Məhkəmə qərarları › İş №1(010)-151/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-151/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-151/2022 25.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx xxxxxxx 1999-cu ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu, Əmirallar kəndində qeydiyyatda olan, Beyləqan şəhəri, Avtosovxoz küçəsi, fərdi nömrəsiz evdə yaşayan, 14 – 16 dekabr 2021-ci il tarixləri üzrə tutulmuş, 16 dekabr 2021-ci il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə, xx xxxx 1997-ci ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Qobu Park» yaşayış massivi, bina 9, mənzil 29-da yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 iyul 2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, Suraxanı Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarına əsasən barəsində əvvəli 14 dekabr 2021-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 11 dekabr 2021-ci ildə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Muxtar Fətəliyev küçəsində yerləşən 15 saylı evin qarşısında işlək vəziyyətdə dayanmış, Zərərçəkmiş şəxs mülkiyyətində olan “Azsamand” minik markalı Az02BK303 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (sedan tipli, 2007-ci il buraxılışlı, qızılı rəngli, ********** mühərrik nömrəli, 17646604 ban nömrəli) Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Təqsirləndirilən şəxs1 11 dekabr 2021-ci ildə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Muxtar Fətəliyev küçəsində yerləşən 15 saylı evin qarşısında işlək vəziyyətdə dayanmış, Zərərçəkmiş şəxs mülkiyyətində olan “Azsamand” minik markalı Az02BK303 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (sedan tipli, 2007-ci il buraxılışlı, qızılı rəngli, ********** mühərrik nömrəli, 17646604 ban nömrəli) Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 ilə təxminən 2 ildir tanışdır. «Xalqlar Dostluğu» metro stansiyasının yaxınlığında eyni evdə yaşayırdılar. Hadisə günü işdən çıxdıqdan sonra onlar birlikdə yemək yemiş və spirtli içki qəbul etmişlər. Bundan sonra ikisi birlikdə çölə çıxmış və piyada gəzərək Qaraçuxur qəsəbəsinə gəlmişlər. Gəzə-gəzə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Muxtar Fətəliyev küçəsində yerləşən 15 saylı evin qarşısına gəlmiş və orada ittiham aktının nəticəvi hissəsində qeyd olunan “Azsamand” markalı avtomobilin dayandığını görmüşlər. Avtomobilin şüşəsi açıq vəziyyətdə idi. Həmçinin avtomobilin açarı da üstündə olub. Onlar avtomobili sürmək məqsədi ilə ona əyləşmişlər. Bu zaman o, sükan arxasına oturmuş və avtomobili idarə etməyə başlamışdır. Avtomobili idarə edərək tanışları Şahid1 yaşadığı evə tərəf getmiş və ona bildirmişlər ki, Beyləqan rayonuna getmək istəyirlər. Şahin də Beyləqan rayonuna getmək istədiyini bildirərək avtomobilə əyləşmiş, bundan sonra avtomobili Təqsirləndirilən şəxs1 idarə etmişdir. Onlar şəhərdə bir qədər gəzmiş, sonra Ələt yolu ilə «Nəvai postu» deyilən yerə qədər getmişlər. «Nəvai postu»nda avtomobili polis əməkdaşları dayandırmışdır. Qeyd edir ki, avtomobili talamaq məqsədləri olmayıb. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək Təqsirləndirilən şəxs2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 11 dekabr 2021-ci ildə saat 23 radələrində idarə etdiyi “Azsamand” markalı avtomobillə evinə gələrək, avtomobili yaşadığı binanın həyətində saxlayıb evə qalxmışdır. Yemək yedikdən sonra, saat 24 radələrində eyvandan həyətə baxdığı vaxt görmüşdür ki, avtomobili yerində deyil. Dərhal həyətə düşərək avtomobilini axtarmağa başlamış, lakin tapa bilməmişdir. Avtomobilinin oğurlandığını düşünüb 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bundan sonra hadisə yerinə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları gəlmişlər. Polis əməkdaşları gəldikdən təxminən yarım saat sonra məlum oldu ki, avtomobil Xətai rayonu ərazisindədir. Daha sonra ona məlum oldu ki, polis əməkdaşları avtomobili «Nəvai postu»nda saxlayıblar. Bundan sonra «Nəvai postu»na getmiş və avtomobilini götürmüşdür. Bildirir ki, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 uşaq vaxtından tanıyır. Təqsirləndirilən şəxs1 ilə isə 2021-ci ilin dekabr ayında tanış olub. Qeyd edir ki, 12 dekabr 2021-ci ildə saat 01 radələrində Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 onun kirayədə qaldığı evə gəlmiş və Şahin ona təklif etmişdir ki, birlikdə Beyləqan rayonuna getsinlər. O, bildirirdi ki, səhər qayıdacaqlar. Cavabında Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, “8 km” bazarında meyvə satdığından səhər Lənkəran rayonuna mandarin almağa gedəcək. Təqsirləndirilən şəxs1 isə ona demişdir ki, dostundan “1” günlük “Azsamand” markalı avtomobil alıb, avtomobil səhərə qədər onda olacaq, indi (gecə) Beyləqan rayonuna gedəcək səhər tezdən isə qayıdacaqdır. Bundan sonra o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə kirayə qaldığı evdən həyətə çıxmış və yaşadığı evin hasarının yanında dayanmış markasını sonradan öyrəndiyi “Azsamand” minik markalı 02BK303 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini göstərmiş və həmin avtomobil ilə birlikdə Beyləqan rayonuna getməsini demişdir. Təqsirləndirilən şəxs1 avtomobilin sükan arxasına əyləşmiş, o isə sağ qabaq tərəfdə, Təqsirləndirilən şəxs2 isə arxa sağ tərəfdə əyləşmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Qaradağ rayonu ərazisini keçdikdən sonra sükanı Təqsirləndirilən şəxs2 idarə etməyə vermişdir. O, yaxınlıqda olan mağazadan 01 (bir) ədəd kola və 01 (bir) qutu siqaret almış və hər üçü avtomobilə əyləşib Beyləqan rayonu istiqamətinə getmişlər. «Nəvai postu»nda polis əməkdaşları onlara saxla işarəsi vermiş, Təqsirləndirilən şəxs2 həmin vaxt idarə etdiyi nəqliyyat vasitəsini saxlamış, bu zaman Təqsirləndirilən şəxs1 sağ arxa qapını açaraq qaçmağa başlamışdır. Onunla Təqsirləndirilən şəxs2 isə nəqliyyat vasitəsinin yanında qalmışdır. Daha sonra onlar Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gətirilmiş və o, baş vermiş hadisə barəsində məlumat vermişdir. Şahid qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobili qaçırdıqlarını bilməyib. Əgər bu barədə əvvəlcədən məlumatı olsa idi həmin nəqliyyat vasitəsinə oturmazdı. Şahid2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 dekabr 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 15 saylı evin qarşısında Zərərçəkmiş şəxs mülkiyyətində olan, sedan tipli, 2007-ci il buraxılışlı, qızılı rəngli, ********** nömrəli mühərrik və 17646604 nömrəli ban nömrəli olan işlək vəziyyətdə saxladığı “Azsamand” minik markalı 02BK303 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qanunsuz olaraq qaçırılmışdır. Tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, cinayət Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilib. İş üzrə ibtidai araşdırma dövründə şahid qismində cəlb edilmiş Şahid3 məhkəməyə ərizə təqdim edərək üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini qismən təqsirli bildiklərinə baxmayaraq hər iki təqsirləndirilən şəxsin onlara ittiham olunan cinayət əməlini törətməsi faktı yuxarıda göstərilən ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək, onlara həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət törətdiyini, öz cinayət əməlini qismən də olsa etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini qismən də olsa etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 iyul 2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə cinayəti yuxarıda qeyd olunan hökm üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 14 – 16 dekabr 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli 14 dekabr 2021-ci il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar