Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-154/2020 20.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X2 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkiş şəxs Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhəri, Ə.Mahmudov küçəsi ev 12, mənzil 4 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi OPD yaşayış massivi Dostluq küçəsində yerləşən nömrəsiz evdə yaşayan, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə təqsirləndirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi “Tofaş” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobili Suraxanı rayonu beton yol istiqamətindən Bağça küçəsi ilə Hövsan qəsəbəsi istiqamətində 70 km/saat surətlə hərəkət etdirən zaman, qarşıda olan avtomobili ötən zaman idarə etməni itirərək, avtomobilin sağ qabaq yan hissəsi ilə yolun sağ kənarında olan beton dirəyə çırpılmış və nəticədə 1987-ci il təvəllüdlü X7 hadisə yerində ölmüş, digər sərnişin - 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs isə xəsarət alaraq 3 saylı xəstəxanaya yerləşdirilmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, o, 2005-cı il tarixdə özünə məxsus avtomobili olmuş və avtomobil idarə etmişdir. Sürücülük vəsiqəsi (BC) kateqoriyası vardır. xx.xx.2020-ci il tarixdə saat təxinən saat 16 radələrində evdə olan zaman, ona məxsus mobil telefona zəng gəlmiş və telefona baxan zaman, həmin şəxsin dostu, hazırki iş üzrə zərərçəkmiş şəxs X5 olduğunu görmüşdür. O, telefona cavab verdikdə, Natiq onun və hazırki iş üzrə digər Zərərçəkmiş şəxs taksi ilə NZS qəsəbəsinə gəldiklərini, gəlib onları götürməsini və Hövsan qəsəbəsinə aparmasını xahiş etmişdir. O, isə benzini olmadığını və ona görə də deyilən yerə gələ bilməyəcəyini demişdir. Natiq isə cavabında gəlib onu götürməsini, ona benzin vuracağını bildirmişdir. O, da Natiqlə razılaşmış və evdən çıxaraq, etibarnamə əsasında idarə etdiyi “Tofaş” markalı **-NR-*** nömrə nişanlı avtomobili ilə NZS qəsəbəsində yerləşən “Araz” marketin qarşısından Natiq və Fazili götürmüşdür. Onlar yanacaq doldurma məntəqəsindən benzin vurduqdan sonra Hövsan qəsəbəsinə doğru Fəhlə prospekti ilə hərəkət edərək, beton yola çıxmışlar. Onlar oradan “Akkord” şirkətinin yanından Hövsan qəsəbəsinə gedən yola düşmüşlər və həmin yol ilə hərəkət etməyə başlamışlar. Həmin yol dar olmuş və yolun sol tərəfi yaşayış məntəqəsi sağ hissəsi isə dəmir yolu olmuşdur. O, avtomobili idarə edən zaman, qarşısında olan avtomobili ötmək istəmiş və həmin zaman avtomobilin idarəetməsini itirərək, avtomobil yolun sağ hissəsində olan beton dirəyə çırpılmışdır. Avtomobil beton dirəyə çırpıldıqdan sonra yolun əksi istiqamətinə dönərək dayanmışdır. O, həmin vaxt avtomobildən düşmüş və tez arxada oturan Fazili avtomobildən çıxararaq, yoldan keçən şəxslərə tez TTY-a zəng vurub çağırmasını bildirmişdir. Daha sonra isə avtomobilin qabaq oturacağında oturan Natiqə kömək etməyə çalışmış, lakin Natiq ölmüş və avtomobilin içində sıxışıb qalmışdır. Bir müddət sonra TTY və polis gəlmiş və Fazili xəstəxanaya apardıqdan sona FHN-nin əməkdaşları gələrək, Natiqi avtomobildən çıxarmışlar. Cinayət əməlini törətdikdən sonra o, zərərçəkmiş şəxslə və digər zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X1 bildirmişdir ki, o, ünvan 2 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanında yaşayır. Yol nəqliyyat qəzası nəticəsində dünyasını dəyişmiş xx.xx.1987-ci il təvəllüdlü X7 onun oğludur. xx.xx.2020-ci il tarixdə oğlumun avtomobil qəzası nəticəsində vəfat etməsi hadisəsi ilə əlaqədar bildirmişdir ki, ona həmin hadisə barədə polisdən məlumat vermişlər. O, həmin hadisəni törədən Təqsirləndirilən şəxs tanıyır. Elnur onun mərhum oğlunun dostu olmuşdur. Təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir, sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirərək, bu məzmunda ərizəsini məhkəməyə təqdim etmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə səhər saatlarında dostu Natiqlə birlikdə Sədərək bazarına getmişlər. Orada onlara lazım olan bəzi əşyaların qiymətini öyrəndikdən sonra, orada olan kafelərin birində bir az yemek yemişlər və daha sonra yol taksisi ilə Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsinə gəlmişlər. Onlar yolda olan zaman Natiq dostu Elnura zəng vurmuşdur ki, onları Suraxanı rayonu Hövsan qəsəbəsinə aparsın. Elnur telefonda Natiqə benzini olmadığını, bu səbəbdən deyilən yerə gedə bilməyəcəyini demişdir. Natqi isə cavabında Elnura onları götürməsini, özünün benzin vuracağını demişdir. Elnur belə də etmiş və idarə etdiyi “Tofaş” markalı **-NR-*** nömrə nişanlı avtomobili ilə gələrək, onları NZS qəsəbəsində yerləşən Araz marketin qarşısından götürüb, yanacaq doldurma məntəqəsindən benzin vurduqdan sonra Hövsan qəsəbəsinə doğru Fəhlə prospekti ilə hərəkət edərək, beton yola çıxmışlar. Onlar oradan Akkord şirkətinin yanından Hövsan qəsəbəsinə gedən yola düşmüşlər və həmin yol ilə hərəkət etməyə başlamışlar. Həmin yol dar olmuş və yolun sol tərəfi yaşayış məntəqəsi saş hissəsi isə dəmir yolu olmuşdur. Onlar avtomobil ilə hərəkət edən zaman qarşılarında olan avtomobili Elnur ötmək istəyən zaman Elnur avtomobilin idarəetməsini itirmiş və onlar yolun şəğ hissəsində olan beton dirəyə çırpılmışlar. Avtomobil beton dirəyə çırpıldıqdan sonra yolun əksi istiqamətinə dönərək dayanmışdır. O, həmin vaxt huşunu itirmiş və Elnurun onu avtomobildən çıxarması nəticəsində özünə gəlmiş, daha sonra TTY maşını ilə 3 saylı kliniki xəstəxanaya aparılmışdır. Təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir, sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirərək, bu məzmunda ərizəsini məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmişin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli 1/1440 saylı “alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 74 saylı rəyindən görünür ki, mərhum X5 bədən səthində aşkar edilmiş xəsarətlər- baş beyinin əzilməsi, sağ alıngicgah sümüyünün qəlpəli sınığı, sağ alın- gicgah nahiyyəsinin əzilmiş-cırılmış yarası və bədənin çoxsaylı sıyrıqları həyati olub bərk küt əşya təsirindən törənmişlər, qərarda göstərilən müddətə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyət hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxlərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 553 saylı rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi ilə müşaiyət olunmuş alın-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin əziyi, sağ baldırın sıyrığı bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən müddətə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyət hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Mərhum N.S.Kazımovun ölümünə səbəb almış olduğu açıq kəllə beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvəl baş vermişdir. Mərhum N.S.Kazımovun meyitindən götürülmüş qan məhkəməkimya tədqiqatı nəticəsində 1% etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli 8/854 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Tofaş Doğan markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Suraxanı rayon Polis İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamış və məhrum edilməmişdir. Azərbaycan Respublikası DGN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan İsmayıllı Rayon İcra Hakimiyyəti İsmayıllı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarında olan İsmayıllı Rayon İcra Hakimiyyəti İsmayıllı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəlidir. İş materiallarında olan AZ-İV seriyalı, 098587 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X6 anadan olmuşdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətmiş olduğu cinayət əməlini etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, ailəli olduğunu, himayəsində 1 azyaşlı uşağın olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. İş üzrə zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə ünvanladıqları ərizələrində göstərmişlər onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-154/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-154/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver