Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-170/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1996-cı ildə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qorçulu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşayan, Xəzər Rayon Məhkəməsinin 1(003)- 492/2021 nömrəli iş üzrə 18 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (həmin cəzanı çəkməyib), 21 – 23 sentyabr 2021-ci il tarixləri üzrə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində 21 dekabr 2021-ci il tarixinədək «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş, 21 dekabr 2021-ci ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarına əsasən barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və bu qərara əsasən 25 aprel 2022-ci il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 21 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Suraxanı rayonu, Ramana qəsəbəsində istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 05 ədəd bükümdə təmiz çəkisi 1,499 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 21 sentyabr 2021-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən “İsmayıl” marketin yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin inzibati binasına aparılmış, üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sol cibindən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,320 qram, 0,192 qram, 0,210 qram, 0,378 qram və 0,399 qram olmaqla, ümumi təmiz çəkisi 1,499 qram təşkil edən, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək (özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1ci maddəsi ilə təqsirli bilir) qeyd etmişdir ki, təxminən 2-3 ildir narkotik istifadəçisidir. Heroin adlanan narkotik vasitədən həftədə bir dəfə istifadə edir. 21 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Ramana qəsəbəsində keçidin yanında bir nəfər şəxsdən öz istifadəsi üçün 5 büküm heroin almış və işlədiyi bərbərxanaya gəlmişdir. Həmin vaxt bərbərxanada müştəri çox olduğu üçün evə gedə bilməmiş və bu səbəbdən narkotik vasitəni üzərində saxlamışdır. Günorta saatlarından sonra işdən çıxıb evə gedən zaman polis əməkdaşları onu saxlayaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində aşkar olunan 5 büküm narkotik vasitə ona məxsus olub. Lakin o, narkotik vasitələrin satışı ilə məşğul olmur və heç kimə təklif etməmişdir. Həmin gün aldığı 5 büküm narkotik vasitəni öz istifadəsi üçün almışdır. Göstərilənlərə əsasən əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını məhkəmədən xahiş edir. Narkotik vasitələrdən istifadə etdiyinə görə peşmandır. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsində cinayət axtarış üzrə əməliyyat müvəkkili işləyir. 21 sentyabr 2021-ci i tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəhbərliyə məruzə olunduqdan sonra ondan və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda olan “İsmayıl” marketin yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdilər və təqsirləndirilən şəxsdən özünü təqdim etməsini tələb etdilər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etdilər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 30-cu polis şöbəsinə getmişdir. 30-cu polis şöbəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş, sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol cibindən 05 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlərin onun özünə məxsus olduğunu, həmin narkotik maddələri 21 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Ramana qəsəbəsində tanımadığı şəxsdən cəmi 25 manata öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş həmin 05 ədəd büküm götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və göstərilən 5 ədəd bükümdən başqa qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. 22 noyabr 2021-ci il tarixli 6/4208 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs....” yazı və imzalar olan zərfdə 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,320 qram, 0,192 qram, 0,210 qram, 0,378 qram və 0,399 qram olmaqla, ümumi çəkisi 1,499 qram olan tünd qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. 05 noyabr 2021-ci il tarixli 4318 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyə bildirdiklərinə qiymət verərək, ondan aşkar edilmiş narkotik vasitənin ümumi miqdarının kifayət qədər çox olduğunu və onun 5 bükümə qablaşdırıldığını nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədilə əldə etmədiyini bildirməsi həqiqəti əks etdirmir, işin həqiqi hallarını gizlətməklə və təhrif etməklə daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayət əməlini qismən də olsa etiraf etməsini və peşman olmasını iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,349 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış, 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Xəzər Rayon Məhkəməsinin 1(003)-492/2021 nömrəli iş üzrə 18 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablansın, alınan 01 (bir) il hazırkı hökmlə təyin olunan 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 21 sentyabr – 21 dekabr 2021-ci il tarixləri üzrə tutulduğu və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 aprel 2022-ci il ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,349 qr təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-170/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-170/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver