Məhkəmə qərarları › İş №1(010)-162/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-162/2020

17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-162/2020 17.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X3 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Suraxanı rayon Məhkəməsinin 1(010)-107/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, cəzasının əvvəli xx xxxxxxx 2020-ci ildən hesablanmaqla 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İİ Bülbülə küçəsi, ev 6-da qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, dalan 6 ünvanda yerləşən, X4 məxsus evin plastik pəncərəsini özündə olan vintaçanla sıxıb açmaqla içəri qanunsuz daxil olaraq, İmamqulu Əliyevin qızı Zərərçəkmiş şəxs məxsus 1 ədəd 810 manat dəyərində “LG” markalı 108 sm ölçülü plazma televizorunu, 1 ədəd 120 manat dəyərində ətçəkən aparatını, 1 ədəd 130 manat dəyərində şirəçəkən aparatını, 1 ədəd 80 manat dəyərində suqızdırıcı elektrik aparatını, cəmi dəyəri 300 manat olan cehizlik yataq dəstini və dəsmallarını gizli yolla talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1440 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə, saat 02 radələrində piyada olaraq Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində gəzərək oğurluq etmək üçün ev axtarmış, həmin vaxt 6 saylı dalanda yerləşən həyət evlərindən birində işıqların yanmadığını görmüş və həmin evdə kiminsə olub-olmadığını yoxlamaq üçün evin darvazasını döymüşdür. Lakin, cavab verən olmadığı üçün evdə heç kimin olmadığına əmin olmuş və ətrafa nəzər yetirib, sonra hasara qalxaraq, həmin həyətə düşmüşdür. Bundan sonra həmin həyətdə yerləşən birmərtəbəli evin plastik pəncərəsinə yaxınlaşıb, özündə olan vintaçanla həmin pəncərənin kilid hissəsini açmış və pəncərədən evə daxil olmuşdur. Evi axtaran zaman pul, həmçinin qızıl-zinət əşyaları tapa bilməmiş, bundan sonra qərara gəlmişdir ki, həmin evdə olan məişət əşyalarını oğurlayıb satsın və əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləsin. Bu məqsədlə evin divarına quraşdırılmış “LG” markalı plazma televizorunu yerindən çıxarıb özü ilə götürərək plastik pəncərədən həyətə çıxarmış və həyətdə divara bərkidilmiş suqızdırıcısını da divardan çıxararaq oğurlamışdır. Evdən, həmçinin, 1 ədəd ətçəkən, 1 ədəd şirəçəkən aparatlarını, həmçinin, yataq dəstini və dəsmallarını oğurlamışdır. Oğurladığı əşyaları çölə çıxartmış və həmin evin yaxınlığında yerləşən tikilməkdə olan və yaşayış olmayan tikilinin içərisində gizlətmişdir ki, səhəri gəlib apararaq satsın. Bundan sonra yaşadığı evə getmiş, səhərisi gün, yəni xx xxxx 2020-ci il tarixdə oğurladığı əşyaları gizlətdiyi yerə getmiş və həmin əşyaları götürüb 104 saylı sərnişin avtobusuna əyləşərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Aura” sarayının yaxınlığına, oradan da 81 saylı sərnişin avtobusuna minərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən bazara getmişdir. Orada oğurladığı “LG” markalı plazma televizoru şəxsiyyət vəsiqəsinin kserosurətini təqdim etməklə tanımadığı şəxsə 180 manata satmış və şəxsiyyət vəsiqəsinin kserosurətinin arxa hissəsində yazmışdır ki, televizor LG özündür, satır və imza etmişdir. Oğurladığı suqızdırıcısını Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Razin ticarət mərkəzinin yaxınlığında suqızdırıcıların təmiri ilə məşğul olan tanımadığı şəxsə 20 manata satmışdır. Oğurladığı digər xırda əşyaları isə tanımadığı şəxslərə ucuz qiymətə satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, o, xx xxxx 2020-ci il tarixdə, saat 14 radələrində atası X4 məxsus, yaşayış olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, dalan 6 ünvanda yerləşən nömrəsiz evə gedən zaman, evin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxtı evə daxil olub nəzər yetirdikdə, naməlum şəxs və ya şəxslər tərəfindən onun özünə məxsus olan və atasının evində saxlanılan 810 manat dəyərində “LG” markalı 108 sm ölçülü plazma televizorun, 120 manat dəyərində ətçəkən aparatın, 130 manat dəyərində şirəçəkən aparatın, 80 manat dəyərində suqızdırıcı elektrik aparatının, 300 manat dəyərində cehizlik yataq dəsti və dəsmallarının oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi baş verən ev atası İmamquluya məxsus olsa da, evdən oğurlanmış əşyalar onun özünə məxsusdur. Hadisə nəticəsində ona ümumilikdə 1440 manat məblğində maddi ziyan dəymişdir. Hadisə baş verən zaman həyəcanlı olduğu üçün oğurlanmış əşyaların adlarını və dəyərini dəqiq bilməmiş, ona görə də hadisə nəticəsində ona 1360 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Lakin, sonradan dəqiq hesabladıqda müəyyən etmişdir ki, hadisə nəticəsində ona ümumilikdə 1440 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Qaçqınlar” adlanan bazarda icarəyə məişət əşyalarım təmir işləri üçün sex götürüb işlədir. Təxminən 2020-ci ilin mart ayında işlətdiyi həmin sexdə olan zaman hazırki iş üzrə Təqsirləndirilən şəxs mağazaya gələrək, əlində olan üst hissəsi yanmış suqızdırıcı aparatın əlvan-metal götürmə yerinə vermək istədiyini bildirmiş, həmin şəxsə suqızdırıcısının özü alacağını demiş, suqızdırıcısım alıb hissələrindən təmir işlərində istifadə edəcəyini fikirləşmişdir. Suqızdırıcı aparatın oğurluq olub-olmaması barədə soruşduqda, Təqsirləndirilən şəxs suqızdırıcının öz əşyası olduğunu, imkanı olmadığı üçün satdığını demişdir. O. üst hissəsi yanmış aparatın oğurluq olmadığını fikirləşib, sonuncudan 20 manata almış, lakin bu zaman heç bir sənəd tələb etməmişdir. Bir müddət sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satmış olduğu suqızdırıcı aparat oğurluq yolu ilə əldə edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakıxanov ticarət mərkəzində icarə ilə lombard mağazası işlədir. Təxminən 2020-ci ilin mart ayında işlətdiyi mağazada olan zaman, hazırki iş üzrə Təqsirləndirilən şəxs mağazaya gələrək, “LG” markalı plazma televizorunu satmaq istədiyini demişdir. Sonuncuya lombard kimi fəaliyyət göstərdiyini desə də, o, israrla televizoru satmaq istədiyini dedikdə, televizorun oğurluq olubolmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs da televizorun oğurluq olmadığını, imkanı olmadığı üçün satdığını dedikdə, televizoru yoxlayaraq işlədiyinə əmin olub 180 manata almış, sonuncudan sənədinin surətini alaraq özündə saxlamışdır. Bir müddət sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satmış olduğu televizor oğurluq yolu ilə əldə edilmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx xxx 2020-cı il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, sonuncuya qərar elan olunduqdan sonra həbsdə saxlandığı Suraxanı RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» x xxxx 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 1(010)-107/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasina məhkum edilmiş, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinə hesablanaraq, Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxx 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 1(010)-107/2020 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Suraxanı rayon Məhkəməsinin 1(010)- 107/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədib. Bu səbəbdən təqsirləndirilən şəxsin əməlində residiv yoxdur, hazırkı və əvvəlki işlər üzrə azadlıqdan məhrum etmə cəzaları isə hökmlərin məcmusu üzrə deyil, Azərbaycan Respublikası CM-nin 66.5 və 66.3-cü maddələri ilə müəyyən edilmiş qaydada, yəni cinayətlərin məcmusu üzrə toplanmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbayan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbayan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Suraxanı rayon Məhkəməsinin 1(010)-107/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbayan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında başqa сinayət işi ilə əlaqədar Suraxanı rayon Məhkəməsinin 1(010)-107/2020 saylı, xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının seçildiyi nəzərə alınaraq, onun barəsində hazırki iş üzrə seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin və hazırki işlə əlaqədar barəsində qətimkan tədbiri seçilməsin. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia verilməmişdir. Hökmdən elan olunduğu andan 20 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar