Məhkəmə qərarları › İş №1(010)-159/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-159/2020

06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-159/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X2 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə 2 il 5 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, işləməyən, ünvan 10/31-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələri, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum etmə və 4 ay 23 gün müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarına məhkum olunmuş, işləməyən, ünvan 10-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində, müxtəlif vaxtlarda gecə saatlarında etibarnamə əsasında idarə etdiyi, X9 məxsus Opel Astra markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs3 məxsus, ünvan 1 saylı ünvanda yerləşən tikintisi başa çatdırılmamış fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, həyətdən hər birinin dəyəri 400 manat olmaqla cəmi dəyəri 1600 manat olan 4 ədəd və hər birinin dəyəri 400 manat olmaqla cəmi dəyəri 2400 manat olan 6 ədəd şüşə və çərçivəsi üzərində olan alüminiumdan hazırlanmış 10 ədəd qapıları vahid niyyətlə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 06:20 radələrində Zərərçəkmiş şəxs2 məxsus, ünvan 2 saylı ünvanda yerləşən yaşayış sahəsinə açıq qapıdan qanunsuz daxil olaraq, həyətdəki soyuducudan bir kiloqramı 16,5 manat olmaqla, cəmi dəyəri 422,4 manat olan 25 kiloqram 600 qram çəkidə 13 ədəd hind quşu və bir kiloqramı 16,5 manat olmaqla, cəmi dəyəri 95,7 manat olan 5,8 kiloqram hind quşunun içalatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 518,1 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,191 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxlayaraq daşımış, xx xxxx 2020-ci il tarixdə, saat 21:50 radələrində Bakı şəhəri, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq, Bakı şəhəri, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin inzibati binasına gətirilib, üzərinə baxış keçirilərkən, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd qara rəngli kağıza bükülmüş, təmiz çəkisi 0,191 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında ünvan 3 ünvanda yerləşən inşa edilməkdə olan üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki saxlanc yeri hesab edilən əl damının qapısının qıfılını sındırmaqla içəri qanunsuz daxil olaraq, oradan 1 metrinin dəyəri 3 manat olmaqla, cəmi dəyəri 300 manat olan, “Göknur” markalı, üzəri izolyasiyalı, içərisindən 3 ədəd hər biri təxminən 6 mm diametrli mis naqil keçən, zədələnməmişdən əvvəl normal vəziyyətdə 100 metr uzunluğunda izolyasiyalı kabel, 1 ədədinin dəyəri 90 manat olmaqla cəmi dəyəri 180 manat olan 2 ədəd TCH markalı, ZZ8004 model stasionar taxtakəsən mişar aparatı, 1 ədəd 150 manat dəyərində Bosch markalı laqonda, 1 ədəd 60 manat dəyərində “RİTM” markalı, DP-185 model stasionar taxtakəsən mişar aparatı, 1 ədəd 6 manat dəyərində göy rəngli zəncirbəndlə açılıb-bağlanan çiyin çantası, 1 ədəd 60 manat dəyərində metal gövdəli üzərində “Holcim” yazıları olan qol saatı və 40 manat pulu oğurlayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 796 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhər sakini X7 ilkin ödəniş etməklə Opel Astra markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobili kredit yolu ilə almış və həmin vaxtdan avtomobili özü idarə etməklə, taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində, o, müxtəlif vaxtlarda gecə saatlarında Opel Astra markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 saylı ünvanda yerləşən tikintisi başa çatdırılmamış fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olaraq, həyətdən 4 ədəd və 6 ədəd şüşə və çərçivəsi üzərində olan alüminiumdan hazırlanmış 10 ədəd qapıları oğurlamışdır. Oğurladığı həmin qapıları Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən NZS pivə zavodu ilə üzbəüz yerləşən metal qəbulu yerinə aparıb, orada tanımadığı şəxsə cəmi 83 manata satmış və əldə etdiyi həmin 83 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Törətmiş olduğu həmin oğurluq hadisəsi zamanı heç kim ona kömək etməmişdir, Bundan başqa, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 06:15 radələrində Opel Astra markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Y.Əliyev küçəsi la ünvana gəlmiş və avtomobildən düşüb mühərrikə nəzər yetirən zaman, yaxınlıqda yerləşən evin həyət qapısının açıq vəziyyətdə olduğunu gördükdə, həmin evin həyətinə daxil olub, oradan oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə həyətə daxil olmuşdur. Ətrafda heç kimin olmadığını görüb, həyətdə olan soyuducuya yaxınlaşmış və soyuducunun qapısını açdıqda, orada 13 ədəd təmizlənmiş vəziyyətdə olan hind quşunu, sonra isə soyuducuda olan sellofana bükülmüş vəziyyətdə olan, təxminən 5 kiloqram hind quşu içalatını da götürüb avtomobilinə qoymuş, daha sonra avtomobili idarə edərək, həmin yerdən uzaqlaşmışdır. Oğurluq yolu ilə əldə etdiyi 13 ədəd təmizlənmiş vəziyyətdə olan hind quşunu, sonra isə soyuducuda sellofana bükülmüş vəziyyətdə olan təxminən 5 kiloqram hind quşu içalatını Bakı şəhərində yerləşən 8-ci kilometr bazarında tanımadığı şəxsə 300 manata satmışdır. Oğurluq hadisəsini xx xxxxxx 2020-ci il tarixdə saat 06:20 radələrində ünvan 4 ünvanın həyətində törətmiş, həmin oğurluq hadisəsini pula ehtiyacı olduğu üçün törətmiş, tək törətmiş, ev sahibinin icazəsi olmadan həyətə qanunsuz daxil olmaqla törətmişdir. O, hazırki iş üzrə digər Təqsirləndirilən şəxs2 əvvəldən tanımış, sonuncu ilə qonşuluqda yaşamışdır. xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində yaşadığı Xətai rayonu, NZS qəsəbəsində Vüqarla görüşmüş və söhbət zamanı Vüqar onunla birlikdə iş yeinə getməsini xahiş etdikdə, onunla razılaşmış, bundan sonra birlikdə əvvəldən tanıdığı digər qonşusu Rəşada yaxınlaşıb, avtomobillə onları Vüqarın iş yerinə aparmasını təklif etmişdir. Rəşad da buna etiraz etməmiş və avtomobilə əyləşdikdən sonra Rəşad, Vüqarın deməsinə görə onları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsinə, inşa edilməkdə olan yaşayış binasının qarşısına aparmışdır. Vüqar həmin tikintidə usta işləməsini deyib, onunla birlikdə avtomobildən düşmüş və birlikdə həmin tikiliyə yaxınlaşmışlar. Vüqar onu gözləməsini deyib, binaya tərəf getmiş və az sonra əlində 2 ədəd kisəylə qayıdıb gəlmişdir. Birlikdə həmin kisələri gətirib Rəşadın avtomobilinin yük yerinə qoymuş, lakin, kisələrin içərisində nə olmasını, Vüqarın oğurluq etməsini bilməmişdir. Bundan sonra Rəşadın avtomobilinə əyləşmiş və Rəşad avtomobili idarə edərək, Vüqarın yaşadığı evə aparmışdır. Orada Vüqar avtomobildə olan kisələrdən birini yaşadığı evə aparmış, digər kisə isə avtomobilin arxa yük yerində qalmışdır. Bundan sonra Rəşad avtomobilin hərəkətini davam etdirmiş və Xətai rayonu, Babək prospektindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobilin salonunu təmizlətmək üçün avtomobillərin yuyulma sexinin qarşısında saxlamışdır. Həmin vaxtı Vüqar avtomobildən düşmüş, özü və Rəşad isə avtomobildə əyləşmişlər. Bu zaman polis əməkdaşları avtomobilə yaxınlaşaraq, onları Suraxanı RPİnin 32-ci Polis Bölməsinə gətirmiş, Vüqar isə oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs sonda törətdiyi cinayət əməlindən səmimi peşman olmasını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin yanvar ayının ilk günlərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan yerdə tanımadığı şəxsdən bir ədəd büküm içərisində narkotik vasitə olan heroini 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün almışdır. xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində olan zaman, həmin ərazidə xidmət aparan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və narkotik vasitənin təsiri altında olmasından şübhələndikləri üçün onu Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı polis əməkdaşları ona, üzərində olan əşya və sənədləri təqdim etməsini bildirmişlər. Bu zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə qara rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş və həmin narkotik vasitə hesab edilən heroini bir həftə əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan yerdə tanımadığı şəxsdən bir ədəd bükümdə 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Lakin onun üzərində aşkar olunmuş heroinin miqdarı ittiham aktında göstərilən miqdardan, şəxsi istehlak miqdarından az olmuşdur, bu səbəbdən hesab edir ki, o, cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb edilməlidir. İbtidai istintaq zamanı ona hədə-qorxu gəlinərək, etirafedici izahatı alınmışdır. Bundan başqa, o, Şahid3 və hazırki iş üzrə digər Təqsirləndirilən şəxs1 əvvəllər də tanımış, həmin şəxslərlə qonşuluqda yaşamış və hərdən onlarla görüşmüşdür. xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində Şahin ona zəng edib görüşmək istədiyini, dayanacağa çıxmasını demiş, həmin vaxt yaşadığı Xətai rayonu, NZS qəsəbəsində yerləşən evdən çıxıb dayanacağa getmiş, Şahin və Rəşad birlikdə Rəşadın idarə etdiyi “Opel” markalı avtomobillə dayanacağa yaxınlaşmışlar. Həmin vaxtı avtomobilə əyləşmiş və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Qartal heykəli istiqamətində hərəkət etməyə başlamışlar. Qartal heykəlinə çatmamış Şahin Rəşada avtomobili saxlamasını demişdir. Rəşad avtomobili saxladıqdan sonra o, və Rəşad avtomobildən çıxmamış, Şahin isə avtomobildən çıxaraq, tikintisi davam edən binaya daxil olmuş, oradan iki kisə ilə qayıdıb, onları Rəşadın avtomobilinin arxa saxlanc yerinə qoymuşlar. O, və Rəşad bu zaman avtomaşında oturmuş, Şahinin avtomobildən nə üçün düşməsini bilməmiş, kisələrlə birlikdə avtomobilin yanına qayıdan zaman Rəşad avtomobilə qoyduğu kisələrlə bağlı onlara heç bir söz deməmiş, yəni həmin əşyaların oğurluq olmasını bilməmişlər. Lakin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı göstərdikləri özlərini müdafiə xarakteri daşıyır. Onlara elan olunmuş ittiham məhkəmə iclasında aşağıda şərh olunmuş qaydada sübuta yetirildi. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qimində ifadə vermiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1 ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, üç ilə yaxındır ki, narkotik vasitələrə qurşanmış və müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitələr əldə etməklə qəbul edir. 2020-ci ilin yanvar ayının ilk günlərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan yerdə tanımadığı şəxsdən bir ədəd büküm içərisində narkotik vasitə olan heroini 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün almışdır. xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində olan zaman həmin ərazidə xidmət aparan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və narkotik vasitənin təsiri altında olmasından şübhələndikləri üçün, onu Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində ona hüquq və vəzifələrim izah edildikdən sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı polis əməkdaşları ona, üzərində olan əşya və sənədləri təqdim etməsini bildirmişlər. Bu zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə qara rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş və həmin narkotik vasitə hesab edilən heroini bir həftə əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan yerdə tanımadığı şəxsdən bir ədəd bükümdə 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş həmin büküm iştirakçılar tərəfindən zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən zərfin üzəri və protokola imza edilmişdir. O, göstərmişdir ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni aldığı şəxsi tanımır, onun anket məlumatları barədə heç nə bilmir. Narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır. Bundan başqa, o, Şahid3 və Təqsirləndirilən şəxs1 təxminən 5-6 ay olar ki tanıyır, həmin şəxslərlə qonşuluqda yaşayır və hərdən onlarla görüşür. xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində Şahin ona zəng edib görüşmək istədiyini, dayanacağa çıxmasını demiş, həmin vaxt yaşadığı Xətai rayonu, NZS qəsəbəsində yerləşən evdən çıxıb dayanacağa getmiş, Şahin və Rəşad birlikdə Rəşadın idarə etdiyi “Opel” markalı avtomobillə dayanacağa yaxınlaşmışlar. Həmin vaxtı avtomobilə əyləşmiş və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Qartal heykəli istiqamətində hərəkət etməyə başlamışlar. Qartal heykəlinə çatmamış Şahin Rəşada avtomobili saxlamasını demiş və ona avtomobildən düşməsini bildirmişdir. Rəşad avtomobili saxladıqdan sonra, o, Şahinlə birlikdə tikintisi davam edən binaya daxil olmuş, oradan bir kisəni özü, digər kisəni isə Şahin götürmüş və hər iki kisəni gətirib Rəşadın avtomobilinin arxa saxlanc yerinə qoymuşlar. Lakin, Şahinlə birlikldə avtomobildən düşən zaman Rəşad onların avtomobildən nə üçün düşmələrini bilməmiş, oğurladıqları kisələrlə birlikdə avtomobilin yanma qayıdan zaman Rəşad avtomobilə qoyduqları kisələrlə bağlı heç bir söz deməmiş, yəni həmin əşyaların oğurluq olmasını bilməmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 5 Q ünvanda yerləşən üçmərtəbəli tikinti işləri davam edən obyekt ona məxsusdur. Həmin obyektin birinci mərtəbəsində taxta materialdan əl damı düzəltdirmiş, əl damının qapısı var. xx xxxxx 2020-ci il tarixdə saat 11:45-də həmin obyektin əl damının qapısını asma qıfılla bağlayaraq bir saat müddətinə işləri olduğu üçün getmiş, həmin günü saat 12:45-də əl damına yaxınlaşan zaman görmüşdür ki, əl damının qapısının asma qıfılı naməlum şəxs və ya şəxslər tərəfindən sındırılmışdır. Əl damının içərisinə baxdıqda müəyyən etmişdir ki, oradan 550 manat dəyərində 100 metr uzunluğunda 20 mm ölçüdə elektrik naqili, hər birinin dəyəri 95 manat olmaqla cəmi dəyəri 190 manat təşkil edən 2 ədəd “TCH” markalı taxta kəsən mişar aparatı, 1 ədəd 150 manat dəyərində “Bosch” markalı laqunda, 1 ədəd 75 manat dəyərində preparator, 1 ədəd 35 manat dəyərində çiyin çantası, 1 ədəd 400 manat dəyərində “Casio” markalı qol saatı və 40 manat pul oğurlanmışdır. O, göstərmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1440 manat, əl damının qapısının asma qıfılının sındırılması nəticəsində isə 50 manat maddi ziyan dəymişdir. Əlavə ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli 9/1129 saylı rəyində göstərilən məbləğlərlə razıdır, rəydə göstərilən həmin əşyaları tanıyır, həmin əşyalar özünə məxsusdur, xx xxxxx 2020-ci il tarixdə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 06:10 radələrində özünə məxsus Vaz 21074 markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində yerləşən 8-ci kilometr adlanana bazara getmiş, həmin vaxtı fikirli olduğundan, yaşadığı evin həyət qapısını açıq qoymuşdur. Həmin günü saat 11 radələrində yaşadığı evə qayıtmış və evin həyətinə daxil olub, həyətdə olan soyuducunun qapısını açmış, həmin vaxtı soyuducuda olan bir kiloqramının dəyəri 16 manat 50 qəpik olmaqla, cəmi çəkisi 25 kiloqram 600 qram olan 13 ədəd hind quşu və bir kiloqramının dəyəri 16 manat 50 qəpik olmaqla 5 kiloqram 800 qram hind quşu içalatının yerində olmadığını, yəni naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Ona görə də xx xxxxxx 2020-ci il tarixdə polisə gedib, ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 518 manat 10 qəpik məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs1 ona vurduğu zərəri ödəməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanda yaşayır. Həmin evin qonşuluğunda özünə məxsus tikintisi başa çatdırılmamış yaşayış olmayan ikinci evi var. Həmin evin həyətinə 3-4 il bundan əvvəl cəmi 4000 manata aldığı alüminium materialdan hazırlanmış, mağaza üçün nəzərdə tutulan, çərçivə və şüşəsi ilə birlikdə 10 ədəd qapıları yığmışdır. xx xxxxxx 2020-ci il tarixdə yaşayış olmayan evinin həyətinə baxan zaman, qapılardan 4 ədədinin yerində olmadığını, yəni naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi baş verməsini bilsə də, bu barədə heç bir hüquqmühafizə orqanına məlumat verməmişdir. xx xxxxxx 2020-ci il tarixdə təkrarən həmin yerə baxmağa getdikdə, orada qalmış 6 ədəd qapıların da yerində olmadığını, yəni oğurlandığını aşkar etmişdir. Ona görə də həmin vaxt DİN-nin 102 xidmətinə zəng edib, oğurluq hadisəsi barədə məlumat vermişdir. O, göstərmişdir ki, oğurlanmış 10 ədəd qapıları ümumilikdə 4000 manata almışdır, özünə məxsus digər hər hansı bir əşya oğurlanmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsi daşıyır. xx xxxx 2020-ci il tarixdə, saat 21:50-də alınmış əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində Təqsirləndirilən şəxs2 saxlayıb Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirib, bu barədə Polis Şöbəsinin rəisinin adına raport yazmışlar. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, subay, orta təhsilli, ünvan 7 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2dur. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, çöbəyə müdafiəçi dəvət edilmiş, müdafiəçi, özü və Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs2 təklif edilmişdir ki, üzərində hər hansı qeyri-qanuni əşya varsa, könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən qara rəngli kağıza bükülmüş bir ədəd bükülünü könüllü çıxarıb təqdim edərək, bildirmişdir ki, həmin bükülünün içərisindəki maddə narkotik vasitə olan heroindir. Həmin bükülü açıldıqda, içərisində tünd qəhvəyi rəngli, toz-kristal şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə heroini bir həftə əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılsa da, digər əşya müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş həmin büküm zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 6 nömrəli möhürü ilə möhürlənmş, bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən zərfin üzəri və protokola imza edilmişdir. O, göstərmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır, özü, həmçinin digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 hər hansı psixi və ya fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Camalov X10 Ömər İlqar oğlu ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, özünə məxsus avtomobillə vətəndaşlara taksi xidməti göstərir. Hazırki iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər də tanımış, sonuncularla qonşuluqda yaşamışdır. xx xxxxx 2020-ci il tarixdə, saat 12 radələrində o, Xətai NZS qəsəbəsində dayanıb müştəri gəlməsini gözləmiş, həmin vaxt Vüqar və Şahin birlikdə ona yaxınlaşmış, Vüqar onu iş yerinə aparmasını xahiş etmişdir. O, buna etiraz etməyərək, Vüqar və Şahinlə birlikdə avtomobilə əyləşdikdən sonra, Vüqarın ona dediyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur İ.Musayev küçəsinə, inşa edilməkdə olan yaşayış binasının qarşısına aparmışdır. Vüqar həmin tikintidə usta işləməsini deyərək, Şahinlə birlikdə avtomobildən düşüb, həmin tikiliyə getmişlər. Az sonra onlar birlikdə əllərində 2 ədəd kisə ilə qayıdaraq, bu kisələri avtomobilin arxa yük yerinə qoymuşlar. O, kisənin içində olan əşyalar barədə Vüqardan və Şahindən heç nə soruşmamış və sonuncular da bu barədə ona heç nə deməmişlər. Bundan sonra Vüqar və Şahin avtomobilə əyləşmiş, o isə avtomobili idarə edərək, sonuncuları Vüqarın yaşadığını dediyi evə aparmışdır. Orada Vüqar onun avtomobilində olan kisələrdən birini yaşadığı evə aparmış, digər kisə isə avtomobilin arxa yük yerində qalmışdır. Həmin vaxt Vüqar bildirmişdir ki, əlavə getməli olduğu yer var, ona görə də o, avtomobilin mühərrikini işə salaraq, hərəkətini davam etdirmişdir. Xətai rayonu, Babək prospektindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobilinin salonunu təmizlətmək qərarına gəlmiş, bu məqsədlə avtomobillərin yuyulma sexinin qarşısında avtomobili saxlamış, həmin vaxt Vüqar avtomobildən düşmüş, o, və Şahin isə avtomobildə qalmışlar. Bu zaman polis əməkdaşları avtomobilə yaxınlaşaraq onları saxlamış və Suraxanı RPİ-nin 32-ci PB-nə gətirmişlər, Vüqar isə qaçıb oradan uzaqlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli 9/1129 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların - 01 ədəd göy rəngli, zəncirbəndlə açılıb-bağlanan çiyin çantası, 01 ədəd metal gövdəli üzərində “Holcim” yazıları olan qol saatı, nümunə qismində 01 metr, "Göknur” markalı, üzəri izoliyasiyalı, içərisindən 3 ədəd hər biri təxminən 6 mm diametrli mis naqil keçən izoliyasiyalı mis (misi içərisindən çıxarılmış) kabel 01 ədəd “TCH” markalı, ZZ8004 model stasionar taxtakəsən mişar aparatı, 01 ədəd “RİTM” markalı, DP-185 model stasionar taxtakəsən mişar aparatı istifadə olması nəzərə alınmaqla 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 546 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 6/14 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2” Yazısı olan zərfdə, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,191 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin publik hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli 1597 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui- istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş Əməliyyat və X1 xx.xx.2020ci il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 68.1-1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2020ci il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum etmə və 4 ay 23 gün müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 114253 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 ilə Balaağayeva (İsgəndərova) Esmiraz Azər qızı xx.xx.2004-cü ildə nikaha daxil olmuşlar. İş materiallarında olan AZE seriyalı, 12074234 saylı, AZE seriyalı, 12074042 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 ilə Balaağayeva (İsgəndərova) Esmiraz Azər qızının birgə nikahlarında xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X5 anadan olmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 4(010)-69/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 4(010)-84/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla 02 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxslər Ş.İskəndərov və Təqsirləndirilən şəxs2 məhkəmədə istintaqı zamanı dindirilərkən, Ş.İskəndərov ittiham olunduğu cinayət əməllərinin bir qisminin törətdiyini etiraf edərək, digər qismini etiraf etmədiyini, Təqsirləndirilən şəxs2 isə ona verilən ittiham üzrə cinayət əməllərini ümumiyyətlə törətmədiyini bildirsələr də, məhkəmə onların bu ifadələrinə tənqidi yanaşır, onları özlərinin müdafəi məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, ibtidai istintaq zamanı dindirilən təqsirləndirilən şəxslər özlərini elan olunmuş ittihamda təqsirli bilmiş, ifadələrində ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişlər. Həmin ifadələr həqiqətə uyğun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onları ittihamı təsdiq edən sübutlar kimi qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə, digər Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə təqsirli bilindikləri cinayət əməllərinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» x xxxx 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, onların törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini də nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun məsuliyyətini yüngülləşdirən halları – törətdiyi əməlləri qismən etiraf etməsini, törətdiyi əməllərdən səmimi peşman olmasını, ailəli və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, cəzasının ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini cəzanın ağırlaşdıran hal olmasını qeyd etməklə, cəzanı yüngülləşdirən halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini tam təmin edir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin Suraxanı rayon Məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-277/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs1 cəzasından 07 ay 28 gün çəkmiş və onun 01 il 09 ay 20 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarında olan Azərbaycan Respublikası Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2018-ci il tarixli məktubundan müəyyən olunur ki, Balabəyov X6 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 2 il nüddətinə azadlıqdan məhrum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə ona təyin edilmiş 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzasının çəkilməmiş 4 ay 23 gün hissəsi CMnin 67.1-ci maddəsinə əsasən həmin hökm ilə tam birləşdirilərək, ona qəti 2 il müddətinə azadlıqdan məhrum etmə və 4 ay 23 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixində cəzasının sonu ilə azad olunduğundan, CİM-15.1-ci maddəsinə əsasən təyin olunmuş əlavə cəzanın icra olunması ilə bağlı məlumat Baş Dövlət X16 göndərilmişdir. Sözügedən məktubda məhkum Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu ünvan kimi ünvan 9 kimi göstərilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 (xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olub) ünvan 10 ünvanda qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin Suraxanı rayon Məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 17/74 saylı məktubdan müəyyən olunur ki, AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən məhkum Təqsirləndirilən şəxs2 barəsində 4 ay 23 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası hissəsində olan hökm (qərar) Xətai rayon icra və probasiya şöbəsinin icraatına daxil olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X14 Suraxanı rayon Məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 046/48348 saylı məktubdan müəyyən olunur ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 DİN BDYPİ tərəfindən etibarlılıq müddəti xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş AB 010312 və xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan və hal-hazırda aktiv statuslu AD 172274 nömrəli sürücülük vəsiqəsi verilmişdir. X3 Təqsirləndirilən şəxs2 sürücülük hüququnun hər hansı müddətə məhdudlaşdırılması və ya sürücülük hüququndan məhrum olunması barədə qeydlər mövcud deyildir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanı nəqliyyat vasitəsini idarəetmə hüququnu verən orqan icra edir. Həmin Məcəllənin 15-1.2.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzalara məhkum edilmiş şəxslərə probasiya nəzarəti tətbiq edilir. Həmin Məcəllənin 154.1-ci və 154.2-ci maddələrinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə barədə hökm qanuni qüvvəyə mindikdən sonra və ya bu Məcəllənin 154.3-cü maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru onun surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkuma bu hüququ verən orqana göndərir. Müvafiq orqan qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumun nəqliyyat vasitəsini idarəetmə hüququndan hökmlə müəyyən olunmuş müddətə məhrum edilməsi ilə əlaqədar nəqliyyat vasitəsini idarəetmə hüququnu verən sənədin saxlanılması üçün tədbirlər görür. Həmin Məcəllənin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanın icrası müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada hesablanır. Azərbaycan RespublikAsının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. İşin faktiki hallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixində əsas cəzasının sonu ilə azad olunduqdan sonra, ona təyin olunmuş əlavə cəzanın icra olunması ilə bağlı məlumat Baş Dövlət X16 göndərilmiş, lakin bu zaman məhkumun qeydiyyat və yaşayış ünvanı səhv göstərilmiş, bunun nəticəsi olaraq, məhkuma təyin olunmuş əlavə cəza onun təqsiri səbəbindən deyil, cəzanı icra etməli olan orqanın təqsiri səbəbindən icra edilməmişdir. Məhkəmə bu nəticəyə gəlir ki, məhkum xx.xx.2018-ci il tarixində əsas cəzasının sonu ilə azad olunduqdan sonra ona təyin olunmuş əlavə cəza icra edilsəydi, Cinayət Məcəlləsinin 45.2-ci maddəsinin tələblərinə əsasən məhkum hal-hazırda əlavə cəzasını da çəkib qurtarmış olardı. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cəzanı icra edən orqanın təqsiri səbəbindən əlavə cəzanın icra edilməməsi məhkumun vəziyyətini ağırlaşdıran hal kimi onun əleyhinə tövsif edilə bilməz. Bu səbəbdən, məhkuma əvvəlki hökmlə təyin edilmiş və çəkilməmiş əlavə cəza hazırki hökm üzrə təyin ediləjək əsas cəzaya birləşdirilə bilməz. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan - xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan - xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri 164 manat təşkil etmişdir. Həmin xərc ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dan 164 manat məhkəmə məsrəfləri müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edərək hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış “Göknur” markalı, üzəri izolyasiyalı, içərisindən 3 ədəd hər biri təxminən 6 mm diametrli mis naqil keçən izolyasiyalı kabel, 1 ədəd TCH markalı, ZZ8004 model stasionar taxtakəsən mişar aparatı, 1 ədəd “RİTM” markalı, DP- 185 model stasionar taxtakəsən mişar aparatı, 1 ədəd göy rəngli zəncirbəndlə açılıbbağlanan çiyin çantası, 1 ədəd metal gövdəli üzərində “Holcim” yazıları olan qol saatı ibtidai istinaq zamanı zərərçəkmiş şəxsə qaytarıldığından, zərərçəkmiş şəxsə qaytarılmış hesab edilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Xətai rayon Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,191 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,141 qram hissəsi məhv edilməlidir. İş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mülki iddia verilməmiş əmlak müsadirəsi yoxdur. Məhkəmə zərər çəkmiş şəxslərin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərlə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 381,384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə: HÖKM ETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci və 68.1.1-1-ci maddələri tətbiq olunaraq, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 02 il 05 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 9 ay 20 gün hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, 10 ay 25 gün müddətinə azadlıqdan mərhumetmə cəzası yeni hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilərək, üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Xətai rayon Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,191 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,141 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 164 (yüz altmış dörd) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan “Göknur” markalı, üzəri izolyasiyalı, içərisindən 3 ədəd hər biri təxminən 6 mm diametrli mis naqil keçən izolyasiyalı kabel, 1 ədəd TCH markalı, ZZ8004 model stasionar taxtakəsən mişar aparatı, 1 ədəd “RİTM” markalı, DP-185 model stasionar taxtakəsən mişar aparatı, 1 ədəd göy rəngli zəncirbəndlə açılıbbağlanan çiyin çantası, 1 ədəd metal gövdəli üzərində “Holcim” yazıları olan qol saatı zərərçəkmiş şəxsə qaytarılmış hesab edilsin. Zərər çəkmiş şəxslərə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar