Məhkəmə qərarları › İş №1(010)-176/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-176/2023

13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-176/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəi 42-də qeydiyyatda olan, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şərq yaşayış sahəsi döngə 12, ev 12- də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 iyul 2022-ci il tarixdə saat 17:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cı maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, idarə etdiyi «Kia Optima» markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hövsan-Zığ avtomobil yolunun Suraxanı rayonu. Hövsan qəsəbəsi ərazisindən keçən hissəsində Hövsan istiqamətinə 50-60 km/saat sürətlə hərəkətdə olarkən, həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, əks hərəkət zolağı ilə nəqliyyat vasitəsinin yaxınlaşmasını nəzərə alaraq qarşı hərəkət zolağına çıxmamalı və idarə etdiyi avtomobili öz zolağı ilə hərəkət etdirməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməmiş, əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi «Kia Cerato» markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq sonuncunun qabaq sol hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs sol qalça və sol oturaq sümüklərinin qapalı sınıqları, sol bud-çanaq oynağı nahiyəsinin yumşaq toxumasının hematoması xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, nəqliyyat vasitələrini idarə etməyə sürücülük vəsiqəsi yoxdur və əvvəllər də olmamışdır. «Kia Optima» markalı. **-RC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili "xxxx" MMC-yə məxsus olmaqla, 09 iyul 2022-ci il tarixdə saat 11 radələrində rəfiqəsi Şahid3 sürücülük vəsiqəsi əsasında onun adına rəsmiləşdirməklə 80 manat nəqd pul ödəməklə 1 gün müddətinə icarəyə götürmüşdür. Həmin günü avtomobili Bakı şəhəri ərazisində idarə etmiş və rəfiqəsi X4 ilə birlikdə saat 14 radələrindən etibarən azyaşlı 2019-cu il təvəllüdlü oğlu Rasulu Suraxanı rayonu, Hövsan qəsəbəsində olan «Halikarnas» restoranının çimərliyinə aparmışdır. Saat 17 radələrində həmin restorandan çıxaraq, Qum adası ilə «Hövsan-Zığ» avtomobil yolun istiqamətində yaşadığı evə gedərkən avtomobili özü idarə etmiş, rəfiqəsi Ayşən qarşı oturacaqda, azyaşlı oğlu isə arxa oturacaqda əyləşmişdir. Saat 17:30 radələrində «Hövsan-Zığ» avtomobil yoluna çıxarkən yol təmirə bağlı olduğu üçün digər avtomobillər kimi sağa dönüb, dairədən istifadə etmədən sola dönməyə heç bir qadağan edici nişan olmadığı üçün sola doğru əks istiqamətdən gələn yolla avtomobili şəhər istiqamətində 50-60 km/saat sürətlə idarə edərkən bir anda qarşıdan öz yolu ilə hərəkətdə olan qara rəngli, «Kia Cerato» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qarşısına çıxmış, avtomobili saxlamağa çalışsa da bunu bacarmamış və idarə etməni itirərək idarə etdiyi avtomobilin qarşı hissəsi ilə həmin avtomobilin sol yan tərəfi ilə toqquşma baş vermişdir. Toqquşmadan sonra idarə etdiyi avtomobil yoldan çıxaraq yola nəzərən perpendikulyar vəziyyətdə yol kənarında olan, içərisində su olmayan beton su kanalına düşmüşdür. Digər avtomobil də həmin kanala düşərək kanalda yola nəzərən paralel vəziyyətdə dayanmışdır. Dərhal avtomobildən yerə düşərək avtomobilində olan sərnişin və uşağın xəsarət almadığını bilmişdir. Həmçinin hadisə nəticəsində özü də xəsarət almamışdır. Toqquşduğu avtomobilə yaxınlaşmış, sürücü ciddi xəsarət almadığı üçün özü yerə düşmüşdür. Hadisə yerinə TTY avtomobili gəlmiş və yerində tibbi yardım olunmasını görməmişdir. Özü hadisə yerində qalmışdır. Həmin vaxt hadisə yerinə Suraxanı rayon polis idarəsinin yol polis işçiləri gəlmiş, təhqiqatçı Sail Hacıyev hadisə yerinə gələrək onun iştirakı ila hadisə yerinin müayinəsini aparmışdır. Sonra isə sərxoşluq müayinəsindən keçərək bir gün sonra Suraxanı polis idarəsində hadisə barədə izahat vermişdir. «Kia Optima» markalı, 90-RC- 736 dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-dən icarəyə götürərkən Şahid3 iştirak etməmişdir. Şahid3 onun rəfiqəsidir. Onun sürücülük vəsiqəsinin fotoşəkli onun mobil telefonunda olmuş, özü isə avtomobil idarə etməyi bacardığından və o, rəfiqəsi A.Kazımov ilə oxşar olduğundan telefonda olan vəsiqənin şəklini Rent a Carın əməkdaşına göstərərək avtomobili icarəyə götürmüşdür. Özünün sürücülük vəsiqəsi olmadığından təhqiqata özünü Şahid3 kimi təqdim edib izahat vermiş və onun adı ilə özü sərxoşluq müayinəsindən keçmişdir. Avtomobili icarəyə götürməyindən Şahid3 əvvəl xəbəri olmamış, ancaq qeyd olunan hadisə baş verdikdən sonra ona məlumat vermişdir. «Kia Optima» markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyətçisinə qaytarmış və dəymiş ziyanla bağlı 2 dəfəyə 1600 manat pul ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Biləsuvar rayonunun Arazbarı kəndində qeydiyyatda olmaqla, ailə üzvləri ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Qum adası» yaşayış massivində yaşayır. «Kia Cerato» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Rafael Məmmədovun adına olsa da ona məxsusdur. Həmin avtomobili hadisə gününə kimi etibarnamə əsasında və «B» dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 09 iyul 2022-ci il tarixdə saat 17:30 radələrində yaşadığı evə getmək üçün «KiaCerato» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobili «Zığ- Hövsan» avtomobil yolu ilə Hövsan qəsəbəsi istiqamətində yolun sağ hərəkət zolağı ilə 60 km/saat sürətlə idarə edərkən, qarşı tərəfdən eyni yolla əks istiqamətdə sürətlə hərəkətdə olan «Kia Optima» markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə gəldiyini görmüşdür. Həmin avtomobillə toqquşmamaq üçün dərhal idarə etdiyi avtomobilin sürətini azaldaraq sağa doğru istiqamətləndirsə də həmin avtomobil gəldiyi sürətlə də onun idarə etdiyi avtomobilin sol yan hissəsinə çırpılaraq toqquşma baş vermişdir. Toqquşmanın zərbəsindən idarə etdiyi avtomobil asfalt yolda bir neçə dəfə fırlanmış və sol tərəfi üstə aşaraq yol kənarında olan beton su kanalına düşmüşdür. Yol ilə keçən tanımadığı sürücülərin köməyi ilə avtomobildən çıxarılmışdır. Avtomobildən yerə düşərkən digər avtomobil də onun avtomobilindən gəldiyi istiqamətdən təxminən 100 metr geridə su kanalına düşmüş vəziyyətdə dayanmışdır. Avtomobili qadın cinsindən olan şəxs idarə edildiyini bilmişdir. Hadisə nəticəsində çanaq nahiyəsindən sınıq xəsarəti alsa da əvvəlcə ağrıları ciddi olmasa da ayaqlarında keyləşmə hiss etmişdir. Hadisə yerinə TTY avtomobili gəlmiş və ona orada tibbi yardım göstərib, getmişlər. Daha sonra hadisə yerinə YPX-nin avtomobili və təhqiqatçı Sail Hacıyev gəlmişdir. Hadisə yerinin müayinəsi zamanı da iştirak etmişdir. Daha sonra sərxoşluğun təyini müayinəsindən keçərək evə getmişdir. Axşam bədənində ağrılar şiddətlənmiş, buna görə də 10 iyul 2022-ci il tarixdə Sabunçu rayon xəstəxanasına gedərək həkim və rentgen müayinəsindən keçərkən çanaq nahiyəsində sınıq olduğu müəyyən olunmuşdur. Buna görə də ev şəraitində müalicə almışdır. Hadisədən bir neçə gün sonra isə təhqiqatçı tərəfindən izahatı alınaraq tibbi ekspertin müayinəsindən keçmişdir. Hadisə zamanı avtomobildə tək olmuş, yük olmamış, avtomobilindən hər hansı texniki nasazlıq olmamışdır. Həmçinin, Zərərçəkmiş şəxs 07 mart 2023-cü il tarixində məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını, gələcəkdə də bu işlə əlaqədar Təqsirləndirilən şəxs heç bir tələb və iddiası olmayacağını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ailə üzvləri ilə birgə həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun rəfiqəsidir. 09 iyul 2022-ci il tarixdə saat 14 radələrində rəfiqəsi Ayselin idarə etdiyi «Kia Optima» markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən «Halikarnas» restoranının çimərliyinə getmişlər. Saat 17 radələrində həmin restorandan çıxaraq «Hövsan-Zığ» avtomobil yolu istiqamətində Qaraçuxur qəsəbəsi istiqamətində gedərkən avtomobili Aysel idarə edir, özü qarşı oturacaqda. Ayselin azyaşlı oğlu isə arxa oturacaqda əyləşmişdir. «Hövsan-Zığ» avtomobil yoluna çıxarkən yol təmirə bağlı olduğu üçün digər avtomobillər kimi Aysel idarə etdiyi avtomobili əks istiqamətdən gələn yolla şəhər istiqamətində 50-60 km/saat sürətlə idarə edərkən qarşıdan öz yolu ilə hərəkətdə olan qara rəngli, “Kia Cerato” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qarşısına çıxmış və idarəetməni itirərək həmin avtomobilin sol yan tərəfi ilə toqquşma baş vermişdir. Toqquşmadan sonra Ayselin idarə etdiyi avtomobil yoldan çıxaraq yol kənarında olan, içərisində su olmayan beton su kanalına düşmüşdür. Digər avtomobil də həmin kanala düşmüşdür. Hadisə nəticəsində özü hər hansı bir xəsarət almamışdır. Həmçinin Aysel və azyaşlı uşağı da xəsarət almamışdır. Digər avtomobilin sürücüsü isə xəsarət alsa da özü avtomobildən yerə düşmüşdür. Hadisə yerinə TTY avtomobili gəlmiş və hadisə yerində tibbi yardım göstərməsini görməmişdir. Bundan sonra hadisə yerinə Suraxanı rayon polis idarəsinin yol polisi işçiləri gəlmiş və təhqiqatçı Sail Hacıyev tərəfindən Ayselin iştirakı ilə hadisə yerinin müayinəsini aparmışdır. Ondan sonra isə əvvəlcə sərxoşluq müayinələrdən keçərək bir gün sonra Suraxanı polis idarəsində hadisə barədə izahat verdiyini ona demişdir. Lakin həmin vaxt orada olmadığı üçün Ayselin öz adını Aytac kimi göstərməsini bilməmişdir. Bu barədə Ayseli yenidən Suraxanı RPl-nə çağırarkən məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Yasamal rayonunda yerləşən "xxxx" MMC-də menecer işləyir. Şahid3 və Təqsirləndirilən şəxs müştəri kimi üzdən tanıyır. Belə ki. onlar onun işlədiyi “Rent a CAR”-dan bir neçə dəfə avtomobil ifarəyə götürmüşlər. 09 iyul 2022-ci ildə də onlardan biri onun işlədiyi «Rent a Car»-a gələrək bir günlük avtomobil icarəyə götürmək istədiyini bildirmişdir. Ondan sürücülük vəsiqəsini soruşduqda, o vəsiqənin özündə olmadığını və telefonda fotoşəklinin olduğunu ona göstərmişdir. Həmin vəsiqə Şahid3 adma olmuşdur. Onlar birbirinə çox oxşadıqlarından onu Aytac bilib müqavilə tərtib etmiş və o, 80 manat pul ödəyərək «Kia Optima» markah **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili bir günlüyə icarəyə götürmüşdür. Həmin gün məlumat çatmışdır ki, həmin avtomobillə Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Sonradan isə ona məlum olmuşdur ki, telefonda ona göstərilən sürücülük vəsiqəsi Şahid3 adma olsa da faktiki olaraq avtomobili götürən Təqsirləndirilən şəxs olmuşdur. Hadisə nəticəsində Rent a Cara məxsus «Kia Optima» markah avtomobilə dəymiş maddi ziyana dair qüsur aktını ifadəsinə əlavə edir və qeyd edir ki, Təqsirləndirilən şəxs avtomobilə vurduğu ziyanın bir hissəsini ödəmişdir. Ona qarşı hazırda iddiası yoxdur və gələcəkdə olarsa məhkəməyə təqdim edəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, ünvan 2 ünvanında daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs 2 ilə yaxın müddətdir ki, tanıyır və yaxın tanışlıq münasibəti vardır. Təqsirləndirilən şəxs 09 iyul 2022-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törətməsi faktı üzrə həmin günü özündən eşitmişdir. Belə ki, Aysel özü bu barədə ona bildirmiş və ona məxsus sürücülük vəsiqəsi ilə "xxxx" MMC-dən «Kia Optima» markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili bir gün müddətinə icarəyə götürərək idarə edərkən qeyd etdiyi ərazidə yol-nəqliyyat hadisəsi törətmişdir. Əvvəllər də ona məxsus sürücülük vəsiqəsi ilə Təqsirləndirilən şəxs "xxxx" MMC-dən bir günlük avtomobil icarəyə götürmüşlər, həmin vaxt Aysel ona məxsus sürücülük vəsiqəsinin şəklini öz mobil telefonunda çəkmişdir. 09 iyul 2022-ci il tarixdə də Aysel onun iştirakı olmadan həmin «Rent a Car» dan bir günlük avtomobili icarəyə götürmüşdür. Aysel ona məxsus sürücülük vəsiqəsini oğurlamayıb, vəsiqəsi özündə olub. Cinayət işinin 26-27-ci vərəqələrində olan iş üzrə təyin edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 801 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər: sol qalça və sol oturaq sümüklərinin qapalı sınıqları, sol bud-çanaq oynağı nahiyəsinin yumşaq toxumasının hematoması bərk küt əşya təsirindən törənmişlər, xx.xx.2022-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sürücüsü olduğu avtomaşınla digər avtomaşının toqquşması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamığa az ağır zərərvurma aid edilir. Cinayət işinin 100-101-ci vərəqələrində olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 23 noyabr 2022-ci il tarixli 8/3142 ekspert rəyi ilə müəyyən edilmişdir ki, «KİA OPTİMA» markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddələrin tələblərinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməlidirlər. Bundan başqa sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 87-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını, gələcəkdə də bu işlə əlaqədar Təqsirləndirilən şəxs heç bir tələb və iddiası olmayacağını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 17-ci bəndində qeyd olunur ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263- 1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri- əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırma görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarətin yetirilməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, məhkəmə hesab edir ki, həmin Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir”. Bundan başqa, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11- ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 256 (iki yüz əlli altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci 256 (iki yüz əlli altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar