Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-168/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, 31 oktyabr - 02 noyabr 2020-ci il tarixləri üzrə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qərarı ilə barəsində əvvəli 02 noyabr 2020-ci il tarixindən hesablanmaqla 30 yanvar 2021-ci il tarixinədək «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozduğuna görə Suraxanı Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «ev dustaqlığı» «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilmiş, göstərilən qərara əsasən 27 fevral 2021-ci ildə polis əməkdaşları tərəfindən tutularaq 02 mart 2021-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmiş və hazırda da istintaq təcridxanasına həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 oktyabr 2020-ci ildə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus olan, ünvan 2 ünvanında yerləşən evə qanunsuz daxil olaraq, oradan sonuncuya məxsus bir ədəd 6.000 manat dəyərində “Argon 18 Nitrogen” markalı, dəyişən sürətli, tam komplektli, istifadə olunmuş velosipedi, bir ədəd 50 manat dəyərində, üzərində Moon” yazısı olan istifadə olunmuş qoruyucu papağı (dəbilqə), bir cüt 40 manat dəyərində, üzərində “energycarboncomp” yazıları olan istifadə olunmuş velosiped üçün ayaqqabını, bir ədəd 90 manat dəyərində, 7 litr su tutumu olan istifadə olunmuş samovarı, 11 manat pul vəsaitini, habelə velosipedin 40 manat dəyərində olan ön və arxa işıqlarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 6.231 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, yaşadığı qəsəbənin ərazisindən oğurluq etmək məqsədilə 20 oktyabr 2020-ci ildə küçəyə çıxıb gəzməyə başlamışdır. Bu zaman işıqları yanmayan bir həyət evi görmüş, həmin evin həyətyanı sahəsinin ətrafına çəkilmiş hasara qalxaraq içəri boylanmış və əmin olmuşdur ki, evin işıqları da yanmır. Daha sonra ətrafa baxıb onu heç kəsin görmədiyini dəqiqləşdirdikdən sonra hasardan aşıb evin həyətyanı sahəsinə daxil olmuşdur. Evin plastik pəncərəsini bir dəmir alətlə açdıqdan sonra mətbəxinə daxil olmuş və otaqları axtarmağa başlamışdır. Bir ədəd samovar, bir ədəd papaq, bir cüt ayaqqabı götürüb elə evdən tapdığı kisəyə yığmış, sonra isə digər otaqları gəzməyə başlamışdır. Evin digər otağına daxil olduqda oradakı şüşəli şkafı açmış və oradan tapdığı 11 manat miqdarında pulu götürmüşdür. Daha sonra mənzilin digər otağına daxil olub çarpayının yanındakı masanın üzərindən velosipedə aid işıqları götürüb kisənin içinə qoymuşdur. Otaqdan çıxmaq istədiyi vaxt divara dayanmış vəziyyətdə olan velosiped görmüş və onu da götürüb evin giriş qapısına doğru getmişdir. Evə girən zaman tapdığı açarlar vasitəsi ilə qapını içəridən açaraq həyətə çıxmış, sonra evin qapısını bağlamış, həmin açarlar vasitəsi ilə həyətin qapısını da açaraq küçəyə çıxmış və qapısını bağlamışdır. Bundan sonra yaşadığı ünvanına gəlmiş, oğurladığı əşyalardan samovarı evin damına, velosipedi və ona aid əşyaları isə evin qarşısında yerləşən bağa qoymuşdur. Ertəsi gün samovarı qonşuluqda yaşayan Valeh adlı şəxsə 20 manata, iki ədəd işığı isə tanımadığı şəxsə 5 manata satmışdır. 31 oktyabr 2020-ci ildə polis əməkdaşları tərəfindən yaşadığı evin yaxınlığında saxlanılaraq polis bölməsinə gətirilmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. Zərərçəkmiş şəxsin məhkəmədə bildirdikləri ilə əlaqədar qeyd edir ki, oğurluq etdiyi vaxt mənzildən noutbuk götürməyib. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 3 ünvanında yaşayır. ünvan 4ə ona məxsusdur. Həmin evdə yaşamır, lakin mütəmadi olaraq ora gedib nəzarət edir. 20 oktyabr 2020-ci ildə də həmin evinə getmiş, hər şeyin qaydasında olduğunu görüb qayıtmışdır. Növbəti dəfə evinə 25 oktyabr 2020-ci ildə saat 15 radələrində gəlmiş, içəri daxil olduqda ittiham aktının nəticəvi hissəsində qeyd olunan əşyaların və pul vəsaitinin oğurlandığını aşkar etmişdir. Bununla əlaqədar 28 oktyabr 2020-ci ildə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gedərək müvafiq məzmunlu ərizə təqdim etmiş, daha sonra polis əməkdaşları gəlib evə baxış keçirmişlər. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, polisə ərizə ilə müraciət etdikdən bir müddət sonra növbəti dəfə evinə gələrkən oradan yuxarıda göstərilən əşyalar və pul vəsaiti ilə yanaşı bir ədəd işlənmiş vəziyyətdə olan noutbukun da oğurlandığını aşkar etmiş, lakin düşünmüşdür ki, ərizədə yalnız ittiham aktının nəticəvi hissəsində göstərilən əşyaları qeyd etməsi səbəbindən daha bir əşyanın, yəni noutbukun da oğurlandığını göstərə bilməz. Bu səbəbdən növbəti izahat və ifadələrində noutbukun oğurlandığını göstərməmişdir. Bildirir ki, “Argon 18 Nitrogen” markalı velosiped, qoruyucu papaq (dəbilqə), bir cüt velosiped üçün ayaqqabı və bir ədəd samovar ona polis orqanı tərəfindən qaytarılıb. Lakin 11 manat pul vəsaiti, velosipedə aid işıqlar, həmçinin evindən oğurlanmış noutbuk ona qaytarılmamış, dəyərləri ödənilməmişdir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıdığına baxmayaraq, yaxın münasibətləri olmayıb. 23 oktyabr 2020-ci ildə saat 13 radələrində yaşadığı evin yaxınlığında olduğu vaxt Pərvizlə görüşmüş, sonuncu ona atasının xəstə olması səbəbindən pula ehtiyacı olduğunu bildirərək özünə məxsus samovarı satmaq istədiyini demişdir. Samovarın qiymətini 20 manat razılaşmış və həmin məbləği təqsirləndirilən şəxsə verib samovarı götürmüşdür. 31 oktyabr 2020-ci ildə saat 17 radələrində yaşadığı evdə olduğu vaxt Pərviz polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə gəlmiş, bu zaman məlum olmuşdur ki, təqsirləndirilən şəxs ona satdığı samovarı oğurluq yolu ilə əldə edib. Ona görə də samovarı polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 15 dekabr 2020-ci il tarixli 9/4962 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 6180,00 manat müəyyən edilir. O, cümlədən: 1 ədəd “Argon 18 Nitrogen” markalı, dəyişən sürətli, tam komplektli, istifadədə olmuş velosiped – 6000,00 manat; 1 ədəd üzərində “Moon” yazıları olan istifadədə olmuş qoruyucu papaq (kask) – 50,00 manat; 1 ədəd üzərində “energycarboncomp” yazıları olan istifadədə olmuş velosiped üçün ayaqqabı – 40,00 manat; 1 ədəd 7 litr su tutumu olan istifadədə olmuş samovar – 90,00 manat. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin tələbinə görə «Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır». Prosessual qanunvericiliyin həmin tələbini, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxsin bildirdiyi noutbukla əlaqədar ittiham irəli sürülmədiyini nəzərə alaraq məhkəmə həmin əşya ilə bağlı məsələyə mahiyyəti üzrə hüquqi qiymət verilməsini mümkün saymır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə olaraq az ağır cinayət törətməsini, öz cinayət əməlini səmimi etiraf etməsini və peşman olmasını, oğurlanmış əşyaların əksəriyyətinin aşkar olunaraq zərərçəkmiş şəxsə qaytarıldığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd üzərində “Moon” yazısı olan istifadədə olmuş qoruyucu papaq (dəbilqə), 1 cüt üzərində “energycarboncomp” yazısı olan istifadədə olmuş velosiped üçün ayaqqabı, 1 ədəd 7 litr su tutumu olan istifadədə olmuş samovar, 1 ədəd “Argon 18 Nitrogen” markalı, dəyişən sürətli, tam komplektli, istifadədə olmuş velosiped sahibi Zərərçəkmiş şəxs qaytarıldığından onun sərəncamına verilmiş hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 oktyabr 2020-ci il – 29 yanvar 2021-ci il tarixləri üzrə tutulduğu və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 29 (iyirmi doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 27 fevral 2021-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd üzərində “Moon” yazısı olan istifadədə olmuş qoruyucu papaq (dəbilqə), 1 cüt üzərində “energycarboncomp” yazısı olan istifadədə olmuş velosiped üçün ayaqqabı, 1 ədəd 7 litr su tutumu olan istifadədə olmuş samovar, 1 ədəd “Argon 18 Nitrogen” markalı, dəyişən sürətli, tam komplektli, istifadədə olmuş velosiped sahibi Zərərçəkmiş şəxs qaytarıldığından onun sərəncamına verilmiş hesab edilsinlər. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-168/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-168/2021
14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver