Məhkəmə qərarları › İş №1(010)-161/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-161/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-161/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X2 qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, 27 fevral – 01 mart 2021-ci il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 fevral 2021-ci ildə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsində yerləşən, Zərərçəkmiş şəxs məxsus olan 56 nömrəli evin ətrafındakı daş hasardan həyətə aşıb, evin plastik pəncərəsinin dəmir barmaqlığını yerindən çıxarıb, sonra pəncərəni əli ilə itələyib açaraq evin içərisinə qanunsuz daxil olmuş və oradan bir ədəd 200 manat dəyərində “Yansan” markalı YS-1000 modelli dəyişən sürətli tam komplektli velosipedi, bir ədəd 80 manat dəyərində “Lada sport” markalı sadə velosipedi və bir ədəd 200 manat dəyərində 07 litrlik samovarı gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 480 manat miqdarında ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, vaxtilə evli olmuş, lakin sonradan boşanmışdır. Bir nəfər yetkinlik yaşına çatmamış uşağı var. Bildirir ki, boşandıqdan sonra arvadı uşağı da atıb gedibdir. Ona görə də hazırda yetkinlik yaşına çatmamış uşağına təkbaşına baxır. 25 fevral 2021-ci ildə saat 21 radələrində atası Məzairin saxladığı quşları yemləmək məqsədilə onun Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsində yerləşən evinə getmişdir. Quşlara yem verdikdən sonra çölə çıxmış və dostu İsmayıldan borca pul almaq üçün getdiyi vaxt atasının evi ilə qonşuluqda yerləşən evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin evin həyətinə daxil olmuş, sonra evin birinci mərtəbəsində yerləşən, üzərində dəmir barmaqlıq olan plastik pəncərədən içəriyə nəzər salmış, bu zaman orada iki ədəd velosiped və bir ədəd samovar olduğunu görmüşdür. Həmin əşyaları oğurlamaq məqsədilə həyətdən bir dəmir parçası götürüb plastik pəncərənin üzərindəki dəmir barmaqlığı yerindən çıxarmış, daha sonra plastik pəncərəni əli ilə sıxıb açaraq içəri daxil olmuşdur. Ev təmirsiz vəziyyətdə idi. İlk olaraq bir ədəd velosipedi pəncərədən evin həyətyanı sahəsinə səliqə ilə atmışdır ki, diskləri əyilməsin. Sonra digər velosipedi və samovarı da eyni qaydada həyətyanı sahəyə çıxarıb. Sonradan həmin əşyaları ayrıayrılıqda atası Məzairin yaşadığı evin həyətyanı sahəsinə aparmış, ertəsi gün samovarı tanımadığı bir şəxsə 25 manata satmışdır. Velosipedləri isə atasının yaşadığı evdən götürüb dostu Faiqin evinin həyətinə aparmışdır. Həmin vaxt Faiq evdə olmayıb. Faiqin anası Rəhilə ondan velosipedlərin kimə məxsus olduğunu soruşduqda demişdir ki, bunlardan biri onun qardaşına, digəri isə oğluna məxsusdur. Təxminən 3 saat sonra polis əməkdaşları gələrək onu polis bölməsinə aparmışlar. Polis bölməsində oğurluq etdiyini etiraf etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ünvan 3 ünvanında özünə məxsus evi var. Həmin ev təmirsiz olduğundan orada yaşamır, lakin mütəmadi olaraq ora gedib baş çəkir. 25 fevral 2021-ci ildə saat 19 radələrində həmin evinə getmiş və hər şeyin öz qaydasında olduğuna əmin olduqdan sonra çıxıb getmişdir. Lakin 26 fevral 2021-ci ildə evinə nəzarət etmək üçün gəldikdə görmüşdür ki, pəncərə açıq vəziyyətdədir. İçəri daxil olduqda özünə məxsus iki ədəd velosipedin və bir ədəd samovarın oğurlandığını aşkar edib, bununla bağlı polisə müraciət etmişdir. Qeyd edir ki, cinayət nəticəsində ona vurulmuş zərərin əvəzi tam olaraq ödənilib. Belə ki, velosipedlər qaytarılmış, samovarın isə dəyəri ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs 26 fevral 2021-ci ildə onun yaşadığı ünvana gələrək oğlu Faiqi çağırmışdır. Çölə çıxıb Bəfadara bildirmişdir ki, Faiq evdə yoxdur. Həmin vaxt Bəfadar özü ilə iki ədəd velosiped gətirmişdir. Bəfadar ondan xahiş etmişdir ki, velosipedləri bir gün saxlamaq üçün onun həyətinə qoysun. Bəfadardan velosipedlərin kimə məxsus olduğunu soruşmuş, cavabında təqsirləndirilən şəxs bildirmişdir ki, bunlardan biri oğlunun, digəri isə qardaşınındır. Bəfadara icazə vermişdir ki, həmin velosipedləri saxlamaq üçün həyətə qoysun. 27 fevral 2021-ci ildə polis əməkdaşları Bəfadarla birlikdə onun yaşadığı ünvana gəlmiş bu zaman başa düşmüşdür ki, Bəfadarın gətirdiyi velosipedlər oğurluqdurlar. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı iş materialları ilə təsdiq edilir. 15 mart 2021-ci il tarixli 9/1339 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş velosipedlərin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 280,00 manat müəyyən olunur. Həmin velosipedlərin ayrı-ayrılıqda adları və qiymətləri: yeniyetmələr üçün nəzərdə tutulmuş “Yansan” markalı, YS-1000 modelli dəyişən sürətli, tam komplektli velosiped 1 ədəd-200 manat dəyərində; yeniyetmələr üçün nəzərdə tutulmuş “Lada sport” markalı sadə velosiped 1ədəd- 80 manat dəyərində. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu və uşağına təkbaşına baxdığını, ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərin əvəzinin tam olaraq ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalı, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Yansan” markalı, YS-1000 modelli dəyişən sürətli, tam komplektli velosiped və bir ədəd “Lada sport” markalı sadə velosiped Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 fevral – 01 mart 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Yansan” markalı, YS-1000 modelli dəyişən sürətli, tam komplektli velosiped və bir ədəd “Lada sport” markalı sadə velosiped Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar