Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-18/2022 13.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, saat 12:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1976-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, sonuncu dəfə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 fevral 2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, Yataqxana, 82 nömrəli evin 106 nömrəli mənzilində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, L.Sultanov küçəsi, 5B nömrəli evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 30 aprel 2021-ci il tarixdə satış məqsədi olmadan qanunsuz, olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində “Tofiq” adlı istintaqa məlum olmayan mənbədən 50 manat pul müqabilində, şəxsi islehlak miqdarından artıq miqdarda kimyəvi tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alaraq əldə edib, üzərində, saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində, 30 aprel 2021-ci il tarixdə, saat 18 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılıb Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərinə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılan zaman, sağ əlində saxladığı bir ədəd qırmızı rəngli torbanın içərisindən 02 ədəd kibrit qutusundan birində 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.890 qram, 0.435 qram olmaqla ümumi təmiz çəkiləri 1.325 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.613 qram, 0.531 qram, 0.018 qram, 0.044 qram, 0.030 qram, 0.043 qram, 0.042 qram, 0.038 qram olmaqla ümumi təmiz çəkiləri 1.359 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, sonuncu dəfə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrum edilmiş, 28 fevral 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Xatırlamadığı tarixdə özünə məxsus avtomobillə hərəkətdə olduğu zaman digər bir avtomobil onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Həmin vaxt onun avtomobilini əzmiş nəqliyyat vasitsinin sürücüsünün yanında olan, əvvəllər tanımadığı Tofiq adlı şəxs ona maşın ustası olduğunu və avtomobilini təmir edəcəyini bildirmişdir. Buna görə də o, maşınını Tofiqə təmir etdirməyə vermiş və həmin ərəfələrdə bir neçə dəfə Tofiqin yanına gedib gəlmişdir. Sonuncu dəfə Tofiqin yanında olarkən sonuncu vurduğu təxminən 105 manat məbləğində ziyanın əvəzi müqabilində içərisində nə olduğunu bilmədiyi torbanı ona verib özü isə oradan uzaqlaşmışdır. Həmin torbanın içərisində pul olduğunu zənn edib onu götürmüşdür. Bunda sonra mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində və istifadəsində şübhəli olduğunu bildirib ona, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə getməyi təklif etmişlər. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olmadığını bildirsə də polis əməkdaşları onun dediklərinə məhəl qoymamışlar. Buna görə də polis əməkdaşları ilə birlikdə həmin polis idarəsinə getmiş, orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. O, üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olmadığını bildirmiş və əlindəki torbanı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin torbanın içərisində nə olması və haradan əldə etməyini soruşduqda o, həmin torbanın Tofiq adlı şəxsə məxsus olduğunu, içərisində nə olduğundan məlumatının olmadığını demişdir. Polis əməkdaşları torbanın içərisinə baxdıqda orada narkotik vasitə və psixotrop maddələrin olduğunu aşkar etmişlər. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Həmin narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs məhkəmədən təqsirinin olmadığına görə cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 Abdin oğlu göstərdi ki, 30 aprel 2021-ci il tarixdə ünvan 3 ünvanda qeydiyyatda olan və ünvan 4an Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanılması, satışı və istifadə etməsi barədə işlədiyi idarəyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin rəisinə raportla məruzə etmişdir. Rəisi tərəfindən məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmiş. Təqsirləndirilən şəxs qanunsuz, olaraq narkotik vasitə saxlamasına, istifadə, satımasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar idarə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Bakı şəhəri Suraxanı rayon prokuroruna və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri Şahid1, üzvüləri isə o, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və həmin Polis Bölməsinin sahə müvəkkili, polis baş leytenantı Şahid4 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün onlar, Bakı şəhəri, ünvan 5 ünvanın qarşısında, saat 18 radələrində Anar adlı şəxsi əlamətlərinə görə oxşadıb sonuncuya yaxınlaşmışlar. Anarın əlində bir ədəd torba olmuşdur. Həmin şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Anara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. Sonuncu da heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Anarla birlikdə polis idarəsinə getmişlər. Bu barədə dərhal raportla idarə rəsinə məruzə edilmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis idarəsinə vəkil dəvət edilmişdir. Xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əlində olan torbanı onlara təqdim etmişdir. Anara həmin torbada nə olması və haradan əldə etməsi barədə sual verilmişdir. Anar da həmin torbada narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onların Tofiq adlı şəxsə məxsus olduğunu bildirmişdir. Həmin torbanın içərisində iki ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə, 08 ədəd bükümdə isə ağ rəngli kristall şəkilli maddələr aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki maddələr qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. Şahid Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə müvəkkili Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, şahidlər Şahid2, Şahid1 və Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 göstərdi ki, o, Anarı, maşın təmiri ustası olan qonşusunun yanında olduğu zaman görmüşdür. Əvvəllər Anarı tanımamış, onunla heç bir əlaqəsi olmamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış və Anara da hər hansı bir narkotik vasitə satmamışdır. Anar tutulduqdan sonra isə o, tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 30 aprel 2021ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əlində olan qırmızı rəngli, üzərində “Shafaq” yazısı olan torbanı polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin torbanın içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin var, onlar Tofiq adlı şəxsə məxsusdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Həmin narkotik vasitə və psixotrop maddələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 01 may 2021-ci il tarixli, 6/1750 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №47“ möhür əksi “Vət. Təqsirləndirilən şəxs üzərindən..“ və s. yazılar olan kağız, paketdəki qutuya yerləşdirilmiş 02 ədəd kibrit qutularından birində 02 ədəd bükümdə ayrıayrılıqda təmiz, çəkiləri 0.890 qram. 0.435 qram, ümumi təmiz, çəkiləri 1.325 qram qəhvəyi rəngli, maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 ədəd bükümdəki heroin kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 02 ədəd bükümdəki ayrı-ayrılıqda təmiz, çəkiləri 0.613 qram, 0.531 qram, ağ rəngli kristalşəkilli maddə kütlələri, digər kibrit qutusundakı 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.018 qram, 0.044 qram. 0.030 qram, 0,043 qram. 0.042 qram, 0.038 qram, ümumi təmiz, çəkiləri (hər iki kibrit qulusunda) 1.359 qram ağ rəngli, kristallşəkiİli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 08 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin və metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in müvafiq olaraq İ və İİ siyahısına daxildirlər. Təmiz çəkisi 1.325 qram olan heroinin 0.08 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1.245 qram təşkil etmişdir. Təmiz çəkisi 1.359 qram olan metamfetaminin 0.1 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1.259 qram təşkil etmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 iyun 2021-ci il tarixli, 1955 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetamindən sui istifadə edilməsi nəticəsində aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qevdiyyala alınması məsləhət görülür. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 30 iyul 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əlində olan torbanı polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin torbanın içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin var, onlar Tofiq adlı şəxsə məxsusdur, sonuncu onun avtomobilinə vurduğu 105 manat məbləğində maddi ziyanı ödəməkdən boyun qaçırdığına görə içərisində heroin və psixotrop maddə metamfetamin olduğunu təxmin etdiyi həmin torbanı girov müqabilində götürmüşdür. Belə ki, o Tofiqin qeyri-qanuni işlərlə məşğul olduğundan məlumatlı idi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, 30 aprel 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirildikdən sonra orada videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilərkən əlində olan torbanın Tofiq adlı şəxsə məxsus olmasına və içərisində nə olduğunu bilmədiyini bildirməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən Təqsirləndirilən şəxs əlində olan torbanı polis əməkdaşlarına təqdim edərkən, həmin torbanın içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onların Tofiq adlı şəxsə məxsus olduğunu, sonuncunun ona vurduğu 105 manat məbləğində maddi ziyanı ödəməkdən boyun qaçırdığına görə içərisində heroin və psixotrop maddə metamfetamin olduğunu təxmin etdiyi həmin torbanı girov müqabilində götürdüyünü bildirdiyi müəyyən olunur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən maddənin dispozisiyasından müəyyən olunduğu kimi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlama artıq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Bununla da Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxladığı sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci və İİ siyahısının 67-ci bəndlərinə əsasən həm heroinin, həm də metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı hədləri 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 iyun 2021-ci il tarixli məlumatından və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 fevral 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cü maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 aprel 2021-ci il tarixdən hesablanmışdır. Bundan başqa, iş materialarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 may 2021-ci il tarixli qərarı seçilmiş 03 ay müddətinə həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bundan əlavə iş materiallarından görünür ki, 30 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işinin icraatı dayandırılmışdır. 30 iyul 2021-ci il tarixdə isə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyinə görə həmin tarixdə cinayət işinin icraatı təzələnərək, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 30 aprel 2021-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunsa da narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsinə zərurət yoxdur, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1.245 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 1.259 qram olan psixotrop maddə - metamfetamin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 manat 90 qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 30 aprel 2021-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, xalis çəkisi 1.245 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 1.259 qram olan psixotrop maddə - metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h **********9212327214, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-18/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-18/2022
13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver