Məhkəmə qərarları › İş №1(010)-179/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-179/2021

16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-179/2021 16.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X4 qızının katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, 19 – 21 fevral 2021-ci il tarixləri üzrə tutulmuş, müstəntiqin 21 fevral 2021-ci il tarixli qərarı ilə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 4(010)- 145/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qərarı ilə barəsində əvvəli 12 aprel 2021-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və 12 aprel 2021-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 fevral 2021-ci ildə saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 14 İyul küçəsində tanımadığı şəxsdən 20 manat ödəməklə satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə təmiz çəkisi 2,301 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 19 fevral 2021-ci ildə saat 19.10-da ünvan 2 ünvanının qarşısında Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis bölməsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli dəri gödəkcənin sol iç cibindən yuxarıda göstərilən narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, X1 adlı qadınla qeyri-rəsmi ailə münasibətlərindədir. Ruqiyə Bayramova ilə ailə münasibətlərindən 25 fevral 2021-ci ildə Əli adlı uşağı doğulmuş və onun (təqsirləndirilən şəxsin) uşağın atası olması faktı «Atalığın müəyyən edilməsi haqqında» şəhadətnamə verilməklə rəsmiləşdirilmişdir. Ruqiyə uşaqla birlikdə kirayədə yaşayırdı. O, da mütəmadi olaraq Riqiyənin yanına gedib-gəlirdi. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, tutulmazdan təxminən bir ay əvvəl narkotik vasitə «kakos» qəbul etməyə başlayıb. 2021-ci ilin fevral ayında Ruqiyənin kirayədə yaşadığı ünvanda oğurluq olmuşdur. Polis əməkdaşları həmin hadisəni araşdırarkən, onun həmin yerə tez-tez gedibgəldiyini müəyyən etmiş, şübhələnərək onu göstərilən oğurluq hadisəsi ilə bağlı tutub 31-ci polis bölməsinə aparmışlar. Lakin bütün təzyiqlərə baxmayaraq bildirmişdir ki, oğurluqdan xəbəri yoxdur. Beləliklə, polis əməkdaşları oğurluğu onun «boynuna qoya bilməmiş», lakin narkotik aludəçisi olmasından istifadə edərək, guya üzərindən narkotik vasitə aşkar edildiyinə dair sənədləşmə aparmışlar. Əslində isə polis əməkdaşları tərəfindən tutulduğu vaxt üzərində heç bir narkotik vasitə olmayıb. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində narkotik vasitələr saxlaması ilə bağlı polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra rəhbərliyə raportla müraciət olunmuş, təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və polis bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirləri çərçivəsində təqsirləndirilən şəxsin olduğu yer müəyyən edilmiş, 19 fevral 2021-ci ildə saat 19 radələrində o, polis əməkdaşları Şahid2 və Şahid3 birlikdə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Caparidze küçəsinə gedib Təqsirləndirilən şəxs müəyyən edərək saxlamışlar. Xidməti vəsiqələrini və özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra ona bildirmişlər ki, qanunsuz olaraq narkotik vasitə qəbul etməkdə və üzərində narkotik vasitə saxlamaqda şübhəlidir. Bundan sonra təqsirləndirilən şəxs Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət olunmuş, sonuncu heç bir etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində təhqiqatçı Pərvin İbrahimov Təqsirləndirilən şəxs hüquqlarını və vəzifələrini izah etmiş, müdafiəçi dəvət olunmuş, video çəkilişdən istifadə olunmaqla təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə başlanmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkcənin sol iç cibindən bir büküm çıxararaq təqdim etmiş, həmçinin müvafiq suallara cavab olaraq bildirmişdir ki, həmin bükümdəki maddə narkotik vasitə heroindir. O, həmçinin bildirmişdir ki, təqdim etdiyi narkotik vasitəni bu gün – 19 fevral 2021-ci ildə saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 14 İyul küçəsində tanımadığı şəxsdən 20 manat ödəməklə şəxsi istifadəsi üçün alıb. Göstərilənlərlə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, bu zaman heç bir şikayət, təklif və əlavələr daxil olmamış, protokolun düzgünlüyü bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə sonradan ekspertizaya təqdim olunması üçün iştirakçıların gözü qarşısında zərfə qablaşdırılıb. Şahid məhkəmə iclasında verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsin hansısa oğurluq hadisəsi ilə əlaqədar tutulması və üzərində narkotik vasitə olmamasına dair məhkəməyə bildirdikləri həqiqətə uyğun deyil. Əslində hadisələr yuxarıda təsvir olunduğu kimi cərəyan etmiş, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilmiş, sonuncu isə bu halı səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxsə polis əməkdaşları tərəfindən heç bir qanunsuz təzyiq göstərilməmiş, fiziki güc tətbiq edilməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, iş materiallarına əlavə edilmiş DVD disk, təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələr və s. sübutlarla təsdiq olunur. 20 fevral 2021-ci il tarixli 6/754 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən …” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,301 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir». 06 may 2021-ci il tarixli 1406 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı dövründəki ifadəsinə münasibət bildirərək belə qənaətə gəlir ki, onun bildirdikləri hadisənin həqiqi hallarını təhrif etmək yolu ilə məsuliyyətdən boyun qaçırmaq məqsədi güdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək, ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini və azyaşlı uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Cəza təyin edərkən məhkəmə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroinin külli miqdar təşkil etdiyini də nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,201 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 – 21 fevral 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 12 aprel 2021-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,201 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar