Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-164/2021 23.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Suraxanı Rayon Məhkəməsinin 4(010)-58/2021 nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qərarı ilə barəsində əvvəli 03 fevral 2021ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və 03 fevral 2021-ci il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci ildə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, metronun «İnşaatçılar» stansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan “Baba” adlı şəxsdən 200 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istifadəsi üçün bir ədəd bükümdə təmiz çəkisi 2,330 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin əldə edərək üzərində saxlamaqla daşımış, 03 fevral 2021-ci ildə saat 02:30 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri tərəfindən ünvan 3 ünvanında yerləşən məscidin qarşısında tibbi maskadan istifadə etməməsi səbəbindən saxlandığı vaxt özünü şübhəli aparması səbəbindən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirilmiş, orada saat 04:10-dan saat 04:23-dək olan müddət ərzində üzərində şəxsi axtarış keçirilərkən əynindəki qırmızı rəngli gödəkcəsinin sağ yan cibindən «Winston» markalı siqaret qutusunun içərisində bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə təmiz çəkisi 2,330 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, narkotik vasitələrdən istifadə etməsi səbəbindən 2020-ci ilin noyabr ayında atası Müslimlə arasında ciddi narazılıq yaranmış, bu səbəbdən evdən çıxarıq orada-burada yaşamaqla gününü keçirməyə və müxtəlif yerlərdə fəhləlik edərək özünü dolandırmağa başlamışdır. Qeyd edir ki, təxminən bir il əvvəl keçmiş iş yoldaşı Samir ona İran vətəndaşı «Baba» adlı şəxsin «WhatsApp» nömrəsini verərək sonuncunun narkotik alveri ilə məşğul olduğunu bildirmiş və əgər istəyərsə ona yazmaqla narkotik vasitə ala biləcəyini demişdir. Bundan sonra ***-***-**-** nömrəsi vasitəsi ilə «Baba» adlı şəxsin hazırda yadında qalmayan «WhatsApp» nömrəsinə yazıb narkotik vasitə istəmişdir. Sonra mobil telefonuna hesab nömrəsi gəldi. Ödəmə terminalı vasitəsilə həmin hesaba ödəniş etdikdən sonra mobil telefonuna narkotik vasitənin olduğu yerin şəkli göndərilmişdir. Beləliklə, konkret olaraq kiminlə əlaqə saxladığını və narkotik vasitənin ona kim tərəfindən göndərildiyini heç vaxt bilməyib. 27 yanvar 2021-ci ildə də axşam vaxtı eyni qaydada onun mobil telefonuna gələn «WhatsApp» mesajı ilə verilmiş hesab nömrəsinə ödəmə terminalından 200 manat miqdarında pul köçürmüşdür. Bunun müqabilində “Baba” adlı şəxsdən təxminən 1 qramdan çox qurudulmuş marixuana, cüzi miqdarda «şüşə» deyilən metamfetamin və 2 qramdan bir qədər çox narkotik vasitə heroin istəyib. Pulu köçürdükdən sonra onun telefonuna şəkil gəlmiş, bu şəkilə baxıb müəyyən etmişdir ki, satın aldığı narkotik və psixotrop vasitələrin qoyulduğu yer metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşir. Həmin yerə gedib aldığı narkotik və psixotrop vasitələri götürmüş və sonradan istifadə etməsi üçün özündə saxlamışdır. Tutulmazdan əvvəl Hövsan qəsəbəsində yerləşən məscidin yanındakı boş bir evdə yaşayıb. 03 fevral 2021-ci il saat 02:30 radələrində həmin ərazidə yerləşən «Hövsan market»dən çıxarkən polis əməkdaşları ona yaxınlaşmış və tibbi maskadan istifadə etmədiyini irad tutmuşlar. Bu zaman üzərində narkotik vasitə olduğuna görə təlaşlanmış gah qaçmaq, gah da dayanmaq istəmişdir. Polis əməkdaşları bunu hiss edib onun hərəkətlərindən şübhələnərək sorğu-sual etməyə başlamış, başqa çıxış yolu olmadığına görə üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra 30-cu polis şöbəsinə aparılmış, orada videoçəkilişdən istifadə olunmaqla üzərinə keçirilmiş baxış zamanı əynindəki qırmızı rəngli gödəkcəsinin sağ cibindən polietilen bükümündə kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuana, «Winston» markalı siqaret qutusunun içində siqaretin gümüşü kağızına bükülmüş «şüşə» deyilən psixotrop maddə metamfetamin və digər siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 03 fevral 2021-ci ildə saat 02:30 radələrində iş yoldaşları olan polis nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsində yerləşən məscidin qarşısında xidmətdə olub. Bu zaman bir nəfərin tibbi maskadan istifadə etmədiyini görüb ona yaxınlaşmış və özlərini təqdim edərək üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmadığını soruşmuşlar. Həmin şəxs həyəcanlı halda cavablar verdiyindən ondan şübhələnib sorğu-sual etməyə başlamışlar. Sorğu-sual zamanı həmin şəxs üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Buna görə də onlar təqsirləndirilən şəxsi Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirib təhvil vermişlər. Sonradan xidməti vəzifələrinin icrasını davam etmək üçün polis şöbəsindən gediblər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, 03 fevral 2021-ci ildə saat 02:30 radələrində Suraxanı Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün əməkdaşları Şahid1, Şahid2 və Şahid3 gələrək özləri ilə birlikdə təqsirləndirilən şəxsi gətirmişlər. Onlar bildirmişlər ki, təqsirləndirilən şəxsi tibbi maskadan istifadə etmədiyinə görə saxlamış, lakin sonuncu özünü şübhəli apardığına görə onu sorğu-sual etməyə başlamışlar. Bu zaman təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün şöbəyə vəkil dəvət olunmuş, müdafiəçinin iştirakı ilə sonuncu şübhəli şəxs qismində tutulmuş və inzibati binanın xidməti otaqlarının birində müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqları və vəzifələri izah edilmiş, ondan paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümü və 01 ədəd «Winston» markalı siqaret qutusunu təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində kibrit qutusunda marixuana kimi tanıdığı, siqaret qutusunun içərisində 02 ədəd siqaretin gümüşü rəngli kağızından ibarət bükümlərdə, birində «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin, digər bükümdə isə heroin kimi tanıdığı narkotik vasitə vardır. Bundan sonra təqdim edilmiş şəffaf polietilen büküm açıldıqda içərisində ot kütləsi olan kibrit qutusu, siqaretin gümüşü rəngli kağızlarından ibarət bükümlərin birində bozumtul rəngli kristal şəkilli, digər bükümdə isə ağ rəngli kristal şəkilli maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 büküm zərfə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün» 194 saylı möhürü ilə möhürlənmiş və götürülmüşdür. Video çəkiliş sonradan diskə köçürülməsi üçün «Samsung» markalı mobil telefon vasitəsilə aparılmışdır. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayəti törətməsi faktı özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış sənədlər, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. 03 fevral 2021-ci il tarixli 6/480 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş üzərlərində “...Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,330 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,095 qram olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir”. 03 fevral 2021-ci il tarixli 7/142 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” sözləri yazılmış kağız paketdə sellofan bükülünün içərisində bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,840 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır». 08 aprel 2021-ci il tarixli 1016 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini və yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,230 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,065 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,800 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 170 (yüz yetmiş) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 03 fevral 2021-ci il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,230 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,065 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,800 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 170 (yüz yetmiş) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-164/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-164/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver