Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-172/2020 15.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1991-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük savxozu, nömrəsiz ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, südçüliik savxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında, kirayədə yaşadıqları evin qapısının Zərərçəkmiş şəxs yaşadığı evinə tərəf açılması səbəbindən şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs saçından tutub başından və sol qolundan vuraraq, ona təpə nahiyyəsinin əzilmiş- cırılmış yarası tinli küt əşya təsirindən, sol saidin və alının sol yarısının sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti və sol saidin və alının sol yarısının sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə Şahid1 ilə ailə həyatı qurmuş və onların bu nikahdan hazırda dörd yaşı olan bir qız övladı dünyaya gəlmişdir. Özü evdar qadındır. İş üzrə Zərərçəkmiş şəxs təxminən iki ildir ki, tanıyır və bu hadisəyə kimi onların arasında heç bir anlaşılmazlıq və ya narazılıq olmamışdır. Onun ümumiyyətlə Nənəqızla arasında heç bir münasibəti olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən iki ildir ki, o, ailəsi ilə birlikdə Valeh adlı şəxsin Binə qəsəbəsində yerləşən həyət evində yaşamağa başlamışlar. Həmin evə bitişik evdə yaşayan Nənəqız bir müddət sonra onlara problem yaratmağa başlamışdır. Belə ki, Nənəqız bir neçə dəfə yoldaşına Valehin evindən kirayədən çıxıb onun evində kirayə qalmağı təklif etmiş və yaxud da ümumiyyətlə Valehin evindən çıxıb getmələrini demiş, yoldaşı isə bunun ona heç bir aidiyyəti olmadığını bildirmişdir. Bundan sonra Nənəqız onlara da problem yaratmağa başlamışdır. Bu hadisədən əvvəl bir neçə dəfə Nənəqız onun həyat yoldaşı ilə mübahisə etmiş və yoldaşını vurmuşdur. Lakin onlar bununla bağlı heç bir şikayət etməmişlər. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 12 radələrində Nənəqızın onun çöldə oynayan qızını nalayiq ifadələrlə söyərək, onun ailənin ünvanına qarşı nalayiq ifadələr işlətdiyini eşitmişdir. Lakin o, problem yaranmasın deyə çölə çıxmamışdır. Həmin vaxt yoldaşı Cavid də evdə olmuşdur. Onlar birazdan birlikdə çölə çıxmışlar və Cavid Nənəqızın yanına gedib, onunla söhbət etmək istəmişdir. Bu zaman Nənəqız onları görüb, yerdən daş götürərək, yoldaşı Cavidin başından vurmaq istəmişdir. Lakin o, arxadan Nənəqızın əlindən tutub saxlamış və sonuncunun əlindəki daşı alıb yerə atmışdır. Cavid Nənəqızın qadın olduğu üçün və dayanmadan söyüş söydüyü üçün orada qalsa problem olacağını fikirləşmiş və oradan çıxıb getmişdir. O, isə evə qayıtmışdır. Dəfələrlə ondan əvvəl də Nənəqız orada kirayədə yaşayan başqa şəxslərə problem yaratmış və onlarla mübahisə etmişdir. Lakin sonuncu yaşlı qadın olduğu üçün hamı onu ötüşdürmüş və heç kim bu barədə müvafiq qurumlara şikayət etməmişdir. Mübahisə zamanı o, zərərçəkmiş şəxsi vurmamışdır, sonuncuya hər hansı bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, 8 ilə yaxındır ki, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçüliik savxozu, nömrəsiz ünvanda yerləşən evdə qızı ilə birlikdə yaşayır. Özü təqaüdçüdür və heç bir yerdə işləmir. Buna görə də, demək olar ki, hər gün evdə olur. Həmin evi ilə üzbəüz isə Valeh adlı şəxs iki mərtəbəli ev tikmiş, lakin həmin evdə özü yaşamamış, evi üç nəfər müxtəlif ailələrə kirayə vermişdir. Sözü gedən evin ikinci mərtəbəsinin qapısı bir mərtəbəli olduğu üçün, düz onun evinə, qapısına baxdığı üçün orada rahat şəkildə yaşaya bilmir. Bununla bağlı dəfələrlə Valehə məlumat vermiş və evinin ikinci mərtəbəsinin qapısını digər tərəfdən açmasını xahiş etmişdir. Lakin Valeh onun bu xahişini nəzərə almamışdır və hələ də evin qapısi onun evinə tərəfdən açılır. Buna görə də, o, məcbur qalıb müvafiq dövlət orqanlarına müraciət etmiş və yenə də heç bir müsbət nəticə əldə olunmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, onlar həmin evi alıb orada yaşamağa başladıqdan bir-iki il sonra Valeh tərəfindən həmin ev tikilmiş və bir neçə ailə orada qalmışdır. Sonuncu ailə isə Şahid1 və onun ailəsi olmuşdur. Belə ki, o, dəfələrlə Caviddən orada yaşamamasını və gedib başqa yerdə kirayə tapıb yaşamasını, çünki onun qaldığı evin ikinci mərtəbəsinin qapısı düz evinə tərəf olduğunu və evinin içinin görsəndiyini demişdir. Lakin hər dəfə Cavid onu yola verərək yaxşı etdiyini, harada istəyirsə orada qalacağını deyərək, onunla kobud danışmışdır. Sonuncu dəfə isə hadisə günü, yəni xx xxxxxx 2019cu il tarixdə təxminən saat 12 radələrində o, Cavidi həyətdə görmüş və niyə özünə başqa kirayə ev tapmadığını, niyə hələ də Valehin evində qalmağa davam etdiyini soruşmuşdur. Cavid isə yaxşı etdiyini, harada istəsə, orada da qalacağını bildirmişdir. O, Valehlə sözlə mübahisə edən zaman Cavidin yoldaşı Jalə səsi eşidib çölə çıxaraq, qaça-qaça pilləkəndən aşağı düşmüş və ona yaxınlaşaraq, saçından tutub onu divara vurmuş və boğazından tutub, yerdə olan qaz borusuna sıxaraq, onu boğmaq istəmişdir. O, qışqırdığı üçün qonşuluda yaşayan Cəmilə evindən çıxıb onlara yaxınlaşmış və onu Jalənin əlindən almışdır. Bu zaman o, özünü çox narahat hiss etdiyi üçün, Cəmilə ona su vermişdir. Birazdan özünə gəldikdə, artıq Cavidlə Jalənin orada olmadığını görmüşdür. Sonra Cəmilə onunla birlikdə yaşayan və həmin vaxt işdə olan qızı Elnarəyə zəng edərək, hadisə barədə məlumat vermişdir. Elnarə də dərhal DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermiş və özü də tez evə gəlmişdir. Hadisə vaxtı onu Jalə əlləri ilə vuraraq xəsarət yetirmişdir. Bu hadisədən əvvəl də dəfələrlə Cavid və yoldaşı Jaləyə dəfələrlə irad bildirmiş, lakin onlar hər dəfə ona kobud şəkildə cavab vermişlər. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, sonuncu barəsində ağır cəza növünün seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə hazırki iş üzrə Təqsirləndirilən şəxs ilə ailə həytatı qurmuş və onların bu nikahdan hazırda dörd yaşı olan bir qız övladı dünyaya gəlmişdir. O, özü fərdi şəkildə evlərdə fəhləlik edərək, ailəsini dolandırır. Zərərçəkmiş şəxs təxminən iki ildir ki, onun yaşadığı evə bitişik olan Valeh adlı şəxsimn evində kirayədə yaşamağa başladığı vaxtdan tanımış, lakin aralarında heç bir münasibəti olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən iki ildir ki, ailəsi ilə birlikdə Valeh adlı şəxsin Binə qəsəbəsində yerləşən həyət evində yaşamağa başlamışlar. Həmin evə bitişik evdə yaşayan Nənəqız bir müddət sonra onlara problem yaratmağa başlamışdır. Belə ki, Nənəqız bir neçə dəfə ona Valehin evindən kirayədən çıxıb onun evində kirayə qalmağı təklif etmiş və yaxud da ümumiyyətlə Valehin evindən çıxıb getməyini demiş, yoldaşı isə bunun ona heç bir aidiyyəti olmamağını bildirmişdir. Bundan sonra Nənəqız onlara da problem yaratmağa başlamışdır. Bu hadisədən əvvəl bir neçə dəfə Nənəqız dəfələrlə onunla mübahisə etmiş və hətta bir neçə dəfə onu vurmuşdur. Lakin o, heç bir şikayət etməmişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 12 radələrində eşitmişdir ki, Nənəqız çöldə oynayan qızını nalayiq ifadələrlə söyür və onların ailəsinin ünvanına qarşı nalayiq ifadələr işlədir. Həmin vaxt qonşudan evə içməli su gətirmək üçün gedərkən bunları eşitmiş və bir qədər sonra yoldaşı Jalə ilə səbr edə bilməməyərək çölə çıxıb ayıb olduğunu, söyüş söyməməsini demişdir. O, Nənəqıza belə nalayiq ifadələr söyməməsini bildirmişdir. Bu vaxt Nənəqız ona tərəf gəlmiş və yerdən daş götürüb, onu vurmaq istəmişdir. Həmin vaxt onun arxası Nənəqıza tərəf olduğu üçün bunu görməmiş və sonradan yoldaşı ona bu barədə demişdir. Bu vaxt yoldaşı Jalə gəlib Nənəqızın əlindən daşı alaraq yerə atmışdır. Bundan sonra mübahisə yaranmasın deyə Jaləyə evə girməsini deyib, özü də məhəllədən çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 6-7 ildir ki, Zərərçəkmiş şəxs qonşu kimi tanıyır. Bundan başqa, Təqsirləndirilən şəxs da həmin məhəlləyə kirayə köçən vaxtdan tanımış və onunla da aralarında qonşu kimi münasibətləri olmuşdur. Bu hadisəyə kimi dəfələrlə Jalənin yaşadığı evin pilləkənlərində dayanaraq Nənəqızı nalayiq ifadələrlə söyməsini şahidi olmuşdur. Lakin onların arasında dava-dalaş baş verməsinin şahidi olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 12 radələrində yaşadığı evdə olan zaman, məhəllədə yüksək səsküy eşitmiş və çölə çıxmışdır. Bu zaman Jalənin Nənəqızı döydüyünü görmüşdür. Belə ki, Nənəqız yerdə olmuş, Jalə isə dizlərini Nənəqızın sinəsinə qoyub, onun saçlarından tutmuş və Nənəqızın başını yerə çırpmışdır. O, tez onların arasına girib Jaləni Nənəqız xalanın üstündən kənara çəkmiş və Nənəqızı götürüb evə aparmışdır. Həmin vaxt Jalənin həyat yoldaşı Cavid orada olsa da, onlara heç bir müdaxilə etməmiş və kənarda dayanıb baxmışdır. O, Nənəqız xalanı evə gətirdikdən sonra onun üst-başına baxmış və onun sifətinin və əynindəki paltarların toz-torpaq içində olçmasını müəyyən etmişdir. O, Nənəqız xalaya sakitləşməsi üçün su vermiş və üst-başını təmizləmiş, sonra Nənəqız xalanın qızı Elnarəyə mobil telefon vasitəsilə məlumat vermişdir. Bundan sonra o, Nənəqız xalanı öz evlərinə aparıb yola salmış və yaşadığı evə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs onun anasıdır və onunla birlikdə yaşayır. 1999-cu ildə ailə həyatı qurmuş və bu nikahdan bir qız övladı dünyüyü gəlmişdir. 2005-ci ildə isə boşanmışdır. Özü fərdi şəkildə fəaliyyət göstərən Binə qəsəbəsində yerləşən aptekdə əczaçı vəzifəsində işləyir. İş üzrə Təqsirləndirilən şəxs və onun həyat yoldaşı Şahid1 təxminən 4 ilə yaxındır ki, tanıyır. Belə ki, onlar onun yaşadığı evin qarşısında yerləşən iki mərtəbəli evin ikinci mərtəbəsində kirayədə yaşamağa başladıqları zaman onları tanımışdır. Lakin onlarla aralarında heç bir münasibəti yoxdur. Mahiyyəti üzrə bildirmişdir ki, Cavidin ailəsi ilə birlikdə kirayədə yaşadığı evin ikinci mərtəbəsi onun yaşadığı evin mətbəxinə baxır və aradakı məsafə çox az olduğu üçün onların evinin içərisi çox aydın şəkildə görünür. Belə vəziyyətdə yaşamaq mümkün olmadığı üçün dəfələrlə o, və anası Cavidə və onun yoldaşı Jaləyə həmin kirayədə yaşamamalarını və çıxıb başqa yerdə yaşamalarını xahiş etmişlər. Hər dəfə də Cavid və ya yoldaşı Jalə onlara kobud şəkildə cavab verərək, yaxşı etdiklərini və bu evdə yaşadıqlarını bildirmişlər. Bu proses getdikdə uzandığı üçün və həmin evin sahibi Valeh adlı şəxslə dəfələrlə aralarında sözlə mübahisələr yarandığı üçün, onlar çıxış yolu tapa bilməmiş və bununla bağlı dəfələrlə müvafiq dövlət orqanlarına müraciət etsələr də, nəticəsi olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 12 radələrində o, Binə qəsəbəsində yerləşən aptekdə işdə olduğu zaman, qonşuluqda yaşayan Cəmilə ona mobil telefon vasitəsilə zəng edərək, Cavidin həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən anasının döyüldüyünü və xəsarət aldığını bildirmişdir. O, dərhal DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermiş və özü tez işdən çıxıb evə gəlmişdir. Bu zaman həqiqətən də, anasının üzündə və başında xəsarət izləri olduğunu aşkar etmişdir. O, nə baş verməsi barədə soruşduqda, anası və qonşuluqda yaşayan Cəmilə Təqsirləndirilən şəxs onların yaşadıqları evin onların evinə baxması və rahat yaşaya bilməmələri ilə bağlı söhbət etdikləri zaman anasını vuraraq xəsarət yetirdiyini bildirmişlər. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 1076 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən - təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası tinli küt əşya təsirindən, sol saidin və alının sol yarısının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə əzilmiş-cırılmış yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə tibbi ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmədə istintaqı zamanı dindirilərkən cinayət əməlini törətmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. İş materiallarında olan ekspert rəyindən də müəyyən olur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət xarakterinə və lokalizasiyasma əsasən onun istər özü tərəfindən yetirilməsi və ya yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, qadın olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Bu zaman məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs X3 yaşayış yeri üzrə icra şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-172/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-172/2020
15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver