Məhkəmə qərarları › İş №1(010)-164/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-164/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-164/2024 27.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X21 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi taksi faəliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayan, 28 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 oktyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 24 yanvar 2024-cü il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 oktyabr 2023-cü il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Heydər Əliyev prospektinin Suraxanı rayonu, Bülbülə qəsəbəsindən keçən 25-ci km-də idarə etdiyi «Toyota Prius» minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 70 km/saat sürətlə şəhərin mərkəzi istiqamətində eyni istiqamətdə dörd hərəkət zolağı olan avtomobil yolunun sağ hərəkət zolağı ilə hərəkətdə olduğu zaman, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərini pozaraq, yəni avtomobilin sürücüsü kimi diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasıdan ayırmamalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, lazımi əməliyyatları vaxtında və düzgün aparmamaqla təhlükəsizliyi təmin etməyərək, avtomobilin hərəkət yolunda bir müddət əvvəl yıxılmış piyada, 1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs asfalt üzərində uzandığını görməmiş və vaxtında tədbir görməklə piyadadan təhlükəsiz yan məsafə seçmədən və yaxud idarə etdiyi avtomobili yolun hərəkət hissəsində uzanmış piyadaya çatmadan dayandırmadan, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, avtomobilin sürətini və istiqamətini dəyişmədən avtomobil ilə piyadanın üstündən keçərək hərəkətini davam etdirmiş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin maddəsinə, mədəciklərinə və qişalarına qansızma, baş beyinin əzilməsi, sağ və sol gicgah sümüklərinin qapalı sınıqları, burun sümüyünün, almacıq, əng və çənə sümüklərinin qapalı sınıqları, ağ ciyərin əzilməsi, sağda və solda qabırğaların çoxsaylı sınıqları, sağ bud sümüyünün qapalı sınığı, başın alın nahiyəsinin, burunun, yuxarı və aşağı ətrafların, gövdənin ön və arxa səthinin çoxsaylı sıyrıqları, sol göz yuvası ətrafı nahiyənin hematoması, başın alın nahiyəsinin hər iki qaş qövsü nahiyəsinin və burun nahiyəsinin əzilmiş didilmiş yaraları kimi, yolun üstündə uzandığı vəziyyətdə avtomobilin üstündən keçməsi nəticəsində törənmiş, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər almasına və qeyd edilən xəsarətlər fonunda gicgah sümüklərinin qapalı sınıqları ilə müşaiyət olunan baş beyinin əzilməsindən ölməsinə səbəb olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs, 27 oktyabr 2023-cü il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Heydər Əliyev prospektinin Suraxanı rayonu, Bülbülə qəsəbəsindən keçən 25-ci km-də idarə etdiyi «Toyota Prius» minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yuxarıda göstərilən şəraitdə yol hərəkəti qaydalarını pozması nəticəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş nəticələrin baş verdiyi halda yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Bakı şəhəri, Nərimanov rayonu, nömrəsiz fərdi yaşayış evində tək yaşayır, iki övladı vardır, oğlu Əliyar Babazadə 2004-cü il, qızı Tahirə Babazadə isə 2013-cü il təvəllüdlüdür, 2016-cı il tarixdə arvadı X3 boşandığı üçün uşaqlar Xəyalə Qasımova ilə yaşayırlar. Rəsmi olaraq bir yerdə işləmir. Təxminən 8 il olar ki, avtomaşın idarə edir, “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. İcarəyə avtomobillər götürüb fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Sonuncu dəfə təxminən iki ay bundan öncə "xxxx" MMC-yə məxsus “Toyota Prius” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin şirkət ona hər həftə 20 manat yanacaq pulu və hər həftə təxminən 150 manat olmaqla əmək haqqı ödəmişdir. 27 oktyabr 2023-cü il tarixdə saat 23:00 radələrində taksi şirkətinə aid “Yango” tətbiqinə müştəri sifarişi gəldiyi üçün o, idarə etdiyi “Toyota Prius” markalı ** QD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin müştərini götürüb və X16na aparmış, müştərini çatdırıb sonra X16 istiqamətindən geri qayıdarkən Suraxanı rayonu, Bülbülə qəsəbəsindən keçən yolun kənarı ilə saatda təxminən 70 km surətlə şəhər istiqamətində hərəkətdə olduğu zaman qəflətən idarə etdiyi avtomaşın nəyinsə üstündən keçmişdir. O, yolun kənarında nəsə bir maneə olduğunu və həmin maneənin üstündən keçdiyini fikirləşmişdir. “Ağ çiçəyim” tərəfdə yol düz deyil, döngəli yoldur. Döngədə olarkən nəyinsə üstündən keçdiyini hiss etmişdir. Belə hadisələr tez-tez olur, belə ki, ya yola zibil atırlar, ya taxta olur. Nəyinsə üstündən keçəndən sonra tormoza basaraq görmüşdür ki, maşın qaydasındadır, dağılan, sınan heçnə yoxdur. Bundan sonra idarə etdiyi “Toyota Prius” markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə gedib, avtomaşının zədə alıbalmamasına baxmaq üçün Koroğlu metrosunun yaxınlığında saxlamışdır. İdarə etdiyi avtomaşına baxandan sonra avtomaşınında heç bir zədə izi aşkar etməmişdir. Bundan sonra avtomaşına əyləşib Nərimanov rayonu ərazisində olan “Çerment” körpüsünün yaxınlığında olan kirayə yaşadığı evə getmişdir. Təxmini gecə 4-5 radələrində ona zəng gəlmiş, zəng edən şəxs polis olduğunu, hadisə baş verdiyini, onun evini tapa bilmədiklərini demiş, o da onları qarşılamış, onları özünün avtomobilinin olduğu yerə - məhəlləyə gətirmişdir. Polis əməkdaşları maşından düşən kimi telefonlarını yandırıb avtomobilə baxmağa başlamış, ondan “necə adam vurmusan, maşında cızıq yoxdur?” deyə soruşmuşlar. O isə cavabında “nə adam? nə danışırsız?” deyə cavab vermişdir. Əməkdaşlar ona aeroport yolundan nəyinsə üstündən keçdiyini hiss edib-etmədiyini soruşmuş, həmin üstündən keçdiyinin adam olduğunu bildirmişlər. O isə deyilənlər qarşısında təəccüb keçirmiş, əl-qolu əsmiş və cavabında nəyinsə üstündən keçdiyini hiss etdiyini bildirmişdir. Polislər ona öz maşınını sürərək polis bölməsinə getməli olduqlarını demiş, o da razılaşmış, bölməyə getmişlər. O, döngədə olduğundan yolda olan maneəni görməmişdir, əgər düz yolda olsaydı maneəni görərdi. O, idarə etdiyi “Toyota Prius” markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən yerdə piyada olmasını bilməmiş, piyadanı vurmuş və piyada aldığı xəsarətlərdən vəfat etmişdir. Onun idarə etdiyi “Toyota Prius” markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən yerdə piyada olmasını bilməmişdir. Hadisə zamanı ayıq olmuş və heç bir spirtli içkilər və ya narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməmişdir. Himayəsində on bir yaşlı qızı və iyirmi yaşlı oğlu olduğunu, oğlunun iyirmi yaşında olsa da, təhsil aldığını, dalağının üstündə qrija olduğunu, ürəyində stend olduğunu nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, uzun müddətdir ki, sürücülük vəsiqəsini almışdır, indiyə kimi həmişə avtomobil idarə edəkrən diqqətli olmuşdur. Hadisə baş verən vaxt qarşısında olan yük maşınının maneədən yayındığını görməmişdir. Əgər yük maşının dayandığını, manedən yayındığını, döndüyünü görsəydi avtomobili saxlayar, sol tərəfə çəkərdi. O, yolun sağ tərəfindən, digər avtomobillər sol tərəfindən 90-120 km/saat sürətlə hərəkətdə olmuşlar. Nəyinsə üstündən keçdiyini hiss edəndə sürəti azaltmış, qulaq asaraq maşından başqa səs gəlmədiyini görmüşdür. Evə çatanda maşını saxlamış, maşına baxmamış, maşını bağlamış, evə getmişdir. Sonradan maşını polis bölməsinə aparmışlar. Maşında “podkrılnik” deyilən ehtiyat hissəciyi düşmüşdür, o yüngül və plastmas olduğundan düşdüyü hiss olunmamışdır. O gündə 7-9 saat arası işləyir, yorğun olduğunu, yuxuladığını hiss edəndə hətta müdir tələb etsə belə, qalıb işləmir. Psixotrop maddə istifadəçisi deyil. Sərxoşluq vəziyyətinə dair isə nəfəs vasitəsilə analiz vermişdir. Ekspert qeyd etmişdir ki, o yolda olan maneəni görməli idi, amma ekspert materiallara və videogörüntüyə baxaraq rəy vermiş, hadisə yerində olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Suraxanı RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə verilmiş tapşırıq üzrə şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə birlikdə işləyərkən, 27 oktyabr 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Növbətçi hissələri idarəetmə xidmətinə müraciət olunmuş və "Təhlükəsiz Şəhər" avtomatlaşdırılmış idarəetmə sisteminin bazasında olan məlumatlarla tanış olmuşlar. Məlum olmuşdur ki, hadisə yerində qurulmuş 72 №-li videomüşahidə kamerasının saat 23.30 radələrində qeydə aldığı videotəsvirlərdə belə bir hal müşahidə olunur ki, hadisə yerində tək halda piyada yeriyən kişi səkidən yola çıxaraq sağ hərəkət zolağının ortasına çatandan sonra naməlum səbəbdən, heç kim və heç bir nəqliyyat vasitəsi ilə təmasda olmadan yerə oturur və yarı uzanmış vəziyyətdə qalır. Piyada həmin vəziyyətdə yerini dəyişmədən eyni nöqtədə bir neçə saniyə qalandan sonra həmin zolaqla hərəkətdə olan “Toyota Prius” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil həmin yeri keçərkən sürücü piyadanın yolda olmasına reaksiya vermədən onun üstündən keçərək gedir. Kameranın çəkilişlərinə baxdıqları monitorda nəqliyyat vasitəsinin markasını müəyyən etməyə imkan verən əlamətləri və dövlət qeydiyyat nömrələri kifayət qədər aydın görünmüşdür. Bundan sonra müəyyən etmişlər ki, “Toyota Prius” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən etibarnamə ilə idarə olunur. Təqsirləndirilən şəxslə 28 oktyabr 2023-cü il tarixdə əlaqə saxlayıb Bakı şəhəri, Nərimanov rayonu ərazisində onunla görüşərək, idarə etdiyi “Toyota Prius” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı polis idarəsinə gətirmişlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 27 oktyabr 2023-cü il tarixdə taksi sürücüsü kimi idarə etdiyi “Toyota Prius” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə aeroporta apardığı müştərini düşürdüb şəhərə qayıdanda, gecə vaxtı Heydər Əliyev prospekti ilə Bülbülə qəsəbəsi bərabərini keçəndə idarə etdiyi avtomobil ilə diqqətindən qaçırdıb görmədiyi hansısa maneənin üstünə çıxıb keçdiyini təsdiq etmiş, amma bildirmişdir ki, insan vurduğunu bilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi avtomobilin qabaq buferinin səthində sürtünmə şəklində izlər və çatlar müşahidə olunmuşdur. Bundan əlavə, müəyyən edilmişdir ki, hadisə yerində meyiti aşkar edilmiş şəxs xx.xx.1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxsdur. Tapşırıq üzrə tədbirlərin nəticələri barədə məlumatlar istintaqa təqdim edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğu “Toyota Prius” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncuya etibarnamə əsasında idarə etmək üçün vermişdir. Avtomobilin idarə edilməsinə etibarnamə verəndə Təqsirləndirilən şəxs minik avtomobillərini idarə etmək hüququ verən “B” dərəcəli sürücülük vəsiqəsi olmuş, avtomobili idarə etdiyi müddətdə Təqsirləndirilən şəxs avtomobilin texniki vəziyyətinə özü nəzarət etmişdir. 2023-cü ilin oktyabr ayının sonunda Təqsirləndirilən şəxs ondan etibarnamə ilə alıb idarə etdiyi “Toyota Prius” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qəza törədib adam vurması və vurduğu şəxsin ölməsi barədə polis əməkdaşları tərəfindən məlumatlandırılmışdır. Həmin hadisənin şahidi olmamış, hadisənin təfsilatı barədə məlumatı yoxdur, hadisədə vurulmuş və ölmüş şəxsi tanımır. Suraxanı Rayon Polis İdarəsinə gəlib avtomobilinə baxanda avtomobilin qabaq tərəfində buferin çatı və sürtünmüş zədələrini, eləcədə avtomobildən ayrılıb düşmüş “podkrılnik” deyilən qanadın altındakı lövhəni görmüşdür. Avtomobilinin vəziyyəti ilə əlaqədar Təqsirləndirilən şəxs tələbi yoxdur. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, verilən məlumata əsasən hadisə baş verən ərazidə müəyyən olunmuş surət həddi 90 km/saatdır. Hadisə zamanı 70 km/saat surətlə hərəkət edildiyi göstərilmişdir. Sürücünün diqqəti yolun daim dəyişən hərəkət hissəsindən yayınmamalı idi. Qarşıda hansısa maneə varsa, tədbir görməli, yəni yan məsafə saxlayıb keçməli, bu mümkün deyilsə dayanmalı idi. Burada sürücü üçün təhlükə yoxdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbində göstərilir ki, digər hərəkət iştirakçısı üçün təhlükə yaradılmamalıdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, sürücünün yolda olan maneəni nə qədər məsafədən, hansı vaxtda görməli olduğu müəyyən olunmayıb. Hadisəninin mexanizmi baxımından sürücü görünüşü məhdudlaşdıran obyektin arxasından çıxmayıb. Materialdan görünür ki, hadisə baş verən vaxt yolun hərəkət hissəsi quru, düz, asfalt örtüklüdür, əks istiqamətli yol axını ayrı zolaqlarla ayrılır, yolun hərəkət hissəsinin eni 16 metr olmaqla, 4 hərəkət zolaqları vardır. Avtomobil sürücüsünün yolda uzanmış maneəni hansı məsafədə görməli olduğu müəyyən olunmayıb. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış, iş icraata qəbul edilmişdir (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə Bakı şəhəri, H.Əliyev prospekti, Suraxanı rayonu, Bülbülə qəsəbəsindən keçən 25-ci kilometrliyində baş vermişdir. Hadisə baş verən yol asfalt-beton örtüklüdür, örtüyün vəziyyəti qurudur, örtüyünün eni 16,5 metr olmaqla, 4 hərəkət zolağından ibarətdir, zolaqların eni 4 metrdir, hərəkət hissənin eni 16 metrdir. Hərəkətin nizamlama üsulu ümumi qaydadadır. Yol nişan zonası hərəkət zolağı daxilindədir. Yol işıqlandırılır. Bir nəfər piyada vurulmuşdur. Piyadanın hadisədən əvvəlki hərəkət istiqaməti: sağdan sola keçib yıxılmışdır. xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, H.Əliyev prospektinin Suraxanı rayonu Bülbülə qəsəbəsindən keçən 25-ci kilometrliyində keçən hissəsində şəhərin mərkəzi istiqamətində çoxzolaqlı yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan “Toyota Prius” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət zolağında bir müddət əvvəl yıxılmış piyada 55-60 yaşlarında kişi cinsindən olan şəxsiyyəti məlum olmayan şəxsi asfalt üzərində uzandıq vəziyyətdə görməmiş, hərəkəti davam etdirərək piyadanın üstündən keçib getmişdir. Həmçinin avtomobil ilə vurulması və asfalt üzərində yolun oxuna paralel olaraq, başı hərəkət istiqamətində uzanmış vəziyyətdə aşkar edilmiş kişi meyitinin sürtünmə üçün xarakterik bədən xəsarətləri və paltarlarının cırılmış zədələri müşahidə olunmuşdur. Meyitin sol ayaqqabısı uzandığı yerdən 4 metr qabaqda düşmüşdür. Meyitin uzandığı yerdən arxada asfalt üzərində sürtünmə üçün xarakterik qanlı izlər müşahidə olunur, meyitin sifətində, başında qanaxma ilə müşaiyət olunan xəsarətlər, uzandığı yerdə başı altında asfalın üstündə qan yığılmışdır. Hadisə yerində yolun sağ kənarında qövsvari formalı, tünd göyümtül-bənövşəyi rəngli, ölçülərinə və formasına görə minik avtomobilinin təkərüstü qanadının alt hissəsinə bənzər plastik əşya parçası düşüb qalmışdır. Meyitin üstündə “Kapital Bank”ın üzərində “DOST kart 4169 7416 7626 1314 MR. NARİMAN JAFAROV VİSA” yazıları olan plastik bank kartı aşkar edilmişdir. (i.v. 3-14); nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, Şahid2 tərəfindən “Toyota Prius” markalı, **-DG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə etmək üçün Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək etibarnamə verilmişdir (i.v. 29); şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2023-cü il tarixdə saat 18:30 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində göstərilən cinayət əməlini törətməsində şübhəli olduğundan tutulmuşdur (i.v. 38); baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Toyota Prius” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil qara rəngli, üstündə “AZ ** DG ***” dövlət qeydiyyat nişanları qabaq və arxa tərəflərdən müvafiq standarta uyğun olaraq qurulmuşdur. Avtomobili sağ yan tərəfində ağ boya ilə yazılmış “YANGO 30% İlk 3 gedişə endirim 593”, sol tərəfdən “YANGO 30% İlk 3 gedişə endirim” məzmunlu reklam yazısı vardır. Avtomobilin bütün təkərləri yerində, havalı və zədəsizdir. Avtomobilin qabaq buferinin sağ tərəfinin alt kənarının küncə yaxın hissəsində, sol kənarında çat şəkilli sınıqlar, buferin aşağı kənarı boyu, eləcə də qabaq tərəfdəki qeydiyyat nişanlarının səthində sürtünmə xarakterli izlər müşahidə olunur. Nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair fotoşəkillər protokola əlavə edilmişdir (i.v. 51-55); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 8/3226 saylı yol-nəqliyyat hadisələri ekspertizasına dair rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Toyota Prius” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 58-61); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin həmin maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v 62-63); cinayət prosesi iştirakçısının vəsatətinə baxılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsinin baş verdiyi şəraitdə yolda piyadanı görmədən üstündən keçməsi, bu zaman maneənin üstündən keçməsini hiss etsə də, yolda insan olduğunu bilməməsi barədə gətirdiyi dəlillər özünümüdafiə xarakteri daşıdığından tənqidi qiymətləndirilmiş və onun təqsirini təsdiq edən sübutlarla tam təkzib olunduğundan rədd edilmişdir (i.v 77-78); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-416/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəlinin 28 oktyabr 2023-cü il tarixdən, saat 18:30-dan hesablanması qərara alınmışdır (i.v 86-91); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polisi İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası DİN-in BDYPİ Qİİ tərəfindən “B” dərəcəli, SV:AD050478 seriyalı sürücülük vəsiqəsi verilmişdir, xx.xx.2025-ci il tarixədək etibarlılıq müddəti vardır. Sürücü Təqsirləndirilən şəxs adı sürücülük hüququndan məhrum edilmiş şəxslərin siyahısında yoxdur (i.v. 102); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polisi İdarəsi 32-ci Polis Bölməsindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ********* nömrəli cinayət işi üzrə hadisə nəticəsində xəsarət alıb ölmüş kişi xx.xx.1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxsdur. Keçirilmiş tədbirlərə baxmayaraq Zərərçəkmiş şəxs faktiki olaraq hansı ünvanda yaşaması və yaxınları barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Qərəzsiz mənbədən daxil olmuş məlumatlara əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tənha və tüfeyli həyat tərzi keçirmişdir (i.v. 103); zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 Nəriman Rəcəb oğlunun hüquqi varisi qismində tanınmışdır (i.v. 108-109); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” Publik Hüquqi şəxsin Suraxanı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 140 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: 1. Baş beyin maddəsinə, mədəciklərinə və qişalarına qansızma. Baş beyinin əzilməsi. Sağ və sol gicgah sümüklərinin qapalı sınıqları. Burun sümüyünün, almacıq, əng və çənə sümüklərinin qapalı sınıqları. Ağciyərin əzilməsi. Sağda və solda qabırğaların çoxsaylı sınıqları. Sağ bud sümüyünün qapalı sınığı. Başın alın nahiyəsinin, burunun, yuxarı və aşağı ətrafların, gövdənin ön və arxa səthinin çoxsaylı sıyrıqları. Sol gözyuvası ətrafı nahiyənin hematoması. Başın alın nahiyəsinin, hər iki qaş qövsü nahiyəsinin və burun nahiyəsinin əzilmiş tikilmiş yaraları. Qeyd olunan xəsarətlər həyatidirlər. Xəsarətlərdə baş beyin maddəsinə, mədəciklərinə və qişalarına qansızma. Baş beyinin əzilməsi. Sağ və sol gicgah sümüklərinin qapalı sınıqları. Burun sümüyünün, almacıq, əng və çənə sümüklərinin qapalı sınıqları. Ağciyərin əzilməsi. Sağda və solda qabırğaların çoxsaylı sınıqları. Sağ bud sümüyünün qapalı sınığı. Başın alın nahiyəsinin, burunun, yuxarı və aşağı ətrafların, gövdənin ön və arxa səthinin çoxsaylı sıyrıqları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcə də qərarda göstərilən yol-nəqliyyat hadisəsi şəraitində yəni az əvvəl yol örtüyünə yıxılmış piyadanın üstündən keçməsi nəticəsində törənə bilərdi. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Digər xəsarətlərdən sol gözyuvası ətrafı nahiyənin hematoması, başın alın nahiyəsinin, hər iki qaş qövsü nahiyəsinin və burun nahiyəsinin əzilmiş tikilmiş yaraları isə mərhumun ekspertizada müayinəsindən 4-7 sutka əvvəl bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik olmaqla, onun ğlümü ilə səbəbli əlaqəli deyildir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd edilən xəsarətlər fonunda gicgah sümüklərinin qapalı sınıqları ilə müşaiyət olunan baş beyinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 10-12 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, noksiron, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (Əsas: xx.xx.2023-cü il tarixli 3909/K №-li akt) (i.v. 113-117); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 118); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin istintaqı zamanı toplanmış sübutların məcmusu-cinayət işi başlananadək toplanmış materiallar, hadisə yerinə, avtomobilə, videoməlumatlara baxış protokolları, şahidlərin, şübhəli şəxsin, təsirləndirilən şəxsin ifadələri, məhkəmə-tibbi, məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri iş üzrə sübut kimi qiymətləndirilmiş və Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət qədər hesab edilmişdir. Aparılmış istintaqın nəticələri nəzərə alınmaqla Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə qərarda göstərilən məzmunda ittiham elan edilməsi barədə qərar qəbul edilməsi; Daxili İşlər Nazirliyinin Növbətçi hissələri idarəetmə xidmətinin xx.xx.2022-ci il tarixli, 003-18816-1222№-li məktubu ilə daxil olmuş, hadisə yerində 72№-li videomüşahidə kamerası ilə qeydə alınmış videotəsvirlərin yazıldığı bir ədəd CD diskin sübut əhəmiyyətli məlumatların elektron daşıyıcısı kimi maddi sübut kimi tanınması və cinayət işində saxlanılması; məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 140 nömrəli, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/3226 nömrəli rəyləri işin faktiki hallarını təsdiq edən sübut növü kimi qiymətləndirilməsi; Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulandan sonra Zərərçəkmiş şəxs yanından keçmiş “Kamaz” markalı, **-TY-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin sürücüsü X4 və hadisə yerindən keçmiş digər nəqliyyat vasitələrinin sürücülərinin əməllərində cinayət tərkibi olmadığına görə barələrində cinayət işi başlanmasının rədd edilməsi; Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilməməsi, hadisə zamanı piyadanı görməməsinə dair gətirdiyi vəsatət xarakterli dəlillərin əsassız kimi rədd edilməsi qərara alınmışdır (i.v 119-126); təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs olunun ifadəsi hadisə yerində yoxlanılmış, bu barədə fotoşəkillər protokola əlavə edilmişdir (i.v 133-136); təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən CM-nin həmin maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v 137- 139); Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs ilə X10 arasında xx.xx.1990-cı ildə Belarusiya Respublikasının Borisov şəhər qeydiyyat şöbəsində bağlanmış nikahının pozulmasının xx.xx.1991-ci ildə Naxçıvan şəhər qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs yenidən X10 ilə xx.xx.1991-ci ildə Sabunçu rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. xx.xx.2021-ci ildə vəfat etmiş Naidə Cəfərovanın ölümü xx.xx.2021-ci ildə Xəzər rayon qeydiyyat şöbəsində, xx.xx.2023-cü ildə vəfat etmiş Zərərçəkmiş şəxs ölümü isə xx.xx.2024-cü ildə Naxçıvan “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində qeydə alınmışdır. zərərçəkmiş şəxsin hüquqi varisi vəkil X5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməsi nəticəsində Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə bağlı heç bir tələbi və mülki iddiası yoxdur və bundan sonra olmayacaq; Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Babayev X7 rayonu, İslam Abışov küçəsi, ev 16, 24 saylı mənzildə qeydiyyatdadır; “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemində olan Təqsirləndirilən şəxs qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs iki uşağı vardır – xx.xx.2004-cü il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X11. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 264-cü maddəsinə əsasən, bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində döngədə olduğundan yolda olan maneəni görməməsi, əgər düz yolda olsaydı maneəni görə biləcəyi barədə bildirdiklərinə işdəki mötəbər sübutlara istinadən hüquqi qiymət verməklə hesab edir ki, bu xüsusat üzrə həmin ifadələrdə göstərilənlər həqiqətə uyğun olmamaqla özünümüdafiə kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdən görünür ki, ortası paralel ağ xətlərlə ayrılan, eyni istiqamətdə dörd hərəkət zolağı olan yolun sağ kənarındakı səki boyu keçən maneəni keçən piyada kişi səkiyə çıxır və bir neçə addım nəqliyyatın hərəkəti istiqamətində keçir və yolun hərəkətinə çıxaraq sağ hərəkət zolağın ortasındakı hərəkətin istiqamətini göstərən ox şəkilli üfüqi nişanlama işarəsinə çatanda fraqmentin 9-cu saniyəsində asfaltın üstünə yıxılır və orada yerini və vəziyyətini dəyişmədən qaldığı müddətə fraqmentin 17-ci saniyəsində həmin hərəkət zolağı ilə piyadanın olduğu yerə yaxınlaşan kiçik tonnajlı yük avtomobili sola istiqamətlənərək piyadanın yanından keçib getdiyi halda, olduğu vəziyyətdə və yerdə qalmaqda davam edən piyadanın müşahidə olunduğu zolaqla hərəkətdə olan qaramtıl rəngli minik avtomobili hərəkət zolağının ortası ilə hərəkətinin davam etdirərək, sürətini və istiqamətini dəyişmədən fraqmentin 28-ci saniyəsində piyadanın üstündən keçib gedir, həmin vaxt avtomobilin üfüqi səthi olan düz yolda maneə kimi olan piyadanın üstündən keçərkən avtomobilin silkələnməsi müşahidə olunur, Görüntünün 38-ci saniyəsində həmin zolaqla piyadanın olduğu yerə yaxınlaşan böyük yük avtomobili piyadaya çatanda sola istiqamələnərək piyadanın yanında keçib gedir, avtomobil keçəndən sonra piyadanın yeri və vəziyyəti dəyişmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, himayəsində bir azyaşlı uşağı olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza ilə yanaşı əsas cəza qismində azadlıqdan məhrum etmə növündə cəza, həmin Məcəllənin 264-cü maddəsi ilə isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza ilə yanaşı əsas cəza qismində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə, təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanını iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla, həmin əsas və əlavə cəzalar qismən toplanmalı və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-416/2023 nömrəli iş üzrə 30 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 28 oktyabr 2023-cü ildən hesablanmaqla 03 (üç) ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 1(010)-164/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində «həbs» növündə qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 85 (səksən beş) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təyin edilmiş, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs 28 oktyabr 2023-cü il tarixdən – 24 yanvar 2024-cü il tarixləri üzrə həbsdə və 24 yanvar 2024-cü ildən 27 may 2024-cü ilədək ev dustaqlığında saxlanıldığı 06 (altı) ay 29 (iyirmi doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 05 (beş) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 25 (iyirmi beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 150 (yüz əlli) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar