Məhkəmə qərarları › İş №1(010)-181/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-181/2022

25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-181/2022 25.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “ARB” televiziya kanalında rejissor işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, 20 – 22 sentyabr 2021-ci il tarixləri üzrə tutulmuş, 22 sentyabr 2021-ci ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, 20 – 22 noyabr 2021-ci il tarixləri üzrə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2021ci il tarixli qərarına əsasən barəsində 20 fevral 2022-ci il tarixinədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş, 20 fevral 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilmiş və 02 avqust 2022-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,505 qram təşkil edən maddə kütləsi – kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 20 sentyabr 2021-ci il tarixdə saat 17-də Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, “Univermaq” ticarət mərkəzinin qarşısında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirilmiş, videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış və götürmə həyata keçirilərkən əynindəki yaşıl rəngli idman şalvarının sol cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,505 qram təşkil edən maddə kütləsi – kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,437 qram təşkil edən qəhvəyi rəngli maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,118 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət maddə – kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, barəsində axtarış elan olunması səbəbindən 20 noyabr 2021-ci ildə saat 17-də Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirilmiş, videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış və götürmə həyata keçirilərkən əynindəki mavi rəngli cins şalvarının sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,437 qram təşkil edən qəhvəyi rəngli maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,118 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət maddə – kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 20 sentyabr 2021-ci ildə səhər saatlarında evdə qardaşı ilə birlikdə yatmışdır. Bu zaman evdə bacısı və qızı da olub. Həmin vaxt anası artıq işə, arvadı isə mağazaya getmişlər. Ona görə də evin qapısı açıq olub. Yuxudan oyandıqda görmüşdür ki, başının üstündə polis əməkdaşları dayanıb. Polis əməkdaşları onu və qardaşını evdən götürüb Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirmiş, orada isə məcbur etmişlər ki, ikisindən biri üzərində narkotik vasitə olduğunu etiraf etsin. Qardaşını müdafiə etmək məqsədilə məcburiyyət qarşısında qalıb üzərində narkotik vasitə aşkar olunduğunu etiraf edəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitə vermiş və tapşırmışlar ki, üzərinə videoçəkilişlə baxış keçirilən vaxt həmin narkotik vasitəni çıxarıb təqdim etsin. Daha sonra üzərinə videoçəkilişlə baxış keçirilmiş və o, polis əməkdaşlarının tapşırığına uyğun olaraq narkotik vasitəni cibindən çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, 20 noyabr 2021-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində olduğu vaxt ona iki nəfər mülki geyimli şəxs yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim edib polis bölməsinə dəvət etmişlər. Həmin vaxt üzərində bir dəfə istifadə etməsi üçün marixuana adlanan narkotik vasitə olub. Lakin polis əməkdaşları üzərindən aşkar olunan marixuananı ondan almış və başqa bir büküm təqdim edərək onu videoçəkiliş zamanı təqdim etməsini tapşırmışlar. Polis əməkdaşları tərəfindən tətbiq edilmiş təzyiq və təsir nəticəsində sonuncuların tapşırığını icra etməyə məcbur olmuş, yəni videoçəkilişlə keçirilmiş baxış zamanı həmin narkotik vasitəni çıxararaq təqdim etmişdir. Qeyd olunur ki, təqsirləndirilən şəxs işin məhkəmə baxışı dövründə yuxarıda göstərilən məzmunlu ifadə verdiyinə baxmayaraq, məhkəməyə son sözlə müraciət edərkən törətdiyi cinayət əməlindən peşman olduğunu və ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 20 sentyabr 2021-ci ildə Təqsirləndirilən şəxs narkotik maddələri qanunsuz saxlaması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra rəisə raportla müraciət edilmiş və məlumatın yoxlanması üçün ondan və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 17-də onlar Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Univermaq” ticarət mərkəzinin qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və təqsirləndirilən şəxsə narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirərək şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs bununla razılaşaraq onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gəlmişdir. Polis bölməsinin xidməti otaqlarının birində təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçi dəvət edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olundu. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd inqalyator, 01 ədəd alışqan, şalvarının sol yan cibindən isə 01 ədəd üzərində “Rothmans” yazısı olan tütün məhsulu və 01 ədəd gümüşü rəngli büküm çıxarıb təqdim etdi. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşuldu. Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin bükümün onun özünə məxsus olduğunu, bu narkotik maddəni səhər saatlarında onlayn qaydada 20 manat ödəniş etməklə öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirdi. Sonra həmin büküm götürülərək qablaşdırıldı. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirildi, lakin qanunsuz hər hansı başqa bir əşya və ya predmet aşkar edilmədi. Şahid həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığına görə barəsində axtarış elan edilmişdir. Bununla əlaqədar əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, 20 noyabr 2021-ci ildə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3la birlikdə təhkim olunmuş inzibatı ərazidə xidmət apardıqları zaman saat 17-də onlar Təqsirləndirilən şəxs ünvan 5 ünvanının qarşısında görüb yaxınlaşaraq özlərini təqdim edib Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və üzərinə videoçəkilişdən istifadə olunmaqla baxış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olundu. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümü çıxarıb təqdim etdi. Ondan təqdim etdiyi 02 ədəd bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşuldu. Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisində heroin, digərinin içərisində isə metamfetamin olduğunu, bu bükümlərin onun özünə məxsus olduğunu, onları həmin gün səhər saatlarında onlayn qaydada cəmi 20 manat ödəniş etməklə öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirdi. Aşkar edilmiş bükümlər götürülərək qablaşdırıldı. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirildi və qanunsuz hər hansı bir başqa əşya və ya predmet aşkar edilmədi. Şahid bildirir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməyib. Şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişlər. Şahidlər bildirirlər ki, istər saxlanıldığı vaxt, istərsə də bundan sonra təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir qanunsuz təzyiq göstərilməyib. O, polis bölməsində üzərində saxladığı narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, iş materiallarına əlavə edilmiş kompakt disklər, təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələr və s. sübutlarla təsdiq olunur. 21 sentyabr 2021-cı il tarixli 6/4173 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №195” möhür əksi, “...Şübhəli şəxs:... Təqsirləndirilən şəxs ..” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,505 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir». 21 noyabr 2021-cı il tarixli 6/5144 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,118 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,437 ram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir». 30 noyabr 2021-cı il tarixli 4797 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Onun işin məhkəmə baxışı dövründəki ifadəsi isə iş üzrə toplanmış mötəbər sübutlara ziddiyyət təşkil etməklə heç bir fakta söykənməmiş və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini və peşman olduğunu bildirdiyini, ağciyər xəstəliyindən əziyyət çəkdiyini, ailəsinə yeganə qazanc gətirən şəxs olduğunu, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, həmçinin arvadının hamilə olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,387 və 1,455 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, habelə qalıq çəkisi 0,068 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 191 (yüz doxsan bir) manat 72 (yetmiş iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 – 22 sentyabr 2021-ci il, 20 noyabr 2021-ci il – 20 fevral 2022-ci il, habelə 02 avqust 2022-ci ildən bu günədək tutulduğu, ev dustaqlığında və həbsdə saxlanıldığı 03 (üç) ay 25 (iyirmi beş) gün Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,387 və 1,455 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, habelə qalıq çəkisi 0,068 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 191 (yüz doxsan bir) manat 72 (yetmiş iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar