Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-174/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, saat 09:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, sonuncu dəfə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, 42 ünvanında inzibati binada qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0.387 qram çəkidə narkotik vasitə hesab olunan heroini əldə edərək, daşımaqla üzərində saxlamış, xx xxxx 2020-ci tarixdə, saat 15 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində nömrəsiz ünvanda yerləşən X5 məxsus fərdi yaşayış evində saxlanılaraq, həmin polis şöbəsinə gətirilmiş, orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilən zaman siqaretin gümüşü rəngli falqasına bükülmüş həmin narkotik vasitə Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol cibində aşkar edilərək, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə qonşusu “Qoca” ləqəbli X5 məxsus evdə olduğu zaman evin qapısı döyülmüş, qapını açdıqda mülki geyimdə olan şəxslərin onun üzərinə gəldiklərini görüb qaçmağa başlamışdır. Saxlanıldıqdan sonra həmin şəxslərin polis əməkdaşları olduğu ona məlum olmuş, sonuncular onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində, vəkil dəvət edildikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini bildirmişlər. Polis əməkdaşları hüquq və vəzifələrini izah edərək videoçəkiliş vasitəsilə üzərinə baxış keçirələciyini bildirib üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub olmadığını soruşmuşlar. Polis əməkdaşlarına üzərində hər hansı bir qanunsuz əşyanın olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş aparılmamışdan bir qədər öncə əməliyyatçı tərəfindən cibinə qoyulmuş bükülü cibindən çıxarılaraq masanın üzərinə qoyulmuş, bununla da polis əməkdaşları üzərinə baxış keçirilməsi təsuratı yaradaraq, həmin narkotik vasitəni qablaşdıraraq götürmüşlər və bu barədə protokol tərtib etmişlər. O, polis işçiləri tərəfindən fiziki zora və işgəncəyə məruz qalacağından ehtiyyat etdiyi üçün həmin protokola imza etmiş və ibtidai araşdırma zamanı etirafedici izahatlar vermişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, uzun müddətdir narkotik vasitə aludəçisidir və buna görə də bir neçə dəfə məhkum olunmuşdur, lakin xx xxxx 2020-ci il tarixdə üzərində ümumiyyətlə narkotik vasitə olmamışdır. Sonda Təqsirləndirilən şəxs məhkəmədən təqsirinin olmadığına görə cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid2 göstərdi ki, X4, yaşadığı evdə narkotik vasitələrin satışı ilə məşğul olması barədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə xx xxxx 2020-ci il tarixdə ondan və digər iş yoldaşından ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün təxminən saat 15 radələrində X4 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evində şəxsi axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilmişdir. Həmin vaxt evdə olan Təqsirləndirilən şəxs da qanunsuz olaraq narkotik vasitəsini əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilindiyinə görə sonuncunu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra xidməti otaqların birində, dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən öncə Təqsirləndirilən şəxs üzərindəki qadağan olunmuş əşyaları könüllü təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli şalvarın sol cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü təqdim edərək, həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, onu xx xxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində “Əli” adlı şəxsdən 20 manat müqabilində öz istifadəsi üçün aldığını, narkotik vasitənin bir qismini istifadə etdiyini, qalıq hissəsini isə daha sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq, götürülmüş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilmiş, lakin onun üzərindən dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Baxışın nəticələrinə dair protokol tərtib edilmiş və həmin protokol bütün proses iştirakçıları tərəfindən imzalamışdır. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, polis əməkdaşları tərəfindən, dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən öncə Təqsirləndirilən şəxs üzərindəki qadağan olunmuş əşyaları könüllü təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli şalvarın sol cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü polis əməkdaşlarına təqdim edərək, həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, onu xx xxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində “Əli” adlı şəxsdən 20 manat müqabilində öz istifadəsi üçün aldığını, narkotik vasitənin bir qismini istifadə etdiyini, qalıq hissəsini isə daha sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Həmin protokol bütün proses iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/984 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №194” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd büküm” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə, təmiz çəkisi 0.387 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin maddənin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.337 qram təşkil etmişdir. İş materialalrında olan diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında baxış keçirilən zaman çəkilmiş, özündə videogörüntüləri əks etdirən bir ədəd DVD diskə, Bakı şəhəri Suraxanı rayon X6 Şöbəsinin müstəntiqi tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd video fayl vardır. Həmin video fayldan görünür ki, müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olubolmaması soruşulur, sonuncu etiraz etmədən könüllü olaraq əynində olan göy rəngli şalvarın sol cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü təqdim edərək, həmin bükümdəki maddənin narkotik vasitə olduğunu, onu xx xxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində “Əli” adlı şəxsdən 20 manat müqabilində öz istifadəsi üçün aldığını bildirir. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxx 2020-ci il tarixli, 1900 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirildikdən sonra orada videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilərkən polis əməkdaşlarına üzərində hər hansı bir qanunsuz əşyanın olmadığını bildirməsi, bundan sonra videoçəkiliş aparılmamışdan bir qədər öncə əməliyyatçı tərəfindən cibinə qoyulmuş bükülü cibindən çıxarılaraq masanın üzərinə qoyulması, polis əməkdaşlarının üzərinə baxış keçirilməsi təsuratı yaratmaları, fiziki zora və işgəncəyə məruz qalacağından qorxduğuna görə müvafiq sənədləri imza etməsi və ibtidai araşdırma zamanı etirafedici izahatlar verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Çünki iş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman video çəkiliş aparılaraq “DVD” diskdə köçürülmüş video görüntülərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin xidməti otaqlarının birində polis əməkdaşları tərəfindən, müdafiəçinin iştirakı ilə, üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindəki dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü masanın üzərinə qoyaraq, həmin bükümdəki maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, onu xx xxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində Əli adlı şəxsdən 20 manat müqabilində öz istifadəsi üçün aldığını, habelə müdafiəçinin suallarına cavab olaraq narkotik vasitənin polis əməkdaşları tərəfindən cibinə qoyulmadığını, sonunculardan heç bir şikayətinin olmadığını bildirir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əvvəllər dəfələrlə məhkum olunmasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli xx xxxxxxx 2017-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx xxxx 2020-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, əvvəllər az ağır cinayət törətməyə görə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 02 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı, tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən һesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniya xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, xalis çəkisi 0.337 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat, məhkəmədə göstərilmiş göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı, tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən һesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Narkomaniya xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, xalis çəkisi 0.337 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat, məhkəmədə göstərilmiş göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-174/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-174/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver