Məhkəmə qərarları › İş №1(010)-160/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-160/2023

30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-160/2023 30.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi ilə Heydərova Nilufər Ruhulla qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru-Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili-X1, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkumluğu olmuş və məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin(bundan sonra Azərbaycan Respublikasının CM) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və azadlığa buraxıldıqdan sonra məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, tamah məqsədilə özgəsinin əmlakını gizli olaraq talama niyyətilə 04 iyun 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq həmin evdən 300 manat dəyərində diametri 4 mm olan 300 metr uzunluğunda elektrik naqilini və 200 manat dəyərində diametri 2.5 mm olan 200 metr uzunluğunda elektrik naqilini gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs2 ümumilikdə 500 (beş yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan baqşa o, təkrarən tamah məqsədilə özgəsinin əmlakını gizli olaraq talama niyyətilə 20 iyun 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 qızma məxsus olan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq həmin evdən 300 manat dəyərində bir ədəd qaynaq aparatı naqili ilə birlikdə, 30 manat dəyərində bir ədəd kiçik ölçülü sarı və qara rəngli başlığı olmayan laqonda, 30 manat dəyərində bir ədəd kiçik pölçülü sarı və qara rəngli üzərində “Ural Zid” yazısı olan laqonda, hər biri 100 manat olmaqla cəmi 200 manat dəyərində olan iki ədəd lazer aparatı, 100 manat dəyərində bir ədəd preferator, 20 manat dəyərində bir ədəd kiçik ölçülü yaşıl rəngli drel və 20 manat dəyərində bir ədəd kiçik ölçülü yaşıl və sarı rəngli üzərində “Xander Germany” yazısı olan drel və 50 manat dəyərində bir top elektrik naqilini gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs1 qızma ümumilikdə 750 (yeddi yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, o, sonuncu dəfə oğurluq cinayət əməli törətdiyi üçün 2019-cu ildə həbs olunmuş və 2021-ci ilin dekabr ayının 25-də amnistiya qərarına əsasən azad olunmuşdur. Həbsdən azad olunduqdan sonra iş axtarsa da, tapa bilmədiyi üçün ehtiyaclarını ödəyə bilməmiş, bu məqsədlə də, oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 20 iyun 2022-ci il tarixdə gecə təxminən saat 02 radələrində Suraxanı rayonu, Ramana qəsəbəsində piyada gəzərək oğurluq etmək üçün ev və ya obyekt axtaran zaman həmin yerdə olan bir həyət evində təmir davam etdiyini və işıqlar yanmadığını görmüşdür. Bu zaman həmin evdə heç kim olmadığını başa düşmüşdür. Ətrafına baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra hasara qalxıb həyətə düşmüş və həyətdə yerləşən evə yaxınlaşmışdır. Həmin həyətdən tapdığı dəmir parçası ilə evin plastik pəncərələrdən birinə yaxınlaşıb pəncərənin kilid hissəsinə salıb sıxaraq pəncərəni açmış və pəncərədən evə daxil olmuşdur. Həmin evdə təmir getdiyi üçün yaşayış olmamış və evdə təmir alət və əşyalarından başqa dəyərli heç bir əşya olmamışdır. Buna görə də, həmin evdə bəzi elektrik alət və təmir-tikinti əşyalarını özü ilə götürüb evə daxil olduğu pəncərədən çölə çıxarmış və oğurladığı əşyaları daşıyaraq həyətdən çölə çıxarıb yaşadığı evə getmiş, evin yaxınlığında gizlətmişdir. Səhərisi isə oğurladığı əşyaların hamısını Sabunçu qəsəbəsində yerləşən “Rus bazarı” deyilən yerdə tanımadığı şəxslərə satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 03 iyul 2022-ci il tarixdən 04 iyul 2022-ci il tarixə keçən gecə təxminən saat 02 radələrində yaşadığı evdən çıxmış və piyada gəzərək oğurluq etmək üçün ev axtarmağa başlamışdır. Bu zaman yaşadığı evdən biraz aralıda yerləşən Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 7-ci dalanda yerləşən həyət evlərindən birində təmir edildiyini və darvaza olmadığını, taxtadan qapı düzəldildiyini görmüşdür. Bu zaman həmin evə girib oradan oğurluq etmək qərarına gəlmişdir. Ətrafına baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra həmin taxta qapının açıq olan hissəsindən həyətə daxil olmuş və həmin həyətdə yerləşən birmərtəbəli evə yaxınlaşmışdır. Evin dəmir qapısı olduğu üçün plastik pəncərələrdən birinə yaxınlaşıb yaşadığı evdən götürdüyü vintaçanla pəncərənin kilid hissəsinə salıb sıxaraq pəncərəni açmış, pəncərədən evə daxil olmuşdur. Həmin evdə təmir getdiyi üçün yaşayış olmadığını başa düşmüşdür. Bu evi nə qədər axtarsa da, dəyərli hər hansı bir əşya tapa bilməmişdir. Bundan sonra həmin evin divarlarına quraşdırılmış müxtəlif ölçülü elektrik naqillərinin bir hissəsini dartıb yerindən çıxarmışdır. Sonra isə divardan dartıb qopardığı elektrik naqilini yığıb həmin evə girdiyi pəncərədən çölə çıxmış və həyətə daxil olduğu taxta qapıdan çölə çıxıb oradan uzaqlaşmışdır. O, yaşadığı evə gəlib oğurladığı elektrik naqilini heç kim görməsin deyə saxlanc yeri kimi istifadə etdiyi damda gizlətmişdir. Səhərisi isə oğurladığı elektrik naqilini evdə heç kim olmayan zaman həyətdə yandırmış və əldə etdiyi misi Yeni Suraxanı dairəsində yerləşən İlham adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə kiloqramını 11 manatdan olmaqla 40 manata satmış, əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Hadisə 03 iyul 2022-ci il tarixdən 04 iyul 2022-ci il tarixə keçən gecə təxminən saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 7-ci dalanda yerləşən təmiri davam edən birmətrəbəli həyət evində baş vermişdir. Bu oğurluq əməlini tək halda törətmiş və hər hansı bir kimsə ona bu cinayət əməlini törəməkdə hər hansı bir formada köməklik göstərməmişdir. O, oğurladığı elektrik naqilini satdığı İlhama bu barədə məlumat verməmiş, əksinə özünə məxsus olduğunu bildirmişdir. Bu cinayətləri tək törətmiş və cinayətləri törətməkdə ona kömək edən olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi S.Əliyev küçəsində yerləşən üç sot torpaq sahəsini bir ildən artıqdır ki, almış və orada iki mərtəbəli ev tikməyə başlamışdır. Lakin maddi imkanı kifayət etmədiyi üçün tikinti işləri qurtarmamışdır. Hər gün evdə ustalar olmuş və imkan tapdıqca özü və ailə üzvləri gedib evə baş çəkmişlər. Sonuncu dəfə 19 iyun 2022-ci il tarixdə təxminən saat 18 radələrində həmin evə getmişlər və həmin vaxt hər şey qaydasında olmuşdur. Bir gün sonra yəni 20 iyun 2022-ci il tarixdə səhər saatlarında həmin evə gedib baş çəkən zaman ona məlum olmuşdur ki, həmin təmiri davam edən evə kimsə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq evdən oğurluq etmişdir. O, evə baxış keçirdikdə evdə bəzi təmir-tikinti əşya və alətlərinin yerində olmadığını və oğurlandığını müəyyən etmişdir. Lakin həmin gün ustalar evdə iş görməyəcəkləri üçün onlarla danışa bilməmiş və elə düşünmüşdür ki, oğurlanmış təmir-tikinti alətləri ustalara məxsusdur. Buna görə də, hadisə barədə polisə məlumat verən zaman ustalara məxsus təmir-tikinti əşyalarının oğurlandığını bildirmişdir. Lakin sonradan ustalar ona bildirmişlər ki, hadisə zamanı onlara məxsus olan əşyalar oğurlanmamışdır və oğurlanmış əşyalar onun özünün aldığı alətlərdir. Buna görə də, baş vermiş hadisə zamanı ona məxsus olan 300 manat dəyərində bir ədəd qaynaq aparatı naqili ilə birlikdə, hər biri 50 manat olmaqla cəmi 100 manat dəyərində olan iki ədəd laqonda, hər biri 100 manat olmaqla cəmi 200 manat dəyərində olan iki ədəd lazer aparatı, 100 manat dəyərində bir ədəd preferator, hər biri 50 manat olmaqla cəmi 100 manat dəyərində olan iki ədəd drel və 50 manat dəyərində bir top elektrik naqili oğurlanmış və hadisə nəticəsində ona ümumilikdə 850 manat miqdarında maddi ziyan dəymişdir. Bu oğurluq hadisəsi 19 iyun 2022-ci il tarixdən 20 iyun 2022-ci il tarixə keçən gecə ona məxsus olan ünvan 5 ünvanda yerləşən təmiri davam edən evindən baş vermişdir. Oğurluq hadisəsi nəticəsində oğurlanmış əşyaların hamısı onun özünə məxsus olmuşdur. Hazırda həmin əşyaların işlənməsini nəzərə alaraq, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 noyabr 2022-ci il tarixli 9/7409 saylı rəyində göstərilən qiymətlərlə razıdır və həmin ekspert rəyi ilə bağlı heç bir şikayət, etiraz və ya vəsatəti yoxdur. Təqsirləndirilən şəxs ona vurduğu zərəri hazırki vaxtadək ödəməmişdir və buna cəhd belə etməmişdir. Sonuncudan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2011-ci ildə ailə həyatı qurmuş və bu nikahdan iki azyaşlı övladı dünyaya gəlmişdir. Təxminən iki ildir ki, yaşadığı evin yaxınlığında yerləşən torpaq sahəsini alıb orada birmərtəbəli həyət evi tikməyə başlamışdır. Lakin maddi sıxıntıları olduğu üçün tikintini qurtarsa da, təmir işlərini yekunlaşdıra bilməmişdir. Hər gün həmin evdə iş görülməsə də, gedib baş çəkmişdir. Sonuncu dəfə 03 iyun 2022-ci il tarixdə axşam saatlarında gedib evinə baş çəkmiş və bu zaman həmin evdə hər şey qaydasında olmuşdur. Bir gün sonra, yəni 04 iyun 2022-ci il tarixdə təkrar gedib həmin evə baş çəkdikdə evin yataq otağı üçün nəzərdə tutuduğu otağının plastik pəncərəsinin açıq halda olduğunu görmüşdür. O, evin dəmir materialdan olan seyf qapısını açıb içəriyə daxil olduqda evin divarlarına quraşdırılmış elektrik naqillərinin böyük hissəsinin yerindən sökülərək oğurlandığını aşkar etmiş və Dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Birazdan polis əməkdaşları hadisə yerinə gəlmişlər və evinə baxış keçirdikdən sonra hadisə barədə ərizə yazmışdır. Evindən oğurluq edilən zaman təxminən 300 manat dəyərində olan 300 metr uzunluğunda 4 mm diametri olan elektrik naqili və 200 manat dəyərində olan 200 metr uzunluğunda 2.5 mm diametri olan elektrik naqili oğurlanmışdır. Lakin hadisə barədə ilkin məlumat verərkən və ərizə və izahat yazdığı zaman ondan vurulmuş maddi ziyan barədə soruşulduqda, təkcə oğurlanmış elektrik naqilini deyil, həm də həmin naqilin divara çəkilmiş halda olması səbəbindən usta pulu və digər materialların da zədələnməsini nəzərə alaraq vurulmuş maddi ziyanı ümumilikdə 1100 manat məbləğində qiymətləndimişdir. Bir daha bildirmişdir ki, evindən baş vermiş oğurluq hadisəi nəticəsində ona vurulmuş maddi ziyan cəmi 500 manatdır. Həmin oğurluq hadisəsi 03 iyun 2022-ci il tarixdən 04 iyun 2022-ci il tarixə keçən gecə ona məxsus olan Bakı şəhəri, ünvan 6 ünvanda yerləşən təmiri davam edən evindən baş vermişdir. Oğurluq hadisəsi nəticəsində ona konkret olaraq 500 manat maddi ziyan dəymişdir. Şikayəti yoxdur, tələbi var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, təxminən 4 aydır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin girişində yerləşən dairənin yaxınlığında metal alış-satışı ilə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs ilk dəfə işlədiyi obyektə metal satamaq üçün yaxınlaşan zaman tanımış və onunla aralarında heç bir münasibət olmamışdır. 05 iyul 2022-ci il tarixdə işlədiyi obyektdə olan zaman bir nəfər şəxs obyektə daxil olmuş və özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək özü ilə gətirdiyi elektrik naqilini göstərərək onu satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən satmaq istədiyi elektrik naqilinin kimə məxsus olmasını soruşmuş, həmin şəxs də özünə məxsus olduğunu bildirmişdir. Sonra ondan üzərində özünə məxsus şəxsiyyət vəsiqəsi olub-olmadığını soruşmuş, həmin şəxs də üzərində şəxsiyyət vəsiqəsi olmadığını bildirmişdir. Həmin şəxs onu tam inandırmışdır ki, satmaq istədiyi naqil özünə məxsusdur. O da bundan sonra həmin şəxsə inanıb həmin elektrik naqilini çəkib kiloqramını 11 manatdan hesablayaraq 40 manat pul vermişdir. Bundan sonra həmin şəxs obyektdən çıxıb getmişdir. Səhərisi isə həmin yanmış vəziyyətdə olan elektrik naqilini səyyari şəkildə metal alan tanımadığı şəxsə satmışdır. Həmin şəxsin ona satdığı elektrik naqilini oğurluq yolu ilə əldə etməsi barədə onun heç bir məlumatı olmamışdır. Əgər məlumatı olsaydı, həmin naqili almayacağını bildirmişdir. Həmin şəxsin özü də satdığı naqilin özünə məxsus olduğunu demişdir. İş materiallarından görünür ki, 30 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub saxlanılmışdır. İş materiallarından görünür ki, 01 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və 02 iyul 2022-ci il tarixdə barəsində əvvəli 30 iyun 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən olunur ki, 22 sentyabr 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən, həmin Məcəllənin 177.2.2 və 177.2.3cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “həbs” qismində qətimkan tədbirinin müddəti 02 ay, yəni 22 noyabr 2022-ci il tarixədək uzadılmışdır. Həmçinin iş materiallarından müəyyən olunur ki, 12 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan edilmiş və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri nəzərə alınmışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 noyabr 2022-ci il tarixli 9/7409 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 100 manat müəyyən edilir. O cümlədən 01 ədəd kiçik ölçülü yaşıl rəngli drel - 20 manat, 01 ədəd kiçik ölçülü yaşıl və sarı rəngli üzərində “Xander Germany” yazısı olan drel - 20 manat, 01 ədəd kiçik ölçülü sarı və qara rəngli başlığı olmayan laqonda - 30 manat və 01 ədəd kiçik ölçülü sarı və qara rəngli üzərində “Urad Zid” yazısı olan laqonda 30 manat. Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun törətdiyi əməli etiraf etməsini, əməldən səmimi peşmançılıq çəkməsini iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini cəzanın ağırlaşdıran hal olmasını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs oğurladığı 01 ədəd yaşıl və sarı rəngli üzərində “Xander Germany” yazısı olan drel, 01 ədəd sarı və qara rəngli başlığı olmayan laqonda və 01 ədəd sarı və qara rəngli üzərində Ural Zid” yazısı olan laqonda Zərərçəkmiş şəxs1 qaytarılmış hesab edilməlidir. Məhkəmə zərər çəkmiş şəxslərin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərlə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqları vardır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs oğurladığı 01 ədə yaşıl rəngli drel, 01 ədəd yaşıl və sarı rəngli üzərində “Xander Germany” yazısı olan drel, 01 ədəd sarı və qara rəngli başlığı olmayan laqonda və 01 ədəd sarı və qara rəngli üzərində “Ural Zid” yazısı olan laqonda Zərərçəkmiş şəxs1 qaytarıldığından, zərərçəkmiş şəxsə qaytarılmış hesab edilsin. Zərər çəkmiş şəxslərə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar