Məhkəmə qərarları › İş №1(010)-169/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-169/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-169/2025 17.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X12 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, 20 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 may 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 169/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə tutulmuş, hazırda 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X5 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Sabir küçəsi, dalan 3, 5 saylı evin qarşısında 5 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,402 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış və 20 may 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanılması, istifadəsi və daşınmasında şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Sabir küçəsi, dalan 3, 5 saylı evin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret kağızından olan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,402 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində bildirmişdir ki, 20 may 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində Qadir adlı şəxsdən özü istifadə etmək üçün beş manata bir ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan heroin almışdır. Saat 17 radələrində tanışları Qadir və Allahverdi ilə birlikdə olan zaman üç nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitələrin əldə edilib saxlanması, istifadəsi və satışında şübhəli olduqları üçün hər üçünü Bakı şəhəri Suraxanı RPİ-nə dəvət etmişlər. Polis İdarəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları ona şübhəli şəxsin hüquq və vəzifələrini izah etmiş, hüquqlarının müdafə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsini təklif etmişlər. O bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən beş manata Qadirdən alaraq üzərində saxladığı bir ədəd siqaret kağızı bükümündə olan heroini təqdim etmişdir. Onun üzərindən aşkar edilərək götürülən bir bükümdə olan narkotik vasitə heroin bir ədəd zərfə qablaşdırılmış, möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolla tanış olmuş, zərfin üzəri və protokolu o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilsə də, məhkəmənin sonuncu iclasında özünü təqsirli bilməyərək, saxlanılarkən üstündə narkotik vasitə olmadığını bildirmiş və son sözündə ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin bölmə rəisi vəzifəsində işləyir, polis kapitanı rütbəsi daşıyır. Təqsirləndirilən şəxs saxlayan zaman isə Bakı şəhəri Suraxanı RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayon sakinləri X1, Təqsirləndirilən şəxs və X6 narkotik vasitələrin qeyri qanuni dövriyyəsi ilə, yəni qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaları, daşımaları və satışı ilə məşğul olmaları barədə bölməyə əməliyyat məlumatı daxil olmuş, o, məlumat barədə rəsmi olaraq idarə rəhbərliyinə məruzə etmiş, X1, Təqsirləndirilən şəxs və X6 ifşa olunmaları üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupunun yaradılması barədə əmr tərtib olunmuşdur. Əməliyyat qrupunun üzvləri xx.xx.2021-ci il tarixdə saat 17:00-da X2, Təqsirləndirilən şəxs və X7 ünvan 5 ünvanın qarşısında saxlayaraq onları narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. Bundan sonra o, istintaq hərəkətlərinin keçirilməsində iştirak etməmiş, lakin sonradan bilmişdir ki, Polis İdarəsində dəvət olunmuş müdafiəçilərin iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilib götürülmüşdür. Şahid3 Abidin oğlu məhkəməyə teleqram ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, iş üzrə digər Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İttiham aktından görünür ki, digər Şahid2 vəfat etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (i.v. 1-2); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 5); şübhəli şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2021-ci il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuş, onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdə saat 17:00-da tutulmuş hesab edilir (i.v. 23); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaret kağızı bükümündə olan qəhvəyi rəngdə narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş bükümün içərisində olan narkotik vasitəni Qadir adlı şəxsdən ümumilikdə 5 manata öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamış və gəzdirmişdir. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd büküm bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir (i.v. 33-34); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd disk xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 132-136); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli, 6/1997 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №45” dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə.....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,402 qram olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. qeyd: heroinin ümumi təmiz çəkisi – 0,402 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,352 qram (i.v. 40-45); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 55-56); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 75-76); xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və X11 arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmişdir (i.v. 87-89); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi tərəfindən verilən ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2021-ci il tarixli, 2225 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 90-91); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 93); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat AR CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır (i.v. 114-115); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 118-119); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 124-125); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 128-129); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xalis çəkisi 0,402 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,352 qram olan narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (i.v. 132-136); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-169/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan və axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:10-da tutularaq saxlanılması üçün Suraxanı RPİ-nin MSY-nə təhvil edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X10 görə təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Həmin Qərarın 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmasına dair videogörüntü tədqiq edilmiş, videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilir, hüquq və vəzifələri izah edilir, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaret kağızı bükümündə olan qəhvəyi rəngdə narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş bükümün içərisində olan narkotik vasitəni Qadir adlı şəxsdən ümumilikdə beş manata öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamış və gəzdirmişdir. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddə aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılıb möhürlənir. Görüntüdə Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzası ilə təsdiq etmişdir. Odur ki, təqsirləndirilən şəxsin sonuncu məhkəmə iclasında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin sonuncu məhkəmə iclasında bildirdiyi hallara istinad edilməklə qurulmuş müdafiəsi cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Buna görə də, onun məhkəmənin sonuncu iclasında bildirdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla heç bir mötəbər dəlillə əsaslandırılmadığı üçün, məhkəmə onun sonuncu ifadəsini sübut növü kimi qiymətləndirmir. Digər tərəfdən, Respublika Narkoloji X9 Şəxsi tərəfindən verilən ambulator məcburinarkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahıya əsasən təmiz çəkisi 0,402 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, tutulduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 03 sentyabr 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-169/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalı, həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı dövlət büdcəsi vəsaiti hesabına Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 28 aprel 2025-ci il tarixədək məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat; 28 aprel 2025-ci il tarixindən sonra məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 66 (altmış altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 may 2021-ci il tarixdən 22 may 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 28 aprel 2025-ci il tarixədək 10 (on) saata görə 60 (altmış) manat; 28 aprel 2025-ci il tarixindən sonra 06 (altı) iş saatı üçün 66 (altmış altı) manat olmaqla, ümumilikdə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan 0,352 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar