Məhkəmə qərarları › İş №1(010)-152/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-152/2021

27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-152/2021 27.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:45-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1985-ci ildə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, boşanmış, iki azyaşlı uşağı olan, heç yerdə işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, dalan 1, 4 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsi, 5 nömrəli mənzildə kirayədə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli, 4(010)-32/2021 nömrəli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 yanvar 2021-ci il tarixdə, saat 15:30 radələrində istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytunçuluq sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsində inşa edilmiş bir mərtəbədən ibarət iki yarımtikili evə qanunsuz daxil olaraq evin divarına quraşdırılmış bir metrinin dəyəri 0.42 manat olmaqla cəmi dəyəri 210 manat olan 500 metr uzunluğunda üzərində markalanma yazıları pozulmuş, rezinə oxşar izolyasiya təbəqəsindən, bir ədədinin diametri təxminən 0.1 mm çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 4.2 mm, göy rəngli, bir metrinin dəyəri 28 qəpik olmaqla cəmi dəyəri 112 manat olan 400 metr uzunluğunda üzərində “İPEK KABLO, 2.5 kv. mm” və digər yazıları olan, rezinə oxşar izolyasiya təbəqəsindən və bir ədədinin diametri təxminən 0.1 mm çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 3.7 mm, sarı rəngli naqilləri gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 322 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 14 yanvar 2021-ci il tarixdə, saat 11 radələrində tanışı Mahir onun yaşadığı evə gəlib Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində inşa edilmiş yarımtikilidən elektrik naqillərini birlikdə oğurlayaraq satıb qazanc əldə edə biləcəklərini demişdir. Mahirin təklifi ilə razılaşmış və həmin günü saat 15:30-da Mahirlə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində inşa edilən bir mərtəbədən ibarət yarımtikilinin yanına gəlmişlər. Orada Mahir ona, yaxınlıqdakı “Yaxın” marketin yanında gözləməyi deyib getmişdir. Bundan təxminən 20 dəqiqə sonra Mahir, velosipedlə onun yanına gəlib yarımtikilinin divarında olan elektrik naqillərini söküb çıxartdığını demişdir. Velosipedə baxdıqda həmin naqillərin velosipedin arxasında quraşdırılmış yük yerində olduğunu görmüşdür. Mahir velosipedi ona verib, velosipedlə həmin yerdən bir qədər uzaqlaşmağı, özü isə digər evə daxil olub orada olan elektrik naqillərini də oğurlayıb gələcəyini demişdir. O velosipedlə həmin yerdən bir qədər uzaqlaşmışdır ki, bu zaman ərazidə xidmət aparan polis əməkdaşları yaxınlaşaraq velosipedin yük hissəsində olan çantanın içərisində nə olduğunu soruşmuşlar. Polis əməkdaşlarına velosipedin yük hisəssində olan çantanın içərisində elektrik naqillərinin olduğunu bildirmiş və həmin çantanı açaraq içərisində olanları polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları həmin naqillərin haradan əldə etdiyini soruşduqda, onlara naqillərin özünə məxsus olduğunu bildirmişdir. Həmin vaxtı üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün polis əməkdaşları onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət etmişlər, orada şəxsiyyəti müəyyən edildikdən sonra sərbəst buraxılmışdır. 17 yanvar 2021-ci il tarixdə polis əməkdaşları onun kirayədə yaşadığı evə gələrək, yenidən onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində 14 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytunçuluq sovxozu ərazisində inşa edilmiş yarımtikilidən Mahirlə birlikdə elektrik naqillərini oğurladığını etiraf etmiş, habelə bildirmişdir ki, yuxarıda qeyd etdiyi həmin evdən başqa heç yerdən oğurluq etməmiş, Mahir adlı şəxslə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində tanış olmuş, onun soyadını, əlaqə nömrəsini və harada yaşadığını bilmir. Oğurluq yolu ilə əldə etdikləri elektrik naqillərini yandırıb əritdikdən sonra mis formasında metal qəbulu məntəqəsinə satıb pul əldə edəcəkdirlər. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, sonuncunun ona qarşı heç bir şikayət tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində kirayədə yaşayır. 2020-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytunçuluq sovxozu adlanan ərazidə oğlanlarına ev inşa etmək məqsədilə 0.03 ha torpaq sahəsi almış, həmin torpaq sahəsini daş hasarla iki yerə bölərək hər birində bir mərəbədən ibarət iki ev inşa etdirmişdir. Hazırda həmin evlərin hər ikisinin içərisində təmir işləri aparılır. 15 yanvar 2021-ci il tarixdə evdə usta işləyən Səbuhi zəng edib hər iki evin divarlarına quraşdırılmış elektrik naqillərinin sökülərək divardan çıxarıldığını bildirmişdir. Buna görə də həmin günü, təxminən saat 16:40-da oğlu Kamillə birlikdə təmir işləri aparılan evə getmiş və müəyyən etmişdir ki, oğlanları üçün inşa etdirdiyi hər iki evin divarlarına quraşdırılmış elektrik naqilləri naməlum şəxs tərəfindən divardan çıxarılaraq oğurlanmışdır. Hadisə ilə bağlı əvvəlcə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib məlumat vermiş, daha sonra isə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənilmədiyini, bununla belə təqsirləndirilən şəxsi etdiyi əmələ görə bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında 17 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi elektrik naqillərinə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən baxış keçirildikdən sonra iş üçün sübut edici əhəmiyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 27 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytunçuluq sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsində inşa edilmiş bir mərtəbədən ibarət yarımtikilini göstərərək, 14 yanvar 2021-ci il tarixdə, saat 15:30 radələrində istintaqa məlum olmayan “Mahirlə” adlı şəxslə birlikdə həmin evdən oğurluq etdiklərini bildirmiş və ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini əyani şəkildə təsdiq etmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 01 fevral 2021-ci il tarixli, 6/330-9/282 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: Təxminən 39 sm uzunluqlu, göy rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 4.2 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.1 mm olan naqil nümunəsi mis əsaslı ərintidən hazırlanmışdır; Təxminən 66.7 sm uzunluqlu, sarı rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 3.7 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0.1 mm olan naqil nümunəsi mis əsaslı ərintidən hazırlanmışdır. Aparılmış fıziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq, internet saytlarının məlumatına və respublikada yerləşən inşaat materiallarının satışı ticarət şəbəkələrində mövcud olmuş qiymətlərə əsasən, təqdim olunmuş əvvəllər istismar olunmuş elektrik naqillərin, 2021-ci ilin yanvar ayına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri aşağıdakı kimi müəyyən edilir: bir metr üzərində markalanma yazıları pozulmuş (oxunmur), rezinəoxşar izolyasiya təbəqəsindən və bir ədədinin diametri təxminən 0.1 mm çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 4.2 mm, göy rəngli naqilin köhnəlməsini nəzərə alaraq 0.42 manat; bir metr üzərində “İPEK KABLO, 2.5 kv. mm” və digər yazıları olan, rezinəoxşar izolyasiya təbəqəsindən və bir ədədinin diametri təxminən 0.1 mm çoxsaylı qırıruzımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 3.7 mm, sarı rəngli naqilin köhnəlməsini nəzərə alaraq 0.28 manat müəyyən olunur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 02 aprel 2021-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işinin istintaqa məlum olmayan şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmış və icraata qəbul edilməklə istintaqı aparılır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 17 yanvar 2021-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 yanvar 2021-ci il tarixli qərardan, habelə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli, 4(010)-32/2021 nömrəli və 15 aprel 2021-ci il tarixli, 4(010)-148/2021 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 yanvar 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon prokurorunun təqdimatı təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində əvvəli 19 yanvar 2021-ci il tarixdən hesablanmaqla ev dustqalığı qətimkan tədbiri seçilmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustqalığı qətimkan tədbirinin müddəti 20 gün, yəni 05 may 2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 17 yanvar 2021-ci il tarixdən 19 yanvar 2021-ci il tarixədək tutulduğu, 19 yanvar 2021-ci il tarixədən 27 iyul 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə isə 06 (altı) ay 10 (on) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 01 (bir) il 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 900 metr uzunluğunda naqilin Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 17 yanvar 2021-ci il tarixdən 19 yanvar 2021-ci il tarixədək tutulduğu, 19 yanvar 2021-ci il tarixədən 27 iyul 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı, ümumilikdə isə 06 (altı) ay 10 (on) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 20 (iyirmi) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış 900 metr uzunluğunda naqilin ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar