Məhkəmə qərarları › İş №1(010)-160/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-160/2022

16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-160/2022 16.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Mirzə oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1982-ci ildə Ucar rayonu, Rəstəcə kəndində anada olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ucar rayonu, Qarabörk ərazi dairəsi, Rəstəcə kəndində qeydiyyatda olması və Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 13 dekabr 2021-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 17:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən "Bizim market’in qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilməsi və onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd bükümdə təmiz çəkisi 51,308 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. İttiham aktına əsasən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 dekabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Bizim market”-in qarşısında olan zaman iki nəfər mülki geyimli polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Üzərində marixuana kimi tanıdığı narkotik vasitə olduğuna görə həyacanlanmış və polis əməkdaşlaşları həyəcanlanmasını hiss edib sorğu-sual etməyə başlamışlar. Sonra onlar polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində inzibati otaqların birində polis əməkdaşlarının iştirakı ilə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin iç sol cibindən ağ rəngli selofana bükülü 1 bükümdə olan narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitəni təxminən bir necə ay bundan öncə Laçın rayonunda işləyən zaman yol kənarından öz istifadəsi ücün toplamışdır. 4 ilə yaxındır ki, narkotik vasitədən istifadə etmişdir. Təqdim etdiyi bir büküm polis əməkdaşları tərəfindən götürülmüş və bir ədəd zərfə qablaşdırılıb möhürlənmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir. Heç vaxt kiməsə narkotik maddə satmamış və verməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə marixuanadan başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamışdır. Narkotik maddələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilibbecərilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Üzərində narkotik vasitə marixuana olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. Ona qarşı istər polis şöbəsinə gətirilən zaman, istərsə də, polis şöbəsində təyziq olunmamışdır. Təqsirləndirilən şəxs, məhkəmə iclasında verdiyi ifadə zamanı da barəsində elan olunan ittihamla bağlı əvvəlki ifadəsinə müvafiq olaraq özünü təqsirli bildiyini və polis tərəfindən ona heç bir fiziki təsir göstərilmədiyini bəyan etmişdir. Sonda isə, məhkəmədən əməlindən səmimi olaraq peşman olduğunu, qeyri-rəsmi olsa belə, ailəli olduğunu, nəzərə almasını, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan, daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 30-cu polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat-müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsindədir. 13 dekabr 2021-ci il tarixdə xx.xx.1982-ci ildə Ucar rayonunda doğulmuş, Ucar rayonu, Rəstəcə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə işlədiyi şöbəyə əməliyyat məlumatı daxil oldu. Şöbənin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Təqsirləndirilən şəxs oğlunun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə Polis şöbəsinin rəisinə raportla məruzə etdi. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verildi, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına və istifadə görə onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi, həmin qərar şöbə rəis tərəfindən təsdiq edildi, əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verildi. Sonra əməliyyat qrupu yaradıldı, həmin qrupun rəhbəri Şahid1, üzvü isə o, təyin olundu. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanıldı. Həmin gün o, əməliyyat müvəkkili Şahid2 ilə birlikdə məlumata əsasən Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda olan “Bizim marketin” qarşısına gəlmişdirlər. Saat təxminən 17:00 dəqiqədə Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar və xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişdirlər. Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmişdirlər. O da Təqsirləndirilən şəxs olmasını bildirdi. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər, sonuncu da heç bir etiraz etməyərək, onlarla razılaşdı. Onlar Təqsirləndirilən şəxs ilə birlikdə polis şöbəsinə gəldilər. O, bu barədə raport yazıb bölmə rəisinə məruzə etdi. Bir sıra prosessual hərəkətlər icra olundu və polis bölməsinə vəkil dəvət edildi. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildi. Axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs vəkilin iştirakından imtina etdi və bu barədə ərizə yazdı. Bundan sonra onun üzərində şəxsi axtarış aparıldı. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verildi və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olundu. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd ağ şəffaf sellofan bükümü çıxarıb təqdim etdi. Həmin büküm açılaraq içərisinə baxış keçirildi və sellofanın içərisində yaşıl rəngli otlar müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanıldı, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmadı. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırıldı və üzəri möhür ilə möhürləndi, sonra isə iştirakçılar tərəfindən imzalandı. Sonra axtarış barədə protokol tərtib olundu, protokol ucadan oxundu, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşları, Bəhruz və o, imza etdi. 25 yanvar 2022-ci il tarixli şahidin dindirilməsi protokoluna əsasən ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş, Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyatmüvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsindədir. 13 dekabr 2021-ci il tarixdə xx.xx.1982-ci ildə Ucar rayonunda doğulmuş, Ucar rayonu, Rəstəcə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə işlədiyi şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına və istifadə görə onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün o, Şahid2 ilə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda olan “Bizim market’in qarşısına gəlmişlər. Saat 17:00 dəqiqədə Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb sonuncuya yaxınlaşmışlar. Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olmasını demişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib, Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər, sonuncu da heç bir etiraz etməyərək razılaşmışdır. Təqsirləndirilən şəxs ilə birlikdə polis şöbəsinə gəlmişlər. Bu barədə raport yazıb, şöbə rəisinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunmuş və polis bölməsinə vəkil dəvət edilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs vəkilin iştirakından imtina etmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd ağ şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və sellofanın içərisində yaşıl rəngli otlar müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhür ilə möhürlənmiş, sonra isə iştirakçılar tərəfindən imzalanmışdır. Sonra axtarış barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşları, Bəhruz və o imza edərək təsdiq etmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan “şübhəli şəxsin tutulması haqqında” 13 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2021-ci il 13 dekabr tarixində, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 34-35-ci vərəqələrində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 13 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən. Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs xx xxxxxxx 1982-ci ildə Ucar rayonu, Rəstəcə kəndində doğulması, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməməsi, məhkumluğu olmaması, Ucar rayonu, Qarabörk ərazi dairəsi, Rəstəcə kəndində qeydiyyatda olması və Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük savxozu nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə tərtib etdiyi bu protokola əsasən 13 dekabr 2021-ci il saat 17:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən “Bizim marketin” qarşısında saxlanılıb Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd ağ şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və sellofanın içərisində yaşıl rəngli otlar müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 41-44-cü vərəqələrində olan ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 dekabr 2021-ci il tarixli 7/1282 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut” yazılar və imzalar olan kağız paketdə 1 (bir) ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi 51,308 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır Qeyd: marixuanın çəkisi -51,308, tədqiqata sərf edildi: 0,02 qram, qalıq: 51,288 qram. Cinayət işinin 94-95-ci vərəqələrində olan ibtidai istintaq zamanı üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X4 X5 Komissiyasının 25 fevral 2022-ci il tarixli 953 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 66-70-ci vərəqələrində olan “15 dekabr 2021-ci il tarixdə Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Fərid Əliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Suraxanı rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır. Lakin Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudovun 15 dekabr 2021-ci il tarixli qərarı ilə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. Cinayət işinin 71-72-ci vərəqələrində olan vərəqlərində, “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi barədə qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 73-cü vərəqəsində olan 15 dekabr 2021-ci il tarixli qəbzə əsasən, Təqsirləndirilən şəxs tərəfindən “başqa yerə getməmək haqqında” iltizamı verilmişdir. Cinayət işinin 83-84-cü vərəqələrində olan “Diskə baxış keçirilməsi haqqında” protokola əsasən Təqsirləndirilən şəxs üzərində Suraxanı RPİ-nin 30-cu PŞ-nin xidməti otaqda şəxsi axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd DVD diskə Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Fərid Əliyev tərəffindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskdə videogörüntü vardır və 13 dekabr 2021-ci tarixdə çəkilmiş videoçəkilişdən görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, sonuncuya polis əməkdaşı tərəfindən üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, o da heç bir etiraz etməyərək özü könüllü olaraq əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd ağ şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və sellofanın içərisində yaşıl rəngli otlar müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 97-104-cü vərəqələrində olan “sübutların qiymətləndirilməsi barədə” 05 mart 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Fərid Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 51,308 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi barədə qərar qəbul olunmuş və ekspertiza tədqiqatında sonra qaytarılan bir ədəd torbada qalıq 51,288 qram qalan narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 51,308 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılığı cəzasını yüngülləşdirən hal kimi müəyyənləşdirmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti cəzanı yüngülləşdirən halın mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (13-15 dekabr 2021-ci il) 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Mirzə oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Mirzə oğluna məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı azadlığln məhdudlaşdırılıdığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 51,288 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 66,46 (altmış altı manat qırx altı qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Mirzə oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar