Məhkəmə qərarları › İş №1(010)-18/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-18/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-18/2025 28.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 05 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 31 may – 02 iyun 2023-cü il tarixləri üzrə üzrə şübhəli şəxs qismində tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 2,151 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəki alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 31 may 2023-cü il tarixdə saat 17:00-da Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşen Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 2,151 qram kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saat 23:00 radələrində dostu ilə yaşadığı binanın qarşısında söhbət edən zaman 3 nəfər Bəşir, Ruslan, Etibar adlı polis əməkdaşları onlara yaxınlaşmışlar. Üstlərini yoxlamağa başlamışlar. Lakin üzərlərindən heç nə çıxmamışdır. Polis əməkdaşları ona birlikdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə getməsini bildirmişlər. Suraxanı Rayon Polis İdarəsinin 30cu polis şöbəsində ona əmr yuxarıdan və içə getməli olduğunu bildirmişlər. Göstərilənlərə əsasən barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik maddədən saxlanılana qədər istifadə etmiş, saxlanılandan sonra reabilitasiya mərkəzində müalicə keçmiş, hal-hazırda istifadə etmir; polis əməkdaşları onlarla getməli olduğunu bildirmişlər, əli qandalda olduğuna görə etiraz edə bilməmiş, fiziki təzyiqə məruz qalmadığına görə ittihamı qəbul etmiş, üzərində narkotik maddə olmamış, dostu Fərid həmin vaxt yanında olmuş və dediklərini təsdiq edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik maddə olan asetilə edilən tiryəkdən istifadə edir. 31 may 2023-cü il tarixdə sosial şəbəkədə tanış olduğu, lakin adını və ünvanını bilmədiyi İİRnın vətəndaşı olan şəxsdən öz istifadəsi üçün bir ədəd bükümdə tiryək almış və həmin şəxsin dediyi karta pul köçürərək dediyi yerdən tiryəki götürüb üzərində, sonra istifadə etməsi üçün saxlamışdır. 31 may 2023-cü il tarixdə təxminən saat 17:00 radələrində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun kim olmağı barədə soruşmuşlar. O, da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu yaxınlıqda olan Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər və o, da razılaşıb 30-cu PŞ-nə gəlmişdir. 30cu PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içinə baxılmış və ondan həmin bükümün içərisində nə olması barədə soruşulmuşdur. O, da həmin bir ədəd büküm içərisində asetilə edilən tiryək olduğunu, onu həmin gün tanımadığı internetdə tanış olduğu İİR-nın vətəndaşı olan şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Ondan aşkar edilmiş 01 ədəd büküm götürülərək qablaşdırılmışdır. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol qablaşdırılmış zərf özü və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 31 may 2023-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda yaşadığı ünvan 6 ünvanının qarşısında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİnin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15 ünvanının qarşısına getmişlər. Həmin vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15 ünvanında yerləşən yaşadığı evin yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsə narkotik maddə qəbul etməsi barədə məlumatları olduğunu bildirib, Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç müqavimət göstərmədən onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmişdir. Bundan sonra onlar Suraxanı RPİ-nin 30-cu PŞnin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün bir ədəd şəffaf sellofana bükülmüş tiryək kimi tanıdığı narkotik vasitə olduğunu bildirmiş və əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ arxa cibindən bir ədəd “Huavey” markalı mobil telefon çıxardaraq təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofana bükülm bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə toz şəkilli, qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə narkotik vasitə tiryək olduğunu, həmin narkotik vasitəni həmin günü, yəni 31 may 2023-cü il tarixdə internetdə tanış olduğu İİRnın vətəndaşı olan şəxsdən alıb özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o, da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Şahid2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə məhlədə oturmuşlar. Bu zaman polis əməkdaşları yaxınlaşaraq onların üstlərini yoxlamışlar. Təqsirləndirilən şəxs maşına mindirib Suraxanı Rayon Polus İdarəsinin 30-cu polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı üzərimndə ***-***-**-** nömrəli telefon olmuş, polis əməkdaşları onu buraxmışlar, lakin Babəki aparmışlar, polis əməkdaşları 3 nəfər olmuş, Bəşir və Ruslanı tanımışdır, Babəklə dostu, o, rayonda işləyir, Bakı şəhərinə gələndə görüşürlər, əvvəllər narkotik vasitə istifadə etməmiş, onların bir yerdə ciblərini yoxlamışlar, heç nə aşkar edilməmiş, onu buraxmışlar, Babəki isə aparmışlar, üstlərindən heç nə çıxmamışdır, Babəkin qolundan tutaraq burub aparmışlar, ilk olaraq üstlərini yoxlamışlar, sonra Babəki aparmışlar, Bəşirə demişdir ki, Ruslan onu buraxsın, Ruslan onu buraxmışdır, Babəkin üstündən telefon, siqarət, alışqan çıxmışdır, Babəkin narkotik istifadə etdiyini bilirdi. Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qəsəbədən tanıyır. Ay yadında deyil, lakin tarix 30-u idi, evindən aralıda 5 mərtəbələrdə saxlanılmışdır. 170 nömrəli məktəbin yanında olmuş, polis əməkdaşları onu saxlamışlar. Yanında 3-4 nəfər şəxs olmuş, Emin, Mehdi və Taleh. Onu günorta saat 12:00-13:00 arası tutmuşlar, Təqsirləndirilən şəxs isə həmin günü saat 22:00-da şöbəyə gətirmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Babəki saat 21:00- 22:00 radələrində gətirmişlər, onu ayın 30-u saxlamışlar, 31-i axşam sənədləşdirib MSY-ə gətirmişlər, gecəni şöbədə qalmış, səhərisi MSY-ə gətirib sənədləşdirmişlər, Babəki qəsəbədən tanıyır, əvvəllər 1 dəfə məhkumluğu olub, 2 il olar ki, azadlığa çıxmışdır, onun telefonu qaçanda düşmüşdür, ayın 31-i telefon evdə olmuşdur, onu maşınla aparmışlar, telefonu da uşaq götürmüş, xalasıgilə getmiş, anten mikrlrayon göstərir, öz işi üzrə narkotik istifadə etdiyini etiraf etmiş, amma tutulanda üstündə narkotik maddə olmamış, onu bölmədə kilo ilə rəsmiləşdirmişlər, hörmət edərək 234.1-lə rəsmiləşdirmişlər, Babəkin üstündə telefon olmuşdur, Babəklə birlikdə onu MSY-ə gətirmişlər, 2 gündən sonra MSYdən çıxmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilən tiryəkin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşları Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün arasında narkotik vasitə tiryək olduğunu, narkotik vasitə tiryəki 31 may 2023-cü il tarixdə internet vasitəsilə ilə İİR-nın vətəndaşından alıb gəzdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ arxa cibindən 1 ədəd “Huavey” markalı mobil telefonu çıxarıb təqdim edir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilmir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3111 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)...” sözləri və imzalar olan zərfin içərisindən 1(bir) ədəd bükümdə təmiz çəkisi 2,151 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilən tiryəkdir. Asetilə edilən tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına (Siyahı İ) daxildir. Qeyd: asetilə edilən tiryəkin təmiz çəkisi - 2,151 qram, tədqiqata sərf edilən miqdar - 0,1 qram, qalıq - 2,051 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2023-cü il tarixli 3640 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 2,151 qram qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilən tiryəkdən tədqiqatdan sonra qalıq qalmış 2,051 qram kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilən tiryəkin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri yoxdur, ona görə də barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhlumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” pubik hüquqi şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2013-cü il təvəllüdlü X2 adlı uşağı var. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPMin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 31 may – 02 iyun 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,051 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 10 (on) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 may – 02 iyun 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edisin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,051 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 10 (on) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar