Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-180/2021 16.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X4 qızının katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1979-cu ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dərvişlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dərvişlər kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ə.Vahid küçəsi, bağ evində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivində yerləşən 50 m2 qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasına köməklik göstərilməsi ilə əlaqədar cinayətdən xəbərsiz olan tanışı X1 vasitəsilə 2019-cu ilin iyun ayında özünə müraciət etmiş Şahid1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışı vasitəsilə qeyd edilən qeyri-yaşayış sahəsinə dair çıxarışın alınması imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi həmin hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 17.200 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivində yerləşən kafedə görüşləri zamanı yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin iyun ayında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “Xəzər market” adlanan mağazanın yanında Şahid1 ilkin olaraq 7.200 manat, eyni niyyətlə, 2019-cu ilin iyul ayında cinayətdən xəbərsiz olan sonuncunun tanışı Şahid2 vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Kölgə” adlı kafedə 10.000 manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitlərini şəxsi ehtiyacına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus cəmi 17.200 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Şahid1 və Şahid2 X1 vasitəsi ilə 2019-cu ildə tanıyıb. Onlarla heç bir düşmənçiliyi və ədavəti olmayıb. Hazırda da münasibətləri normaldır. Fizuli, Nurlan və Musa ilə mütəmadi olaraq görüşüb söhbətləşirdi. Musa İsmayılov ona bildirmişdir ki, Fizulinin Xəzər marketin yanında 50 kv.m sahəsi olan kafesi var və həmin kafeyə çıxarış almaq istəyir. Musa ondan bu işə kömək etməsini xahiş etmişdir. O, Musanın xahişini qəbul edib Fizuli ilə görüşmüşdür. 2019-cu ilin yay aylarında Fizuli ona kafesinə çıxarış almaq istədiyini söyləmiş, o, Fizuliyə kafeyə dair sənədlərin Bakı şəhər İH-ə göndərilməli olduğunu və İH tərəfindən icazə veriləcəyi təqdirdə kafeyə çıxarış alına biləcəyini söyləmişdir. Bundan sonra Rafiq adlı tanışı ilə danışmış və vəziyyəti izah etmişdir. Belə ki, Rafiq sürücü işləyirdi və vəzifəli şəxslərlə münasibəti olduğundan bu işlərin necə görülməli olduğunu bilirdi. Beləliklə, o, kömək məqsədilə Fizulidən zəruri rüsumların həmçinin layihənin çəkilməsi ilə bağlı zəhmət haqqının ödənilməsi üçün ümumilikdə 17.200 manat miqdarında pul alıb Rafiqə vermişdir ki, sonuncu zəruri işləri görsün. Həmin məbləğin 7.200 manatlıq hissəsini bilavasitə Fizulinin özündən, qalan 10.000 manatını isə Şahid2 vasitəsilə alıb. Lakin Rafiq 2020-ci ildə koronavirus xəstəliyindən vəfat etmişdir. Müvafiq ərəfədə o, atasının müalicəsi ilə əlaqədar Türkiyədə olub. Bu səbəbdən də bir müddət Fizulinin zənglərinə cavab verə bilməmişdir. Görünür, Fizuli bundan əsəbiləşərək hüquqmühafizə orqanlarına müraciətlər etməyə başlamışdır. Sonradan Bakıya qayıdıb Fizuli ilə görüşmüş, həmin vaxt Rafiq artıq vəfat etdiyindən Fizulinin pulunu ondan ala bilməmiş, lakin Fizulinin verdiyi bütün məbləği öz vəsaiti hesabına ödəmişdir. Beləliklə, hazırda Fizuliyə heç bir pul borcu yoxdur. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivində qeyri-yaşayış sahəsi var. Həmin qeyri-yaşayış sahəsini Şahid2la birlikdə çayxana kimi işlədirlər. O, Şahid2la həmin çayxanaya dair çıxarış almaq istədiyini Musa İsmayılova bildirmiş, Musa isə onu Təqsirləndirilən şəxsla tanış etmişdir ki, sonuncu zəruri sənədləşmə ilə bağlı ona kömək etsin. Təqsirləndirilən şəxs müvafiq işlərin görülməsi üçün pul lazım olduğunu bildirmiş, o, isə Təqsirləndirilən şəxs həmin işlərə kömək göstərməsi üçün əvvəl 7.200 manat, sonra isə Şahid2 vasitəsilə 10.000 manat pul vermişdir. Lakin zəruri sənədləşmə işi aparılmamış, o, isə Təqsirləndirilən şəxsla pulun qaytarılması ilə bağlı əlaqə saxlaya bilmədiyinə görə əsəbiləşib polisə müraciət etmək qərarına gəlmişdir. Sonradan o, təqsirləndirilən şəxslə görüşmüş, sonuncu ona bildirmişdir ki, telefon zənglərinə cavab verməməsinin səbəbi müvafiq ərəfədə Türkiyədə olması ilə əlaqəli olub. Həmçinin Təqsirləndirilən şəxs ona 17.200 manatın hamısını qaytarmışdır. Beləliklə, təqsirləndirilən şəxsin ona heç bir pul borcu qalmayıb. Onun da təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, işin faktik hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə, həmçinin məhkəmədə verilmiş ziddiyyətli ifadələrə baxmayaraq, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətməsi faktı sübuta yetirilmiş sayılmalıdır. Belə ki, təqsirləndirilən şəxsin cinayət əməli müdafiəçisinin iştirakı ilə iş üzrə ibtidai araşdırma dövründə verdiyi izahatlar, həmçinin şahidlərin iş materiallarına əlavə edilmiş yazılı ifadələri və iş materiallarında olan digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxsin və şahidlərin işin məhkəmə baxışı dövründəki ifadələri isə işin faktik hallarını təhrif etməklə təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən yayındırmaq məqsədi güdür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə olaraq az ağır cinayət törətdiyini, himayəsində 2 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını, habelə cinayət yolu ilə ələ keçirilmiş 17.200 manat miqdarında pul məbləğinin sahibinə qaytarıldığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4, 312.1-ci maddələrinin sanksiyaları çərçivəsində cərimə növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4.500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzasına və Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinərək 5.500 (beş min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6.000 (altı min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-180/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-180/2021
16.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver