoruzu 7 manatdan, beş ədəd ördəyin hər birini 6 manatdan və 4 ədəd lal ördəyin hər birini 6 manatdan tanımadığı müxtəlif şəxslərə satmış, əldə etdiyi ümumilikdə 81 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında cibində pul olmadığından evə ərzaq ala bilmədiyinə görə qərara gəlmişdir ki, oğurluq edərək qazanc əldə etsin. Bu barədə qardaşına dedikdən sonra o, da iş tapa bilmədiyini və pula ehtiyacı olduğunu deyərək onun təklifi ilə razılaşmışdır. Bundan sonra onlar birlikdə Yeni Suraxanı qəsəbəsinə gedib piyada gəzərək hansı həyətdə ev quşları saxlanıldığını aydınlaşdırmağa başlamışlar. Bu zaman Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində yerləşən həyət evlərindən birinin həyətində ev quşlarının saxlanıldığı hin olduğunu gördülər. Ətrafa nəzər yetirdikdən sonra əvvəlcədən razılaşdıqları kimi qardaşı Rövşən kənarda dayanıb ətrafa nəzarət etməyə başlamış, o, isə hasara qalxıb həmin həyətə düşmüşdür. Bundan sonra o, həmin həyətdə yerləşən toyuq hininə yaxınlaşmış və hinin taxta materialdan olan qapısının üzərində olan mismarı əli ilə yavaş əyib kənara çəkmiş və qapını açmışdır. Sonra özü ilə götürdüyü kisənin ağzını açmış və orada olan ev quşlarının hamısını həmin kisəyə yığmışdır. Daha sonra ehtiyatla ayağa qalxıb kisəni götürmüş və gəlib hasara yaxınlaşmışdır. Sonra hasara qalxıb çölə çıxmış və qardaşını yanına çağırmışdır. Qardaşı Rövşən də onun yanına gəlmiş və əlində olan kisəni daşımağına kömək etmişdir. Bir az getdikdən sonra o, kisənin ağzını açıb orada iki ədəd böyük hind quşunun və 11 ədəd toyuğun olduğunu müəyyən etmişdir. Həmin vaxt heç bir yer açıq olmadığı üçün qərara gəlmişlər ki, oğurladığı ev quşları olan kisəni gizlədib və səhərisi aparıb sataraq qazanc əldə etsinlər. Qardaşı ilə birlikdə həmin kisəni Yeni Suraxanı qəsəbəsində gizlətmiş və yaşadıqları evə getmişlər. Ertəsi gün tək Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən bazara gedərək oğurladığı toyuqların hər birini 5 manatdan və hind quşlarının hər birini isə 15 manatdan tanımadığı şəxsə satmışdır. Əldə etdiyi bütün pulları qardaşı ilə birlikdə xərcləyib. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs2 bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, yaşadığı ünvanın həyətində ev quşları saxlamaq üçün kiçik ölçülü toyuq hini var. Orada özünə məxsus olan toyuqları saxlayır. xx xxxxxx 2019-cu ildə saat 22 radələrində toyuqları yoxlayıb yaşadığı evə girmiş və yatmışdır. Ertəsi gün yəni xx xxxxxx 2019-cu ildə saat 08 radələrində yuxudan oyanaraq həyətə enmiş və toyuq hininə yaxınlaşdıqda hinin qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Hinin içərisinə baxdıqda toyuqların yerində olmadığını aşkar etmışdır. Həyəti və məhəlləni gəzərək toyuqlarını axtarmış lakin tapa bilməmişdir. Bundan sonra ona məxsus 25 ədəd toyuğun oğurlandığını başa düşmüş və polisə gedib bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxslərə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Evinin həyəti daş hasarla əhatə olunub. Həmçinin həyətdə daşdan tikilmiş hin var. Hinin qapısı qıfılla bağlanır. Hadisə baş verən gün, yəni 2019-cu ilin 27 dekabr tarixindən 28 dekabr tarixinə keçən gecə evdə yatmışlar. Toyuqlara dən vermək üçün səhər saat 09 radələrində hinə gəlmiş, bu zaman hinin qıfılının sındırıldığını, 35 ədəd toyuğun oğurlandığını aşkar etmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 07 radələrində yaşadığı ünvan 6 ünvanının yerləşdiyi evin qarşısında olan, qapısı küçəyə açılan hinə baxarkən hinin qapısının naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını saxlanc yeri kimi istifadə etdiyi həmin hindən ev quşlarının oğurlandığını aşkar etmişdir. Təqsirləndirilən şəxslərə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Suraxanı bazarında kənd təsərrüfatı mallarının, o cümlədən ev quşlarının alğı-satqısı ilə məşğul olur. Qeyd edir ki, bazarda olduğu vaxt Elçin adlı şəxs ona yaxınlaşmış və həyətində 200-dən çox toyuq və digər ev quşları olduğunu bildirərək, istəsə gətirib ona sata biləcəyini demişdir. Elçindən bir ədəd toyuğun qiymətini soruşmuş, Elçin isə istəsə 7 manatdan verə biləcəyini demişdir. Elçinlə razılaşmış və onunla mütəmadi alver etməyə başlamışdır. Qeyd edir ki, Elçin mütəmadi olaraq ona gəlib baş çəkmiş, o, isə təxminən 10 – 11 ədəd toyuq lazım olduğunu bildirmişdir. Elçin ertəsi gün həmin sayda toyuqları gətirib ona vermişdir. Elçinin pulunu nağd şəkildə verib. Daha sonra Elçin yanında bir nəfər şəxslə gəlməyə başlamışdır. Sonradan bilmişdir ki, bu şəxs Elçinin qardaşı Rövşəndir. Şahid göstərilənlərlə yanaşı bildirir ki, Elçinin gətirdiyi ev quşlarının oğurluq olduğunu bilməyib. Təqsirləndirilən şəxslərin müvafiq cinayət əməllərini törətməsi faktı onların özlərinin səmimi etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam olaraq təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, Zərərçəkmiş şəxs2 ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 Şirvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 03 il 06 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə barəsində «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli 816-VQD nömrəli Qanunu tətbiq edilərək yuxarıda göstərilən hökm üzrə azadlıqdan məhrum etmə cəzası 03 il 02 ay 28 günə endirilmiş və həmin gün (xx xxxxxx 2018-ci il tarixində) cəzası başa çatdığına görə azad edilmişdir. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə cinayəti yuxarıda qeyd olunan hökm üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, Zərərçəkmiş şəxs2 ona qarşı şikayətinin və tələbinin olmadığını, vərəm xəstəliyindən əziyyət çəkdiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 Şirvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli 816-VQD nömrəli Qanunu tətbiq edilərək yuxarıda göstərilən hökm üzrə azadlıqdan məhrum etmə cəzası 04 il 02 ay 15 günə endirilmiş, xx xxxxxx 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə cinayəti yuxarıda qeyd olunan hökm üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 10 – xx xxxxx 2020-ci il tarixləri üzrə tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar