Məhkəmə qərarları › İş №1(010)-163/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-163/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-163/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuş, ünvan 2 iyun 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən, ümumi təyinatlı ov bıçağını əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Malik Mustafayev küçəsində Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılarkən tutulmamaq və polislərdən yayınmaq üçün özünə xəsarət yetirib qaçmaq istəmiş, həmin vaxt polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilərək saxlanılmış və həmin bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən, ümumi təyinatlı ov bıçağı ondan götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmin bıçağı Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən dəmir yolu xəttindən yerdən tapmış və 1- 2 gün üzərində gəzdirmişdir. Dəmir yolu xətti onun yaşadığı evin yaxınlığında yerləşir. Bıçağı bağlı vəziyyətdə tapmışdır. Həmin bıçağın soyuq silah olmasını bilməmişdir. Bazarın yaxınlığında polis əməkdaşı ona yaxınlaşanda o, polis əməkdaşına anasının xəstə olması səbəbindən evə getməli olduğunu, əməliyyatçıların onu və evini tanıdığını demişdir. Bu zaman polis əməkdaşı ona nalayiq ifadələr işlətmiş, o isə cavab verməmişdir. Digər polis əməkdaşları isə telefonla baş verənləri çəkmişlər. Polis əməkdaşı yenidən ona nalayiq ifadələr deyəndə o, cavabında “bəsdir, yaxşı olmayacaq” demiş, polis əməkdaşı ona “nə edəssən mənə” dedikdə o, bıçaqla özünü vurmuş, bıçağı yerə atmış və yerə uzanmışdır. Ona qarşı zor tətbiq olunmamışdır. O, polis əməkdaşlarını vurmamış, onlara hədə-qorxu gəlməmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası CM-in 120.1, 185, 221.1, 221.3, 180.1, 177.2.3 və 234.1-ci maddələri ilə məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:40 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Suraxanı bazarının yaxınlığında OBA marketdən 01 ədəd dəyəri 21 manat olan “Vest Gold” markalı kərə yağını əynində olan şalvarda gizlədərək mağazadan getmişdir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində o, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Suraxanı bazarının qarşısından keçən zamanı bir nəfər polis əməkdaşı onu görmüş və həmin zaman polis əməkdaşı ona yaxınlaşaraq mağazadan oğurluq etməyi ilə bağlı ona bildirdikdən sonra təxminən 10 dəqiqə sonra iki PPX avtomobili yaxınlaşaraq avtomobildən təxminən 7-8 nəfər polis əməkdaşları düşmüş, onun yanına gələrək onu 31ci PŞ-nə dəvət etmişlər. Bu zaman o həmin polis əməkdaşlarına anasının xəstə olmasını, bu səbəbdən evə təcili getməli olduğunu bildirdikdə polis nəfərlərindən adını Emin kimi bildiyi şəxs onun ünvanına nalayiq ifadələr bildirdiyi üçün əynində olan şalvarın sol yan cibindən bıçağı çıxararaq sol qolunu kəsmiş və sonra həmin bıçaqla sol qarın nahiyəsinə xəsarət yetirmiş, polis əməkdaşları üzərində olan xidməti silahını ona tərəf tuşlayaraq atəş açmalarını bildirən zaman o, əlində olan bıçağı yerə atmış və üzü üstə yerə uzanmışdır. Polis əməkdaşları onu avtomobilə əyləşdirərək 31-ci PŞ-nə aparmışlar. 31-ci PŞ-də olan zaman onun səhhəti pisləşdiyi üçün o, X5 aparılmışdır. Orada bıçaq xəsarəti almağı ilə bağlı təcili olaraq əməliyyat edilmişdir. O, OBA marketdən bir ədəd “Vest Gold” markalı dəyəri 21 manat olan kərə yağı oğurlamış, marketdə işləyən işçilər o oğurluq edən zaman onu görməmişlər. O həmin bıçağı Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən dəmir yolu xəttindən yerdən tapmış və heç bir zaman başqa şəxslərə və ya özünə xəsarət yetirməmişdir. O, polis əməkdaşlarına bıçaqla və ya başqa əşya ilə xəsarət yetirməmişdir. Emin adlı polis əməkdaşı onu təhqir etmiş və o bu səbəbdən bıçaqla özünə qəsd etmişdir. Onun polis əməkdaşları ilə mübahisəsi olmamış, lakin o özünə bıçaqla xəsarət yetirən zaman polis əməkdaşları ona silah çəkərək atəş edəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, əməlinin cinayət olduğunu bilmədiyini, himayəsində bir uşağı olduğunu, anasının xəstə olduğunu nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hər gün manqa komandirləri və bölük komandiri tərəfindən keçirilən təlimatda rayon ərazisində baş verən cinayət hadisələri və ictimai asayişin pozulması nəticəsində hadisələrlə bağlı təlimatlandırılır, bu barədə görüləcək işlər və tədbirlər şəxsi heyyətin diqqətinə çatdırılır. xx.xx.2024-cü il tarixdə 5652 çağırışlı avtopatrulda polis nəfəri, polis sıravisi Vasif Qürbətov və polis nəfəri, polis baş serjantı Ayxan Qocayevlə birlikdə xidmətdə olmuşdur. Həmin gün saat 15:10-da polis nəfəri Şahid3 mobil telefonla onlara məlumat verərək oğurluq hadisəsində şübhəli olan şəxslə Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində rastlaşdıqlarını, həmin şəxsi təqib etdiklərini, onlara köməyə gəlmələrini bildirmişdir. Həmin vaxt 5663 çağırışlı avtopatrul onlarla eyni yerdə olduğu üçün birlikdə köməyə getmişlər. Onlar Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 1848 saylı binanın yanına çatdıqda bir nəfər şəxsin, adı sonra məlum olmuş Təqsirləndirilən şəxs əlində bıçaqla qarın nahiyyəsinə və sol qoluna xəsarətlər yetirdiyini görmüşlər. Avtopatruldan düşüb ona sakitləşməsini, bıçağı yerə atmasını bildirmişlər. Onun sakitləşmədiyini, aqressiv şəkildə onların ünvanına küçə söyüşləri söydüyünü, onları hədələdiyini, yaxın gəlsələr onlara da xəsarət yetirəcəyini dediyini gördükdə sakitləşməsi üçün kənara çəkilmişlər. Sakit tərzdə bıçağı yerə atmasını, təslim olmasını bildirmişlər. Həmin şəxs bu zaman qaçmağa başlamışdır. Onun qaçdığı istiqamətdə qarşısını kəsmiş və sakit şəkildə dayanmasını, bıçağı yerə atmasını tələb etmişdir. Həmin şəxs bıçağı ona tərəf tuşlayaraq yaxın gəlmə bıçağı sənə ataram dedikdə əlini xidməti silaha tərəf aparmış və bıçağı yerə atmasını tələb etdikdə Mehran ona məhəl qoymamışdır. Həmin şəxs onu söyərək üstünə getməyə başladıqda o, xidməti silahını çıxarıb, silahı doldurub həmin şəxsə tuşlamışdır. Bir addım irəliyə gəlsə silahdan istifadə edəcəyini dedikdə həmin şəxs əlində olan bıçağı kənara atmışdır. Onlar dərhal ona yaxınlaşıb, əlini burub yerə yıxmış və qandalla əllərini bağlayıb avtopatrulla 31-ci PŞ-nə aparmışlar. Polis şöbəsində şəxsiyyəti dəqiqləşdirilərkən həmin şəxsin xx.xx.1987-ci il təvəllüdlü, əvvəllər Azərbaycan Respublikası CM-nin 120.1, 221.1, 221.3, 185, 180.1 və 234.1-ci maddələri ilə məhkum olunmuş olduğu, Suraxanı rayonu, Yeni ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərilməsi üçün onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs Hüseyağa oğlu tərəfindən hadisə yerində atılmış bıçağı götürüb araşdırma aparan Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısına təhvil vermişdir. Bu barədə təhqiaqçı tərəfindən protokol tərtib edilmiş və o həmin protokolu imzalamışdır. Bıçaq açılıb bağlanan, tiyəsi təxminən 9-10 sm, dəstəyi təxminən 11-12 sm uzunluğunda olmuşdur. Dəstəyi tünd qəhvəyi rəngdə, tiyəsi metalik rəngdə, dəstəyin üzərində canavar başının təsviri, tiyəsinin yuxarı hissəsində hər iki tərəfdən də təbiətə aid şəkillər həkk olunmuşdur. Bıçağın tiyəsinin hər iki tərəfininin üzərində qan ləkələrinə oxşar ləkələr olmuşdur. Təqsirləndirilən şəxs bıçağı çıxartdıqda onu və digər polis əməkdaşlarını bıçaqla vura bilərdi. O, üstündə olan tabel silahını çıxardıb onun üstünə tuşlamasaydı ola bilsin ki, Mehran sakit olmaz, onu və ya digər polis əməkdaşlarını bıçaqla vura bilərdi. Xəstəxanada, polis bölməsində Təqsirləndirilən şəxs onları hədələmiş, xəstəxanadan çıxıb onlarla görüşəcəyini, yəni qisas alacağını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hər gün manqa komandirləri və bölük komandiri tərəfindən keçirilən təlimatda rayon ərazisində baş verən cinayət hadisələri və ictimai asayişin pozulması nəticəsində hadisələrlə bağlı təlimatlandırılır, bu barədə görüləcək işlər və tədbirlər şəxsi heyətin diqqətinə çatdırılır. xx.xx.2024-cü il tarixdə PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ilə Suraxanı rayonu, Malik Mustafayev küçəsində xidmətdə olan zaman həmin ərazidə yerləşən “Oba” marketin müdiri onları gördükdə xx.xx.2024-cü il tarixdə marketdən kərə yağı oğurlayan şəxsin video görüntüsünü göstərmiş və həmin şəxsin oradan oğurluq etdiyini bildirmişdir. Həmin gün saat 15:10-da Şahid3la qeyd olunan ərazidə xidmətdə olan zaman bir nəfər şəxsin hərəkətləri onlarda şübhə yaratmış, ona diqqətlə baxdıqda “Oba” marketdən kərə yağını oğurlayan şəxsə oxşatmışlar. Dəqiqləşdirmək üçün Orxan mobil telefonunda oğurluq anının video görüntüsünə təkrar baxmış və videodakı şəxsin həmin şəxs olduğundan əmin olduqda bu barədə ona və kömək üçün 5652 və 5663 çağırışlı avtopatrullara məlumat vermişdir. Həmin şəxsi saxlamaq niyyəti ilə sakit şəkildə arxasınca getmişlər. Həmin şəxs onların onu tanıdığını və saxlamaq niyyətində olduqlarını başa düşdükdə iti yerişlərlə hərəkətinə davam etmiş, Orxan ona dayanmasını bildirdikdə aqressiv şəkildə get işinlə məşğul ol, çaşmayın deyib qaçmağa başlamışdır. Onun arxasınca qaçmış, ona dayanmasını, təslim olmasını bildirmişlər. Həmin şəxs bir qədər qaçdıqdan sonra onların çatacağını hiss etdikdə dayanmış və şalvarının belindən açılıb bağlanan bıçağı çıxarıb açmışdır. Bıçağı Orxana tərəf tuşlayaraq havada bir neçə dəfə oynadıb Orxana tərəf gəldiyini gördükdə Orxan üzərində olan xidməti silahı çıxarmışdır. Həmin şəxsə sakitləşməsini, əlində olan bıçağı yerə atıb təslim olmasını bildirdikdə 5652 və 5663 çağırışlı avtopatrullar həmin ünvana çatmışlar. Həmin şəxs onların çoxaldığını, qaça bilməyəcəyini gördükdə əlində olan bıçaqla bir dəfə qarın nahiyyəsinə zərbə vurub özü özünün sol qoluna xəsarətlər yetirməyə başlamışdır. Onun aqressivləşdiyini gördükdə onlar kənara çəkilmiş, sakitləşməsini tələb etdikdə o, yenidən qaçmağa başlamışdır. Həmin istiqamətdə polis nəfəri, polis serjantı Şahid1 onun qarşısını kəsmiş və sakit şəkildə dayanmasını, bıçağı yerə atmasını tələb etdikdə, həmin şəxs bıçağı ona tərəf tuşlayaraq yaxın gəlmə bıçağı sənə ataram dedikdə Səxavət əlini xidməti silaha tərəf aparmış və bıçağı yerə atmasını tələb etdikdə Səxavətə məhəl qoymamış və Səxavətin üstünə getməyə başladıqda Səxavət xidməti silahını çıxarıb, silahı doldurub həmin şəxsə tuşlamışdır. Bir addım irəliyə gəlsə silahdan istifadə edəcəyini dedikdə həmin şəxs əlində olan bıçağı kənara atmışdır. Onlar dərhal ona yaxınlaşıb, əlini burub yerə yıxmış və qandalla əllərini bağlayıb avtopatrulla 31-ci PŞ-nə aparmışlar. Polis şöbəsində şəxsiyyəti dəqiqləşdirilərkən həmin şəxsin xx.xx.1987-ci il təvəllüdlü, əvvəllər Azərbaycan Respublikası CM-nin 120.1, 221.1, 221.3, 185, 180.1 və 234.1-ci maddələri ilə məhkum olunmuş olduğu; Suraxanı rayonu, Yeni ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərilməsi üçün onu 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs Hüseyağa oğlu tərəfindən hadisə yerində atılmış bıçağı polis nəfəri Şahid1 götürüb araşdırma aparan Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısına təhvil vermişdir. Bıçaq açılıb bağlanan, tiyəsi təxminən 9-10 sm, dəstəyi təxminən 11-12 sm uzunluğunda olmuşdur. Dəstəyi tünd qəhvəyi rəngdə, tiyəsi metalik rəngdə, dəstəyin üzərində canavar başının təsviri, tiyəsinin yuxarı hissəsində hər iki tərəfdən də təbiətə aid şəkillər həkk olunmuşdur. Bıçağın tiyəsinin hər iki tərəfinin üzərində qan ləkələrinə oxşar ləkələr olmuşdur. Təqsirləndirilən şəxs bıçağı çıxartdıqda o və Orxan onun qarşısında olmuşlar. Digər avtopatrullar onlara yaxınlaşmamışlar. Həmin anda onları bıçaqla vura bilərdi, lakin əlavə polis əməkdaşlarının yaxınlaşmasını görüb qaçmağa başlamışdır. Digər polis əməkdaşlarını da vura bilərdi, onu xəstəxanaya aparanda xəstəxanadan çıxıb onlarla görüşəcəyini, yəni onlardan qisas alacağını deyərək hədələmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 228.4cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır ( i.v. 1); baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024cü il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində yerləşən Suraxanı bazarının yanındakı “Oba market”ə baxış keçirilmişdir. Market bazarın ikinci giriş çıxışından sol tərəfdə yerləşir. Ordan sol tərəfdə isə “Final market” yerləşir. Ramazanlı Məhəmməd bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18:48-də həmin marketə müştəri qismində daxil olmuş şəxs oradan 1 paçka 1 kq çəkisi olan, dəyəri 21 manat olan kərə yağını oğurlamışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur ( i.v. 10-11); götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd açılıb bağlanan, dəstəyi 11,5 sm, tiyəsi 9 sm, dəstəyi tünd qəhvəyi rəngli ağac materialından, tiyəsi isə gümüşü rəngli materialdan hazırlanmışdır. Dəstəyin üzərində gümüşü rəngli metal hissədə canavar başının təsviri, tiyəsində döyməli şəkildə canavar və təbiət təsviri, tiyəsində “Tayqa” və “stal 66x13 NO.FB3032” yazıları həkk olunmuş bıçaq götürülmüş, bıçağın fotoşəkili çəkilərək protokola əlavə olunmuşdur (i.v. 17- 18); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən məhkəmə ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/1207 nömrəli rəyində görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir (i.v. 34-37); cinayət işinin icraatının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı AR CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (i.v. 44); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 221.1, 221.3, 185.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-in 180.2.2 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 06 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə CM-in 180.2.2-ci maddəsindən 180.1-ci maddəsinə tövsif edilmiş, 03 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək AR CM-in 73-cü maddəsinə əsasən xitam verilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 05 ay 15 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 234.1 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə AR Milli Məclisin amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 11 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır ( i.v. 46-49); cinayət işinin icraatının təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (i.v. 50); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 72); əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə götürülmüş bıçağın fotoşəkili tanınmaya təqdim olunmuş, o, fotoşəkilə baxaraq bildirmişdir ki, həmin bir ədəd bıçaq onun özünə məxsusdur. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 88-91); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 xx.xx.2024-cü il tarixli, 782 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: mədənin zədələnməsi ilə müşayiət olunan qarının sol ön divarının boşluğa nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun 1 ədəd və sol saidin 5 ədəd deşilmiş-kəsilmiş yaraları. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə törənə bilər və dərəcəsinə görə qarının ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağız zərərvurmaya, digər xəsarətlər hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitlərdə, o cümlədən şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınmaları inkar olunmur (i.v. 103-105); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-282/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması hökm edilmişdir (i.v. 106-112); xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən, ümumi təyinatlı ov bıçağı və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Suraxanı bazarının yanında yerləşən «Oba» market mağazasının «Suraxanı 5» filialından 21 manat dəyərində bir ədəd Vest Gold markalı kərə yağınının oğurlanması zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd disk maddi sübut qismində tanınmışdır, həmin video disk cinayət işinə əlavə edilmiş və bir ədəd bıçaq saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmişdir(i.v. 115-125); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-297/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsdə saxlanılma müddəti cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər müəyyən edilmiş, həbs etmənin əvvəlinin Təqsirləndirilən şəxs həbs edildiyi gündən hesablanması, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır; Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq xx.xx.2024cü il tarixdə təcridxanaya gətirilmişdir; Azemis Elektron Məhkəmə İnformasiya Sistemində olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, onun bir uşağı – xx.xx.2016-cı il təvəllüdlü X3 – vardır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla — üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyən edilmədi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 08 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-297/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut bir ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 64 (altmış dörd) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 179, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 297/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həmin cəzanın əvvəli 08 yanvar 2025-ci il tarixdən hesablansın. Ekspertiza tədqiqatının dəyəri – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut – Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar