Məhkəmə qərarları › İş №1(010)-17/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-17/2025

28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-17/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Məmmədova Xatirə Xanbala qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs hüquqi varisi Şahid3 iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 1(010)-232/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, 11 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 may 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(010)-604/2023 nömrəli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 04 oktyabr 2023-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Həmin ittihama əsasən, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,632 qram narkotik vasitə-heroin əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 may 2023-cü il tarixdə, saat 19:30-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 15-ci döngədə saxlanılıb ünvan 3 ünvanında yerləşən Suraxanı RPİnin 32-ci polis bölməsinin inzibati binasına aparılaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,632 qram kustar üsulla hazırlanmış narkotik vasitəheroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdam rayonu, S.S.Axundov küçəsi ev 21-də qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə, Suraxanı rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzası davam etmişdir. Təxminən 5 il olar ki, narkotik vasitə-heroin istifadəçisi olmuşdur. Sonuncu dəfə, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən dayanacaqda olduğu zaman bir qədər kənarda, yerdə bir ədəd büküm olduğunu görmüş və həmin bükümdə narkotik vasitə olacağını ehtimal etdiyi üçün götürüb içərisinə baxmışdır. Həmin bükümdə həqiqətən də, narkotik vasitə-heroin olduğunu gördüyündən münasib vaxtda istifadə etməsi üçün əynində olan şalvarın cibinə qoymuşdur. Həmin gün, saat 19:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ş/y sahəsi, döngə 15 ünvanında olduğu zaman 2 nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmiş, ondan özünü təqdim etməsini tələb etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bu səbəbdən də üzərində axtarış aparılması zərurəti yarandığını bildirib onu Suraxanı RPİ-nin 32-ci polis bölməsinə aparmışlar. Polis bölməsinə getdikdən sonra, xidməti otaqların birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil təyin edilmişdir. O, təyin edilmiş vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılması üçün ərizə verdikdən sonra, təhqiqatçı tərəfindən onu polis bölməsinə aparmış polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Həmin vaxt polis əməkdaşı üzərində hər hansı bir qanunsuz əşya və predmet olduğu təqdirdə onu çıxarıb təqdim etməsini təklif etmişdir. O, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü, sol yan cibindən üzərində olan elektron nəzarət vasitəsinə dair bir ədəd mobil telefon, əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən isə bir ədəd özünə məxsus “Hoffman” markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin bükümə baxış keçirilərək ondan bükümün içərisində nə olması barədə soruşulduqda həmin bükümdəki kütlənin narkotik vasitəheroin olduğunu, onu 11 may 2023-cü il tarixdə, Əmircan qəsəbəsində yerləşən dayanacağn yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığın bildirmişdir. Təqdim etdiyi bir ədəd büküm və özünə məxsus bir ədəd mobil telefon təhqiqatçı tərəfindən ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılmışdır. Zərflərin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Bundan sonra, polis əməkdaşları tərəfindən axtarış keçirilsə də, başqa əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci polis bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, 11 may 2023-cü il tarixdə, ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ş/y sahəsi, döngə 15 ünvanında üstündə narkotik vasitə daşıması barədə məlumat alıb, dərhal həmin məlumatı polis bölməsinin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ş/y sahəsi, döngə 15 ünvanının yaxınlığına getmiş və həmin vaxt orada dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra, ona narkotik vasitə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPİ-nin 32-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla bölməyə getmişdir. Bundan sonra, onlar 32-ci polis bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. O, da üzərində özü istifadə etməsi üçün bir ədəd şəffaf sellofana bükülmış bükümdə narkotik vasitə-heroin olduğunu bildirmiş və əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən həmin heroini çıxarıb təqdim etmişdir. Bundan sonra, onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı şəxsin üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra, onlar Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə narkotik vasitə-heroinə bənzər maddə aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə narkotik vasitə-heroindir. Həmin narkotik vasitəni Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən dayanacağın kənarından tapıb özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, şəxs bölməyə aparılarkən onlara qarşı müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 da eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Suraxanı rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 1(010)-604/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etmək üçün məhkəmənin çağırışlarına gəlmədiyindən barəsində əvvəlcə məcburi gətirmə qərarı qəbul edilmiş, alınmış cavaba əsasən 25 dekabr 2023-cü il tarixli qərarla barəsində olan qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə dəyişdirilməklə, axtarış elan edilmiş, iş üzrə icraat Cinayət Prosessual Məcəllənin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-də 10 yanvar 2024-cü il tarixdə, 102143/24 nömrəli axtarış işi açılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Cinayət Axtarış İdarəsi tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə ünvanlanmış 19 mart 2025-ci il tarixli məktubla, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin (AZE №0*******) qeyri-aktiv olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ölməsini təsdiq edən bu və digər sənədlər əsasında cinayət işi üzrə icraat Suraxanı rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 1(010)- 17/2025 saylı qərarı ilə təzələnmişdir. 18 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxsin ailə üzvlərinə bildiriş göndərilmiş, məhkəmə iclasında hüquqi varis qismində tanınmaq üçün iştirak etmələri, o cümlədən ərizə təqdim etmələri xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin oğlu Şahid3 28 aprel 2025-ci il tarixli məhkəmə iclasına ərizə təqdim etmişdir. Həmin ərizədə Şahid3, atası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsin hüquqi varisi kimi tanınmasına razı olduğunu, iş materialları ilə tanış olduğunu bildirmiş və Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: ********* nömrəli cinayət işi 12 may 2023-cü il tarixdə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru X5 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 11 may 2023-cü il tarixdə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. (iş.v. 5-6) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 5(010)-232/2023 saylı qərarı ilə Şahid1 tərəfindən qəbul edilmiş 11 may 2023-cü il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qanuni hesab edilmişdir. (iş.v. 80-81) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 may 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü, tünd-göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Hoffman” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş narkotik vasitə “kakos” kimi tanıdığı kütlədir və həmin vaitəni 11 may 2023-cü il tarixdə, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında dayanacağın kənarından tapmış və sonra istifadə etməsi üçün üzərində saxlamaqla daşımışdır. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofanda olan bükümün içərisindəki narkotik vasitəyə bənzər maddə olan bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün”196 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilən zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. (iş.v. 34-35) Məhkəmə-kimyəvi ekspertizasının 12 may 2023-cü il tarixli, 6/2737 saylı rəyindən görünür ki, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün" №196” dairəvi möhür əksləri olan, "... 1. “imza” Təqsirləndirilən şəxs ...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,632 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. 2) Heroinin təmiz çəkisi – 1,632 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 1,582 qram. (iş.v.42-44) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD diskə baxış keçirilərək tədqiq edilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşları Suraxanı RPİ-nin 32-ci polis bölməsinin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd “Hoffman” markalı mobil telefonu və qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək bildirir ki, təqdim etdiyi bükümünün içərisində olan narkotik vasitə heroindir və Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən dayanacağın kənarından tapmışdır. Bundan sonra, polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparırlar. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilmir. 12 may 2023-cü il tarixli, “maddi sübut qismində tanımaq haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, bir ədəd kağız zərfdə qablaşdırılmış, 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 1,632 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhkəmə kimyəvi ekspertizasının müvafiq rəyindən sonra isə 1,582 qram təşkil edən bir büküm narkotik vasitə olan heroin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra, maddi sübutun taleyi ilə bağlı məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (iş.v. 76) Ambulator məhkəmə-narkoloji ekspertizasının 27 iyul 2023-cü il tarixli, 4763 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 128-129) 12 may 2023-cü il tarixli, “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş 01 ədəd “Hoffman” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı, mobil nömrə və yaddaş kartı, eləcə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat və ya SMS mətni, yazışma müəyyən edilməmişdir. (iş.v. 77) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs, özünə məxsus “Hoffman” markalı mobil telefonu üzərində olan ***-***-**-** mobil nömrə ilə birlikdə, 13 may 2023-cü il tarixdə, Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis kapitanı Rüstəm Şıxəliyevdən təhvil almışdır. (iş.v. 78) Suraxanı RPİ-nin İŞ-nin əməliyyat tapşırığına Suraxanı RPİ-nin 32-ci polis bölməsi tərəfindən ünvanlanan 26 may 2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamış və bundan başqa hər hansı bir cinayət əməli törətməsi müəyyən olunmamışdır. (iş.v. 83; 95) 06 sentyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 1,632 qram, tədqiqatdan sonra qalıq qalmış 1,582 qram olan narkotik vasitə - heroin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 06 sentyabr 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarla maddi sübut kimi tanınmış və Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasımın aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktda narkotik vasitə heroinin təhvil alındığı və geri qaytarıldığı tarixin 12 may 2023-cü il kimi oxunması qərara alınmışdır. (iş.v. 145-152) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD disk 06 sentyabr 2023cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 103-108) Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə, saat 19:40-da şübhəli şəxs qismində tutulmuş, saat 19:30-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 13 may 2023-cü il tarixdə, saat 09:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 13 may 2023-cü il tarixli qərarla, müstəntiq tərəfindən barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 1(010)-604/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etmək üçün məhkəmənin çağırışlarına gəlmədiyindən barəsində əvvəlcə məcburi gətirmə qərarı qəbul edilmiş, alınmış cavaba əsasən 25 dekabr 2023-cü il tarixli qərarla barəsində olan qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə dəyişdirilməklə, axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində 10 yanvar 2024-cü il tarixdə, 102143/24 nömrəli axtarış işi açılmışdır. (iş.v. 23, 57-58, 68-69, 71-74, 75-77, 78-79) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Belə ki, o, məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş şəxs hesab olunur. (iş.v. 87-94) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş ******* saylı xəstəlik tarixindən görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdən 27 yanvar 2024cü il tarixədək Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X7 reanimasiya şöbəsində stasionar müalicədə olmuş və ona insult diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Cinayət Axtarış İdarəsi tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə ünvanlanmış 19 mart 2025-ci il tarixli məktubdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi (AZE №0*******) qeyri-aktivdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdam Rayon Qeydiyyat şöbəsi tərəfindən ünvanlanmış həmin tarixli, 101-05/11 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2024-cü il tarixdə, 053 nömrə ilə, Ağdam rayon Qeydiyyat şöbəsində ölümü qeydə alınmışdır. Təqsirləndirilən şəxs ölüm haqqında akt qeydinə əsasən ölüm haqqında arayışı məhkəməyə göndərilmişdir. Ağdam Rayon Qeydiyyat şöbəsinin rəisi tərəfindən verilmiş 17 aprel 2025-ci il tarixli, 329-05/15 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs, 28 yanvar 2024-cü il tarixdə ölmüşdür. Ölüm haqqında 09 fevral 2024-cü il tarixdə 053 nömrəli akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi beyindaxili qansızma olmuşdur. Ölüm Ağdam Rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. 14 fevral 2024-cü il tarixli, 360910 nömrəli “ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs, 28 yanvar 2024-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 fevral 2024-cü il tarixdə, 53 nömrə ilə qeydə alınmışdır. Ölümün səbəbi beyindaxili qansızma olmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan da görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 28 yanvar 2024-cü il tarixdə, vəfat etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən 18 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ailə üzvlərinə bildiriş göndərilərək təqsirləndirilən şəxsin 28 yanvar 2024-cü il tarixdə vəfat etməsi və CPM-in 106-cı maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməklə, iş üzrə ölmüş Təqsirləndirilən şəxs yaxın qohumu olaraq hüquqi varisi qismində tanınmaq üçün məhkəmə iclasında iştirak etmələri və ərizə təqdim etmələri xahiş edilmişdir. İş üzrə ölmüş Təqsirləndirilən şəxs övladı Şahid3 tərəfindən məhkəməyə təqdim edilmiş 28 aprel 2025-ci il tarixli ərizədə qeyd edilmişdir ki, atası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun hüquqi varisi qismində tanınmasına razıdır. İş materialları ilə tanış olmuşdur. Onun barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinə hüquqi qiymət verərək hesab edir ki, onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə-heroini əldə edib saxlama və daşımaqdan ibarət olan əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə proses iştirakçılarının fikirlərini dinləyib və iş materiallarını tədqiq edib hesab edir ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra, məhkəmə baxışı dövründə öldüyünə görə onun barəsində olan cinayət işinin icraatına bəraətverici əsas olmadan xitam verilməsi üçün əsas vardır. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Republikası CPM-nin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Azərbaycan Republikası CPM-nin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Azərbaycan Republikası CPM-nin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Azərbaycan Republikası CPM-nin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Göründüyü kimi qanunun həmin norması və ya bağlayıcısından istifadə etməklə bildirişin göndərilməsi və ya təqdim edilməsindən bəhs edir. Hazırki iş üzrə şəxsin ölümü ilə bağlı məlumat məhkəməyə daxil olduqdan sonra, məhkəmə tərəfindən 18 aprel 2025-ci il tarixdə ölən şəxsin ailə üzvlərinin yaşadığı ünvana göndərilmişdir. Azərbaycan Republikası CPM-nin 106-1.7-ci maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda ölmüş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, təqsirləndirilən şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları və bu Məcəllənin 91.8.2-91.8.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri istisna olmaqla, digər hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs övladı Şahid3 tərəfindən məhkəməyə təqdim edilmiş 28 aprel 2025-ci il tarixli ərizədə qeyd edilmişdir ki, atası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun hüquqi varisi qismində tanınmasına razıdır. Azərbaycan Republikası CPM-nin 321.2.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında məhkəmə baxışı zamanı cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Bunlara əsasən məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra, məhkəmə baxışı dövründə öldüyünə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməlidir. Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Təqsirləndirilən şəxs mövcud iş üzrə məhkəmə istintaqı dövründə məhkəmənin çağırışlarına üzürlü səbəblər olmadan gəlmədiyindən, məhkəmənin çağırışlarından yayındığına görə barəsində axtarış elan edilməklə həbs növündə qətimkan tədbiri seçilmişdir. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Beləliklə də, məhkəmə araşdırmanın yekunu olaraq bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməli, iş üzrə məhkəmə xərci – keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli, cinayət işi üzrə maddi sübut olan və saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 1,582 qram narkotik vasitə-heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia və xüsusi müsadirə olunmuş əmlak yoxdur. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçiyə ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfləri həmçinin mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğdən ibarətdir. CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. CPM-nin 198.2-ci maddəsinə əsasən məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. CPM-nin 198.6-cı maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək məhkum öldükdə, onun vərəsələri məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımırlar. Hazırki iş üzrə Təqsirləndirilən şəxs öldüyündən məhkəmə məsrəfi olaraq ekspertə ödənilməli olan məhkəmə fiziki-kimyəvi ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 manat pul dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.5, 43.3-1, 197-198, 321.2.1 və 344-347, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinə xitam verilsin. İş üzrə məhkəmə xərci – keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut olan və saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 1,582 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar