Məhkəmə qərarları › İş №1(010)-17/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-17/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-17/2022 30.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 01 il 10 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 18 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, dalan 2, 16 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ibtidai istintaq orqanı tərəfindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 1(010)-17/2022 nömrəli qərarı ilə həbs qətimkan tədbirinə dəyişdirilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 03 mart 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində, istintaqa məlum olmayan mənbədən 20 manata satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda - bir ədəd bükümdə təmiz çəkisi 0.851 qram olan narkotik vasitə - heroini əldə edərək, daşımaqla üzərində saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı etimad doğuran, qərəzsiz, mötəbər mənbədən daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 04 mart 2021-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, E.Həsənov küçəsində olan məscidin qarşısında saxlanılıb Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman həmin bir ədəd sellofan bükümündə təmiz çəkisi 0.851 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindəki “Sobranie” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, bədənində ağrılar olduğu üçün narkotik vasitə heroindən inyeksiya yolu ilə istifadə edir. Heroindən başqa narkotik vasitə istifadə etməmiş, heç bir psixi xəstəlikdən əziyyət çəkməmiş və hər hansı bir xəstəxanada qeydiyyatda olmamışdır. Şəxsi istifadəsi üçün narkotik vasitəni yaşadığı qəsəbənin ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslərdən alır. 03 mart 2021-ci il tarixdə, təxminən saat 21 radələrində yaşadığı qəsəbənin ərazisində piyada gəzərkən yalnız üzdən tanıdığı, lakin adını bilmədiyi əvvəllər də narkotik vasitə aldığı şəxslə qarşılaşmış, ətrafa baxıb heç kəsin olmadığına əmin olduqdan sonra həmin şəxsə yaxınlaşıb ondan narkotik vasitəsinin olub-olmadığını soruşmuşdur. Həmin şəxs bir ədəd bükümdə heroin olduğunu bildirmiş, 20 manat verib ondan həmin bükümdəki heroini almışdır. Açıb baxdıqda bükümün içərisində həqiqətən də narkotik vasitə heroin olduğuna əmin olduqdan sonra onu, cibindəki “Sobranie” markalı siqaret qutusunun içərisinə yerləşdirmişdir. Bundan sonra həmin şəxsdən ayrılıb yaşadığı evə tərəf gedərkən bədənində ağrılar olduğundan bir kənara çəkilib qaranlıqda heç kəsin olmadığı yerdə narkotik vasitənin bir qismini istifadə etmiş, qalan qismini isə daha sonra istifadə etmək üçün cibinə qoyaraq üzərində saxlamışdır. Həmin gün yaşadığı evə gəlib yatmış, səhəri gün isə, yəni 04 mart 2021-ci il tarixdə yuxudan oyandıqdan sonra çölə çıxmış, həmin vaxt bir gün əvvəl aldığı narkotik vasitə heroinin qalıq qismini də istifadə etmək üçün özü ilə götürmüşdür. Təxminən saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində olan məscidin qarşısına gəlmişdir. Orada tanışı X7 görüb onunla bir qədər söhbət etmiş, daha sonra taksi saxlatmışlar, taksiyə əyləşsələr də lakin avtomobil hərəkətə başlamamış, mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ondan və Elnurdan özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları ona və Elnura qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində və istifadəsində şübhəli olduqlarını bildirib onları Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. Polis əməkdaşlarının, onun üzərində narkotik vasitə olmasından məlumatlı olduqlarından şübhələnib qaçmaq qərarına gəlmişdir. Buna görə də polis əməkdaşları ilə birlikdə getmək istəməyib avtomobildən düşüb qaçmağa başlamış, lakin bir neçə metr qaçdıqdan sonra ayağı ilişdiyindən müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Polis əməkdaşları yaxınlaşıb köməklik edib onu yerdən qaldırmışlar və bundan sonra o, polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə getmişdir. Orada xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, ona üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynindəki şalvarın sağ cibindəki “Sobranie” markalı siqaret qutusunun içərisində saxladığı 01 ədəd sellofan bükümünü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə-heroindir, onu 03 mart 2021-ci il tarixdə, təxminən saat 21 radələrində yaşadığı qəsəbənin ərazisində yalnız üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış, onun bir qismini elə həmin gün istifadə etmiş, qalan qismini isə daha sonra isitifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümdəki narkotik vasitə-heroin polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 04 mart 2021-ci il tarixdə X6 və Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz saxlanılması, istifadəsi və satışı ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə ondan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün, saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsində yerləşən məscidin qarşısında xarici əlamətlərindən X8 və Təqsirləndirilən şəxs bənzəyən iki nəfər şəxsin “Mercedes Benz C” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində olduqlarını görüb onlara yaxınlaşmışlar, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onlardan da özlərini təqdim etmələrini istəmişlər. Həmin şəxslər də özlərini X9 və Təqsirləndirilən şəxs, avtomobilin sürücüsü isə özünü X4 təqdim etmişdir. X8 və Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində və istifadəsində şübhəli olduqlarını, üzərlərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zərurətinin yarandığını bildirib onları, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. Bu zaman onlardan biri, yəni Təqsirləndirilən şəxs avtomobildən düşərək qaçmaq istəmiş, lakin onun ayağı büdrədiyi üçün yerə yıxılaraq xəsarət almışdır. Yaxınlaşıb köməklik edib onu yerdən qaldırmışlar və hər iki şəxsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə aparmışlar. Orada xidməti otaqların birində onlara hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçilərnin iştirakı ilə əvvəlcə X8 üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də X9 əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibində olan üzərində “Sobranie” yazılı siqaret qutusundakı kibrit qutusunun içində olan 04 ədəd bükümü və kartondan olan borucuğu, həmin qolsuz gödəkçəsinin sol yan cibindəki şüşədən olan aparatı, habelə gödəkçəsinin iç cibində olan 01 ədəd elektron tərəzini təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir, onları 03 mart 2021-ci il tarixdə, təxminən saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində üzdən tanıdığı, lakin ünvanını bilmədiyi “Ceyhun” adlı şəxsdən 15 manata öz istifadəsi üçün əldə edib üzərində saxladığını, bir ədəd elektron tərəzini isə Pərviz adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindəki “Sobranie” markalı siqaret qutusunun içərisində saxladığı 01 ədəd sellofan bükümünü təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə-heroindir, onu 03 mart 2021-ci il tarixdə, təxminən saat 21 radələrində yaşadığı qəsəbənin ərazisində yalnız üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış, daha sonra isitifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra E.E.Nəzərovun və Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. E.E.Nəzərovun üzərindən aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və elektron tərəzi, o cümlədən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Baxışın nəticələrinə dair tərtib edilmiş protokol baxışda iştirak edən şəxslər, o cümlədən E.E.Nəzərov və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərlərində axtarış həyata keçirilən zaman E.E.Nəzərova və Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 04 mart 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki şalvarın sağ cibindəki “Sobranie” markalı siqaret qutusunun içərisində saxladığı 01 ədəd sellofan bükümünü polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümdəki maddə qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Baxışın nəticələrinə dair tərtib edilmiş protokol baxışda iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 mart 2021-ci il tarixli, 6/905 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №45” dairəvi möhür əksi olan, “X1 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində üzərində “Sobranie” yazısı olan bir ədəd siqaret qutusunda bir ədəd sellofan bükümdə təmiz çəkisi 0.851 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısına daxildirlər. Təmiz çəkisi 0.851 qram olan heroinin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.801 qram təşkil etmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 aprel 2021-ci il tarixli, 922 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakni hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 20 may 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindəki “Sobranie” markalı siqaret qutusunun içərisində saxladığı 01 ədəd sellofan bükümünü polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin bükümdə olan maddə narkotik vasitə-heroindir. Təqsirləndirilən şəxs müdafiəçisinin sualına cavaq olaraq həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxsnun üzərində axtarış aparılmış, lakin sonuncunun üzərindən dövriyyəsi qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xaraktrizə olunmayan şəxsiyyətini, əvvəllər iki dəfə məhkum olunmasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2016-ci il tarixli hökmü ilə (Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 21 iyun 2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2016-cı il tarixli qərarları nəzərə alınmaqla) və Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmü ilə az ağır cinayətlər törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, həmin məhkumluqları ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin təhlükəli residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2 və 18.2.1-ci maddələrinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin residivi təhlükəli sayılır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 may 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2016-ci il tarixli hökmü ilə, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 21 iyun 2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2016-cı il tarixli qərarları nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 01 il 10 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli 24 yanvar 2019-cu il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 may 2021-ci il tarixli tələbnaməsindən həmçinin görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3, 83.3.4 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə isə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 may 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. İşdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2016-ci il tarixli hökmü ilə (Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 21 iyun 2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2016-cı il tarixli qərarları nəzərə alınmaqla) və Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmü ilə az ağır cinayətlər törətməyə görə sonuncu hökmlə hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanı çəkib qurtardığı 18 dekabr 2020-ci ildən, yəni az ağır cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanan məhkumluğun ödənilmə müddəti - 02 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin üçdə ikisindən az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 04 mart 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan və təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması barədə 06 mart 2021-ci il tarixli qərardan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhəri Suraxanı rayon prokurorunun qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixədək tutulduğu 02 gün Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 1(010)-17/2022 nömrəli qərarından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 31 may 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 30 may 2022-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunsa da narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsinə zərurət yoxdur, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.801 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 04 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məһrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.801 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar