Məhkəmə qərarları › İş №1(010)-170/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-170/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-170/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X9, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1994-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, "xxxx" mühəndislik MMC-də çilingər işləyən, İmişli rayonu, Ağaməmmədli kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlarında yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 oktyabr 2023-cü il tarixdə saat 07:10 radələrində «BC» dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» minik markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı Hava Limanı istiqamətindən Koroğlu metrostansiyası istiqamətinin Bakı şəhəri, Suraxanı rayonu ərazisindən keçən hissəsində saatda 90 km sürətlə hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib, yolun sağından yolun sol hissəsinə keçmək istəyən piyada 06 avqust 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi «Toyota Prius» minik markalı **-DV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qabaq sağ qanad hissəsi ilə vuraraq yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş-beyinin əzilməsi, təpə sümüyünün xətti sınığı, başın təpə-ənsə nahiyyəsinin əzilmiş yarası, sol körpücük sümüyünün və sol İİİ, İV, V və Vİ qabırğaların sınıqları, çənə sümüyünün travmatik çıxığı, başın alın nahiyyəsinin, üz nahiyyəsinin, döş qəfəsinin sol yan səthinin, hər iki qalça qanadı nahiyyəsinin, sol saidin, sol əlin arxa səthinin, sağ diz oynağı nahiyyəsinin sıyrıqlarından ibarət dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə bir-başa səbəblli əlaqəli bədən xəsarətləri yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, onun özünə məxsus «Toyota Prius» minik markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, asudə vaxtlarında həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 03 oktyabr 2023-cü il tarixdə saat 06:40 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iş yerinə getmək üçün özünə məxsus «Toyota Prius» minik markalı 50-DV- 737 dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxmış və yaşadığı evdən çıxdıqdan bir neçə metr sonra onu gözləyən və onunla birikidə işləyən Orxan və Ceyhun adlı şəxsləridə götürmüşdür. Ceyhun avtomobilin arxa oturacağında əyləşmiş, Orxan isə avtomobilin qabaq oturacağında əyləşmişdir. O, avtomobili Bakı-Hava Limanı istiqamətindən Koroğlu metrostansiyası istiqamətinin Suraxanı rayonu ərazisindən keçən hissəsində saatda 90 km sürətlə idarə etmişdir. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Həmin yerdə yol 4 cərgəli olmaqla sağ cərgədə sürət məhdudiyyəti 70 km/saat, digər 3 cərgədə isə 90 km/saat olmuşdur. Saat təxminən 07:10 radələrində idarə etdiyi avtomobili soldan 1-ci cərgə ilə hərəkət edərkən həmin yerdə olan yolüstü piyada keçidinin altına yaxınlaşarkən yolu sağdan sola keçən bir nəfər orta yaşlı kişinin qaşdığını görmüşdür. O, piyadanı vurmamaq üçün səs siqnalı vermiş, ayağını tormoz pedalına basmışdır. Lakin piyada yenidən qaçıb yolu keçməyə cəhd etmiş və o, avtomobili saxlaya bilməyib piyadanı avtomobilin qabaq sağ qanad hissəsi ilə vurmuşdur. Piyada almış olduğu zərbədən avtomobilin alın şüşəsinin sağ tərəfinə çırpılmış və asfalt üzərinə düşmüşdür. Bir qədər hərəkət edib avtomobili yolun sağ kənarında saxlamışdır. O və avtomobildə olan sərnişinlər avtomobildən aşağı düşərək piyadaya yaxınlaşmışlar. Həmin vaxt orada artıq yol ilə hərəkətdə olan onun tanımadığı şəxslərin idarə etdiyi avtomobillərdə dayanmışdır. O, piyadaya yaxınlaşmış və onun vəziyyətinin ağır olduğunu görmüşdür. Hadisə yerində olan şəxslər ona bildirmişlər ki, piyada artıq ölmək üzrədir. Bununla belə iş yoldaşı Ceyhun təcili yardıma məlumat vermiş, az sonra isə yol polisi əməkdaşları gələrək meyiti yolun kənarına qoymuşlar. Bir neçə dəqiqədən sonra isə hadisə yerinə müstəntiq gəlib baxış keçirmişdir. Daha sonra onu sərxoşluq müayinəsindən keçirmişlər və o spirtli içki qəbul etmədiyindən ayıq olduğu müəyyən edilmişdir. Meyitin cibindən götürülən sənəddən məlum olmuşdur ki, həmin şəxs Zərərçəkmiş şəxsdur. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, 03 oktyabr 2023-ci il tarixdə Bakı-Hava Limanı yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş onun atasıdır. 02 oktyabr 2023-cü ildə atası Zərərçəkmiş şəxs Bakı şəhərində yerləşən 12 saylı cəza çəkmə müəssisəsində cəza çəkən qardaşı ilə görüş almaq üçün Füzuli rayonundan Bakı şəhərinə gəlmişdir. 03 oktyabr 2023-cü ildə axşam saatlarında ona məlumat çatmışdır ki, atasını Bakı şəhərində maşın vurmuş və atası hadisə yerində ölmüşdür. O, işdən evə gələnə qədər artıq qohumları Bakı şəhərinə yollanmışdılar və həmin gün məhkəmə-tibb ekspertizası müayinəsindən sonra meyiti qəbul edib yaşadıqları Füzuli rayonu, Kürdmahmudlu kəndinə gətirərək kənd qəbristanlığında dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, atası Bakı-Hava Limanı yolunda yolun bir tərəfindən digər tərəfinə keçmək istəyərkən «Toyota Prius» minik markalı **-DV-*** qeydiyyat nişanlı avtomobil atasını vurmuş və hadisə yerində atası ölmüşdür. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən maddi ziyan ödənildiyindən onunla barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə ərizələrini istintaq zamanı və məhkəmə iclasında təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid2 ilə birgə işləyir. Təqsirləndirilən şəxs özünə məxsus «Toyota Prius» minik markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobillə hər gün birgə yaşadıqları Qala qəsəbindən işə gedib gəlirlər. 03 oktyabr 2023cü il tarixdə saat 07:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yaşadıqları Qala qəsəbəsindən çıxıb iş yerinə, yəni Xırdalan şəhərinə getmək üçün yola düşmüşlər. O, qabaq sağ oturacaqda, Ceyhun isə arxa oturacaqda əyləşmişlər. Hava- Limanı yoluna çıxaraq Koroğlu metrosu istiqamətinə hərəkət edirmişlər. Təqsirləndirilən şəxs avtomobili təxminən 90 km/saat sürətlə idarə etmişdir. Təqsirləndirilən şəxs avtomobili soldan 1-ci cərgə ilə hərəkət etmişdir. Saat 07:10 radələrində Suraxanı rayonu ərazisindən keçən hissəsində olan yolüstü piyada keçidinin altına yaxınlaşarkən ani olaraq bir nəfər orta yaşlı kişinin yolu sağdan sola qaşdığını görmüşdür. Təqsirləndirilən şəxs piyadanı vurmamaq üçün səs siqnalı vermiş avtomobili tormozlamağa cəhd etmiş və bu an piyada avtomobilin sağ qabaq qanad hissəsinə daha sonra zərbədən avtomobilin alın şüşəsinin sağ tərəfinə çırpılaraq asfalt üzərinə düşmüşdür. Təqsirləndirilən şəxs bir qədər hərəkət edib avtomobili yolun sağ kənarında saxlamış, hər üçü düşüb piyadaya yaxınlaşmışlar. Həmin vaxt orada artıq başqa avtomobildə dayanmış və onlar bildirmişlər ki, piyada artıq ölmək üzrədir. Bununla belə iş yoldaşı Ceyhun təcili yardıma məlumat vermiş, az sonra isə yol polisi əməkdaşları gəlib meyiti yolun kənarına qoymuşlar. Bir qədər sonra isə hadisə yerinə müstəntiq gəlib baxış keçirmişdir. Sonradan məlum olmuşdur ki, həmin şəxs Füzuli rayonunda qeydiyyatda olan Zərərçəkmiş şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, həmin diskdə üç ədəd fayıl vardır, həmin fayllardan iki ədədi N-069 nömrəli kameraların görüntülərini, bir ədəd fayıl isə TŞ10-058 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerasının görüntülərini özündə əks etdirir. TŞ10-058 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerasının olan videogörüntü 03 oktyabr 2023-cü il tarixli və 02 dəqiqədən ibarətdir. Videogörüntünün 01 dəqiqəsinin 50 saniyəsində görünür ki, “Toyota Prius” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı Hava Limanı istiqamətindən Koroğlu metrostansiyası istiqamətinin Suraxanı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolun sağından yolun sol hissəsinə keçmək istəyən piyadanı avtomobilin qabaq sağ qanad hissəsi ilə vurur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 03 oktyabr 2023-cü il tarixli 129 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma. Baş beyinin əzilməsi. Təpə sümüyünün xətti sınığı. Başın təpə-ənsə nahiyəsinin əzilmiş yarası, sol körpücük sümüyünün və sol İİİ, İV, V və Vİ qabırğaların sınıqları. Çənə sümüyünün travmatik çıxığı. Başın alın nahiyəsinin, üz nahiyəsinin, döş qəfəsinin sol yan səthinin, hər iki qalça qanadı nahiyəsinin, sol saidin, sol əlin arxa səthinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər heyati olub bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcədə yol-nəqliyyatı hadisəsi şəraitində mərhumun ölümündən az əvvəl avtomaşın vurması nəticəsində törənə bilərdi. Dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə bir-başa səbəbli əlaqəlidir. Mərkum Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd edilən çoxsaylı xəsarətlər fonunda baş beyinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 0.5 %0-dir, bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, noksiron, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1.4benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (əsas: xx.xx.2023-cü il tarixli 3584/k №-li akt). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 20 dekabr 2023-cü il tarixli, 3-16-16/2-8/3677 saylı rəyindən görünür ki, Toyota Prius markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 dekabr 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx xxxxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 28 oktyabr 2020-ci il tarixdə (28 oktyabr 2030-cü il tarixədək etibarlı olan) AD 230330 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. İş materiallarında olan 03 oktyabr 2023-cü il tarixli, 1/4944 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X6 tərəfindən verilmiş məktubdan görünür ki, xx xxxxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməyib. İş materiallarında olan AZ-İV seriyalı 803351 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahlarından 15 iyun 2022-ci il təvəllüdlü X10 doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri, hadisə yerinin videogörüntüsü, baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 aprel 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin əmələ görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X7 barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət nəticəsində vurulmuş zərəri aradan qaldıraraq, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, ailəni yeganə dolandıran şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Lakin məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cəzasını yungülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin edilməsinə əsas görmür. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Məhkəmə belə nəticəyə gəlir ki, X7 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, X7 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs X5 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Camry” minik markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobil təqsirləndirilən şəxs X1 verilmiş hesab edilməli, iş üzrə maddi sübut olan 04 (dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 170 (yüz yetmiş) manat X3 tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar