Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-152/2022 16.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 11 avqust 1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, SOCAR “Neftqaztikinti” tresti 5 saylı tikinti quraşdırma bölümündə asfalt kütləsi bişirən işləyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 148 nömrəli bağ evində yaşayan, Suraxanı Rayon Məhkəməsinin 4(010)-140/2022 nömrəli iş üzrə 05 mart 2022-ci il tarixli qərarına əsasən barəsində əvvəli 03 mart 2022-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib onun qardaşı və faktik olaraq həmin ərəfədə öz kürəkəni olan X1 özünün işlədiyi Azərbaycan Respublikası Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” trestinin 5 saylı tikinti quraşdırma bölümünün Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində yerləşən asfalt zavoduna aylıq əmək haqqı 600-700 manat olan asfalt kütləsi bişirən və ya fəhlə kimi işə əmrinin verilməsinə köməklik göstərəcəyinə dair vəd verib aldadaraq 08 iyun 2020-ci il tarixdə trestin Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində yerləşən 5 saylı tikinti quraşdırma bölümünün zavodunun qarşısında 5.500 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs 5.500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, evlidir və 3 övladı var. Belə ki, X2 ilə rəsmi nikahından 1999-cu ildə qızı Şəbinə Cəbrayılova, 2001-ci ildə Sevinc Cəbrayılova, 2003-cü ildə oğlu Daşqın Cəbrayılov doğulmuşdur. 1993-cü ildən «SOCAR» Neftqaztikinti tresti 5 saylı tikinti quraşdırma bölümündə asfalt kütləsi bişirən işləyir. Ailəsi ilə birlikdə Səngəçal qəsəbəsində yaşayır. Şahid2 1987-ci ildən tanıyır. 2019-cu ilinin oktyabr ayında Etibar elçilik məqsədilə onun evinə gələrək oğlu Şahid1 onun qızı Sevinc Cəbrayılovanı almaq istədiyini bildirdi. O, ailəsi ilə məsləhətləşib buna razılıq verdi. Belə qərara gəldilər ki, qız və oğlan toyu olsun və həmin vaxt məlum oldu ki, qızı toydan sonra Etibargilin Salyan rayonu, Qarabağlı kəndindəki evlərində qalmalı olacaq. Qız toyunu 23 noyabr 2019-cu il oğlan toyunu isə 05 dekabr 2019-cu il tarixinə planlaşdırdılar. El adəti üzrə cehiz əşyaları almalı olmuş, həmin əşyaların bir qismini nağd pula, əksər hissəsini isə kredit hesabına əldə etmişdir. Həmçinin qeyd edir ki, qızı evlənməsi ilə əlaqədar işdən çıxmış və Salyan rayonuna getmişdir. Həmin vaxt kürəkəni Şahid1 iş axtarırdılar. Həmin vaxt öyrənmişdir ki, işlədiyi asfalt zavodunda aylıq əmək haqqı 600 və ya 700 manat olmaqla iş yeri var. Bununla əlaqədar o, kürəkəninin qardaşı Zərərçəkmiş şəxs ilə görüşmüş və bildirmişdir ki, asfalt zavodun rəhbərliyi ilə yaxın əlaqələri var və Məhərrəmi «SOCAR»ın zavodlarından birinə 5000 manat müqabilində fəhlə işinə düzəldə bilər. Zərərçəkmiş şəxs cavabında həmin pulu bankdan götürməklə düzəldib ona verəcəyini vəd etdi. Beləliklə, 08 iyun 2020ci ildə Zərərçəkmiş şəxs ona zəng edərək Beynəlxalq Bankdan kredit götürdüyünü bildirdi və onunla harada görüşə biləcəyini soruşdu. Həmin vaxt asfalt zavodunda işdə olması səbəbindən çıxa bilməyəcəyini bildirib Zərərçəkmiş şəxs xahiş etdi ki, zavodun qarşısına gəlsin. Bir neçə saatdan sonra Zərərçəkmiş şəxs gələrək danışdıqları 5000 manatı ona vermişdir. Həmin ərəfədə qızı ilə Məhərrəmin ailə münasibətləri artıq kəskinləşmişdir və onlar boşanma ərəfəsində idilər. Bununla əlaqədar o, Nicatdan aldığı pulun bir qismini toydan qalan borclarına xərcləmiş, 2.000 manatı isə Zərərçəkmiş şəxs ilə görüşüb ona qaytarmışdır. Həmçinin Nicata söz vermişdir ki, qalan məbləği də qaytaracaq. Lakin sonradan pulu qaytarmamış və Nicata bəhanələr gətirməyə başlamışdır. Sonra bildi ki, Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon vasitəsi ilə onun səsini yazıb. Əməlindən peşmandır. Qeyd edir ki, zərərçəkmiş şəxsə vurduğu zərəri tamamilə ödəyib və sonuncu ilə barışıbdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin dövlət büdcəsinə 1375 manat miqdarında ödəniş edib. Göstərilənləri nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasına və barəsində olan cinayət təqibinə xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2019-cu ilin mart ayından etibarən “SOCAR”ın Təhlükəsizlik idarəsində xidmət edir. Atası Şahid2 uzun müddətidir ki, Təqsirləndirilən şəxs tanıyırdı. Şahid1 isə onun qardaşıdır. Belə qərara gəlmişlər ki, Məhərrəm Mailin qızı ilə evlənsin. Bu məqsədlə atası, anası və digər qohumları ilə birlikdə Mailgilə elçiliyə getmiş və müvafiq razılıq əldə olunduqdan sonra oğlan toyunu 05 dekabr 2019-cu il tarixinə təyin etmişlər. Ailə qurduqdan sonra Sevinc Cəbrayılova onun ata evinə gəlin köçmüşdür. Həmin vaxt Məhərrəm işləmirdi. Həmin ərəfədə atası Etibarla söhbət etmiş və sonuncu ona bildirmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi asfalt zavodunda aylıq 600 – 700 manat əmək haqqı ilə iş yeri olduğunu bildirib. O, eyni zamanda bildirmişdir ki, Məhərrəmi həmin işə düzəldə bilər. Bununla əlaqədar o, atası və Təqsirləndirilən şəxs onun yaşadığı ünvanda görüşmüş və Təqsirləndirilən şəxs söhbət zamanı bir daha təsdiqləmişdir ki, Məhərrəmi 5500 manat müqabilində vəd etdiyi işə düzəldə bilər. O, həmin vaxt Mailə bildirmişdir ki, hazırda əlində həmin məbləğ yoxdur və bu məbləği kredit kimi götürəcək. Bununla əlaqədar Beynəlxalq Banka müraciət etmiş və 08 iyun 2021-ci ildə oradan 04 il müddətinə aylıq ödəniş miqdarı 170 manat olmaqla 5.600 manat kredit götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs zəng etmiş, sonuncu işdən çıxa bilməyəcəyini bildirərək ondan görüşmələri üçün zavodun yanına gəlməsini xahiş etmişdir. Beləliklə, onlar zavodun yanında görüşmüş və o, təqsirləndirilən şəxsə danışdıqları 5500 manat miqdarında pulu vermişdir. Lakin Mail vədinə əməl etməmiş, pulu qaytarmaqdan isə müxtəlif bəhanələrlə yayınmışdır. Qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər hazırda tam olaraq ödənilib. Təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayəti və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid2 və Xıdırov X3 Nicat Etibar oğlunun bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə işin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd edir. İşin faktik hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs cinayət nəticəsində vurduğu ziyanı tamamilə ödəmiş və sonuncu ilə barışmışdır. Bununla yanaşı, müdafiə tərəfinin təqdim etdiyi 14 may 2022-ci il tarixli qəbzlə müəyyən olunur ki, cinayət nəticəsində vurulmuş 5500 manat miqdarında ziyanın 25 faizi miqdarında, yəni 1.375 manat məbləğində dövlət büdcəsinə ödəniş edilib. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 (bir) ədəd kompakt disk və "xxxx" ASC ilə 08 iyun 2020-ci ildə bağlanmış BPM**********72 nömrəli kredit müqaviləsi iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən azad edilsin və onun CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin və o, hazırkı qərar elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 (bir) ədəd kompakt disk və "xxxx" ASC ilə 08 iyun 2020-ci ildə bağlanmış BPM**********72 nömrəli kredit müqaviləsi iş materiallarında saxlanılsın. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-152/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-152/2022
16.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver