Məhkəmə qərarları › İş №1(010)-157/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-157/2021

24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-157/2021 24.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X3 qızının katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1975-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xok kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində yerləşən nömrəsiz evdə yaşayan, Suraxanı Rayon Məhkəməsinin 4(010)-19/2021 nömrəli iş üzrə 10 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində əvvəli 08 yanvar 2021-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbiri Suraxanı Rayon Məhkəməsinin 4(010)-25/2021 nömrəli iş üzrə 15 yanvar 2021-ci il tarixli qərarına əsasən «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz edilmiş (bu qətimkan tədbiri Suraxanı Rayon Məhkəməsinin hazırkı iş üzrə hazırlıq iclasının 06 may 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanıb) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsində qeyd olunur ki, «Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən şəxsi istifadəsi üçün bir ədəd şəffaf sellofan bükümündə xalis çəkisi - 4,160 qram olan qəhvəyi rəngli toz şəkilli maddə tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 1,473 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə tərkibinə görə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 08 yanvar 2021-ci il tarixdə saat 18:40 radəsində Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən «Araz» supermarketin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümündə xalis çəkisi - 4,160 qram olan qəhvəyi rəngli toz şəkilli maddə tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 1,473 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə tərkibinə görə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir». İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, evlidir, himayəsində doqquz uşağı var. Uşaqlarından altısı yetkinlik yaşına çatmayıb. 2-ci qrup müharibə əlilidir. Sinir və psixiatrik problemləri ilə bağlı müalicə alır. Əvvəllər narkotik vasitələr qəbul edib. Sonuncu dəfə – tutulmazdan təxminən bir ay əvvəl, yəni 2020-ci ilin dekabr ayında narkotik vasitə marixuana istifadə etmişdir. Sonradan heç bir narkotik vasitə və ya psixotrop maddə qəbul etməmiş və üzərində gəzdirməmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə də heç vaxt məşğul olmayıb. 08 yanvar 2021-ci ildə saat 18.20 radələrində bazarlıq etmək üçün Bakı şəhəri, Suraxanı rayonu, 14 İyul küçəsində yerləşən «Araz» marketə getmiş, evə lazım olanları alıb küçəyə çıxarkən, marketin çıxış qapısının yanında Naxçıvandan tanıdığı Rəşad adlı şəxsi görüb hal-əhval tutmuşdur. Marketdən çölə çıxanda ona polis əməkdaşları yaxınlaşmış və adının Hikmət olub-olmadığını soruşmuşlar. Bu vaxt bilmişdir ki, Rəşad da polis əməkdaşıdır. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, həmin gün, təxminən 2 saat əvvəl qardaşı Sərvan ona «WhatsApp» sosial şəbəkəsi vasitəsilə şəkil göndərib. Şəkildə Təqsirləndirilən şəxs adlı şəxsin silahla tutulduğu barədə məlumat var idi. Həmçinin qardaşı bildirmişdir ki, bu şəkillə əlaqədar ona guya onun (təqsirləndirilən şəxsin) tutulduğuna dair zənglər gəlir. Həmin vaxt qardaşını sakitləşdirərək bildirmişdir ki, bu şəkilin ona heç bir aidiyyəti yoxdur. Saxlanıldığı vaxt qardaşı ilə 2 saat əvvəlki ünsiyyəti yadına düşmüş və polis əməkdaşlarına bildirmişdir ki, həmin Təqsirləndirilən şəxs deyil. Buna baxmayaraq, polis əməkdaşları onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinə getməli olduğunu demişlər. Bunun səbəbini soruşduqda, polis əməkdaşları «ora çataq deyəcəyik» deyə cavab vermişlər. Bununla əlaqədar qardaşına zəng edib məlumat vermək istəmiş, lakin polis əməkdaşları buna imkan verməmişlər. Beləliklə, ona məxsus avtomobildə polis əməkdaşları ilə birlikdə polis idarəsinə getməli olmuşdur. Bu zaman o, avtomobilinin arxa oturacağında oturmuş, avtomobili isə polis əməkdaşlarından biri idarə etmişdir. Onunla birlikdə, yəni sağında və solunda, avtomobilin arxa oturacağında iki nəfər polis əməkdaşı əyləşmişdir. Yolda həyat yoldaşı mobil telefonuna zəng etmiş, telefona cavab vermək istəmiş, lakin polis əməkdaşları bu dəfə də ona telefonla danışmağa imkan verməmişlər. Suraxanı Rayon Polis İdarəsinə çatdıqdan sonra 2-ci mərtəbədə yerləşən otaqlardan birinə aparılmış, orada üzərinə baxış keçirilmişdir. Bu zaman vəkil dəvət edilməmiş, hal şahidlərinin iştirakı təmin olunmamış, həmçinin videoçəkilişdən istifadə edilməmişdir. Baxış zamanı ondan üzərində narkotik vasitə olub-olmadığı soruşulmuş, cavabında bildirmişdir ki, üzərində heç bir narkotik vasitə yoxdur. Sonra polis əməkdaşları ondan tələb etmişlər ki, üzərində nə varsa, çıxarıb masanın üzərinə qoysun. Bu tələbə əsasən üzərindəki əşyaları çıxarıb masanın üzərinə qoymuş, sonra polis əməkdaşları onun üstünü özləri axtarmış, lakin heç bir narkotik vasitə, psixotrop maddə və ya gəzdirilməsi qadağan edilmiş hər hansı başqa əşya aşkar etməmişlər. Polis əməkdaşları ona bildirmişlər ki, avtomobilinə də baxış keçirilməlidir. Avtomobilə baxış keçirilməsində özü də iştirak etmək istədiyini bildirmiş, cavabında ona deyilmişdir ki, «sənə ehtiyac yoxdur». Həmçinin polis əməkdaşlarına öz vəkilinin olduğunu deyərək bildirmişdir ki, baxışda vəkilinin iştirak etməsini istəyir. Cavabında Anar ona sualla müraciət edərək «bu qədər adama inanmırsan ki, vəkil çağırırsan?» demişdir. Eyni zamanda Rəşad onu əmin etmişdir ki, «narahat olma, mən oradayamsa, başqa heç nə ola bilməz». Rəşada inandığına görə özünün iştirakı olmadan avtomobilinə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları avtomobilinə baxış keçirmiş, oradan heç bir qanunsuz əşya aşkar etməmişlər. Sonra əşyaları, o cümlədən mobil telefonu özünə qaytarılmış və tapşırılmışdır ki, dəhlizdə gözləsin. Dəhlizdə gözləyib, Rəşadla söhbət etmiş, həmçinin sonuncudan icazə alaraq tualetə gedib qayıtmışdır. Bir az sonra Anar gəlmiş və rəislə danışdığını, «onsuz da bura gətirilmiş adamın boş çıxmasının mümkün olmadığını», onu «istifadəçi kimi sənədləşdirəcəklərini», sənədləşmədən sonra evə buraxılacağını, bununla razılaşmayacağı təqdirdə isə üzərinə kilo yarım heroin qoyulacağını və həbs ediləcəyini bildirmişdir. Daha sonra Anar onu otağına çağıraraq 5 – 10 dəqiqə də söhbət etmiş, lakin o, Anarın tələbi ilə razılaşmamış, qardaşına zəng etməsinə və vəkilinin dəvət olunmasına şərait yaradılmasını istəmişdir. Anar bundan acıqlanıb onu otaqdakı divana yıxaraq başının üstünə oturmuşdur. Xəstəliyi ilə əlaqədar halı pisləşmiş, Anar bundan qorxub ayağa qalxaraq ona bir stəkan su gətirmişdir. Sonra onu polis idarəsinin müxtəlif otaqlarına apararaq xeyli gözlətmişlər. Anarın ona qarşı fiziki güc tətbiq etməsi nəticəsində halının pisləşməsi, həmçinin evdə körpə uşaqlarının qalmasından narahat olması səbəbindən bezib «istifadəçi kimi sənədləşdirilməsinə» razılıq vermiş, eyni zamanda xahiş etmişdir ki, ona sənədləşdirmə aparılması ilə bağlı başqa narkotik vasitə deyil, marixuana versinlər. Bu zaman bildirmişdir ki, təxminən bir ay əvvəl marixuana istifadə edib. Buna cavab olaraq Anar bildirmişdir ki, marixuana yoxdur, ancaq «şüşə» və heroin var. Anar həmçinin demişdir ki, bunlardan hansının rəsmiləşdiriləcəyinin fərqi yoxdur, çünki onsuz da «istifadəçi kimi rəsmiləşdiriləcək», çox danışsa isə üzərinə kilo yarım heroin qoyulacaq və o, «əlli-ayaqlı gedəcək». Anardan bir daha buraxılıb-buraxılmayacağını soruşmuş, sonuncu cavabında onu əmin etmişdir ki, arxayın olsun, sənədləşmə aparıldıqdan sonra evə buraxılacaq. Anara inanıb, onun tələbi ilə razılaşmışdır. Bundan sonra müxtəlif otaqlarda oturub gözləmişdir. Sonra Anar ona yaxınlaşaraq balaca bir büküm göstərmiş və demişdir ki, «görürsən, bu yarım qramdır, qoy cibinə çəkiliş vaxtı çıxarıb göstərərsən». Bir qədər sonra Anar ona avtomobilindən götürülmüş dərman qabını verərək demişdir ki, narkotik vasitəni ora qoyub, çəkiliş vaxtı çıxarıb göstərsin. Rəsmiləşdirmə ilə bağlı videoçəkiliş zamanı ona daha əvvəl verilmiş dərman qabını gödəkcəsinin cibindən çıxararaq masanın üzərinə qoymuş, bu zaman verilmiş sualları cavablandıraraq bildirmişdir ki, bükümlərdən birindəki şüşədir. Digər bükümdə nə olduğunu isə bilmir. Sonra bükümlərin ona məxsus olub-olmadığı soruşulmuş, cavabında bildirmişdir ki, «mənə aiddir deyəndə, verdilər, qoydum ora». Videoçəkiliş bitdikdən sonra ona sənədlərə imza etdirib bildirdilər ki, bir azdan sonra buraxılacaq. Lakin bir qədər sonra yenidən telefonu əlindən alınmış, özü isə müvəqqəti saxlama yerinə aparılmışdır. Bu zaman demişdir ki, ona buraxılacağı söz verilmişdir, bəs nə oldu? Cavabında Anar ona bildirmişdir ki, 48 saat saxlanılıb, buraxılacaq. Lakin buraxılması əvəzinə Suraxanı Rayon Məhkəməsinə aparılmış, və məhkəmə qərarı ilə barəsində «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, Suraxanı Rayon Polis İdarəsinin rəis müavinini daha əvvəldən tanıyıb. Polis idarəsinə gətirildikdən sonra rəis müavininin qəbuluna gedib ona başına gələnləri danışmışdır. Bundan sonra rəis müavini Rəşadı çağırıb «bunu buraxın getsin» deyə tapşırmış, buna baxmayaraq Anar onu saxlayıb bütün rəsmiləşdirmə işləri aparıldıqdan sonra demişdir ki, «indi get qoy Rəşad səni buraxdırsın». İşin məhkəmə baxışı zamanı verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, saxlanıldığı vaxt və bundan sonrakı müddətdə əlləri qandallanmayıb. Videoçəkiliş isə saxlanıldıqdan xeyli sonra aparılıb. Əgər üzərində narkotik vasitə, və ya hər hansı başqa qanunsuz əşya olsa idi, onu saxlanıldıqdan sonrakı müddətdə rahatlıqla üstündən ata bilərdi. Təqsirləndirilən şəxs bununla əlaqədar bildirir ki, videoçəkilişdən əvvəl iki dəfə tualetə gedib və orada tək olub. Beləliklə, əgər üstündə narkotik vasitə olsaydı onu tualetə ata bilərdi. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin NMB-nin rəisidir. Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr saxlaması və istifadə etməsi ilə bağlı 08 yanvar 2021-ci ildə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar idarə rəisinə raportla məruzə etmiş, sonra Suraxanı Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, həmçinin Suraxanı Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili Şahid5 və həmin şöbənin kiçik inspektoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. O, özü isə əməliyyat qrupuna rəhbərlik edib. Saat 18:40-da əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən “Araz” marketin qarşısında saxlamış və üzərində şəxsi axtarış keçirilməsi üçün Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində xidməti otaqların birində təqsirləndirilən şəxsə hüquqları və vəzifələri izah edildikdən sonra dövlət büdcəsinin vəsaiti hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilən zaman ondan iki büküm aşkar edilərək götürülmüş, ekspertizaya təqdim edilərək rəy alınmış, həmin bükümlərdən birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Verilmiş suallara cavab olaraq Şahid4 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, təqsirləndirilən şəxsə saxlanıldıqdan sonra heç bir təzyiq göstərməmiş, işgəncə tətbiq etməmiş, ona videoçəkiliş zamanı təqdim etməsi üçün narkotik vasitə və psixotrop maddə təqdim etməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 yanvar 2021-ci ildə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr saxlaması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar idarə rəisinə raportla məruzə olunmuş, sonra ondan, Suraxanı Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid2, həmçinin Suraxanı Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili Şahid5 və həmin şöbənin kiçik inspektoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 18:40 radələrində onlar Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən “Araz” marketin qarşısında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim etmiş, ona narkotik maddələri istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurəti ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Polis idarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları və vəzifələri izah edilmiş, dövlət büdcəsinin vəsaiti hesabına dəvət edilmiş müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Müvafiq prosessual hərəkət videoçəkilişdən istifadə olunmaqla aparılıb. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz hər hansı əşya varsa könüllü təqdim etsin. Bununla əlaqədar Təqsirləndirilən şəxs əynindəki tünd rəngli gödəkcənin sol yan cibindən iki ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olduğu və nə vaxt, kimdən, hansı üsulla əldə etdiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs cavabında bildirmişdir ki, həmin bükümlərdən birinin içərisində şüşə kimi tanıdığı narkotik maddə vardır və ona məxsusdur, digər büküm isə ona məxsus deyil və içərisində nə olduğunu bilmir. Bundan sonra aşkar edilmiş həmin iki ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs üstü polis əməkdaşı tərəfindən yoxlanılmış və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra protokol tərtib edilmiş və iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Şahid işin məhkəmə baxışı zamanı verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş hər iki büküm onun özünə məxsus olub. Saxlanıldıqdan sonrakı müddət ərzində təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixoloji təsir göstərilməmiş, ona qarşı işgəncə tətbiq olunmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid3 şahidlər Şahid4 və Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Müdafiə tərəfinin vəsatəti ilə işin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, hadisə vaxtı Suraxanı Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyib. Hazırda Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinin əməliyyat müvəkkilidir. Qeyd edir ki, 08 yanvar 2021-ci ildə Suraxanı Rayon Polis İdarəsinin NMB-dən idarənin CAŞ-nin rəisinə müraciət olunaraq bir əməliyyat tədbiri ilə bağlı kömək lazım olduğu bildirilmiş və CAŞ-nin iki əməkdaşının ayrılması xahiş olunmuşdur. Bununla əlaqədar ona və şöbənin başqa bir əməkdaşına tapşırılmışdır ki, NMB-nin keçirəcəyi əməliyyat tədbirində iştirak etsinlər. Əməliyyat tədbiri ilə əlaqədar onlar Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən “Araz” marketin yanına getmişlər. Marketin içəridən qapısının yanında olduğu vaxt Naxçıvandan tanıdığı Təqsirləndirilən şəxs görüb onunla görüşmüşdür. Bu zaman əməliyyatın məhz Təqsirləndirilən şəxs münasibətdə keçirildiyini bilmirdi. Marketdən çölə çıxanda, çıxış qapısının yaxınlığında onlara digər polis əməkdaşları yaxınlaşmış və özlərini təqdim edərək təqsirləndirilən şəxsi Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. Bu zaman bilmişdir ki, əməliyyat Təqsirləndirilən şəxs münasibətdə həyata keçirilir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, marketdən aldığı əşyaları öz avtomobilinin baqaj yerinə qoyaraq polis əməkdaşlarının təklifi ilə avtomobilin arxa oturacağına tərəf getmişdir. Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağında ortada əyləşmiş, o, təqsirləndirilən şəxsin bir tərəfində, başqa bir polis əməkdaşı təqsirləndirilən şəxsin digər tərəfində əyləşmişlər. Təqsirləndirilən şəxsin avtomobilini isə Anar müəllim idarə edib. Beləliklə, onlar təqsirləndirilən şəxsin avtomobili ilə birlikdə polis idarəsinə gəlmiş çatdıqdan sonra təqsirləndirilən şəxs idarə rəisinin müavininin otağına aparılmışdır. İdarə rəisinin müavininin otağında nə baş verdiyini bilmir. Qeyd edir ki, təqsirləndirilən şəxsin avtomobilinə baxış keçirilməsində iştirak etmiş, baxış zamanı avtomobildə heç bir qanunsuz əşya aşkar edilməmişdir. Ona həmçinin təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilməsində iştirak etməsi üçün təhqiqatçının otağına getməli olduğu bildirilmiş, o, da gedib müvafiq prosessual hərəkətin həyata keçirilməsində iştirak etmişdir. Şahid bildirir ki, təqsirləndirilən şəxsə qarşı Suraxanı Rayon Polis İdarəsində hansına təzyiq göstərildiyini müşahidə etməyib. Əksinə ona qarşı normal münasibət göstərilib. Belə ki, arada təqsirləndirilən şəxs su istədiyinə görə ona su verilmiş, həmçinin tualetə getmək istədiyini bildirdikdə bir serjantın müşayiəti ilə tualetə getməsinə şərait yaradılmışdır. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, təqsirləndirilən şəxs tualetdə olduğu vaxt tualetin qapısı bağlı vəziyyətdə olmuş, serjant isə çöldə qalmışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş materiallarını nəzərdən keçirib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Təqsirsizlik prezumpsiyası prinsipini təsbit edən Azərbaycan Respublikası CPM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır», «Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən «Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır». Eyni Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin yuxarıda istinad olunan və s. aidiyyəti müddəalarını rəhbər tutaraq qeyd edir ki, hər bir halda təqsirləndirilən şəxsin Cinayət Qanununun konkret maddəsi ilə təqsirini ittiham tərəfi sübuta yetirməli, bununla bağlı təqdim edilən sübutlar mötəbər olmalı, şəxsin təqsirliliyinə şübhə yaratmamalıdırlar. Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi halını sübuta yetirə bilməmişdir. Bununla əlaqədar ilk növbədə qeyd olunur ki, iş üzrə sübutların toplanması çoxsaylı və kobud qanun pozuntularına yol verilməklə həyata keçirilib. Suraxanı Rayon Polis İdarəsinin NMB-nin rəisi Şahid4 08 yanvar 2021-ci ildə «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» qərar qəbul etmişdir (iş v.4, 5). Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: «Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən xx xxxxxx 1975-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanması və istifadəsi ilə bağlı Suraxanı RPİ-nə gətirilmişdir». Beləliklə, əməliyyat müvəkkilinin həmin qərarının məzmunundan Təqsirləndirilən şəxs qərar qəbul edildiyi məqamda Suraxanı Rayon Polis İdarəsinə artıq gətirildiyi və orada olduğu (saxlanıldığı) görünür. Qərarın nəticəvi hissəsində isə müvafiq əməliyyat-axtarış tədbirləri ilə bağlı əməliyyat qrupunun yaradılması, müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, əməliyyat-axtarış tədbirinin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilən əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi, habelə zərurət yarandığı halda «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan digər əməliyyat tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Sual yaranır. Əgər Təqsirləndirilən şəxs qərarın təsviri-əsaslandırıcı hissəsində göstərildiyi kimi, Suraxanı Rayon Polis İdarəsinə artıq gətirilmişdirsə, onun ətrafında eyni qərarın nəticəvi hissəsində göstərilən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə nə ehtiyac var idi? «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin İİİ hissəsi əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsas kimi aşağıdakıları müəyyən edir: «1) məhkəmənin (hakimin) qərarları; 2) istintaq orqanlarının qərarları; 3) əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları». Beləliklə, yuxarıda göstərilən əsaslar, yəni sadalanan qərarlardan biri olmadan əməliyyat-axtarış tədbiri keçirilə bilməz. Suraxanı Rayon Polis İdarəsinin NMB-nin rəisi Şahid4 «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 08 yanvar 2021-ci ildə qərarının məzmunu məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əvvəl polis əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinə gətirilmiş, sonra isə Suraxanı Rayon Polis İdarəsinin NMB-nin rəisi tərəfindən yuxarıda göstərilən qərar qəbul edilmişdir. Bu hal «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin kobud pozuntusu kimi qiymətləndirilməlidir. Belə olan halda həmin əməliyyat-axtarış tədbirinin nəticələri qanuni sayıla bilməzlər. İş üzrə ibtidai araşdırma dövründə başqa qanun pozuntularına da yol verilib. Belə ki, Suraxanı Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı X2 tərəfindən 08 yanvar 2021-ci ildə «şəxsi axtarış və götürmə haqqında» qərar qəbul edilib (iş v. 30). Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: «Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən «Araz» supermarketin qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Suraxanı RPİ-nə gətirilmiş və üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan tünd rəngli gödəkcənin sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 4,160 qram narkotik vasitə olan heroin və bir ədəd bükümdə təmiz çəkisi 1,473 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür». Beləliklə, qərarın təsviri-əsaslandırıcı hissəsindən Təqsirləndirilən şəxs saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinə gətirildiyi, üzərinə şəxsi axtarışın artıq keçirildiyi və ondan konkret çəkilərdə narkotik vasitə heroin həmçinin psixotrop maddə metamfetamin aşkar edildiyi görünür. Qərarın nəticəvi hissəsində isə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması, həmçinin təqsirləndirilən şəxsin qərarla tanış edilməsi qərara alınıb. Məzmunundan göründüyü kimi bu qərar da kobud prosessual pozuntuya yol verilməklə, Azərbaycan Respublikası CPM-nin XXXİ fəsili ilə müəyyən edilmiş qaydalara zidd olaraq, yəni müvafiq prosessual hərəkət həyata keçirildikdən sonra qəbul edilib. Məhkəmə həmin qərarla bağlı məsələyə qiymət verərkən həmçinin aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarına maddi sübut kimi əlavə edilmiş DVD diskdəki videoyazıdan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparıldığı vaxt tərəzidən istifadə olunmamış, narkotik vasitənin və psixotrop maddənin kütləsi təhqiqatçı tərəfindən ölçmələr vasitəsilə müəyyən edilməmişdir. Özündə narkotik vasitənin və psixotrop maddənin kütləsi barədə məlumatı əks etdirən 6/99 nömrəli ekspert rəyi isə 09 yanvar 2021-ci ildə verilib (iş v. 42 – 46). Təhqiqatçının 08 yanvar 2021-ci il tarixli qərarında narkotik vasitənin və psixotrop maddənin kütlələri ilə bağlı göstərilən rəqəmlər, 09 yanvar 2021-ci il tarixli 6/99 nömrəli ekspert rəyindəki rəqəmlərlə eynidir. Bütün bunlar işin digər faktik halları ilə məcmu şəkildə məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, təhqiqatçının yuxarıda göstərilən qərarı faktik olaraq 08 yanvar 2021-ci ildə deyil, bundan xeyli sonra, yəni ekspert rəyi verildikdən sonrakı dövrdə, ən tezi 09 yanvar 2021-ci ildə qəbul edilib. Təqsirləndirilən şəxsə münasibətdə həyata keçirilmiş şəxsi axtarış və götürmənin nəticələri ilə bağlı yekun qənaətə gələrkən məhkəmə həmçinin aşağıdakıları nəzərə alır. İş materiallarına təqsirləndirilən şəxsə münasibətdə həyata keçirilmiş şəxsi axtarış və götürmənin videoyazısı olan DVD disk əlavə edilib. Həmin videoyazıdan görünür ki, X1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa, təqdim etməsini təklif etdikdən sonra sonuncu əynindəki tünd rəngli gödəkcəsinin sol yan cibindən dərman qabı çıxararaq təqdim edir, daha sonra həmin dərman qabından iki büküm çıxarıb masanın üzərinə qoyur. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs balaca bükümdəki ağ maddənin «şüşə» olduğunu, nisbətən böyük bükümdəki tünd rəngli maddənin isə nə olduğunu bilmədiyini deyir. Sonrakı danışıqlar aşağıdakı məzmundadır. X1: Onu haradan əldə etmisiniz? Şübhəli şəxs Təqsirləndirilən şəxs: Atıblar götürmüşəm. X1: Necə? Şübhəli şəxs Təqsirləndirilən şəxs: Yolda atıblar götürmüşəm. X1: İstifadə edənsiniz? Şübhəli şəxs Təqsirləndirilən şəxs: Edirdim, indi etmirəm. X1: Tanımadığınız şəxsdən əldə etmisiniz bunu? Şübhəli şəxs Təqsirləndirilən şəxs: Hə da, yolda atıblar götürmüşəm. X1: Onlayn şəkildə? Şübhəli şəxs Təqsirləndirilən şəxs: Hə. X1: Onlayn şəkildə atıblar əldə etmisiniz. Satışı ilə məşğulsunuz? Şübhəli şəxs Təqsirləndirilən şəxs: Yox, xəstəyəm, ikinci qrup əliləm. X1: Satışı ilə məşğul deyilsiniz. Teymur müəllim, nə isə sualınız var? Müdafiəçi2: Bunlar Sizə aiddir də yəni? Şübhəli şəxs Təqsirləndirilən şəxs: Mənə aiddir deyəndə, veriblər qoymuşam ora. Müdafiəçi2: Başqa bir sualım var, Sizə bura gələrkən polis tərəfindən təzyiq olubdur? Şübhəli şəxs Təqsirləndirilən şəxs: Yox təzyiq olmayıb. Videoyazıdan da göründüyü kimi, təqsirləndirilən şəxs böyük bükümdə nə olduğunu bilmədiyini dediyinə baxmayaraq, təhqiqatçı bundan irəli gələn məsələləri aydınlaşdırmağa heç bir cəhd göstərmir, təqsirləndirilən şəxsə bununla bağlı bir sual belə vermir. Təqsirləndirilən şəxsin təhqiqatçının digər suallarına da cavabları səthi və qeyrimüəyyən olduğuna baxmayaraq, təhqiqatçı həmin cavablarla kifayətlənir və faktik olaraq özü öz suallarını cavablandıraraq təqsirləndirilən şəxsi müvafiq cavablar verməyə yönəldir. Bunlarla yanaşı, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin ona aid-olub-olmadığına dair sualı cavablandırarkən «Mənə aiddir deyəndə, veriblər qoymuşam ora» sözlərini demiş, bu zaman təqsirləndirilən şəxsə maddələrin ona kim tərəfindən verildiyinə və bundan irəli gələn digər məsələlərə dair heç bir sual verilməmişdir. Şəxsi axtarış və götürmə haqqında 08 yanvar 2021-ci il tarixli protokolda (iş v. 32, 33) göstərilir ki, təqsirləndirilən şəxs həmin prosessual hərəkət zamanı narkotik vasitəni iki gün əvvəl İran İslam Respublikasının vətəndaşı olan «İsi» adlı şəxsdən 80 manata aldığını, şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Yuxarıda qeyd olunan videoyazıdan görünür ki, əslində Təqsirləndirilən şəxs həmin prosessual hərəkət zamanı belə bir söz deməmiş, narkotik vasitələrdən istifadə edibetmədiyinə dair sualı isə «edirdim, indi etmirəm» sözləri ilə cavablandırmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinə gətirildikdən dərhal sonra üzərinə polis əməkdaşları tərəfindən, vəkilsiz, hal şahidsiz və videoçəkiliş aparılmadan baxış keçirilmiş, lakin ondan narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Bundan sonra xeyli müddət ərzində idarənin müxtəlif otaqlarında həmçinin dəhlizində saxlanılmış, bu dövrdə iki dəfə tualetə getmişdir. Əgər üzərində narkotik vasitə və ya psixotrop maddə olsa idi ikinci dəfə üzərində vəkilinin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparıldığı vaxtadək onu asanlıqda itirə, həmçinin tualetdə tək olduğu vaxt unitaza ata bilərdi. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid5 da bu halı təsdiq edərək təqsirləndirilən şəxsin həqiqətən də idarədə saxlanıldığı vaxt tualetə getdiyini və orada tək olduğunu bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən «Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər». Həmin Məcəllənin 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən «İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda» həmçinin «istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda» əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Eyni Məcəllənin 125.3-cü maddəsinə əsasən «Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz». İşin faktik hallarından görünür ki, Təqsirləndirilən şəxs münasibətdə əməliyyataxtarış tədbirləri həyata keçirilərkən və üzərində şəxsi axtarış və götürmə aparılarkən «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası CPM-nin aidiyyəti tələbləri kobud şəkildə pozulmuşdur. Göstərilənləri, o cümlədən təqsirləndirilən şəxsin dəlillərini, əməliyyat axtarış tədbirinin, şəxsi axtarış və götürmənin kobud qanun pozuntuları ilə həyata keçirildiyini, axtarış və götürmə zamanı iştirakçıların davranışını, sual və cavabların məzmununu, videoyazıda, habelə tərtib olunmuş sənədlərdə kifayət qədər çox ziddiyyət və qeyrimüəyyənlik olduğunu məcmu şəkildə qiymətləndirərək məhkəmə hesab edir ki, əməliyyat axtarış tədbirinin, habelə şəxsi axtarış və götürmənin nəticələri əsaslı şübhələr yaratdığına görə mötəbər deyil və iş üzrə sübut kimi qəbul edilə bilməzlər. İşin məhkəmə baxışı zamanı Şahid4 məhkəməyə yaddaş kartı təqdim edərək oradakı fotoşəkillərin təqsirləndirilən şəxsin mobil telefonundan götürüldüyünü, bu fotoşəkillərin təqsirləndirilən şəxsin mobil telefonunda olması faktının onun şəxsiyyəti və məşğuliyyəti barədə məlumat verdiyini bildirmişdir. Həmin yaddaş kartına məhkəmə iclasında ittiham və müdafiə tərəfinin iştirakı ilə baxış keçirilmiş, bu zaman müəyyən edilmişdir ki, fotoşəkillərin bir qismi əxlaqa və mənəvi dəyərlərə ziddir, bir qismində müəyyən məbləğlərdə ödəmələr görünən ödəniş terminalları, habelə tərəzi üzərində ot və tozşəkilli maddələr habelə s. görüntülər əks olunur. Fotoşəkilləri nəzərdən keçirərək məhkəmə ilk növbədə qeyd edir ki, istər ibtidai araşdırma orqanı, istərsə də şahidin özü məhkəməyə onların təqsirləndirilən şəxsin mobil telefonundan götürüldüyünü təsdiq edə biləcək heç bir sübut təqdim etməmişlər. Müdafiə tərəfi isə bildirir ki, yaddaş kartındakı fotoşəkillərin bir qismi, yəni təqsirləndirilən şəxsin özünün, qohumlarının və dostlarının görüntülərini əks etdirən fotoşəkillər həqiqətən də onun mobil telefonundan götürülüb. Yuxarıda göstərilən xarakterli digər fotoşəkillər isə təqsirləndirilən şəxsin mobil telefonundan deyil başqa mənbələrdən götürülüblər. İstənilən bir halda qeyd olunur ki, məhkəmənin hazırkı iş üzrə vəzifəsi təqsirləndirilən şəxsin şəxsiyyətinə və mənəvi keyfiyyətlərinə deyil, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin tələbinə uyğun olaraq ona qarşı irəli sürülmüş ittihama qiymət verməkdən ibarətdir. Yaddaş kartında təqdim edilmiş fotoşəkillərin isə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama birbaşa aidiyyəti yoxdur, bunlar ittihamı təsdiq və ya təkzib etmirlər. Məhkəmə cinayət işini nəzərdən keçirərək qeyd edir ki, təqsirləndirilən şəxsin iş materiallarına əlavə edilmiş yazılı izahat və ifadələri bir-birindən fərqli məzmundadırlar. Belə ki, o, 08 yanvar 2021-ci il tarixində etiraf məzmunlu izahat verdiyinə baxmayaraq, 09 yanvar 2021-ci il tarixindən başlayaraq hazırkı iş üzrə məhkəmədə verdiyi izahata uyğun məzmunlu ifadələr verməyə başlamış, 17 mart 2021-ci il tarixindən sonrakı izahatlarında isə yenidən etirafedici ifadələr vermişdir. Məsələ ilə bağlı qeyd olunur ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 91.5.10-cu maddəsinə əsasən «ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək» hüququna malikdir. Təqsirləndirilən şəxs hətta yalan ifadə versə belə, buna görə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən «Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər». İşin faktik hallarından göründüyü kimi təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə ona ittiham olunan cinayət əməlini etiraf etməmişdir. Polis əməkdaşı olan şahidlər təqsirləndirilən şəxsdən fərqli məzmunlu ifadələr vermişlər. Məhkəmə bunu qeyd etməklə yanaşı, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi halının əməliyyat-axtarış təbdiri və ilkin prosessual hərəkətlərin nəticəsi ilə təsdiq olunmadığını vurğulayır və hesab edir ki, polis əməkdaşları olan şahidlərin ifadələri təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması üçün əsas sayıla bilməzlər. Beləliklə, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən «təqsirliliyi sübuta yetirilmədikdə» məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aiddir. Eyni Məcəllənin 197.2-ci maddəsinə əsasən «Bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və təqsirləndirilən şəxsə hazırkı hökmlə bəraət verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 108,46 manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə aşkar edilməsi halının sübuta yetirilmədiyinə dair qənaətə gəlməklə yanaşı hesab edir ki, həmin narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi və bununla bağlı aşkara çıxarılacaq digər halların cinayət prosessual qanunvericilik çərçivəsində araşdırılması zəruridir. Ona görə də iş üzrə maddi sübut kimi tanınmış, Suraxanı Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkiləri müvafiq olaraq 4,060 qram və 1,373 qram təşkil edən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin araşdırma tamamlananadək Suraxanı Rayon Polis İdarəsində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 344 – 350, 352, 353, 356 – 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri Azərbaycan Respublikası CPM-nin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış, Suraxanı Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkiləri müvafiq olaraq 4,060 qram və 1,373 qram təşkil edən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin həmin maddələrin mənbəyinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar