Məhkəmə qərarları › İş №1(010)-165/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-165/2024

14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-165/2024 14.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X10 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 22 dekabr 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 dekabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən beş manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,169 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 22 dekabr 2022-ci il tarixdə saat 15:15 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tərbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3da yerləşən Suraxanı RPİ-nə gətirilmiş və inzibati binada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,169 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, narkotik maddələrdən istifadə edir. 22 dekabr 2022-ci il tarixdə təxminən saat 15 radələrində Faiq adlı qohumundan öz şəxsi istifadəsi üçün 5 manata bir büküm heroin almış və sonra istifadə etməyi üçün cibinə qoyub saxlamışdır. Həmin vaxt narkotik vasitə heroini aldığı qohumu Faiqlə birlikdə ünvan 5 ünvanının qarşısında Faiqin idarə etdiyi “Kia Picanto” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib söhbət edən zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və onların kim olmasını soruşmuşlar. Onlar da özlərini Təqsirləndirilən şəxs və Şahid4 kimi təqdim etmişlər. Polis əməkdaşları onların narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərlərində şəxsi axtarış keçirilməsi üçün yaxınlıqda olan Suraxanı RPİ-nə dəvət etmişlər və ikisi də razılaşıb Suraxanı RPİ-nə gəlmişlər. Polis İdarəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməsi təklif olunmuşdur. O da əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümü və əynindəki həmin şalvarın sağ yan cibindən bir ədəd “Katel” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş 01 ədəd büküm açılaraq içinə baxılmış və ondan həmin bükümün içərisində nə olması barədə soruşulmuşdur. O isə həmin 01 ədəd bükümün içərisində heroin olduğunu, heroini qohumu Faiq adlı şəxsdən öz şəxsi istifadəsi üçün 5 manata aldığını, aldığı həmin narkotik maddəni sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş bir ədəd büküm və mobil telefon götürülərək qablaşdırılmışdır. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş narkotik maddəni öz şəxsi istifadəsi üçün alıb əldə edərək üzərində saxlamışdır. O, heç vaxt narkotik maddəni kiməsə satmamış, pay verməmiş və ya kiməsə verəcəyi barədə vəd etməmişdir. Saxlanılan zaman və polis bölməsində olduğu zaman ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. Saxlanıldığı zaman yanında olan Faiqin üstündə və idarə etdiyi avtomobildə külli miqdarda narkotik maddə olmasından xəbəri olmamışdır. Sadəcə saxlanılmamışdan biraz əvvəl ondan öz şəxsi istifadəsi üçün 5 manat ödəməklə bir büküm narkotik vasitə heroin almışdır. O, nə Faiqlə, nə də başqa heç kimlə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik maddə satışı ilə məşğul olmamışdır. Daha sonra o, ifadəsində göstərmişdir ki, bundan əvvəl verdiyi ifadələrini təsdiq etmir. Belə ki, təxminən 9 ilə yaxındır ki, narkotik vasitə heroindən çəkmək yolu ilə istifadə edir. Lakin son bir neçə aydır ki, artıq narkotik maddə istifadə etmir. O, narkotik maddəni Bakı şəhərində müxtəlif şəxslərdən alıb istifadə etmişdir. 22 dekabr 2022-ci il tarixdə təxminən saat 15 radələrində Əmircan qəsəbəsində tanımadığı şəxsdən 5 manata bir ədəd bükümdə narkotik vasitə heroin almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. Biraz sonra qohumu Faiqlə birlikdə ünvan 5 ünvanının qarşısında Faiqin idarə etdiyi “Kia Picanto” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib söhbət edən zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və şəxsiyyətləri barədə soruşmuşlar. Onlar da özlərini Təqsirləndirilən şəxs və Şahid4 kimi təqdim etmişlər. Onlara narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək üzərlərində şəxsi axtarış keçirilməsi üçün yaxınlıqda olan Suraxanı RPİ-nə dəvət etmişlər və ikisi də razılaşıb Suraxanı RPİ-nə gəlmişlər. Suraxanı RPİ-də otaqların birində ondan şifahi olaraq narkotik vasitə istifadə edib-etməməyi və üzərində narkotik maddə olub-olmaması barədə sual vermişlər. O da üzərində narkotik vasitə heroin olduğunu və öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən alıb əldə etdiyini bildirmişdir. Polis əməkdaşları ona həmin narkotik maddəni qohumu Faiqdən aldığını deməyini istəmişlər. O, əvvəlcə buna razı olmasa da, sonradan polis əməkdaşları ona fiziki və psixoloji təzyiqlər göstərdiyinə görə məcbur qalıb razılaşmışdır. Bundan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O isə əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümü və əynindəki həmin şalvarın sağ yan cibindən bir ədəd “Katel” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş 01 ədəd büküm açılaraq içinə baxılmış və ondan həmin bükümün içərisində nə olması barədə soruşulmuşdur. O da həmin bir ədəd bükümün içərisində heroin olduğunu, onu qohumu Faiq adlı şəxsdən öz şəxsi istifadəsi üçün beş manata aldığını, aldığı həmin narkotik maddəni sonra istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş bir ədəd büküm və mobil telefon götürülərək qablaşdırılmışdır. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. Lakin bir daha bildirmişdir ki, əsl həqiqətdə üzərindən aşkar edilmiş narkotik vasitə heroini qohumu Faiqdən deyil, başqa şəxsdən öz şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşlarının təzyiq və təsirindən sonra qorxub narkotik maddəni Faqidən aldığını demişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş narkotik maddəni öz şəxsi istifadəsi üçün alıb əldə edərək üzərində saxlamışdır. Heç vaxt narkotik maddəni kiməsə satmamış, pay verməmiş və ya kiməsə verəcəyi barədə vəd etməmişdir. O, Suraxanı RPİ-də olduğu zaman üzərindən aşkar edilmiş narkotik vasitə heroini qohumu Faiqdən almağını deməyi üçün polis əməkdaşları ona fiziki və psixi təsir göstərmişlər. O, polislərdən qorxduğu üçün və yalan ifadə verdiyinə görə məsuliyyətinin ağırlaşa biləcəyini nəzərə alıb bu barədə məlumat verməmişdir. Onun Faiqin üstündə və idarə etdiyi avtomobildə külli miqdarda narkotik maddə olmasından xəbəri olmamışdır. Eləcə də, Faiqin onun üzərində narkotik vasitə olmasından heç bir məlumatı olmamışdır. Nə Faiqlə, nə də başqa heç kimlə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik maddə satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqında isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 dekabr 2022-ci il tarixdə, saat on beş radələrində tanımadığı şəxsdən özünün istifadəsi üçün beş manata bir büküm heroin alıb cibinə qoymuşdur ki, istəyəndə istifadə etsin. Narkotik maddəni aldıqdan sonra əmisi oğlu Faiqin yanına getmiş və onunla birlikdə idarə etdiyi “Kia Picanto” markalı avtomaşına əyləşib söhbət etməyə başlamışlar. Bu zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları onları Suraxanı RPİ-nə dəvət etdiklərindən onlar razılaşıb polis əməkdaşları ilə birlikdə getmişlər. Məhkəmə iclasında verilən sualara cavab olaraq bildirmişdir ki, əmisi oğlu Faiqin yanına onun avtomaşınında nasazlıq olduğundan getmişdir ki, ona köməklik etsin. O, heç vaxt əmisi oğlu Faiqlə birlikdə narkotik vasitə istifadə etməmişdir. Həmin narkotik vasitəni o, Faiqdən almamışdır. Polislərin təzyiqi altında o, narkotik vasitənin Faiq tərəfindən ona satıldığını bildirmişdir. Əslində isə həmin narkotik vasitəni o, tanımadığı şəxsdən almışdır. Onu Anar adlı polis əməkdaşı döymüşdür. O özü doqquz ildir ki, narkotik vasitə qəbul edir. Narkotik vasitəni bir gündən bir istifadə edir. Narkotik vasitəni, əsəsən, Əmircan qəsəbəsindən alır. Onun üzərində olan narkotik vasitənin miqdarı çox az olmuşdur. Axırıncı dəfə 0,12 qram narkotik vasitəni tanımadığı şəxsdən beş manata almışdır. 1,169 qram narkotik vasitənin qiyməti 50-60 manatdır. O, tutulanda aldığı narkotik vasitəni əlində saxlamış, maşınla gedərkən kənara tullamışdır. İdarədə narkotik vasitəni cibinə qoymuşlar. Təqsirləndirilən şəxs son sözündə iki ildir narkotik vasitə istifadə etmədiyini, əməlindən peşman olduğunu bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri BPİ-nin Cinayət Axtarış idarəsində əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsi daşıyır. 22 dekabr 2022-ci il tarixdə xx.xx.1986-cı il təvəllüdlü, ünvan 6 ünvanda qeydiyyatda olan, ünvan 7a yaşayan Şahid4 və xx.xx.1985-ci il təvəllüdlü, ünvan 8 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, daşınması və satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 15:15-də ünvan 2 ünvanının qarşısında xarici əlamətlərindən yuxarıda adları çəkilən şəxslərə bənzəyən şəxslərə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra onlardan özlərini təqdim etmələrini tələb etmişlər və həmin şəxslər də özlərini Şahid4 və Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlara narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərlərinə şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onları Suraxanı RPİ-nə dəvət etmişlər. Şahid4 və Təqsirləndirilən şəxs də razı olaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Təqsirləndirilən şəxs Suraxanı RPİ-də xidməti otaqların birinə dəvət edilərək hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və həmin şalvarın sağ yan cibindən bir ədəd “Katel” markalı mobil telefon aparatını çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bükümün içində nə olduğu, həmin bükümü kimdən, nə zaman və nə məqsədlə əldə etdiyi soruşulduqda o, həmin bükümün içində olan maddənin kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin heroini qohumu Şahid4 beş manat müqabilində öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin bir ədəd büküm və mobil telefon ayrılıqda kağız zərfə qoyulub qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imza edilmişdir. Axırda isə bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Şahid4 idarə etdiyi “Kia Picanto” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinin zəruri olduğu bildirilərək bununla bağlı etirazının olub-olmadığı soruşulmuşdur. Şahid4 də heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Şahid4, onun müdafiəçisinin, eləcə də, onun, Suraxanı RPİ-nin NMB-nin rəisi, polis mayoru Şahid3 və Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə Suraxanı RPİ-nin dayanacağında “Kia Picanto” markalı, **- BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin əlcək qutusunun içindən 04 ədəd büküm və avtomobilin arxa yük hissəsinin altından 01 ədəd bağlama aşkar edilmişdir. Sorğu zamanı Şahid4 həmin 04 ədəd bükümün içərisində və 01 ədəd bağlamanın içində olan maddələrin də narkotik vasitə heroin olduğunu, həmin narkotik maddələri də İİR-nın vərtəndaşı olan tanımadığı şəxsdən bir qramını 25 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Həmin 04 ədəd büküm və 01 ədəd bağlama kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imza edilmişdir. Axırda isə bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Yasamal RPİ-nin NMB-nin rəisi vəzifəsində çalışır və polis mayoru xüsusi rütbəsi daşıyır. Bundan əvvəl Suraxanı RPİ-nin NMB-nin rəisi vəzifəsində çalışmışdır. 22 dekabr 2022-ci il tarixdə Şahid4 və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, daşınması və satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş və həmin şəxslər barəsində əməliyyat-axtarış tədbirləri keçirilərək saxlanılaraq Suraxanı RPİ-nə gətirilmələri təmin edilmişdir. Onların üzərlərində baxış keçirildikdən sonra onun, Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis baş leytenantı Şahid1 iştirakı ilə Şahid4 idarə etdiyi “Kia Picanto” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Əvvəlcə Şahid4 idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş, o da etirazının olmadığını bildirmişdir. Bundan sonra Şahid4 və onun müdafiəçisinin iştirakı ilə Suraxanı RPİ-nin dayanacağında “Kia Picanto” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin əlcək qutusunun içindən 04 ədəd büküm və avtomobilin arxa yük hissəsinin altından 01 ədəd bağlama aşkar edilmişdir. Sorğu zamanı Şahid4 həmin 04 ədəd bükümün içərisində və 01 ədəd bağlamanın içində olan maddələrin narkotik vasitə heroin olduğunu, həmin narkotik maddələri də İİR-nın vətəndaşı olan tanımadığı şəxsdən bir qramını 25 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Həmin 04 ədəd büküm və 01 ədəd bağlama kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imza edilmişdir. Axırda isə bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. Samirlə qohumluq münasibətlərindən başqa aralarında işbirliyi və s. olmamışdır. O, CM-nin 234.4.3-cü maddəsi lə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O və Samir ayrıayrılıqda tutulmuşdur, belə ki, maşında o tək olmuşdur, Samir maşından kənarda olmuşdur. O, Samirə heç vaxt narkotik vasitə satmayıb. O, Samirin narkotik vasitə istifadə etdiyini, narkotik vasitəni kimdən aldığını bilməyib. Samir istintaqda döyüldüyündən ilk ifadəsində demişdir ki, guya narkotik vasitəni ondan almışdır, ikinci ifadəsində ondan almadığını, öz istifadəsi üçün kimdənsə aldığını bildirmişdir. Ona da, Samirə də polis əməkdaşları tərəfindən təyziqlər olmuşdur. Digər şahid Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid4 barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild İ, i.v. 1); şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2022-ci il tarixdə, saat 15:15-də şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitəyə bənzər maddə və həmin şalvarın sağ yan cibindən 1 ədəd “Katel” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümün içindəki narkotik vasitə sayılan heroini (kakos) qohumu Faiq adlı şəxsdən 5 manata öz istifadəsi üçün aldığını bildirmişdir (cild İ, i.v. 33-34); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild İ, i.v. 125; cild İİ, 153-164); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli, 6/7133 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №45” dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,169 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və Şahid4 aşkar edilmiş bir ədəd heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkibinə görə eynilik təşkil edir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 1,169 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 1,119 qram. (cild İ, i.v. 85-90); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild İ, i.v. 113-114); vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə olunmasından imtina edilməsi, Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır (cild İ, i.v. 152-153); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (cild İ, i.v. 154-155); mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş 01 ədəd “Katel” markalı mobil telefona baxış keçirilmiş, həmin mobil telefonun üzərində mobil nömrə və ya iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat və ya yazışma aşkar edilməmişdir (cild İ, i.v. 172); xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmişdir (cild İ, i.v. 193-196); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild İ, i.v. 197); ibtidai istintaq müddətinin uzadılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay – 06 ayadək, yəni 23 iyun 2023-cü il tarixədək uzadılmışdır (cild İ, i.v. 206-207); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 1986 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild İ, i.v. 241-242); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 939 №-li rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild İ, i.v. 247-248); Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1636/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şahid4 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna qaytarılması; Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməməsi qərara alınmışdır (cild İİ, i.v. 102- 112); cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsindən ötrü Suraxanı RPİ-nin İŞ-də icraata qəbul edilmişdir (cild İİ, i.v. 120-121); cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Şahid4 barəsində ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır (cild İİ, i.v. 123-125); təqsirləndirilən şəxsin qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməsi və eyni zamanda cinayət işinin icraatının dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və eyni zamanda cinayət işinin icraatı dayandırılmışdır (cild İİ, i.v. 126-128); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (cild İİ, i.v. 132-133); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs və şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, şəxsi axtarış və götürmə protokolu, diskə baxış protokolu, üzləşdirmə protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 6/7133 saylı 23 dekabr 2022-ci il tarixli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsin verdiyi 07 aprel 2023-cü il tarixli 1986 saylı rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 hüquqi şəxsin verdiyi 939 saylı 10 aprel 2023-cü il tarixli rəyi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut qismində qiymətləndirilməsi; Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış ümumilikdə 1,169 qram narkotik vasitə heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınması və ekspertiza tədqiqatından sonrakı qalıq 1,119 qram narkotik vasitə heroinin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra maddi sübutun taleyi ilə bağlı məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi; istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün istintaq sənədi kimi sübut qismində tanınması qərara alınmışdır (cild İİ, i.v. 153-164); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur (cild İİ, i.v. 167-168); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 4 nömrəli Vərəm Əleyhinə dispanserdə qeydiyyatdadır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 04 mart 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması və döyülməsi faktı ilə bağlı əvvəllər araşdırılma aparılıb-aparılmaması barədə məhkəməyə məlumat verilməsi üçün Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudova sorğu göndərilmişdir. Həmin sorğuya verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə rayon prokurorluğuna müraciəti daxil olmadığından ilkin yoxlama materialı araşdırılmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 22 aprel 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması və döyülməsi faktı ilə bağlı verdiyi məlumatların tam, hərtərəfli və obyektiv araşdırılması və araşdırmanın nəticəsi barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudova sorğu göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru Elvin Bəşirli tərəfindən məhkəmənin müraciəti əsasında material üzrə araşdırma aparılaraq, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq etmələri müəyyən edilməmiş və material üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, xüsusən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, iş materiallarında olan digər sübutlar, habelə şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən təqsirləndirildiyi cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X9 görə təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. X7 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı ilkin ifadəsində tam etiraf etsə də, sonradan həmin ifadəsini təsdiq etməmiş, məhkəmə istintaqı zamanı isə özünü qismən təqsirli bilmiş, polis əməkdaşlarının onu döydüyünü, üzərinə baxış keçirilən vaxt onun üzərində qanunsuz heç bir əşya olmadığını, çünki üzərində olan narkotiki maşında olarkən kənara atdığını, idarədə narkotik vasitənin cibinə qoyulduğunu, narkotik maddəni Faiqdən yox, tanımadığı şəxsdən aldığını bildirmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, Suraxanı RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq etmələri müəyyən edilmədiyi üçün Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd olunması barədə 28 avqust 2024-cü il tarixdə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru Elvin Bəşirli tərəfindən qərar qəbul edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə qeyd etdiyi xüsusatlarla əlaqədar hər hansı hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında şikayət etməmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən də aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi görünür. Belə ki, məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitəyə bənzər maddə və həmin şalvarın sağ yan cibindən bir ədəd “Katel” markalı mobil telefonun aşkar edilərək götürülməsi, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümün içindəki narkotik vasitə sayılan heroini (kakos) qohumu Faiq adlı şəxsdən beş manata öz istifadəsi üçün aldığını bildirməsi, sonra onun üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarışın davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi, bundan sonra aşkar edilmiş həmin bir ədəd bükümün götürülərək qablaşdırılıb üzərinin imzalarla təsdiq olunması müəyyən edilmişdir. Həmin videoçəkilişdə polis əməkdaşlarının onu döyməsi, üzərinə baxış keçirilən vaxt onun üzərində qanunsuz heç bir əşya olmaması, çünki üzərində olan narkotiki maşında olarkən kənara atması, idarədə narkotik vasitənin cibinə qoyulması ilə bağlı heç bir ifadə bildirməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı psixi və fiziki zorakılıq tətbiq edilməmiş, bədəni üzərində hər hansı xəsarət olması müəyyən edilməmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsindəki hallara istinad edilməklə qurulmuş müdafiəsi cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Buna görə də, onun məhkəmə iclasında verdiyi ifadəsini sübut növü kimi qiymətləndirmir, əksinə ibtidai istintaq zamanı verdiyi ikin ifadəsini sübut növü qismində qiymətləndirir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahıya əsasən təmiz çəkisi 1,169 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5- 1, 197.1.5-2, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, tutulduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), cəza çəkmə müddətinin əvvəli 14 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, məhkəmə iclas zalından həbsə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 65 (altmış beş) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 dekabr 2022-ci il tarixdən 24 dekabr 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlıqdan məhrumetmə cəzası ona təyin edilmiş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Suraxanı RPİ-nin saxlancına verilmiş 1,119 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar