Məhkəmə qərarları › İş №1(010)-151/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-151/2020

03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-151/2020 03.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, məhkəmə ijlasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, məhkum olunmuş və məhkumluğu ödənməmiş, orta təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42-də qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-208/2017 saylı xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci ildə cəzasının sonu ilə azad olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,792 qram və 0,862 qram, ümumi xalis çəkisi 1,654 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlakı üçün əldə edib üzərində saxlayıb, xx xxx 2020-ci il tarixdə Hövsan dəmir yol stansiyası ərazisində daşımış və Sabunçu st.XPŞ-nin Dübəndi XPM-nin əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxx 2020-ci il tarixdə saat 14:50 radələrində Hövsan dəmir yolu stansiyasının ərazisində saxlanılaraq Sabunçu st.XPŞ-nin növbətçi hissəsinə dəvət olunmuş və orada həmin gün saat 16:00-da üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 2 ədəd bükümdə, ayrı- ayrılıqda təmiz çəkiləri 0,792qr və 0,862 qram, ümumi xalis çəkisi 1,654 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək, öz ifadəsində göstərmişdi ki, o, 2 il olar ki, arabir narkotik vasitələrdən istifadə edir. O, mütəmadi olaraq narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir və həmin narkotik vasitələri yaxşı tanıyır. Narkotiki Bakı şəhərindən müxtəlif yerlərdən əldə etmişdir. xx xxx 2020-ci il tarixdə səhər saatlarında Hövsan dəmir yolu xətti yaxınlığında olarkən, yerdə 3 ədəd bükümlər görmüş və ona maraqlı gəldiyindən, bükümləri yerdən götürüb açdıqda, 2 bükümdə tünd qəhvəyi rəngli spesifik iyə malik, 1 bükümdə isə ağ kristal maddələrin olduğunu görmüşdür. Həmin bükümlərdəkinin narkotik vasitə olan maddələr olmasını başa düşmüş, yenidən həmin bükümləri bağlayıb orada bir yerdə gizlətmişdir ki, sonra gəlib götürüb istifadə edər. Həmin gün günorta saatlarında həmin əraziyə gedib, oradan tapdığı 3 ədəd bükümdə olan narkotik vasitələri götürüb istifadə etmək üçün evə aparamaq istədikdə, 3 nəfər mülki geyimdə şəxslər ona yaxınlaşıb, özlərini Sabunçu XPŞ-nin əməkdaşları kimi təqdim edərək, onu şöbəyə dəvət etmişlər. Orada iştirakçıların iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun geymiş olduğu qara rəngli cins şalvarının sol yan cibindən 3 ədəd büküm aşkar olunmuşdur. Həmin bükümlər açıldıqda, 2 ədəd bükümdən qəhvəyi rəngli spesifik iyə malik maddə digər 1 ədəd bükümdə isə ağ rəngli kristalvari maddə aşkar edilmişdir. O, etiraf edərək həqiqəti, yəni həmin narkotik vasitələri Hövsan qəsəbəsindən keçən dəmir yolu xətti kənarından taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş narkotik maddələr qabalşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilərək video çəkiliş aparılmışdır. Bundan sonra isə bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, o, zərfin üzərini və protokolu imzası ilə təsdiq etmişdir. Etdiyi əməli etiraf edir və buna görə peşmandır. Odur ki, qeyd etdiyi bu hallara görə özünə məhkəmədən yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, DYNPİ-nin Sabunçu st.XPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır. xx xxx 2020-ci il tarixdə «Rəşad» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlamaqla daşıması barədə daxil olmuş məlumat həmin tarixdə Sabunçu st.XPŞ-nin rəhbərliyinə məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində «Rəşad» adlı şəxsin olduğu yer müəyyən edilərək həmin gün Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Hövsan dəmir yol stansiyasının ərazisinə gəlmişlər. Orada bir nəfər şəxsin xarici əlamətlərinin «Rəşad» adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşməsini dəqiqləşdirdikdən sonra həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Sabunçu st.XPŞ-nin əməkdaşları olmalarını bildirərək həmin şəxsə özünü təqdim etməsi təklif edilmişdir. Həmin şəxs özünü təqdim edərək xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi 42-də qeydiyyatda olan Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra həmin şəxsi Sabunçu st.XPŞ-nə dəvət etmişdir. XPŞ-də video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmiş və əgər üzərində daşınması qadağan edilmiş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 2 ədəd siqaretin göy rəngli kağızma bükülmüş, 1 ədəd isə dəftər vərəqinə bükülmüş bükümləri çıxardaraq masanın üzərinə qoymuş, həmin bükümlərə baxış keçirilən zaman bükümlərdən 2-də qəhvəyi rəngli spesifik iyə malik olan bərkimiş formada narkotik vasitə olan heroin, 1-də isə ağ kristal formalı maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdəki narkotik vasitə və metamfetamini xx xxx 2020ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Hövsan dəmir yolunun kənarından tapdığını və şəxsi istifadəsi üçün özündə saxlamasını bildirmişdir. Bundan sonra aşkar edilmiş bükümlər qablaşdırılmaqla zərfin üzəri və bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə cinayət işi üzrə şahidlər qismində dindirilmiş Şahid2 və Şahid1 Şahid3 ifadəsində qeyd etdiklərini təsdiq edərək anoloji ifadə vermişdirlər. İş materiallarında olan xx xxx 2020-cı il tarixli tutma qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx xxx 2020-ci il tarixli 1/2786 saylı «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sidikdə Opiy aşkar edilmişdir. İş materiallarında olan DYNPİ-nin Sabunçu st.XPŞ-nin 2/2-211-1399-1220 saylı xx xxx 2020-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarında olan «Video görüntüyə baxış keçirilməsi haqqında» xx xxx 2020ci il tarixli protokoldan görünür ki, xx xxx 2020-ci il tarixdə DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı Anar Rüstəmov tərəfindən, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz əldə etmə, daşıma və saxlamada şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq saat 14:50 radələrində Sabunçu st.XPŞ-nə gətirilmiş və iştirakçılar elan olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 2 ədəd siqaretin göy rəngli kağızına bükülmüş, 1 ədəd isə dəftər kağızına bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuş, bükümlərə baxış keçirilərkən iki ədədinin içərisində qəhvəyi rəngli maddələr, 1 ədəd bükümdə isə ağ rəngli kristall formalı maddələr olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin bağlamadakı narkotik vasitə heroin və metamfetamin olmasını, həmin narkotik vasitələri xx.xx.2020-ci il tarixdə Hövsan dəymiryolunun ətrafından tapmasını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirir. Daha sonra aşkar olunmuş bükülü qablaşdırılmaqla bu barədə tərtib edilmiş protokol iştirakçılara ucadan oxunur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə keçirilmiş məhkəməkimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli 6/826 saylı rəyi tədqiq edilərkən müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində: «şübhəli şəxs : Təqsirləndirilən şəxs» sözləri qeyd olan zərfdəki, 2 (iki) ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,792qr və 0,862qr, ümumi təmiz çəkisi l,654qr açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və l (bir) ədəd bükümdə, təmiz çəkisi 0,097qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» və metamfetamin - «Azərbaycan Respublikasının ərazisində qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxildirlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmənarkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1775 saylı rəyi tədqiq edilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertizanın rəyi sübut növü kimi qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilmiş 2 ədəd bükümdə ümumi xalis çəkisi 1,654 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıq hissəsi 1,554 qramı və 1 ədəd bükümdə 0,097 qram psixotrop maddə metamfetaminin təhqiqatdan sonrakı qalıq hissəsin 0,054 qramının maddi sübut kimi tanınması və Sabunçu XPŞ-nə təhvil verilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə 1 ədəd CD maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, Azərbayjan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbayjan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşını, habelə törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-208/2017 saylı xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Hazırkı iş üzrə cinayəti törətdiyi vaxt Təqsirləndirilən şəxs yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilməmişdir. Bu hal residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən «Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz». Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və və DYNPİ Sabunçu st.XPŞ-də saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq hissəsi 1,554 qram heroin və 0,054 qram metamfetamin məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli xx xxx 2020-ci ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və DYNPİ Sabunçu st.XPŞ-də saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq hissəsi 1,554 qram heroin və 0,054 qram metamfetamin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 114 (yü on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar