Məhkəmə qərarları › İş №1(010)-171/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-171/2021

12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-171/2021 12.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X5 qızının katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1958-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2rəsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “xxxx” MMC-yə məxsus və texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo BS090” markalı 10TF992 dövlət qeydiyyat nişanlı avtobusu yol vərəqəsi əsasında, “BCD” kateqoriyalı AC nömrəli 386796 seriyalı sürücülük vəsiqəsi ilə 08 fevral 2021-ci ildə saat 08.00-da Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətinə saatda 50 km sürətlə idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozmuş (Qanunun həmin normasına əsasən «Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir») və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Zığ-Hövsan şosesinin üzü Hövsan qəsəbəsi istiqamətinə gedən yolda idarə etdiyi avtobusun ön sol künc hissəsi ilə hərəkət istiqamətinin sağ tərəfindən sola doğru keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq ona sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilən və ölümünə səbəb olmuş bədən xəsarətləri yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Gürcüstan Respublikasında doğulsa da 30 ilə yaxındır ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. “BCD” kateqoriyalı sürücülük vəsiqəsi var və uzun müddət ərzində müxtəlif şirkətlərdə avtobus sürücüsü işləyib. Hadisə baş verdiyi dövrdə “xxxx” MMC-nin 132 saylı sərnişin xəttində sürücü işləyir, bir qayda olaraq saat 06 radələrində işə gedib saat 21 – 22 radələrində evə qayıdırdı. Həmin MMC-yə məxsus olan “Daewoo BS 090” markalı 10TF992 dövlət qeydiyyat nişanlı avtobusu idarə edirdi. 08 fevral 2021-ci ildə saat 06 radələrində həmişə olduğu kimi Hövsan qəsəbəsində yerləşən “Koneçni” deyilən yerə gedib orada saxladığı “Daewoo BS 090” markalı 10TF992 dövlət qeydiyyat nişanlı avtobusu götürmüş, onu idarə edərək Hövsan qəsəbəsindən Hövsan-Zığ şosesi ilə Zığ yoluna gəlib oradan Xəzər yaşayış sahəsinə qalxmış daha sonra isə “Ukrayna” dairəsinə gəlib Əhmədli metrosuna çatmışdır. «Əhmədli» metro stansiyasında bir az gözləyib sərnişin götürdükdən sonra gəldiyi yolla “Ukrayna“ dairəsindən dönüb Xəzərə qalxmış və oradan Zığ dairəsinə doğru gəlib dairədən dönərək beton yolla üzü Hövsan qəsəbəsinə doğru sağdan birinci hərəkət zolağı ilə getməyə başlamışdır. Zığ qəsəbəsini keçərək Hövsan qəsəbəsinə doğru dönmüş və Zığ-Hövsan şosesi ilə hərəkət etməyə başlamışdır. Həmin yolda yerləşən NBPİ-nin qarşısından keçdikdən sonra “Halikarnas Balıkçısı” restoranına dönən yola çatmağa bir az qalmış qəfildən görmüşdür bir qadın onun hərəkət istiqamətinə nəzərən sağdan sola doğru yola daxil olub qaçaraq yolu keçmək istəyir. Həmin anda qadınla idarə etdiyi avtobus arasındakı məsafə çox az olduğundan dayana bilməmiş və avtobusun ön sol künc hissəsi ilə həmin piyada qadını vurmuşdur. Zərbənin təsirindən həmin qadın yerə yerə yıxılıb hərəkətsiz qalmışdır. Bundan dərhal sonra avtobusu dayandırmış, yerə enərək qadına yaxınlaş həmçinin çox həyəcanlı olması səbəbindən ətrafdakı insanlardan xahiş etmişdir ki, tez TTY-a və polisə zəng etsinlər. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Sonra TTY avtomobili gəlmiş və həkimlər piyada qadını yoxlayıb onun artıq vəfat etdiyini bildirmişlər. Hadisədən təxminən yarım saat sonra idarə etdiyi sərnişin avtobusu hadisə yerində dayanmış halda olduğu zaman açıq yaşıl rəngli bir “QAZ 21” markalı avtomobil gələrək ön hissəsi ilə onun idarə etdiyi avtobusun arxa hissəsini vurmuşdur. Həmin vaxt avtobusda heç kəs olmadığına görə xəsarət alan olmamışdır. “QAZ 21” markalı avtomobilin sürücüsü də xəsarət almayıb. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 bildirmişdir ki, 10 may 1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun anasıdır. Anası restoranda xadimə işləyib. O, hər gün səhər tezdən evdən çıxıb işə gedirdi. 08 fevral 2021-ci ildə anası həmişəki kimi işə getmək üçün evdən çıxmışdır. Bundan təxminən yarım saat sonra ona bildirilmişdir ki, anası Zərərçəkmiş şəxs Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ-Hövsan şossesində üzü Hövsan qəsəbəsi istiqamətində yolu piyada keçmək istəyərkən avtobusla vurulub. Dərhal hadisə yerinə gəlmiş və anasının yolda uzanmış halda olduğunu və artıq vəfat etdiyini görmüşdür. Qeyd edir ki, təqsirləndirilən şəxslə barışıb, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Mahmudoviç bildirmişdir ki, “BC” kateqoriyalı sürücülük vəsiqəsi var. 2001-ci ildən etibarən “QAZ 21” minik markalı 10DR893 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 08 fevral 2021-ci ildə saat 07:10 radələrində yaşadığı evdən çıxıb yuxarıda qeyd olunan avtomobillə Suraxanı rayonu, Zığ-Hövsan şosesinin sağ tərəfində yerləşən “Suraxanı Oyl” əməliyyat şirkətinə doğru getməyə başlamışdır. NBPİ-nin binasını keçdikdən sonra “Halikarnas Balıkçısı” restoranına dönən yola çatmamış yolun sağ tərəfdən birinci hərəkət zolağı ilə təxminən 50 km/s sürətlə hərəkət edən zaman təxminən 50-60 metr irəlidə bir sərnişin avtobusunun yolun ortasında dayandığını və TTY avtomobilinin həmin avtobusun yanında dayanmış vəziyyətdə olduğunu görmüşdür. Bu zaman o, həmin avtobus düz yolun ortasında dayandığı üçün onu sol tərəfdən ötmə əməliyyatı edərək keçmək qərarına gəlmiş və buna görə avtobusa çatmağa təxminən 15-20 metr qalmış idarə etdiyi avtomobilin sükanını sola doğru çevirmişdir. Lakin qarşı hərəkət zolağından bir avtomobil yüksək sürətlə başqa avtomobili ötmə əməliyyatı edərək ona doğru gəldiyi üçün qeyd etdiyi avtobusu sol tərəfdən ötərək keçə bilməyəcəyini görmüş və avtomobilin əyləcini sıxaraq sükanı sağa doğru çevirib dayanmaq istəmişdir. Bu zaman onun idarə etdiyi avtomobil sürüşüb dayanmış vəziyyətdə olan avtobusun arxa hissəsi ilə toqquşmuşdur. Hadisə vaxtı o, heç bir xəsarət almamışdır. Eləcə də, avtobusda heç bir sərnişin və ya sürücü olmadığı üçün avtobusda da xəsarət alan olmamışdır. Avtomobilini saxlayıb yerə düşmüş və hadisə yerində dayanmış polis əməkdaşlarına yaxınlaşıb özünü təqdim etmişdir. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayəti törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sənədlərlə təsdiq olunur. 09 aprel 2021-ci il tarixli 8/549 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “istintaq tərəfindən verilən məlumatlara əsasən: Daewoo BS090 markalı, 10TF992 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur”. Meyitin ekspertizası ilə bağlı 03 mart 2021-ci il tarixli 11 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1955-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsinə, laborator müayinənin nəticələrinə, ilk məlumata əsaslanaraq və qərarda qoyulmuş suallara cavab olaraq Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: baş beyinə, qişalarına və mədəciklərinə qansızma, burun sümüklərinin yerdəyişən sınıqları, hər iki ağciyərin əzilməsi, alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, bədənin çoxsaylı sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin piyadanı vurması nəticəsində əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilən 08.02.2021-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə ağır qapalı kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm meyit morqda müayinə olunduğu vaxtdan 2-4 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fetotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, yaşını, səhhətinin vəziyyətini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və sonuncunun ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar