Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-177/2025 04.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Suraxanı Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 68.1.1-1, 67.1-ci maddələri tətbiq edilməklə 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, 10 fevral 2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, hazırki iş üzrə 31 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 iyun 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 1(010)-280/2024 nömrəli iş üzrə 05 iyun 2024cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,211 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 31 may 2024-ci il tarixdə saat 00:15 radələrində Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cı polis şöbəsinə gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd folqa bükümdə təmiz çəkisi 0,211 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 may 2024-cü il tarixdə Əhmədli metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin şəxsən adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata 02 ədəd gümüşü rəngli folqa bükümdə narkotik vasitə olan heroin almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. 31 may 2024-cü il tarixdə saat 00:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz ünvan qarşısında olarkən iki nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etmişlər. O özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu yaxınlıqda olan Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. O razılaşıb polis əməkdaşları ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə getmişdir. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və qeyd olunan əşyalar olduğu halda çıxarıb təqdim etməyi təklif edilmişdir. O, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd gümüşü rəngli folqa bükümlərini çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxılmış və ondan həmin bükümün içərisində nə olması barədə soruşulmuşdur. O, həmin iki ədəd folqa bükümlərinin içərisində heroin olduğunu, onu Əhmədli metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin şəxsən adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün cəmi 20 manata aldığını bildirmişdir. Ondan aşkar edilmiş 02 ədəd gümüşü rəngli folqa bükümləri götürülərək qablaşdırılmışdır. Bundan sonra üzərinə keçirilən baxış davam etdirilmiş, lakin üzərində qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş narkotik maddəni öz şəxsi istifadəsi üçün alıb əldə etmişdir. O, heç vaxt narkotik maddəni kiməsə satmamış, pay verməmiş və ya kiməsə verəcəyi barədə vəd etməmişdir. O saxlanılan zaman və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin NMB-nin rəisi Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 31 may 2024-cü il tarixdə gün saat 00:15 radələrində ünvan 3 ünvanın yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar həmin şəxsə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə getmişdir. 30-cu polis şöbəsində əvvəlcə xidməti otaqların birində hüquq və vəzifələri Təqsirləndirilən şəxs izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. Baxış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd gümüşü rəngli folqa bükümlərini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərin içərisində “heroin” kimi tanıdığı narkotik vasitə var və həmin narkotik maddəni saxlanılmamışdan əvvəlki gün Əhmədli metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün alıb əldə etməklə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Aşkar edilmiş həmin 02 ədəd folqa bükümləri götürülərək qablaşdırılmışdır. Axırda isə keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Şahid1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın qabaq sağ yan cibindən 02 ədəd gümüşü rəngli folqa bükümlərini çıxarıb təqdim etməsi, sonra ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində “heroin” kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddəni həmin gün saxlanılmamışdan əvvəlki gün Əhmədli metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadə üçün alıb əldə etməklə üzərində saxladığını bildirməsi, sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və onun üzərindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmaması müəyyən olundu. İş materiallarında olan fiziki-kimyəvi ekspertizasının 31 may 2024-cü il tarixli 3-16- 16/2-6/3050 nömrəli rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №194” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s. soyadlar, imzalar olan zərfdəki 02 ədəd büküm ayrı-ayrılıqda təmiz çəkiləri 0,185 qram; 0,026 qram, ümumi təmiz çəkiləri 0,211 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 02 bükümdə heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üçün heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ). Qeyd: heroinin təmiz çəkisi – 0,211 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 0,111 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 23 oktyabr 2024-cü il tarixli, 6954 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 01 iyun 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 1(010)-280/2024 nömrəli iş üzrə 05 iyun 2024-cü il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, 0,211 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış 0,111 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan 23 oktyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və bununla bağlı sənədlərin surəti çıxarılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunur ki, Babayev X3 Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 68.1.1-1, 67.1-ci maddələri tətbiq edilməklə 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, 10 fevral 2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdırılan halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Suraxanı Rayon Məhkəməsinin 1(010)-280/2024 nömrəli iş üzrə 05 iyun 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən qismən toplanaraq ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 06 – 08 fevral 2024-cü il tarixlərdə və hazırkı iş üzrə 31 may – 01 iyun 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu cəmi 04 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 05 iyun 2024-cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)-280/2024 nömrəli iş üzrə 05 iyun 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,111 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Suraxanı Rayon Məhkəməsinin 1(010)-280/2024 nömrəli iş üzrə 05 iyun 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanaraq ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 06 – 08 fevral 2024-cü il tarixlərdə və hazırkı iş üzrə 31 may – 01 iyun 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu cəmi 04 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 05 iyun 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)-280/2024 nömrəli iş üzrə 05 iyun 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,111 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-177/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-177/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver