Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-156/2024 10.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 06 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 may 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 1(010)- 156/2024 nömrəli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 02 may 2024-cü il tarixdə tutularaq 03 may 2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmə, yəni özgənin əmlakını gizli olaraq talama ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 may 2023-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 küçəsi, nömrəsiz fərdi yaşayış evinin giriş qapısını sındıraraq qanunsuz daxil olub oradan 900 (doqquz yüz) manat dəyərində 01 (bir) ədəd künc divanını, 80 (səksən) manat dəyərində 01 (bir) ədəd tikiş maşınını, 120 (yüz iyirmi) manat dəyərində 01 (bir) ədəd «Vitek» markalı tozsoranı, 220 (iki yüz iyirmi) manat dəyərində 01 (bir) ədəd 2x3 ölçülü xalçanı, 850 (səkkiz yüz əlli) manat dəyərində 01 (bir) ədəd 82 (səksən iki) ölçülü «Vestel» markalı televizoru, 100 (yüz) manat dəyərində müxtəlif geyim əşyalarını və qəpiklərdən ibarət olan 100 (yüz) manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs, ümumilikdə 2370 (iki min üç yüz yetmiş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi aşağıdakılarla sübuta yetirilir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə özünü tam təqsirli bilərək göstərmişdir ki, birinci oğurluq epizodundan təxminən 4-5 gün əvvəl Binə qəsəbəsində yerləşən kafedə Zərərçəkmiş şəxs ilə tanış olmuş, sonuncu ona bildirmişdir ki, kafeni işlədir, ona işçi lazımdır. O, Raciyə razılıq vermiş və kafedə ofisiant kimi işləməyə başlamış, sonuncu ondan qalmağa yerinin olub-olmaması ilə bağlı maraqlandığı zaman ona qalmağa yerinin olmadığını bildirmişdir. Həmin vaxt Raci ona təklif etmişdir ki, özünə məxsus evdə onunla birlikdə yaşasın. O, işdən sonra, Raciylə birlikdə sonuncunun yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən evinə gəlmişdir. Hər gün səhər saatlarında Raciylə birlikdə işə gedib, onunla birlikdə işdən geri qayıtmışdır. 02 may 2023-cü il tarixdə Raciylə birlikdə işə getmiş, saat təxminən 13 radələrində Racidən həkimə getmək üçün yalandan icazə alıb sonuncunun evinə gəlmiş, evin giriş qapısına ayağı ilə vurub, kilidini qırıb evə daxil olmuşdur. Bundan sonra, yoldan keçən taksiyə işarə verib saxlatmış və taksi sürücüsünə bildirmişdir ki, evində olan əşyaları, Xırdalan şəhərinə aparmaq lazımdır. Taksi ilə birlikdə Racinin evinə gəlmiş, taksi sürücüsündən xahiş etmişdir ki, əşyaları daşımağa kömək etsin. O, evdə olan televizoru, tikiş maşınını, xalçanı, künc divanını, tozsoranı, müxtəlif geyim əşyalarını və məbləğini xatırlamadığı qəpik pulları götürüb, əşyaları avtomobilə qoyub, evin qapısını örtüb oradan çıxmışdır. Taksi sürücüsü yolda olarkən gediş haqqının 70 (yetmiş) manat olacağını bildirdiyi üçün taksi sürücüsünə yaxın əraziyə, yəni 3-cü mikrorayon dairəsinə sürməsini bildirmişdir. Orada əşyaları avtomobildən düşürüb taksi sürücüsünə 20 (iyirmi) manat ödəniş etmişdir. Başqa tanımadığı taksi tapıb, əşyaları taksiyə yükləyib, evinə aparıb evin bir hissəsində yığmışdır. 06 may 2023-cü il tarixdə evdə olarkən polis əməkdaşları yaşadığı evə gələrək baş vermiş hadisə ilə bağlı məlumat vermişlər. Orada polis əməkdaşlarına oğurluq hadisəsini törətdiyini səmimi etiraf edərək, oğurladığı əşyaları evdə gizlətdiyini bildirmiş və əşyaları onlara təqdim etmişdir. Araşdırma dövründə 06 iyun 2023-cü il tarixdə o, yenidən Racinin evindən oğurluq etmək qərarına gəlmiş, həmin gün, təxminən saat 16 radələrində sonuncunun yaşadığı evin qarşısına gəlmiş və evin qapısını dartıb açaraq içəri daxil olmuşdur. Eyni qaydada ayağı ilə qapını vurub kilidini qırmış və evə daxil olub, yenidən televizoru, tikiş maşınını və geyim əşyalarını oğurlayıb evdən çıxaraq, tanımadığı taksi ilə Xırdalan şəhərinə gəlmiş, orada tanımadığı şəxslərə televizoru, tikiş maşınını və geyimləri satıb 250 (iki yüz əlli) manat məbləğində pul əldə etmişdir. Əldə etdiyi əşyaları satmaqda məqsədi özünün pula olan ehtiyacını ödəmək olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, törətdiyi əməldən peşmandır, özünü tam təqsirli bilir, oğurluq etməsinin səbəbi maddi imkansızlıq olmuş, narkotik maddə alması olmamışdır. Belə ki, əvvəllər narkotik vasitə istifadə etsə də, artıq istifadə etmir. Zərərçəkmiş şəxs evində qaldığı zaman ona kirayə pulu ödəməmişdir. Kafedə işlədiyi müddət ərzində əmək haqqı almışdır. Bu əməli maddi vəziyyəti pis olduğu və himayəsində 1 azyaşlı övladı olduğu üçün törətmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı bəzi əşyaları qaytarmaqla, bəzilərinin isə pulunu verməklə tam ödəmiş, onunla barışmışdır, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Sonda isə əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, himayəsində 1 azyaşlı övladının olmasını və hazırda da 5 aylıq hamilə olmasının nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ildən ünvan 3 küçəsində yerləşən özünə məxsus nömrəsiz fərdi evdə tək yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən kafedə aşpaz işləyir. Adətən hər gün, səhər saat 11 radələrində işə gedib, gecə saat 01 radələrinədək işdə olur. Təqsirləndirilən şəxs 2023-cü ilin may ayından etibarən tanımışdır. Onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ya ziddiyyət olmamışdır. 2023-cü ilin may ayının əvvəllərində günorta saatlarında Binə qəsəbəsində işdə olarkən Təqsirləndirilən şəxs işlədiyi kafeyə daxil olub ona yaxınlaşaraq himayəsində azyaşlı uşağının olduğunu bildirib iş tapmaq üçün ona köməklik göstərməsini xahiş etmişdir. O, Şəbnəmə yazığı gəldiyi üçün müvəqqəti olaraq onun yanında işləməyi və qab-qaşıqları yumağı təklif etmişdir. Şəbnəmdən qalacaq yerinin olub-olmadığını soruşmuş, sonuncu da qalacaq yerinin olmadığını bildirmişdir. Buna görə də Şəbnəmə gəlib onunla birlikdə qala biləcəyini demiş, Şəbnəm də onunla razılaşmışdır. 02 may 2023-cü il tarixdə Şəbnəm ona X4 getməli olduğunu bildirib icazə istəmiş, o, isə buna etiraz etməyib razılaşmışdır. Həmin gecə saat 02 radələrində işdən evə qayıdan zaman küçə qapısının, habelə evin giriş qapısının kilidlərinin sınıdırıldığını görüb narahat olmuşdur. Dərhal evə daxil olub göz gəzdirdikdə evdən künc divanının, «Vestel» markalı televizorun, tikiş maşınının, «Vitek» markalı tozsoranın, xalça və geyim əşyalarının, habelə tikiş maşının içərisində olan təxminən 100 (yüz) manat məbləğində qəpik pulunun oğurlandığını aşkar etmişdir. Dərhal hadisə barədə mobil telefonu ilə «102» xidmətinə zəng vurub məlumat vermişdir. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin “Şöhrət” adlı əməkdaşı tərəfindən ona məxsus evin yerləşdiyi Bülbülə qəsəbəsi, S.Əliyev küçəsindəki videomüşahidə sistemlərinə baxış keçirilərkən videgörüntülərə əsasən hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən olunmuş və Şəbnəmin tanımadığı şəxsin idarə etdiyi avtomobillə evindən oğurladığı əşyalar 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək 06 may 2023-cü ildə ona geri qaytarılmışdır. Həmin hadisə ilə əlaqədar 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən Şəbnəmin barəsində nə kimi tədbirin görülməsi barədə sonradan maraqlanmamışdır. Həmçinin 2023cü ilin iyun ayının təxminən 6-sında saat 20 radələrində, o, işdə olan zaman qonşuluqda yaşayan soyadını və atasının adını bilmədiyi “Tahir” adlı şəxs mobil telefonuna zəng vuraraq ona məxsus evin küçə və giriş qapılarının sındırıldığını bildirmişdir. O, narahat olaraq dərhal işdən yaşadığı evə qayıtmışdır. Evə çatan zaman, həqiqətən də, küçə qapısının, habelə evin giriş qapısının kilid hissələrinin sındırıldığını və evdən növbəti dəfə ona məxsus geyim əşyalarının, «Vestel» markalı televizorun, habelə tikiş maşınının oğurlandığını aşkar etmişdir. Bu barədə öz mobil telefonu ilə «102» xidmətinə zəng vurub məlumat vermişdir. Müraciətindən sonra 31-ci polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gəlib sənədləşdirmə aparmışlar. Araşdırma zamanı həmin oğurluq hadisəsinin də Şəbnəm tərəfindən törədilməsi müəyyən edilmiş və Şəbnəm polis əməkdaşlarının müşayiəti ilə yaşadığı evə gəlib oğurluğu necə törətdiyini izah etmişdir. Şəbnəm, ümumilikdə, iki dəfə gizlincə yaşadığı evin giriş qapısını sındıraraq içəri daxil olub əmlakını oğurlamışdır. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, evin açarı həmişə özündə olmuş, Şəbnəmə açar verməmişdir. Şəbnəmə heç vaxt açarı verməmişdir ki, sərbəst olraq evə özü girib-çıxsın. Şəbnəm həmişə onunla birlikdə işdən evə qayıtmış və səhər də onunla birlikdə işə getmişdir. İş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olduğunu bildirdi. Sonda isə bildirdi ki, hazırda ona dəymiş ziyan tam ödənilib, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Zərərçəkmiş şəxs 10 iyul 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir iddia və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 may 2023-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis baş leytenantı X2 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (iş.v. 1) İş materiallarına əlavə edilmiş 03 may 2023-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə ünvanlanan ərizədən görünür ki, 03 may 2023-cü il tarixdə saat 02:30 radələrində naməlum şəxs və ya şəxslər tərəfindən evindən müxtəlif əşyalar və qəpik pullar oğurlanmışdır. Bu barədə tədbir görülməsini xahiş etmişdir. (iş.v. 5) 03 may 2023-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, baxış ünvan 3 küçəsi, nömrəsiz fərdi ev ünvanında aparılmışdır. Ətrafında başqa yaşayış evləri vardır. Həyətin giriş qapısı taxtadandır. Ev 1 mərtəbəli, 2 otaqlıdır. Evin giriş qapısı plastik ağ rənglidir. Evin otaqlarında olan əşyalar dağınıq vəziyyətdədir. Evin bir pəncərəsi küçə tərəfdədir. Yaşayış evinə daxil olub baxış keçirilən zaman sübut əhəmiyyətinə malik əşya və ya predmet aşkar edilməmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (iş.v. 8-10) 06 may 2023-cü il tarixli “əşyanın könüllü təqdim edilməsi, baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən 01 (bir) ədəd künc divanını, 01 (bir) ədəd tikiş maşınını, 01 (bir) ədəd tozsoranı, 01 (bir) ədəd xalçanı və 01 (bir) ədəd televizoru təqdim edərək birlikdə yaşadığı ev sahibəsi olan Zərərçəkmiş şəxs evindən oğurlamasını bildirmişdir. Həmin əşyalara baxış zamanı 01 (bir) ədəd göy rəngli künc divanı, 01 (bir) ədəd markası bilinməyən qara rəngli tikiş maşını, 01 (bir) ədəd «Vitek» markalı tozsoran, 01 (bir) ədəd 2x3 ölçülü xalça və 01 (bir) ədəd 82 (səksən iki) ölçülü «Vestel» markalı televizor olduğu aşkar edilmişdir. Həmin 01 (bir) ədəd göy rəngli künc divanı, 01 (bir) ədəd markası bilinməyən qara rəngli tikiş maşını, 01 (bir) ədəd «Vitek» markalı tozsoran, 01 (bir) ədəd 2x3 ölçülü xalça və 01 (bir) ədəd 82 (səksən iki) ölçülü «Vestel» markalı televizor iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən baxış keçirildikdən sonra götürülmüşdür. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (iş.v. 12- 15) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Suraxanı RPİnin 31-ci PŞ-nin təhqiqatçısı Elnur Mənsimovdan ona məxsus 01 (bir) ədəd künc divanını, 01 (bir) ədəd tikiş maşınını, 01 (bir) ədəd tozsoranı, 01 (bir) ədəd xalçanı və 01 (bir) ədəd televizoru 06 may 2023-cü il tarixdə təhvil almışdır. (iş.v. 16) 07 may 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 44) 08 may 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, 02 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə birlikdə işə getmiş, təxminən saat 13 radələrində Racidən həkimə getmək üçün icazə almış, kafedən çıxıb yoldan keçən taksiyə işarə verib saxlatdırmış, taksi sürücüsünə bildirmişdir ki, Bülbülə qəsəbəsində yerləşən evində olan əşyaları Xırdalan şəhərinə aparmaq lazımdır. Taksi ilə Raci ilə birlikdə qaldığı Raciyə məxsus evə gəlmişdir. Racinin evin açarını həyətdə olan qaz peçinin altında gizlətdiyini bildiyi üçün açarı oradan götürüb qapını açıb evə daxil olmuşdur. Taksi sürücüsündən xahiş etmişdir ki, əşyaları daşımağa kömək etsin. O, evdə olan televizoru, tikiş maşınını, xalçanı, künc divanını, tozsoranı və məbləğini xatırlamadığı qəpik pulları götürüb əşyaları avtomobilə qoyub evin qapısını bağlayıb oradan çıxmışdır. Taksi sürücüsü yolda olarkən gediş haqqının 70 manat olacağını bildirdiyi üçün, o, taksi sürücüsünə yaxın əraziyə, yəni 3-cü mikrorayon dairəsinə sürməsini bildirmişdir. Orada əşyaları avtomobildən düşürüb taksi sürücüsünə 20 manat ödəniş etmişdir. Orada başqa tanımadığı taksi tapıb əşyaları taksiyə yükləyib özünün evinə aparmış və əşyaları evinin bir hissəsindən yığmışdır. 06 may 2023-cü il tarixdə evdə olarkən polis əməkdaşları yaşadığı evə gələrək baş vermiş hadisə ilə bağlı məlumat vermişlər. O, polis əməkdaşlarına oğurluq hadisəsini törətdiyini səmimi etiraf edərək oğurladığı əşyaları evdə gizlətdiyini bildirmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (iş.v.69-73) 22 iyun 2023-cü il tarixli, 9/3974 saylı məhkəmə-əmtəəşünaslıq ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 5 adda malların 2023-cü ilin may ayına olan tarixə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 870,00 manat müəyyən edilmişdir. Digər 01 ədəd tikiş maşını haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal ili, istismar müddəti, əmtəə görünüşü və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişilik olması istisna edilmir. Ekspertizada tədqiq edilənlər: 01 (bir) ədəd künc divanının, ümumi dəyəri 400 (dörd yüz) manat, 01 (bir) ədəd tikiş maşınının qiyməti aydın deyil, 01 (bir) ədəd “Vitek” markalı tozsoranın ümumi dəyəri 70 (yetmiş) manat, 01 (bir) ədəd 2x3 ölçülü xalçanın ümumi dəyəri 100 (yüz) manat və 01 (bir) ədəd 82 ölçülü “Vestel” markalı televizorun ümumi dəyəri 300 (üç yüz) manatdır. (iş.v. 81-83) İş materiallarına əlavə edilmiş 11 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin təsdiq edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində 08 may 2023-cü il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən təsdiq edilmişdir. (iş.v. 88) 12 avqust 2023-cü il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə 01 (bir) ədəd künc divanı, 01 (bir) ədəd tikiş maşını, 01 (bir) ədəd «Vitek» markalı tozsoran, 01 (bir) ədəd 2x3 ölçülü xalça və 01 (bir) ədəd 82 (səksən iki) ölçülü «Vestel» markalı televizorun dəyəri Zərərçəkmiş şəxs ifadəsində göstərməsinə əsasən qəbul olunmuşdur. İş üzrə 01 (bir) ədəd göy rəngli künc divanı, 01 (bir) ədəd markası bilinməyən qara rəngli tikiş maşını, 01 (bir) ədəd «Vitek» markalı tozsoran, 01 (bir) ədəd 2x3 ölçülü xalça və 01 (bir) ədəd 82 (səksən iki) ölçülü «Vestel» markalı televizor maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. (iş.v. 93- 97) İş materiallarına əlavə edilmiş 21 avqust 2023-cü il tarixli “ittiham aktının təsdiq edilməyərək cinayət işinin əlavə istintaq aparılması üçün qaytarılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzə tərtib edilmiş ittiham aktı təsdiq edilməyərək cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün cinayət işi əlavə istintaq aparılmasından ötrü Suraxanı RPİ-nin İstintaq şöbəsinə qaytarılmışdır. (iş.v. 112-115) İş materiallarına əlavə edilmiş 21 avqust 2023-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən Suraxanı Rayon Prokurorluğuna ünvanlanan ərizədən görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin may və iyun ayları ərzində, ümumilikdə 2 dəfə ünvan 3 küçəsində yerləşən ona məxsus evin giriş qapısının kilidini sındırmaqla içəri daxil olub əmlakını oğurlamışdır. Bu barədə Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-də cinayət işi başlansa da, istintaqın gedişindən narazı olmuş və qanuni tədbirlər görülməsini xahiş etmişdir. (iş.v. 116) 30 avqust 2023-cü il tarixli “cinayət işinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (iş.v. 129-130) İş materiallarına əlavə edilmiş 04 dekabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin təsdiq edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs barəsində 08 may 2023-cü il tarixdə seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən təsdiq edilmişdir. (iş.v. 155-156) 04 dekabr 2023-cü il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. İş üzrə 01 (bir) ədəd künc divanı, 01 (bir) ədəd tikiş maşını, 01 (bir) ədəd «Vitek» markalı tozsoran, 01 (bir) ədəd 2x3 ölçülü xalça və 01 (bir) ədəd 82 (səksən iki) ölçülü «Vestel» markalı televizorun dəyəri Zərərçəkmiş şəxs göstərməsinə əsasən qəbul olunmuşdur. İş üzrə 01 (bir) ədəd göy rəngli künc divanı, 01 (bir) ədəd markası bilinməyən qara rəngli tikiş maşını, 01 (bir) ədəd «Vitek» markalı tozsoran, 01 (bir) ədəd 2x3 ölçülü xalça və 01 (bir) ədəd 82 (səksən iki) ölçülü «Vestel» markalı televizor maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. (iş.v.158- 164) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuş, 08 may 2023-cü il tarixdə, saat 10:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində müstəntiq tərəfindən başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri seçilmişdir. 30 avqust 2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, 04 dekabr 2023-cü il tarixdə, saat 16:00-da Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2024cü il tarixli, 1(010)-156/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etmək üçün məhkəmənin çağırışlarına gəlmədiyindən barəsində məcburi gətirmə qərarı qəbul edilmiş, alınmış cavaba əsasən həmin Məhkəmənin 14 fevral 2024-cü il tarixli, 1(010)-156/2024 saylı qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə axtarış elan edilmiş, Azərbaycan Respulikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanası tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanan 07 may 2024cü il tarixli, 3-16-17/40/2-3248/2024 saylı məktubla, onun 02 may 2024-cü il tarixdə tutularaq 03 may 2024-cü il tarixdən Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi bildirilmişdir. (iş.v. 33-34, 54-55, 63-65, 129-130, 147-148) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanası tərəfindən Suraxanı Rayon Məhkəməsinə daxil olmuş 27 iyun 2024-cü il tarixli, 3-16- 17/40/2-4395/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs, 03 may 2024-cü il tarixdə təcridxanaya daxil olmuş və ilkin tibbi müayinələrdən keçirilərkən adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinənin nəticəsinə əsasən ona 11-12 həftəlik təkrar hamiləlik (əkiz) diaqnozu qoyulmuş və həkim nəzarətinə götürülmüşdür. 25 iyun 2024-cü il tarixdə, o, yenidən müayinələrə cəlb olunmuş və ona 19-20 həftəlik əkiz hamiləlik diaqnozu qoyulmuşdur. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyini, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin: 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət – vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətdir. Cinayət qanunvericiliyində mülkiyyətin bütün formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması CM-in əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. X5 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Məhkəmə ittiham və müdafiə tərəfini, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən peşiman olması, hazırda 5 aylıq hamilə olması, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsi, onunla barışması, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi ərizəsi CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinə zidd olardı. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, əməlindən peşimandır, hazırda ona 5 aylıq hamiləlik diaqnozu qoyulmuş, axtarışda olmaqla tutulub Bakı İstintaq Təcridxanasında saxlanılan müddətdə müəyyən qədər islah olunmuş və əvvəllər məhkum olunmamışdır. Buna görə də ona azadlıqdan məhrum etmə əvəzinə daha yüngül olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədəuyğundur. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə, iş üzrə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi dinləyərək, toplanmış sübutların məcmusuna qiymət verərək, araşdırmanın yekunu olaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq cəza təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Saatlı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, maddi sübut qismində tanınmış 01 ədəd künc divanının, 01 ədəd “Vitek” markalı tozsoranın və 01 ədəd 2x3 ölçülü xalçanın sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdən 08 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və 02 may 2024-cü il tarixdən hökm elan olunduğu 10 iyul 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 08 (səkkiz) gün müddət, cəmi 02 (iki) ay 10 (on) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona təyin olunan 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) ay 20 (iyirmi) gün çıxılmaqla, ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Saatlı rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut qismində tanınmış 01 ədəd künc divanının, 01 ədəd “Vitek” markalı tozsoranın və 01 ədəd 2x3 ölçülü xalçanın sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 (yetmiş iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-156/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-156/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver