Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-171/2022 13.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1981-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Cəbrayıl rayonu, Balyand kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 dekabr 2021-ci il tarixdə saat 22:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesinin qərbində yerləşən «TOS OİL» yanacaq doldurma məntəqəsinə sərxoş vəziyyyətdə gələrək ictimai qaydanı kobud surətdə pozaraq və cəmiyyətə açıqca hörmətsizlik edərək, əsaslı səbəb olmadan vətəndaşlar üzərində zor tətbiq etməklə həmin yanacaq doldurma məntəqəsində növbə rəisi işləyən Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, sonra onu yanacaq doldurma məntəqəsinin arxa hissəsinə apararaq qəsdən kəllə ilə sifət nahiyyəsindən bir dəfə zərbə vuraraq ona sağ göz ətrafı nahiyyənin şişkinli qançırı və bu gözün ağlı qişasına qansızmadan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 15 dekabr 2021-ci il tarixdə 20:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zığ şosesində fəaliyyət göstərən «Tos Oil» yanacaq doldurma məntəqəsinin yaxınlığında fəaliyyət göstərən «Bolnisi» adlı kafedə tanışları Azər, onun atası Şirvan və kafeni işlədən Eliş adlı şəxslərlə birlikdə oturub çörək yedi, çörək yediyi vaxtı 750 qramlıq butulkada olan araq içdi. Saat 22:10 radələrində o, kafedən çıxıb «Tos Oil» yanacaq doldurma məntəqəsinə gəldi. Yanacaq doldurma məntəqəsinə gəlməkdə məqsədi orada işləyən şəxslər ilə görüşmək olub. O, həmin vaxt orada növbə rəisi işləyən Zərərçəkmiş şəxs ilə söz ilə zarafat etməyə başladı. Onun zarafatı Anarın xoşuna gəlmədiyi üçün Anar ilə arasında mübahisə yarandı. O, Anara dedi ki, yanacaq doldurma məntəqəsinin arxa hissəsinə keçib söhbət edək. Anar onunla birlikdə yanacaq doldurma məntəqəsinin arxa hissəsinə keçdi. Həmin vaxt orada Anar ilə arasında mübahisə yarandı və o, kəllə ilə Anarın sifət nahiyəsinə bir dəfə zərb vurdu, sonra isə qaçaraq yanacaq doldurma məntəqəsinin ərazisindən uzaqlaşdı. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zığ şosesinin qərb hissəsində fəaliyyət göstərən «Tos Oil» yanacaq doldurma məntəqəsində növbə rəisi işləyir. 15 dekabr 2021-ci il tarixdə saat 22:10 radələrində bir nəfər şəxsin sərxoş vəziyyətdə yanacaq doldurma məntəqəsinə yaxınlaşıb, ucadan qışqırdığını gördü və həmin şəxsin yanacaq doldurma məntəqəsinin yaxınlığında yaşayan Ermədin olduğunu görüb ona yaxınlaşaraq dedi ki, içkilisən bura yanacaq doldurma məntəqəsidir buradan uzaqlaş. Ermədin onun əlindən tutaraq dedi ki, o, kimdir ki, onu buradan uzaqlaşdırsın. Ermədin onun əlindən tutaraq yanacaq doldurma məntəqəsinin arxa hissəsinə keçmiş, kəllə ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vurdu. O, almış olduğu zərbədən özünü itirərək arxası üstə yerə yıxıldı, yıxıldıqdan sonra həmin şəxs qaçaraq onun yanından uzaqlaşdı. Hava qaranlıq olduğundan həmin şəxsin hansı istiqamətə tərəf qaçdığını görə bilmədi və bir neçə dəqiqədən sonra Ermədin yenidən yanacaq doldurma məntəqəsinə gəldi və etmiş olduğu hərəkətə görə ondan üzr istədi. O, xəsarət aldığından DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdi. 16 dekabr 2021-ci il tarixdə isə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gedərək döyülərək xəsarət almağı barədə ərizə ilə müraciət etdi. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq edilir. 16 dekabr 2021-ci il tarixli 1365 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ göz ətrafı nahiyənin şişkinli qançırı və bu gözün ağlı qişasına qansızma küt əşyanın təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 15 dekabr 2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddənin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Bununla yanaşı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-171/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-171/2022
13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver