Məhkəmə qərarları › İş №1(010)-17/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-17/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-17/2021 16.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X1 iştirakı ilə xx xxxx 1975-ci ildə Cəlilabad rayonu, Kazımabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu, Kazımabad kəndində qeydiyyatda olan, 14 – xx xxxxxx 2020-ci il tarixləri üzrə tutulmuş, müstəntiqin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, həmin qərara əsasən xx xxxxxx 2020-ci ildə tutulmuş və eyni tarixdən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Heydər Əliyev adına istirahət parkının qarşısındakı avtobus dayanacağında Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci ildə saat 17 radələrində cibindən pul çıxarıb saymasını görmüş, həmin pulu ələ keçirmək qərarına gələrək birlikdə spirtli içki qəbul etməyi ona təklif etmiş, Zərərçəkmiş şəxs ilə birlikdə həmin parkda təxminən 0,5 litr araq içdikdən sonra sonuncunun sərxoş olmasından istifadə edərək onu tualetə getmək adı ilə bir qədər aralıda – Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsi, 37 ünvanında yerləşən qarajların arasına aparmış, zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə 200 manat miqdarında pulunu şalvarının sağ yan cibindən götürüb açıq talamışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Hövsan qəsəbəsində yerləşən gecəqonduda qalır və fəhləlik edib maddi cəhətdən dolanacağını təmin edir. Hərdən bir Hövsan qəsəbəsində yerləşən Heydər Əliyev parkında oturub araq içməklə gününü keçirir. xx xxxxxx 2020-ci il tarixində günorta vaxtı da Heydər Əliyev parkında 1 litr araq alıb bir qədərini içmişdir. Saat 17 radələrində parkın qarşısındakı dayanacaqda gəzərkən görmüşdü ki, əvvəllər 1 dəfə kafedə içki məclisində gördüyü yaşlı kişi (sonradan onun adının Zərərçəkmiş şəxs olduğunu bilib) cibindən pul çıxarıb sayır. Zərərçəkmiş şəxs hərəkətlərindən onun sərxoş olduğunu başa düşmüş və cibindəki pulunu hansısa yolla ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə ona yaxınlaşıb salamlaşmış və parka çəkilib birlikdə araq içməyi təklif etmişdir. Nəriman onun əlindəki arağı görüb həvəslənmiş, birlikdə araq içməyə razılıq vermişdir. Onlar parka çəkilib elə ayaq üstə içməyə başlamışlar. Arağın təxminən 250 qramını Nəriman, qalanını isə o, içmişdir. Bundan sonra hər ikisi tualet üçün yaxınlıqdakı qarajlara tərəf getmişlər. Onlar qarajların arasına girdikdən sonra Nəriman tualet işini görmək üçün şalvarının qabağını açmış, o, isə fürsətdən istifadə edib cəld hərəkətlə əlini zərərçəkmiş şəxsin şalvarının sağ yan cibinə salaraq oradakı pulu götürüb qaçmışdır. Sonradan sayıb müvafiq pul məbləğinin 200 manat təşkil etdiyini müəyyən etmiş və həmin məbləği şəxsi ehtiyaclarına xərcləmişdir. Qeyd edir ki, zərərçəkmiş şəxsdən soyğunçuluq yolu ilə ələ keçirdiyi pul məbləğinin 105 manatını sonradan ona qaytarıb. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə axşam tərəfi Hövsan qəsəbəsində yerləşən “Xəyal” kafesində oturub dönərlə 100 qram araq içmişdir. Sonra kafedən çıxmış və evə getmək üçün Heydər Əliyev adına parkın qarşısındakı dayanacaqda dayanıb avtobus gözləmişdir. Bu vaxt əvvəllər tanımadığı bir kişi (sonradan onun adının Təqsirləndirilən şəxs olduğunu bilib) yaxınlaşaraq onu tanıdığını bildirmişdir. Həmin adamdan kim olduğunu soruşmamışdır. Təqsirləndirilən şəxs ona yarımçıq arağının olduğunu bildirərək parka gedib birlikdə içmələrini təklif etmişdir. Söhbət edə-edə həmin şəxslə birlikdə parka getmişdir. Orada bir qədər araq içdikdən sonra tualet üçün Xanməmmədov küçəsinə getmişlər. Həmin yerdə binaların qarşısındakı qarajların arasına girmiş və tualet işini görmək üçün şalvarının qabağını açdığı vaxt Təqsirləndirilən şəxs cəld hərəkətlə əlini onun şalvarının sağ yan cibinə salmışdır. Eldarın onun pulunu götürmək istədiyi başa düşüb ona müqavimət göstərmək istəmiş, lakin təqsirləndirilən şəxs onu güclə itələmiş, sonra isə qaçıb getmişdir. Beləliklə, təqsirləndirilən şəxs bu üsulla onun cibində olmuş 200 manat miqdarında pulunu ələ keçirib. Sonra o, avtobus dayanacağına gedib mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs ona vurduğu zərərin 105 manatını qaytarıb, qalanını da qaytaracağına söz verir. Ona görə də təqsirləndirilən şəxslə barışmış və sonuncuya qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid bildirmişdir ki, xx xxxxxx 2020-ci ildə xidmətdə olarkən Zərərçəkmiş şəxs müraciəti əsasında araşdırma aparılmış, o cümlədən cinayəti törətmiş şəxsin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. xx xxxxxx 2020-ci ildə əməliyyat yolu ilə, o cümlədən videokamera görüntüləri ilə müəyyən olunmuşdur ki, cinayəti törətmiş şəxs Hövsan qəsəbəsində yaşamaqla tüfeyli həyat tərzi keçirən Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurduğu zərərin bir qismini ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CMnin 180.2.4-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 – xx xxxxxx 2020-ci il tarixləri üzrə tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar