Məhkəmə qərarları › İş №1(010)-167/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-167/2022

04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-167/2022 04.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, nömrəsiz evdə yaşayan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 avqust 2016-cı ildə cəzasının sonu ilə azad olunmuş, 25 – 27 noyabr 2021-ci il tarixləri üzrə tutulmuş, 27 noyabr 2021-ci ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,771 qram çəkidə narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi və narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən 25 noyabr 2021-ci ildə saat 21:10-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Dədə-Qorqud qəsəbəsi, elektrik yarımstansiyasının yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərini keçirən zaman əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,771 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 25 noyabr 2021-ci il tarixdə günorta saatlarında Suraxanı rayonu, Bahar qəsəbəsində tanımadığı şəxsdən 20 manat ödəməklə 01 ədəd bükümdə «kakos» kimi tanıdığı narkotik vasitə heroin almış və sonradan istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin gün saat 21:10-da Bakı şəhəri, Suraxanı rayonu, Dədə-Qorqud qəsəbəsində elektrik yarımstansiyasının yaxınlığında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması üçün Suraxanı Rayon Polis İdarəsinə dəvət etdilər. O, da razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinə gəlmişdir. Polis idarəsində ona hüquq və vəzifələri izah olundu və ona dövlət hesabına müdafiəçi dəvət edildi. Sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirdilər. O, da buna etiraz etmədi. Polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirdilər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildi. O, isə əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd bükümü çıxarıb təqdim etdi. Polis əməkdaşları ondan həmin 01 ədəd bükümün içərisində nə olmasını, nə vaxt, kimdən, hansı yolla əldə etdiyini, nə məqsədlə üzərində saxladığını soruşdular və o, da həmin 01 ədəd bükümün içərisində «kokos» kimi tanıdığı narkotik maddə olduğunu, 25 noyabr 2021-ci il tarixdə Bahar qəsəbəsində tanımadığı şəxsdən 20 manat ödəməklə öz istifadəsi üçün alıb əldə etdiyini və üzərində gəzdirdiyini bildirdi. Həmin 01 ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırıldı, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirildi. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 25 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələri qanunsuz saxlaması, istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oldu və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradıldı. Bundan sonra həmin gün saat 21:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Dədə-Qorqud qəsəbəsində yerləşən elektrik yarımstansiyasının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etdilər və xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdilər. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim etməsini istədilər və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etdi. Ona narkotik maddələrin istifadəsi, üzərində saxlanılması və satışında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı Rayon Polis İdarəsinə dəvət etdilər. Təqsirləndirilən şəxs razı olaraq onlarla birlikdə polis idarəsinə gəldi. Polis idarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edildi. Daha sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirildi. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olundu. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd büküm çıxarıb təqdim etdi. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşuldu. Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və onu Bahar qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manat ödəməklə öz istifadəsi üçün alıb üzərində saxladığını bildirdi. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırıldı. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirildi və qanunsuz hər hansı bir başqa əşya və ya predmet aşkar edilmədi. Bundan sonra şəxsi axtarış keçirilməsinin nəticəsinə dair protokol tərtib edildi, həmin protokol ucadan oxundu, hər hansı əlavə və ya düzəliş daxil olmadı və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olundu. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış sənədlər, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. 26 noyabr 2021-ci il tarixli 6/5249 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd büküm” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,771 qr açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına daxildir. 21 fevral 2022-ci il tarixli 860 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 avqust 2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Bu Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,721 qr təşkil edən maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 – 27 noyabr 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 iyul 2022-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,721 qr təşkil edən maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar