Məhkəmə qərarları › İş №1(010)-155/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-155/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-155/2025 18.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X1, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1988-ci ildə Gədəbəy rayonu, Novo Saratovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Gədəbəy rayonu, Novo Saratovka kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Abşeron rayonu, 1 nömrəli Zeytunçuluq Sovxozunun ərazisində yerləşən 0,04 hektar torpaq sahəsini 8.000 manat müqabilində ona satacağına dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2020-ci ilin sentyabr ayında istintaqa konkret məlum olmayan tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 4-cü köndələn küçəsində Zərərçəkmiş şəxs əvvəlcə 1.000 manat pulunu, 17 oktyabr 2020-ci il tarixdə qeyd olunan küçədə 6.000 manat pulunu, 18 oktyabr 2020-ci il tarixdə isə həmin küçədə 1.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 8.000 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 4-ci köndələn, nömrəsiz evdə yaşamışdır. O, bundan əvvəl Rusiya Federasiyasında yaşamışdır. 2020-ci ildən Rusiya Federasiyasından qayıdıb Bakı şəhərində yaşamağa başlamışdır. Hazırda yaşadığı evin yerləşdiyi torpaq sahəsini “Coşqun” adlı şəxsdən almışdır. 2020-ci ilin sentyabr ayında tanışı Zərərçəkmiş şəxs Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 4-cü köndələn onun yaşadığı küçədə olan torpaq sahəsinə baxmış və 0,04 hektar həmin torpaq sahəsinin kimə məxsus olması ilə maraqlanmışdır. Zərərçəkmiş şəxs ondan bu barədə soruşduqda o, Valehə torpaq sahəsinin “Coşqun” adlı şəxsə məxsus olduğunu demişdir. Bundan əvvəl Coşqunun torpaq sahələrinə müştəri tapdığı və onunla iş gördüyü üçün Zərərçəkmiş şəxs həmin torpaq sahəsini Coşqundan ala biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs ondan özünü Coşqunla danışdırmağı xahiş etmişdir. O da Valehi Coşqunla danışdırmış və Coşqun onu əmin etmiş və bildirmişdir ki, pulu Elçinə verə bilər. Coşqunun torpağın 0,01 hektarını 2.000 manata satdığını demişdir. Zərərçəkmiş şəxs beh olaraq 1.000 manat pul hazırlamış və onun yaşadığı küçədə görüşüb ona vermişdir. Zərərçəkmiş şəxs həm də vəsiqəsini ona vermişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs ilə görüşmüş və bildirmişdir ki, Coşquna pulu və sənədləri vermişdir. Sonra o, Coşqunla danışmış və Coşquna Valehin ona verdiyi behi vermişdir. Coşqun da Valehə etibarnamə vermişdir. Coşquna pulun qalan hissəsini Valehin yaxın zamanda çatdıracağını demişdir. Zərərçəkmiş şəxs qalan 7.000 manat məbləği tez bir vaxtda hazırlamasını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs dəqiq tarixlərini xatırlamadığı vaxtda pulu tam olaraq gətirib ona vermiş və o da pulu Coşquna vermişdir. Lakin Coşqun bir müddətdən sonra etibarnaməni ləğv etdirmişdir. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1-ci köndələn, nömrəsiz evdə yaşayır. Yaşadığı qəsəbədə 4-cü köndələndə torpaq sahəsi satılmışdır. O da həmin torpaq sahəsini almaq qərarına gəlmişdir. Onun ailəsi özü, arvadı, oğlanları Miri, Mirinin arvadı və iki uşağından ibarətdir. Bir oğlu Gündüz isə kirayədə yaşayır. Miri və ailəsi onunla qalır. 2020-ci ilin sentyabr ayında o, 4-cü köndələndə olan torpaq sahəsinə baxmış və 0,04 hektar həmin torpaq sahəsinin kimə məxsus olması ilə maraqlanmışdır. Qonşu küçədə yaşayan və əvvəldən tanıdığı Təqsirləndirilən şəxs ona həmin torpaq sahəsinin Coşqun adlı şəxsə məxsus olduğunu demişdir. Ona Coşqunla əlaqəsinin olduğunu bildirmiş və həmin torpağı almaq istəsə ona köməklik edə biləcəyini demişdir. O da Elçindən torpağı 0,01 hektarının qiymətini soruşmuşdur. Elçin ona Coşqunun həmin torpağın 0,01 hektarını 2.000 manata satdığını demişdir. O da beh olaraq 1.000 manat pul hazırlamış və Elçinlə onun yaşadığı küçədə görüşmüşdür. Elçin ona 1.000 manat pul hazırlamağını demişdir. O, Elçinlə görüşüb pulu hazırladığını demiş və pulu, həmçinin özünə məxsus şəxsiyyət vəsiqəsini Elçinə vermişdir. Elçin ondan pulu və şəxsiyyət vəsiqəsini alıb getmişdir. Bundan bir neçə gün sonra Elçin onunla görüşmüş və bildirmişdir ki, Coşquna pulu və sənədləri vermişdir. Lakin qalan 7.000 manat məbləği tez bir vaxtda hazırlamasını, Coşqunun nağd müştəri tapmasını və buna görə torpağı satmaq istəməsini bildirmişdir. Elçin ona bildirmişdr ki, qalan pulu verdikdən sonra sənədləşmə olacaq. Elçinin bu sözündən sonra Coşqunu onunla danışdırmasını demişdir. Elçin də özünə məxsus mobil telefonla Coşquna zəng etmişdir. Elçin Coşquna onun Elçinə qarşı inamsızlığınının yarandığını bildirmiş və onunla danışmaq istədiyini demişdir. Bu vaxt Coşqun Elçinə telefonu ona verməsini bildirmişdir. O da telefonu götürüb Coşqunla danışmış, behi borc aldığını və alacağı torpağın sənədini borc sahibinə girov qoyacağını demişdir. Həmçinin bildirmişdir ki, qalan məbləğ cibindədir. Lakin həmin pulu Coşqunun özünə vermək istəmiş, Elçinə inanmadığını bildirmişdir. Belə ki, o, eşitmişdir ki, Coşqun pulu almadan heç kimə sənəd vermir. O da Coşqunun özü ilə görüşmək istəmişdir ki, pulu əlbə-əl Coşquna verib notariusdan sənəd alsın. O, bunu Coşquna dedikdə, Coşqun ona qalan məbləği Elçinə verməsini bildirmişdir. Qeyd etmişdir ki, bir neçə gün içərisində notarial qaydada ona etibarnamə verəcək. O da cibində olan 6.000 manatı Elçinin yaşadığı küçədə vermiş və bildirmişdir ki, səhəri gün qalan 1.000 manatı da gətirib verəcəkdir. Bundan sonra o, yaşadığı evə getmişdir. Səhəri gün yenidən Elçinlə onun yaşadığı küçədə görüşmüş, Elçinə 1.000 manat pul vermişdir. Bununla da o, torpağı almaq üçün razılaşdığı 8.000 manat pulu Coşquna verməsi üçün Elçinə verib qurtarmışdır. Elçin ondan sonuncu 1.000 manat məbləği aldıqdan sonra onunla birlikdə Coşqunun yaşadığı evə getməyi təklif etmişdir. O, razılaşmış və onlar birlikdə Binəqədi rayonu, 8-ci mikrorayon, Coşqunun yaşadığı binanın olduğu küçəyə getmişlər. Orada o, avtomobildə gözləmiş, Elçin isə avtomobildən düşüb getmişdir. Təxminən 15-20 dəqiqə sonra qayıdıb gəlmiş və ona pulu Coşqunun ailə üzvlərinə verdiyini bildirmişdir. Ona bir neçə gün içərisində etibarnamə veriləcəyini demişdir. Bundan sonra onlar yaşadıqları evə qayıtmışlar. 20 oktyabr 2020-ci il tarixdə Binəqədi rayonu, Azadlıq metrostansiyasının yaxınlığında yerləşən 11 saylı notariusa getmişdir. Həmin notariusa getməyi ona Elçin zəng edib bildirmişdir. O, notariusa daxil olduqda Coşqun orada olmamışdır. Elçin ona notariusa gedib orada onunla Coşqun adlı şəxs arasında torpağa dair etibarnamə imzalanacağını demişdir. Notarius işçilərindən biri ona 11 manat 50 qəpik rüsum ödəməli olduğunu bildirmişdir. O da rüsumu ödəmiş və üzərində Coşqunun imzası olan etibarnaməyə imza edib təsdiqlətdikdən sonra əslini götürüb getmişdir. Həmin vaxt maddi imkanı olmadığından aldığı torpaq sahəsində heç bir tikinti işləri görməmişdir. Təxminən 7 ay sonra o, xəbər tutmuşdur ki, Coşqun ona satdığı torpağın etibarnaməsini ləğv etdirmişdir. O, bunu öyrəndikdən sonra 11 saylı notariat ofisinə getmiş və etibarnamənin ləğv edilib- edilməməsi ilə maraqlanmışdır. Orada ona Coşqunun etibarnaməni ləğv etdiyini demişlər. O, Elçinin yaşadığı evə gedib nə üçün etibarnaməni Coşqunun ləğv etdiyini soruşmuşdur. Elçin Coşqunun nə üçün etibarnaməni ləğv etdiyini bilmədiyini demiş və Coşqundan şikayət etməyini bildirmişdir. Həmin vaxt Elçinin anası da orada olmuşdur. O da bundan sonra bir neçə dəfə Daxili İşlər Nazirliyinə və digər hüquq mühafizə orqanlarına bu barədə şikayət etmişdir. Əlavə olaraq qeyd edir ki, o, Təqsirləndirilən şəxs şikayətçi deyil, pulu təqsirləndirilən şəxsdən tələb etmir, Şahid1 deməsinə görə pulu Təqsirləndirilən şəxs verib və pulu Şahid1 tələb edir. Göstərilən halları nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanışı Şahid2 vasitəsi ilə tanımışdır. Şahid2 torpaq alqı-satqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs isə Şahid2 ilə dostluq etmişdir. 2014-cü ildə o, özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində olan 0,04 hektar torpaq sahəsini Şahid2 vasitəsi ilə “Əli” adlı şəxsə satmışdır. O, Əliyə həmin il torpağa dair etibarnamə vermişdir. Təxminən 2020-ci ilin dəqiq ayını xatırlamadığı vaxtda Şahid2 ona zəng edib 2014-cü ildə onun vasitəsi ilə Əlinin ondan aldığı torpağı özünün Əlidən aldığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, torpağa müştəri tapıb və həmin müştəri Əlidən yox torpağın əsas sahibindən, yəni Coşqundan etibarnamə istəyir. Köçəri ona həmin torpağı satıb ona qalan 4.300 manat borcundan bir qismini vermək istədiyini bildirmiş və ondan Elçinin tapdığı müştəriyə etibarnamə verməsini xahiş etmişdir. O da razılaşmış və bildirmişdir ki, Əlinin adına verdiyi etibarnamənin əslini ona gətirsinlər. Köçəri ona etibarnaməni Elçinin gətirəcəyini demişdir. Köçəri həmçinin ona bildirmişdir ki, qohumu Alim adlı şəxsdən Elçin həmin etibarnaməni götürüb ona gətirəcək. Bundan sonra 2020-ci ilin oktyabr ayında, yəni 20 oktyabr 2020-ci il tarixindən təxminən 3-4 gün əvvəl Elçin 11 saylı notariat ofisinə gəlib orada 400 manat ona beh və etibarnamənin əslini vermişdir. O, torpağın alqı-satqısı ilə bağlı Elçinlə heç bir söhbət etməmişdir. Aralarındakı söhbət Köçərinin ona olan 4.300 manat borcu ilə bağlı, daha doğrusu həmin 4.300 manat borcdan torpaq satıldıqdan sonra ödənilməli olan 2.000 manat pulla bağlı olmuşdur. O, Elçinə Köçərinin alqı-satqıdan sonra ona 2.000 manat pul verməli olduğunu demişdir. Lakin Elçin ona 1.500 manat pul gətirib verəcəyini demişdir. O da razılaşmış və Əlinin adına olan etibarnaməni ləğv etdirmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə Elçin 11 saylı notariat ofisində ona Valeh adlı şəxsin şəxsiyyət vəsiqəsini gətirib vermişdir. Ona etibarnaməni hazırlamasını bildirmişdir. O isə Elçinə çatmalı olan 1.500 manatdan qalan 1.100 manatı istəmişdir. Elçin ona etibarnaməni hazırlayıb verdikdən bir neçə saat sonra pulu gətirib verəcəyini demişdir. O da Elçinə inanmış, etibarnaməni hazırlayıb notariat ofisinə qoymuş və çıxıb getmişdir. Bundan bir gün sonra o, Elçinin gəlmədiyini və Köçərinin həmin torpaq satışından əldə edəcəyi puldan ona borcu qarşılığı çatmalı olan 1.100 manat pulun verilmədiyini gördükdə etibarnaməni ləğv etdirmişdir. Həmçinin Elçinlə əlaqə saxlayıb ondan Valeh adlı şəxsin adına verdiyi etibarnamənin əslini gətirib verməsini bildirmişdir. Bu barədə Köçəriyə vatsap sosial şəbəkəsində mesaj yazmışdır. O qeyd etmişdir ki, Valeh adlı şəxsi tanımır və onunla üzbəüz görüşməmişdir. Valeh ilə onun barəsində şikayət etdikdən sonra polis idarəsində görüşmüşdür. Valehin ifadəsində onunla Elçinin vasitəsi ilə telefonla danışdığını bildirməsi yalandır. O, Valehə pulu Elçinə verməsini və narahat olmamasını deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 4-5 il bundan əvvəl o, Şahid1 etibarnamə əsasında Bakı şəhəri, Yeni Suraxanı rayonunda yerləşən 4 sot torpaq sahəsini almışdır. O özü daha əvvəl torpaq alqı-satqısı ilə məşğul olmuş və Coşqundan qohumları üçün dəfələrlə torpaq almışdır. Beləliklə, onun Coşquna 4.300 manat borcu yaranmışdır. 2020-ci ildə o, həmin torpağı satmağa və Coşqunun borcunu ödəməyə qərar vermişdir. İlkin danışıqlarına görə o, Coşquna həmin puldan 2.500 manat verməli idi. Lakin sonradan 1.500 manata razılaşmışlar. O, torpaq sahəsini satışa çıxarmışdır. Özü İstanbulda yaşadığından torpağı satmağı kəndçisi olan Təqsirləndirilən şəxs demişdir. Bir müddət sonra Elçin ona həmin torpağa müştəri tapdığnı bildirmişdir. O, Elçinə həmin torpaq sahəsini 4.000 manata satdığını demiş, Elçin isə ona həmin torpağın üzərinə xeyir qoyub satacağını bildirmişdir. O da Elçinə 4.000 manatı ona verməsini, qalan xeyiri özünə götürməsini demişdir. Sonradan onlar Elçinlə danışmış və Elçin ona müştərinin torpaq sahibinin adından etibarnamə almaq istəməsini bildirmişdir. O da buna görə Coşqundan torpaq sahibi kimi Valehə etibarnamə verməsini xahiş etmişdir. Elçin müştəridən 400 manat beh aldığını demiş və qalan pulların etibarnamə verildikdən sonra ödəniləcəyini bildirmişdir. O, Elçinə həmin pulu Coşquna verməsini, Coşqunun həmin 400 manatı ona verməli olduğu 1.500 manatdan çıxmasını demişdir. Növbəti gün pul ödəndikdə Coşqunun 1.100 manatını da verəcəkdi. Elçin həmin pulu Coşquna vermiş və Coşqun Valehə etibarnamə vermişdir. Lakin etibarnamə verildikdən 1 gün sonra Elçin ona və Coşquna müştərinin torpağı istəməməsini, etibarnaməni ləğv etmələrini xahiş etmişdir. O da Elçinlə razılaşmış və Coşquna etibarnaməni ləğv etməsini demişdir. Coşqunda Elçindən etibarnamənin əslini tələb etmiş, lakin Elçin müxtəlif bəhanələr gətirərək həmin torpağın etibarnaməsini gətirməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 178.2.1 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət tərkibinin olması müəyyən edilmədiyindən həmin maddələr ilə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan “diske baxış keçirilməsi” haqqında 13 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq istintaqa təqdim olunmuş CD diskə baxış keçirilmişdir. Baxış zamanı diskdə olan “WhatsApp” smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi vasitəsilə göndərilmiş yazışmaları əks etdirən fotoşəkillərə və səs yazılarına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs Şahid1 və Şahid2 heç bir məbləğdə pul verməməsi təsdiq olunmuşdur. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1759/2024 nömrəli iş üzrə 22 may 2024-cü il tarixli məhkəmənin hazırlıq iclası qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə məhkəməyə verilmiş, barəsində ibtidai araşdırma zamanı seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 18 fevral 2025-ci ildən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1759/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınmalıdır. Məhkəmə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 18 fevral 2025-ci ildən hesablansın. Ccəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1759/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 90 (doxsan) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar