Məhkəmə qərarları › İş №1(010)-167/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-167/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-167/2025 10.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, 30 iyul – 01 avqust 2024-cü il tarixləri üzrə tutulmuş, 01 avqust 2024-cü ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin qərara əsasən 26 fevral 2025ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,435 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 30 iyul 2024-cü il tarixdə saat 18:10 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, nömrəsiz evin yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,435 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 iyul 2024-cü il tarixdə Əhmədli qəsəbəsinə gedərək, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi tapıb həmin şəxsə 10 manat verərək, öz istifadəsi üçün bir büküm psixotrop maddə olan metamfetamin alaraq üzərində saxlamışdır. 30 iyul 2024-cü il tarixdə təxminən saat 18:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun kim olmağı barədə soruşmuşlar. O, da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu yaxınlıqda olan Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər və o, da razılaşıb 30-cu polis şöbəsinə gəlmişdir. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan göy rəngli idman şalvarın sol yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Aşkar edilmiş 01 ədəd büküm açılaraq içinə baxılmış və ondan həmin bükümün içərisində nə olması barədə soruşulmuşdur. O, da həmin 01 ədəd bükümün içərisində şüşə olduğunu və 28 iyul 2024-cü il tarixdə Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş bir ədəd büküm götürülərək qablaşdırılmışdır. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşman olmasını nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru vəzifəsində xidmət edir. 30 iyul 2024-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsinin yaxınlığında olması, üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra digər polis əməkdaşı Şahid1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsinin yaxınlığına getmişlər. Həmin vaxtı saat 18:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsinin yaxınlığında olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gəlmişdir. Bundan sonra onlar Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün bir bükümə bükülmüş psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynində olan idman şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə metamfetamini təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Onlar Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 28 iyul 2024-cü il tarixdə Əhmədli metrosunun yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata alıb özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o, da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, polis əməkdaşları Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş bir bükümü çıxarıb təqdim edərək bildirir ki, təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetamindir və metamfetamini Əhmədli metrosunun yaxınlığından 10 manata alaraq saxlayıb gəzdirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı heçnə aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2024cü il tarixli, 3-16-16/2-6/3909 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi olan “Ş/s Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,435 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,435 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq-0,385 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5310 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,435 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,385 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 26 fevral 2025-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPMin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunur ki, Qurbanov X1 Rayon Məhkəməsinin 1(010)-57/2022 nömrəli iş üzrə 01 dekabr 2022-ci il tarixli hökmünə əsasən 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 02 ay vaxtından əvvəl şərti azad olunmuş, 13 avqust 2023-cü ildə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 30 iyul – 01 avqust 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 26 fevral 2025-ci ildən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,385 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işindən müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 iyul – 01 avqust 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 26 fevral 2025-ci ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,385 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 (yetmiş iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar