Məhkəmə qərarları › İş №1(010)-163/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-163/2020

24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-163/2020 24.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 16:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi, 5 nömrəli evin 9 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1.005 qram çəkidə narkotik vasitə hesab olunan heroini əldə edərək, daşımaqla üzərində saxlamış, xx xxx 2020-ci tarixdə, saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, həmin Polis Bölməsinə gətirilmiş, orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilən zaman siqaretin gümüşü rəngli falqasına bükülmüş həmin narkotik vasitə Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin iç sağ cibindən aşkar edilərək, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, təxminən 09 ildir narkotik vasitə heroin istehlak edir, narkotik vasitələri müxtəlif yerlərdə tanımadığı şəxslərdən əldə edir. xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manat məbləğinə siqaret falqasına bükülmüş vəziyyətdə bir büküm heroin almış, həmin heroinin bir qismini istifadə etmiş, qalıq hissəsini isə sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində piyada hərəkət edən zaman mülki geyimdə olan iki nəfər yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparmışlar. Həmin polis bölməsində xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə, polis əməkdaşları tərəfindən üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynində olan qara rəngli qış gödəkçəsinin iç sağ cibində olan bir bükümdə narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, bükümdə olan maddə, narkotik vasitə heroindir və onu şəxsi istifadəsi məqsədilə xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 15 manata almışdır. Həmin bükümdəki narkotik vasitə heroin polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzrinə baxış keçirilən zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, “Rasim” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üstündə saxlaması və qəbul etməsi, eyni zamanda onun xx xxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Şərq yaşayış sahəsində olacağı barədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə ondan və digər iş yoldaşından ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Şərq yaşayış sahəsində xarici əlamətlərinə görə “Rasim” adlı şəxsə bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsə özünü tədim etməsini təklif etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, sonuncu narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, daşınmasında və saxlanılmasında şübhəli olduğuna görə saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirilərək növbətçi hissəyə təhvi verilmişdir. Polis bölməsində xidməti otaqların birində, müdafiəçisinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən öncə Təqsirləndirilən şəxs üzərindəki qadağan olunmuş əşyaları könüllü təqdim etmək təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq, əynində olan qara rəngli qış gödəkçəsinin iç sağ cibində olan bir bükümü onlara təqdim etmiş və bildirmişdir ki, bükümdə olan maddə narkotik vasitə heroindir, onu şəxsi istehlakı məqsədilə, xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 15 manata almışdır. Həmin bükümdəki narkotik vasitə heroin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzrinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, video çəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynində olan qara rəngli qış gödəkçəsinin iç sağ cibində olan bir bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, bükümdə olan maddə, narkotik vasitə heroindir və onu şəxsi istifadəsi məqsədilə xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 15 manata almışdır. Həmin bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüşdür. Baxışın nəticələrinə dair tərtib edilmiş protokol baxışda iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx xxx 2020-ci il tarixli, 6/793 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş...” yazısı olan zərfdə, 01 ədəd bükümdə, təmiz çəkisi 1.005 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx xxxx 2005-ci tarixli Azərbacan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in İ siyahısına daxildir. Həmin maddənin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.955 qram təşkil etmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxx 2020-ci il tarixli, 1544 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxx 2020-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə xx xxx 2020-ci il tarixli qərarlardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq məhkəmə iclasında həbsdən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, xalis çəkisi 0.955 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 08 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, xalis çəkisi 0.955 qram olan narkotik vasitə - heroin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 08 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar