Məhkəmə qərarları › İş №1(010)-156/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-156/2022

13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-156/2022 13.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1964-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 14 – 16 oktyabr 2021-ci il tarixləri üzrə tutulmuş, 16 oktyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,522 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 14 oktyabr 2021-ci il tarixdə saat 20:30-da Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Sabir küçəsində yaşadığı evin yaxınlığında narkotik vasitələrin istifadəsində, saxlanılmasında şübhəli bilinərək saxlanılmış və Suraxanı RPİ-nin 31-ci polis bölməsinə aparılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,522 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, beş dəfə infarkt keçirib və bir böyrəyi yoxdur. İki oğlu hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkir. Özü arvadı və bir oğlunun uşağı ilə birlikdə yaşayır və ailəyə yeganə qazanc gətirən şəxsdir. 14 oktyabr 2021-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Sabir küçəsində yaşadığı evin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirdi və narkotik vasitələrin daşınmasında, saxlanılmasında şübhəli olduğu üçün Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət olundu. Etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə getdi. Suraxanı RPİ-nin 31ci polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra video görüntü ilə üzərinə baxış keçirildi, baxış zamanı ondan üzərində hər hansı qeyriqanuni əşya və ya predmetin olub-olmadığı soruşuldu, olduğu təqdirdə könüllü olaraq təqdim etməyi bildirildi. O, xidməti otaqda əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli bükülünü, üzərinə “ARGO” yazısı olan içərisində yeddi ədəd siqaret olan siqaret qutusunu və qara rəngli gödəkcəsinin sol yan cibindən tünd göy rəngli cib dəsmalını təqdim etdi, gümüşü rəngli bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitəni həmin gün üzdən tanıdığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün alıb saxlayaraq gəzdirdiyini bildirdi. Sonra həmin 1 ədəd büküm polis əməkdaşı tərəfindən götürülərək zərfə qoyulub qablaşdırıldı, üzəri onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olundu, sonra üzərində axtarış keçirildi və hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş X1 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni əldə edib üzərində daşıması və narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. 14 oktyabr 2021-ci il tarixdə saat 20:30-da daxil olmuş əməliyyat məlumatına əsasən təşkil olunmuş əməliyyat qrupu, yəni Suraxanı RPİ-nin 31-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xidmətdə olan vaxt Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Sabir küçəsində yaşadığı evin yaxınlığında müəyyən edilmiş, ona özlərini təqdim edərək Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə bölməyə getmişdir. 31-ci polis bölməsində xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə Suraxanı RPİ-nin 31-ci polis bölməsinin təhqiqatçısı X2 və onun iştirakı ilə Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunaraq üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olub-olması və əgər varsa təqdim etməsi bildirilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1(bir) ədəd gümüşü rəngli bükülünü, üzərində «ARGO» sözləri yazılmış, içərisində 7(yeddi) ədəd siqaret olan siqaret qutusunu və gödəkcənin sol yan cibindən tünd göy rəngli cib dəsmalını çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı başqa əşyanın olub-olmaması barədə soruşduqda başqa əşyanın olmadığını bildirməsinə baxmayaraq onun üzərinə baxış keçirilmiş, lakin qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə barədə soruşduqda 1 ədəd gümüşü bükülünün içərisində qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin olmasını və həmin günü yaşadığı qəsəbədə üzdən tanıdığı şəxsə 10 manat verib, özü istifadə etmək məqsədi ilə alıb üzərində daşımasını bildirmiş, sonra aşkar olunmuş maddə qablaşdırılaraq zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, o və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs qarşı heç bir zor və təzyiq olunmamışdır. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 15 oktyabr 2021-cı il tarixli 6/4584 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №194” dairəvi möhür əksi olan, “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,522 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir». 23 fevral 2022-cı il tarixli 919 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə X3 öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, səhhətini və ailə vəziyyətini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.30-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,472 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 – 16 oktyabr 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.30-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,472 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar