Məhkəmə qərarları › İş №1(010)-168/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-168/2023

10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-168/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində ümumi sayı 3 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib yetişdirərək onlara aqrotexniki qaydada qulluq elmiş və 28 iyul 2022-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilib orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparıldıqdan sonra, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, onun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin həyətyanı sahəsindən yaş vəziyyətdə, ümumi sayı 3 ədəd ümumi çəkisi 340.0 qram olan aqrotexniki qaydada qulluq olunmuş bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 26 iyul 2022-ci il tarixdə saat təxminən 11:00 radələrində yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Nizaməddin küçəsi, ev 20 ünvanında yerləşən evinin qarşısında dayanmışdır Həmin vaxt tanımadığı mülki geyimli iki nəfər şəxsin ona yaxınlaşıb özlərini Suraxanı Rayon Polis idarəsinin əməkdaşları kimi təqdim etdiklərini bildirmişdir. Onu şübhəli şəxs qismində 31-ci PB-nə gətirdiklərini ona Suraxanı RPİ-nin, 31-ci PB-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan qanunsuz əşyaları təqdim edilməsi bildirildiyini qeyd etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılan zaman üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək qanunla qadağan edilmiş hər hansı əşya və ya sənədlərin aşkar edilmədiyini bildirmişdir. Sorğu uzun müddətdir narkotik vasitə hesab edilən marixuanadan istifadə etdiyini və yaşadığı evin həyətyanı sahəsində çətənə kollarının olduğunu və həmin çətənə kollarını öz istifadəsi üçün əkdiyini bildirdiyini qeyd etmişdir. Bundan sonra polis əməkdaşlarının və ona dövlət hesabına təyin edilmiş vəkilin və digər şəxslərin iştirakı ilə evinin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxışın keçirildiyini, baxış zamanı həyətində əkdiyi 3 ədəd çətənə kolu aşkar edildi. Qeyd edilən hərəkətlərin hamsının sənədləşdirildiyini, o və vəkilinin imza etdiyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, əkib becərdiyi çətənə bitkilərim öz istifadəsi üçün becərdiyini heçkimə satmadığını və həmin hadisədən başqa kimsənin xəbəri olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı qanuna-zidd hərəkətlərin olmadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində bildirmişdir ki, 26 iyul 2022-ci il tarixdə Suraxanı RPİ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 iştirakı ilə özünün rəhbərliyi ilə əməliyyat qrupunun yaradıldığını bildirmişdir. 26 iyul 2022-ci il tarixdə təxminən saat 11 radələrində Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 Sənən oğlu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2-nin yerləşdiyi küçədə bir müddət gözlədikdən sonra daxil olmuş əməliyyat məlumatına uyğun əlamətlərə malik olan şəxsin qeyd edilən ünvana gəlməsini bildirmişdir. Bundan sonra həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etdiklərini bildirmişdir. Həmin şəxsə qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirdiklərini, sonra isə həmin şəxsi Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etdiklərni və həmin şəxsin buna etiraz etməyərək onlarla polis şöbəsinə gəldiyini bildirmişdir. Şöbədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışın keçirildiyini, şəxsi axtarış keçirilməzdən əvvəl həmin şəxsin, yəni, Təqsirləndirilən şəxs üzərində hər-hansı qeyri-qanuni əşyanın təqdim edilməsi təklif edildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərçiə keçirilən şəxsi axtarış zamanı üzərindən hər-hansı bir qanunla qadağan edilmiş əşyanın olmadığını müəyyən eldiklərini qeyd elmişdir. Daha sonra keçirilən sorğu zaman Təqsirləndirilən şəxs yaşadığı evdə çətənə bitkilərini əkib becərməsinin müəyyən edildiyini, bu zaman vəkilin və dəvəl olunmuş mütəxəssisin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanının həyətyanı sahəsinə baxışın keçirildiyini, baxış zamanı qeyd edilən həyətdən yaş vəziyyətdə 03 ədəd çətənə bitkilərinin aşkar edilərək götürüldüyünü bildirmişdir. Daha sonra protokolun tərtib olunduğunu və ucadan oxunduğunu, protokolun doğru olmasını bütün iştirakçıların öz imzaları ilə təsdiq etdiklərini, narkotik vasitənin çəkisi və növünün müəyyən etmək məqsədilə aşkar edilmiş bitkilərində olduğu möhürlənmiş zərfin Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinə göndərildiyini qeyd etmişdir. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı heç bir müqavimət göstərmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Salman oğlu digər şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar ifadə verməklə, ifadəsində Şahid2 göstərdiklərini bir daha təsdiq elmişdir. Cinayət işinin 29-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 26 iyul 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdə, saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 41-ci vərəqində olan həyətyanı sahəyə və mənzilə baxış keçirmə və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Həyətə daxil olduqdan sonra həyətdə olan dipçəyin içərisinə əkilmiş 3 (üç) ədəd çətənə (kannabis) bitkisinə bənzər kolları təqdim etmiş və çətənə bitkisi olduğunu bildirmişdir. Cinayət işinin materiallarının 81-83-cü vərəqlərində olan 28 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Cavid İskəndərovun vəsatətinin təmin edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin müvəqqəti saxlama təcridxanasına göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 84-cü vərəqində olan 28 iyul 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 31-32-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs qanunla qadağan edilmiş əşyanın olması təqdirdə təqdim edilməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş lakin üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya müəyvən edilməmişdir. Cinayət işinin 48-51-ci vərəqlərində olan məhkəmə kimyəvi ekspertizasının 27 iyul 2022-ci il tarixli 7/828 saylı ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunmuş (kollar) bitki nümunələri " yazısı və imzalar olan 01 ədəd ağ rəngli sintetik bağlamada yaş vəziyyətdə, ümumi sayı 3 (üç) ədəd, ümumi çəkisi-340,0 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Cinayət işinin 99-100-cü vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4889 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİODLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 91-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 24 avqsut 2022-ci il tarixli protokoldan görünür ki, disk üzəri açıq rənglidir. Xidməti iş otağında olan «HP» markalı kompüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında "X2” proqramı vaitəsilə yazılmış MP4 formatında 204 MB həcmində olan 01 ədəd fayl olması müşahidə olunur. Həmin videogörüntüyə baxış zamanı müəyyən olundu ki, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin həyətyanı sahəsindən yaş vəziyyətdə, ümumi sayı 3 ədəd olan aqrotexniki qaydada qulluq olunmuş bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülür. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Tibbi-Sosial Ekspert Komissiysında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə çıxarışa əsasən, Təqsirləndirilən şəxs “ankilozaşan spondilit, Ankilozedici sipondilartrit residiv növ tez irəlləyən gedişat aktivlik İİİ dərəcə Rentgen İİİ dərəcə, digər ikitərəfli ikincili koksartozlar, iki tərəfli İİ-cili koksartoz, Nevrasteniya, Asteno-nevrotik hal. Sümük-əzələ sisteminin digər dəqiqləşdirilmiş qazanılma deformasiyaları, oynaqların funksional çatmamazlığı. Digər daimi ağrı, daimi ağrı sindromu ilə. Başqa rubrikalarda təsnif olmayan sakroileit, iki tərəfli sakroilit. Xroniki irosiklit, ikincili uevit” diaqnozu qoyulmuş, İİİ dərəcəli əlillik dərəcəsi olduğu müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 19-cü bəndində göstərilir ki, CM-in 237-ci maddəsində şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nda «Narkotik vasitələr» adlanan 3 Siyahının 2-ci sırasına görə çətənə növlü bitkilər qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər hesab olunur və onun xeyli miqdarı-3-15 ədəd təşkil edir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar edilərək götürülmüş çətənə növlü bitkilər 03 ədəd təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu əsasən Təqsirləndirilən şəxs əməlində ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməldən səmimi olaraq peşman olmasını və İİİ dərəcəli əlil olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyənləşdirmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olub və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yüngülləşdirən halların (əməlində ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməldən səmimi olaraq peşman olmasını və İİİ dərəcəli əlil olmasını) mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (26 iyuldan 28 iyul 2022-ci il tarixədək) 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 26-28 iyul 2022-ci il tarixədək 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 03 ədəd 339,85 qram olan narkotik tərkibli çətənə (kannabis) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış zamanı çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar