Məhkəmə qərarları › İş №1(010)-18/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-18/2020

30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-18/2020 30.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, tərcüməçi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1972-ci ildə Naxçıvan Muxtar Respublikası, Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Ordubad şəhəri, Q.Babayev küçəsi, 34 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 31 nömrəli evin yaxınlığındakı nömrəsiz ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədilə ilə xx xxx 2019cu il tarixdə, gecə saat 05 radələrində ünvan 2 saylı binanın 3-cü girşinin saxlanc yeri hesab edilən zirzəmisinə qanunsuz daxil olmaqla oradan, Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 130 (yüz otuz) manat dəyərində “Salut” markalı velosipedi, 01 ədəd 45 (qırx beş) manat dəyərində qırmızı rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi, 01 ədəd qara rəngli üzərində “V8” yazıları olan elektiriklə işləyən 250 manat dəyərində uşaq üçün nəzərdə tutulan oyuncaq maşını, gizli yolla talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 425 (dörd yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən xx xxx 2019-cu il tarixdə, gecə saat 05 radələrində ünvan 1 saylı binanın 2-ci girşinin saxlanc yeri hesab edilən zirzəmisinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs1 məxus 01 ədəd qırmızı rəngli üzərində “Mcross JP1” yazıları olan elektiriklə işləyən uşaq üçün nəzərdə tutulan oyuncaq maşını, gizli yolla talayıb Zərərçəkmiş şəxs1 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən xx xxx 2019-cu il tarixdə, gecə saat 05 radələrində Bakı şəhəri Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi ev 31 saylı binanın 2-ci girişinin saxlanc yeri hesab edilən zirzəmisinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs3 məxus 01 ədəd uşaq arabasını, gizli yolla talayıb Zərərçəkmiş şəxs3 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən xx xxxx 2019-cu il tarixdə, gecə saat 05 radələrində ünvan 2, mənzil 3 saylı ünvanın eyvanına, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs2 məxus 01 ədəd sərinkeşi gizli yolla talayıb Zərərçəkmiş şəxs2 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, heç bir yerdə işləmədiyindən dolanışğı çətin olduğu üçün yaşadığı nömrəsiz evin yaxınlığında olan ünvan 1 saylı ünvanın zirzəmisində yerləşən saxlanc yerindən etmək qərrına gəlmişdir. Birinci cinayət əməlini xx xxx 2019-cu il tarixdə, gecə təxminən saat 05 radələrində etmiş, həmin zaman pula ehtiyacı olduğundan yaşadığı yerin yaxınlığında yerləşən qeyd etdiyi binanın altında olan zirzəmiyə gəlmiş, zirəmənin taxta qapısının üzərində kild olduğunu görüb, həmin saxlanc yerində qiymətli bir əşya olduğunu fıkriləşmiş, həmin kilidi oradan tapdığı dəmir parçası ilə sındırıb zirzəmiyə daxil olmuşdur. Orada bir neçə qiymətli əşyalar olmuş, ilk olaraq isə onun diqqətini bir ədəd qara rəngli uşaq üçün nəzərdə tutulan və elektiriklə işləyən uşaq maşını çəkmiş, həmin qara rəngli uşaq üçün nəzərdə tutulan maşını götürüb, yaşadığı yerə apararaq orada gizlətmişdir. Daha sonra yenidən həmin zirzəmiyə qayıdıb orada olan iki ədəd velospiedləri də götürərək, yaşadığı yerə aparıb orada gizlətmişdir. Həmin günü, yəni xx xxx 2019-cu il tarixdə, təxminən saat 10 radələrində oğurladığı əşyaları Bakı şəhəri, Nizami rayon ərazisində yerləşən “8-ci km bazarı” kimi adlanan yerin qarşısında olan parka gətirib, orada uşaq maşınlarını işlədən adını bilmədiyi bir şəxsə uşaq maşınını 45 manata, bir ədəd qırmızı rəngli balaca velosipedi isə “8-ci km bazarı”nda Natiq adlı şəxsə 06 manata, digər velosipedi isə həmin bazarda 80 manata tanımadığı şəxsə satıb əldə etdiyi pulları öz istifadəsi üçün xərcləmişdir. Bundan təxminən beş gün sonra yəni xx xxx 2019-cu il tarxidə, təxminən saat 05 radələrində yenədə oğurluq etmək məqsədi ilə yaşadığı yerdən çıxıb yaxınlıqda olan ünvan 2 saylı ünvanın zirzəmisinə gəlmiş, həmin zaman yenə də zirzəmənin üzərində balaca kilidi görüb həmin kildi birinci dəfə olduğu kimi dəmir alətlə sındıraraq, zirzəmiyə daxil olub oradan bir ədəd qırmızı rəngli uşaq üçün nəzərdə tutulan və elektriklə işləyən maşını görüb həmin maşınıda yaşadığı yerə aparmışdır. Həmin günü yəni xx xxx 2019-cu il tarixdə, saat 10 radələrində, oğurladığı həmin maşını da “8-ci km bazarı”nın qarşısında olan parka aparıb, orada uşaq maşınlarını işlədən adını bilmədiyim şəxsə 55 manata satmış, əldə etdiyi pulu öz istifadəsi üçün xərcləmişdir. Bundan sonra üçüncü dəfə, yəni xx xxx 2019-cu il tarixdə, təxminən saat 05 radələrində yenə də oğurluq etmək məqsədi ilə yaşadığı yerin yaxınlığında olan ünvan 2 saylı ünvanın zirzəmisinə gəlmiş, həmin zaman zirzəmənin taxta qapısının bağlı olduğunu, lakin qapının üzərində kilidinin olmadığını görmüş, zirzəmiyə daxil olduqda orada bir ədəd qırmız rəngli uşaq arabasının olduğunu görmüşdür. Həmin uşaq arabasını götürüb,yaşadığı yerə aparmış, daha sonra həmin uşaq arabasını xx xxx 2019-cu il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Sabunçu” bazarına aparıb, orada tanımadığı şəxsə 20 manata satmışdır. Dördüncü dəfə xx xxxx 2019-cu il tarixdə, təxminən saat 05 radələrində yenə də oğurluq etmək qərarına gəlib, yaşadığı yerin yaxınlığında olan ünvan 2 saylı binanın arxa tərəfinə gəlmiş, həmin zaman binanın birinci mərtəbəsində olan yaşayış evinin eyvanında bir ədəd sərinkeşin olduğunu görmüş, eyvanın üzərinə çıxaraq əli ilə sərinkeşi özünə tərəf çəkərək oradan sərinkeşi götürüb yaşadığı yerə aparmışdır. Həmin gün təxminən saat 09 radələrində oğurladığı sərinkeşi Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Sabunçu” bazarına aparıb, orada 18 manata tanımadığı şəxsə satmışdır. Sonradan polis əməkdaşları onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət etmişlər, orada izhatı alınarkən yuxarıda qeyd edilən cinayət əməllərini törətdiyini etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam ödədiyinə görə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs2 məhkəmədə göstərdi ki, yaşadığı mənzil, ünvan 1 saylı ünvanda yerləşən 4 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. xx xxxx 2019-cu il tarixdə, təxminən səhər saat 06 radələrində ailə üzvüləri ilə birlikdə Şəki şəhərinə qonaq getmiş, bir gün orada qaldıqdan sonra xx xxxx 2019-cu il tarixdə, saat 16 radələrində yenidən yaşadığı evə qayıtmışdır. Yaşadığı evə qayıtdıqda evin yataq otağı tərəfində olan eyvandan, bir ədəd ev üçün aldığı 150 manat dəyərində altı qara, üstü boz rəngli sərinkeşin oğurlandığını görmüşdür. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə ərizə ilə müraciət edib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs2 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. xx xxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs4 göstərmişdir ki, yaşadığı ünvan 1 saylı ünvanda yerləşən 4 mərtəbəli binanın üç zirzəmisi var, həmin zirzəmilər razılşama yolu ilə onun, o cümlədən binanın digər sakinləri tərəfindən saxlanc yeri kimi istifadə edilir. 2018-ci ildən oğuluna aldığı bir ədəd elektiriklə işləyən qara rəngli uşaq üçün nəzərdə tutulan maşını, bir ədəd “Salut” markalı velosipedi, qızına aldığı bir ədəd qırmızı rəngli velosipedi də həmin zirzəmidə saxlamışdır. Belə ki, uşaqları qeyd etdiyi maşını və velosipedləri həyətdə sürdükdən sonra aparıb həmin yerdə saxlayırdılar. xx xxxx 2019-cu il tarixdə, təxminən saat 18 radələrində zirzəmiyə getdikdə, qapının kilidinin sındırılmış vəziyyətdə olduğunu, yuxarıda qeyd etdiyi əşyaların isə yerində olmadığını görmüşdür. Bir neçə müddətdir zirzəmiyə getmədiyindən ona məxsus əşyaların oğurlandığını yalnız xx xxxx 2019-cu il tarixdə aşkar etmişdir. Sonda Zərərçəkmiş şəxs4 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx xxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, əlavə olaraq göstərmişdir ki, 2018-ci ildən oğluna aldığı bir ədəd elektiriklə işləyən qırmızı rəngli uşaq üçün nəzərdə tutulan maşının xx xxxx 2019-cu il tarixdə oğurlandığını aşkar etmişdir. Sonda Zərərçəkmiş şəxs1 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx xxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 ifadələri ilə eyni məzmunlu ifadə verərək, əlavə olaraq göstərmişdir ki, təxminən 2019-cu ilin may ayının əvvəllərində 600 manata aldığı uşaq arabasını evində yer olmadığı üçün saxlanc yeri kimi istifadə etdiyi zirzəmidə saxlamış, xx xxxx 2019-cu il tarixdə isə həmin arabanın oğurlandığını aşkar etmişdir. Sonda Zərərçəkmiş şəxs3 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, təxminən 2019-cu ilin mart ayının əvvllərindən Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci km” kimi adlanan yerdə kişi paltarlarının satışı ilə məşğul olur. İş vaxtı həftənin hər günü səhər saat 07 radələrindən saat 20 radələrinə kimi davam edir. xx xxx 2019-cu il tarixdə iş yerində olarkən, təxminən saat 11 radələrində əvvəllər tanımadığı təxminən 45-50 yaşlarında olan bir şəxs ona yxınlaşıb özünə məxsus, yəni uşaqlarına aid bir ədəd qırmızı rəngli uşaq üçün nəzərdə tutulan velosipedi satmaq istədiyini bildirmişdir. Həmin şəxsdən uşaq velosipedini neçiyə satdığını soruşduqda, sonuncu ona velosipedi 06 manata satdığını bildirmişdir. Velosipedə baxdıqda bir müddətdir istifadə olunmadığına görə qabaq təkərinin boşaldığını, lakin onun işlək və saz vəziyyətə gətirməyin mümkün olduğunu görüb tanımadığı həmin şəxsə 06 manat verməklə qeyd edilən velosipedi almışdır. Bundan bir müddət sonra həmin şəxs polis əməkdaşları ilə onun iş yerinə gəlmiş və polis əməkdaşları ona, aldığı qırmızı rəngli velosipedin oğurluq olduğunu bildirmişlər. Daha sonra ona məlum olmuşdur ki, velosipedi satan şəxs Təqsirləndirilən şəxsdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, təxminən 09 ildir yaşadığı evin yaxınlığında olan və Bakı şəhəri, Nizami rayonu 8-ci km ərazisində yerləşən “Diqlas” ticarət mərkəzinin qarşısında olan istirahət parkında uşaqlar üçün nəzərdə tutulan oyuncaqlara nəzarət edir və eləcədə uşaqlar üçün nəzərdə tutulan elektirikli uşaq maşınlarını işlədir. İş vaxtı həftənin hər günü səhər saat 10 radələrində başlayır, həmin günü təxminən saat 22 radələrində qurtarır. xx xxx 2019-cu il tarixdə, təxminən saat 11 radələrində iş yerində olduğu zaman əvvəllər tanımadığı təxminən 45-50 yaşlarında olan bir şəxs ona yxınlaşıb özünə məxsus, yəni uşaqlarına aid olan bir ədəd qara rəngli uşaq üçün nəzərdə tutulan və elektiriklə işləyən maşını satmaq istədiyini bildirmidir. Həmin şəxsdən uşaq üçün nəzərdə tutulan maşını neçiyə satdığını soruşduqda, sonuncu ona maşını 45 manata satdığını bildirmişdir. Sözügedən maşına baxıdıqda onu işlək və saz vəziyyətə gətirməyin mümkün olduğunu görüb 45 manat ödəməklə həmin maşını almış, habelə maşını satan şəxs əlavə olaraq ondan 05 manat taksi pulu da almışdır. Bundan sonra xx xxx 2019-cu il tarixdə, səhər saat 10 radələrində iş yerində olarkən həmin gün təxminən saat 11 radələrində iş yerinə xx xxx 2019-cu il tarixdə uşaq maşını satmış şəxs yenə də ona yaxınlaşıb, bir ədəd qırmızı rəngli uşaq üçün nəzərdə tutulan və elektiriklə işləyən maşını 55 manata satmaq istədiyini bildirmiş, xoşuna gəldiyi üçün həmin maşını qeyd edilən məbləğə almışdır. Bu zaman həmin şəxsdən satılan əşyanın oğurluq olub-olmadığını soruşmuş, sonuncu isə ona maşının qonşusunun uşağına məxsus olduğunu, pula ehtiyacları olduğu üçün satmaq məqsədi ilə ona verdiklərini bildirmişdir. Habelə maşını satan şəxs əlavə olaraq ondan 05 manat taksi pulu da almışdır. Bundan bir müddət sonra həmin şəxs polis əməkdaşları ilə onun iş yerinə gəlmiş və polis əməkdaşları ona, aldığı qara və qırmızı rəngli elektiriklə işləyən uşaq üçün nəzərdə tutulan uşaq maşınlarının oğurluq olduğunu bildirmişdir. Daha sonra orada ona məlum olmuşdur ki, ona həmin uşaq maşınlarını satan şəxs Təqsirləndirilən şəxsdur. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə xx xxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 31 nömrəli yaşayış binasının zirzəmisindən edilmiş oğurluq hadisəsi yerinə baxış keçirilmişdir. Baxış zamanı 31 nömrəli yaşayış binasının sağdan birinci giriş qapısında 1-ci mərtəbənin altında 3 ayrı qapısı olan zirzəminin yerləşdiyi, ortada olan zirzəminin ağ rəngli qapısının müdaxilə edilməklə açıq vəziyyətə gətirldiyi müəyyən edilmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə xx xxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 31 nömrəli yaşayış binasının 2-ci girişindəki zirzəmidən edilmiş oğurluq hadisəsi yerinə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 zirzəminin qapısının kilidini göstərərək, sındırılmış qıfılı artıq dəyişdirdiyini bildirmiş, habelə Zərərçəkmiş şəxs1 ona məxus olan, uşağı üçün aldığı 01 ədəd elektiriklə işləyən oyuncaq maşının haradan oğurlandığını göstərmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 31 nömrəli yaşayış binasının sol tərəfindən 02-ci girişindəki zirzəmidən edilmiş oğurluq hadisəsi yerinə baxış keçirilmişdir. Baxış zamanı 31 nömrəli yaşayış binasının soldan ikinci giriş qapısında 1-ci mərtəbənin altında olan zirzəminin taxta qapısının kilidinin sındırıldığı müəyyən edilmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 31 nömrəli evin 3 nömrəli mənzilinin eyvanından edilmiş oğurluq hadisəsi yerinə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs2 01 ədəd 150 manat dəyərində ona məxsus sərinkeşin həmin eyvandan xx xxxx 2019-cu il tarixə keçən gecə oğurlandığını bildirmişdir. İş materiallarında olan götürmə aparılması barədə xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış, Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd qara rəngli üzərində “V8” yazısı olan elektiriklə işləyən uşaq üçün nəzərdə tutulan oyuncaq maşın, Zərərçəkmiş şəxs1 məxus 01 ədəd qırmızı rəngli üzərində “Mcross JP1” yazıları olan elektiriklə işləyən uşaq üçün nəzərdə tutulan oyuncaq maşın Şahid1 və Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd qırmızı rəngli uşaq velosipedi isə Şahid2 maddi sübut kimi götürülmüşdür. İş materiallrında olan ifadənin yerində yoxlanması barədə xx xxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs əvvəlcə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 31 nömrəli evin sağdan birinci giriş qapısında 1-ci mərtəbənin altında 3 ayrı qapısı olan zirzəmidən, daha sonra həmin evin Zərərçəkmiş şəxs2 məxsus 3 nömrəli mənzilin, eyvanından hansı əşyaları, haradan və necə oğurladığını əyani olaraq göstərmişdir. İş materiallarında olan əşyanın tanınması haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs4 tanınmaya təqdim edilmiş əşyaları nəzərdən keçirib 01 ədəd qara rəngli elektriklə işləyən uşaq oyuncaq maşının və 01 ədəd qırmızı rəngli uşaq velosipedinin onun yaşadığı binanın zirzəmisindən, yəni saxlanc yerindən oğurlandığını, həmin əşyaları uşaqlarına aldığını, onlardan qara rəngli elektriklə işləyən uşaq oyuncaq maşının kəmərini hələ aldığı zaman çıxartdığından, kəmərin olmamasından, velosipedi isə arxasında olan sarı plastmasından tanıdığını bildirmişdir. İş materiallarında olan əşyanın tanınması haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş 01 ədəd qırmızı rəngli elektriklə işləyən uşaq oyuncaq maşının onun yaşadığı binanın zirzəmisindən, yəni saxlanc yerindən oğurlandığını, həmin maşını oğluna aldığını, onu formasından və sol tərəfində olan ağ rəngli plastmasından tanıdığını bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 18459 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli üzərində “V8” yazıları olan elektriklə işləyən maşın – 250 manat, 01 ədəd qırmızı rəngli üzərində “Mcross JP1” yazıları olan elektriklə işləyən maşın – 150 manat və 01 ədəd qırmızı rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped – 45 manat olmaqla, onların istifadədə olması nəzərə alınmaqla hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 445 manat müəyyən edilir. İş materialalrında olan şəxsin tanınması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, tanınmalı olan şəxs Təqsirləndirilən şəxs tanımada iştirak edən şəxslərin sırasında istədiyi yeri tutmaq təklif olunmuş, Təqsirləndirilən şəxs həmin şəxslərin sırasında 2-ci yerdə dayanmışdır. Bundan sonra taıyan şəxs Şahid1 tanıma keçirilən otağa dəvət olunmuş və ona şahid qismində ifadəsində qeyd etdiyi şəxsi təqdim olunan şəxslərin arasında tanıması təklif olundu. Tanıyan şəxs Şahid1 təqdim edilmiş şəxsləri nəzərdən keçirib sol tərəfdən ikinci yerdə dayanmış şəxsi əli ilə göstərib həmin şəxsin xx xxx 2019-cu il və xx xxx 2019-cu il tarixlərdə ona elektriklə işləyən iki ədəd uşaq üçün nəzərdə tutulmuş maşınları satan şəxs olduğunu bildirmişdir. İş materialllarında olan xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs və Şahid1 arasında üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılmış üzləşdirmə-dindirmə zamanı Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə demişdir. İş materialalrında olan şəxsin tanınması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, tanınmalı olan şəxs Təqsirləndirilən şəxs tanımada iştirak edən şəxslərin sırasında istədiyi yeri tutmaq təklif olunmuş, Təqsirləndirilən şəxs həmin şəxslərin sırasında 3-cü yerdə dayanmışdır. Bundan sonra taıyan şəxs Şahid2 tanıma keçirilən otağa dəvət olunmuş və ona şahid qismində ifadəsində qeyd etdiyi şəxsi təqdim olunan şəxslərin arasında tanıması təklif olundu. Tanıyan şəxs Şahid2 təqdim edilmiş şəxsləri nəzərdən keçirib sol tərəfdən üçüncü yerdə dayanmış şəxsi əli ilə göstərib həmin şəxsin xx xxx 2019-cu il tarixdə ona bir ədəd uşaq üçün nəzərdə tutulan qırmızı rəngli velosipedi satan şəxs olduğunu bildirmişdir. İş materialllarında olan xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs və Şahid2 arasında üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılmış üzləşdirmə-dindirmə zamanı Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə demişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cinayət nəticəsində zərəçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxx 2019-cu il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə və qətimkan tədbiri seçmək haqqında xx xxxx 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilmiş, həmin tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq məhkəmə iclasında həbsdən azad edilmiş və bundan sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək tutulduğu 02 gün müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, habelə cinayət işi üzrə icraat təqsirləndirilən şəxs tapılanadək dayandırılmış, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq, xx xxxxxx 2019-cu il tarixdə isə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd qara rəngli üzərində “V8” yazıları olan elektiriklə işləyən uşaq üçün nəzərdə tutulmuş maşının, bir ədəd qırmızı rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedin Zərərçəkmiş şəxs4 və bir ədəd qırmızı rəngli üzərində “Mcross JP1” yazıları olan elektiriklə işləyən uşaq üçün nəzərdə tutulmuş maşının isə zərərçəkmiş Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yənixx xxxxxx 2019-cu il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd qara rəngli üzərində “V8” yazıları olan elektiriklə işləyən uşaq üçün nəzərdə tutulmuş maşının, bir ədəd qırmızı rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedin Zərərçəkmiş şəxs4 və bir ədəd qırmızı rəngli üzərində “Mcross JP1” yazıları olan elektiriklə işləyən uşaq üçün nəzərdə tutulmuş maşının isə zərərçəkmiş Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar