Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-181/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1985-ci ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Naxçıvan MRnın Şərur rayonu, Kürkənd ə/d, Kürkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 07 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 noyabr 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 25 yanvar 2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 oktyabr 2023-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində yerləşən “Maral” oteldə olan zaman tanışı Zərərçəkmiş şəxs məxsus 500 (beş yüz) manat dəyərində 01 (bir) ədəd “Samsung” markalı, SM- A325F/DS modelli, 3501xx/xx/425560/15 İMEİ kodlu mobil telefonu, 95 (doxsan beş) manat dəyərində 01 (bir) ədəd “Sege” markalı mobil telefonu, milli valyuta ilə 1020 (min iyirmi) manat ekvivalentində 600 (altı yüz) dollar və 185 (yüz səksən beş) manat pulu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs, ümumilikdə 1800 (min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində göstərdi ki, 27 oktyabr 2023-cü ildə təxminən saat 16 radələrində tanışı Zərərçəkmiş şəxs ilə Yeni Suraxanı ərazisində görüşmüşdür. Görüşdükdən sonra, Orxanla Qaraçuxur qəsəbəsində yerləşən “Marani” adlanan restorana getdilər. Təxminən 2 saat sonra Orxan ona iki qızın gəldiyini və üzərində pulunun olmadığını bildirdi. O, qohumu olan Şahid1 100 manat borc pul alıb Orxana verdi. Daha sonra, Orxan qızlardan birinin gəlmədiyini bildirdi və dedi ki, “nə fərqi var, gələn qız ikimizlə də görüşər”. Qız gəlib yarım saat oturduqdan sonra taksi ilə üçü birgə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində yerləşən “Maral” otelə getdilər. Təxminən saat 22 radələrində otelə daxil olub, üçü də otağa qalxmışdır. Hamısı birlikdə oturub spirtli içki qəbul etmiş, bundan sonra, Orxan qızla otaqlardan birinə girmişdir. Nə qədər səslənsə də, Orxan yuxulu olduğunu, halının olmadığını deyib otaqdan çıxmamışdır. Sonra isə Orxanın borcu ola-ola etdiyi bu cür hərəkətlər onun xoşuna gəlmədiyi üçün Orxanın “Samsung A23” markalı və “Sege” markalı mobil telefonlarını götürüb oteldən çıxmışdır. Bundan sonra, “Koroğlu” metrosuna qədər piyada gəlmiş, “Koroğlu” metrosundan metro ilə “Nefçilər”ə, oradan da 8-ci km bazarına yataqxanaya getmişdir. Orxanın dostu Nağı adlı şəxs ona zəng edib telefonu qaytarmağını məsləhət görmüşdür. O, da cavab olaraq bildirmişdir ki, Orxan ona olan borcunu ödəsin, sonra onun telefonlarını qaytaracaq. Sonra isə həyat yoldaşına qayıtmaq üçün pulunun olmadığını bildirmişdir. Yoldaşı kart vasitəsilə ona 50 (əlli) manat pul göndərmişdir. Həmin pulla 31 oktyabr 2023-cü il tarixə Naxçıvan Muxtar Respublikasına bilet alıb, həmin tarixdə avtobusla Naxçıvana getmiş, götürdüyü telefonları da üzərində aparmışdır. Suallara cavab olaraq bildirmişdir ki, bir yerdə işlədiklərindən və səhər də işə gedəcəkləri üçün oteldə qalmışlar. Telefonları götürən zaman içərisində milli valyuta ilə 1020 (min iyirmi) manat ekvivalentində 600 (altı yüz) ABŞ dolları və 185 (yüz səksən beş) manat pul olmuş, lakin həmin pulları sonradan görmüşdür. Çünki, pullar telefonun kaburasının içərisində olduğu üçün onları görməmişdir. Telefonları götürsə də, heç bir yerinə baxmamışdır. Kaburanın içərisində pul olması barədə sonradan məlumatı olmuşdur. Əməlindən peşmandır. İçkili olduğu üçün belə bir səhv etmişdir. Artıq aralarında heç bir narazılıq qalmamış və yenə də birlikdə işləyirlər. Sonda isə zərərçəkmiş şəxslə barışdığını, əvvəllər məhkum olunmadığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini, hazırda aralarında heç bir narazılığın olmadığını, himayəsində üçü azyaşlı olmaqla, ümumilikdə beş övladının olmasını nəzərə alaraq iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ondan şikayət və tələbinin olmadığını, buna görə də barəsində aparılan cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 27 oktyabr 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində görüşmüşdür. Səttarla görüşdükdən sonra, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Marani” adlanan restorana getmişlər. Onlar bir yerdə olan zaman Səttar “sən burda gözlə, mənim yarım saatlıq işim var” deyib, restorandan çıxmış, yarım saat sonra, Səttar restorana qayıtmış, gələrkən dəvət etdiyi qızlardan birinin gəlmədiyini görüb nə vaxt gələcəyini ondan soruşmuşdur. O, isə həmin qızın gələcəyini bildirmişdir. Səttara “gedib başqa yerdə qalma, gəl iki otaq tutarıq, orda qalarsan” demişdir. Sonra üçü taksi ilə Suraxanı rayonu, Zığ dairəsində yerləşən “Maral” otelə getmişlər. Saat 22 radələrində oteldə otaq tutaraq birlikdə spirtli içki qəbul etmişlər. Özü dəvət etdiyi qızla bir otaqa keçmiş, mobil telefonu və pulları zalda qalmışdır. Qızla sabaha kimi həmin otaqda qalmışdır. Səttar da yan otaqda qalmışdır. Sabah duranda Səttarın olmadığını görmüşdür. Səttara zəng vurmaq üçün telefonu götürmək istəyən zaman 120 (yüz iyirmi) manat və 95 (doxsan beş) manat dəyərində olan “Samsung” və “Sege” markalı mobil telefonlarının, 600 (altı yüz) ABŞ dolları və 185 (yüz səksən beş) manat pulunun olmadığını görmüşdür. Telefonları oğurlandığı üçün otelin sahibinin telefonu ilə zəng etmiş, lakin Səttar telefonlara cavab verməmişdir. Sonra Səttarın qardaşı ilə əlaqə saxlamışdır. Onun Səttardan heç bir məlumatı olmadığını bildirmişdir. Buna görə də, Suraxanı RPİ-nin 33-cü polis bölməsinə bu barədə ərizə ilə müraciət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs götürdüyü pul birlikdə usta işlədiklərindən ev yiyəsinin tikinti materialları və avadanlıqları alması üçün verdiyi pul idi. Həmin pulu telefonunun kaburasının arxasına qoyduğundan, Səttar da telefonları götürüb çıxdığından pul da onlarla birlikdə götürülmüşdür. Odur ki, pulları gizli yerə yerləşdirdiyindən hadisə zamanı Səttarın həmin pullardan xəbəri olmamışdır. Həmin gün Səttarla əlaqə saxlaya bilmədiyindən hadisədən bir gün sonra şikayət ərizəsi ilə polisə müraciət etmişdir. İbtidai istintaq dövründə Səttar ona pulun yarısını qaytardığından istintaqı aparan müstəntiqə heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Lakin buna baxmayaraq yenə də iş ittiham aktı tərtib edilərək müstəntiq tərəfindən məhkəməyə verilmişdir. Səttar həmin pulu məhkəmənin ilk iclasının keçirilməsinə 5 gün qalmış artıq ona tamamilə qaytarmışdır. Göstərilənləri nəzərə alaraq, cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Ələsgər qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur. 27 oktyabr 2023-cü il tarixdə saat 13:00-14:00 radələrində Səttar onun yaşadığı ünvana gələrək 100 (yüz) manat pul borc olaraq götürmüşdür. Təxminən 5 gün sonra Səttarın həyat yoldaşı Bəyimxanım onun kartına 50 (əlli) manat pul atıb Səttara verməsini xahiş etmişdir. O, da həmin 50 (əlli) manatı Səttarla görüşüb nəğd formada vermişdir. Sonda isə baş vermiş hadisə barədə məlumatının olmamasını bildirmişdir. Məhkəmə istintaqında ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edimiş şahid X6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “Maral” oteldə administrator vəzifəsində işləyir. 27 oktyabr 2023-cü il tarixdə, saat 22 radələrində 3 nəfər şəxs yaxınlaşıb gecəni keçirmək üçün otaq istəmişlər. Onlara 13 nömrəli otağı məsləhət görmüşdür. Orxan adlı şəxs ödənişi etdikdən sonra, həmin şəxlərə otaqlarını göstərmiş və öz ofisinə qayıtmışdır. Səttar adlı şəxsin oranı saat neçədə tərk etməsi barədə məlumatı olmamışdır. 28 oktyabr 2023-cü il tarixdə Orxan adlı şəxs ona məxsus mobil telefonların və pulunun oğurlandığı barədə otelə məlumat vermişdir. Sonradan Orxana məlum olmuşdur ki, həmin pulu və telefonları Səttar adlı şəxs götürüb getmişdir. Orxan və yanındakı xanım oteli tərk etmişdir. Sonradan həmin şəxslər barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Cinayət işi 04 noyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis leytenantı X17 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanmışdır. (iş.v. 1) Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 33-cü polis bölməsinə ünvanlanan 30 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, 28 oktyabr 2023-cü il tarixdə, saat 09 radələrində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində yerləşən “Maral” oteldən ona məxsus 01 (bir) ədəd “Samsung” markalı, 01 (bir) ədəd “Sege” markalı mobil telefonunu, 600 (altı yüz) ABŞ dolları və 185 (yüz səksən beş) manat pulunu oğurlamışdır. (iş.v. 3) 30 oktyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X13 iştirakı ilə onun ərizəsi əsasında Suraxanı RPİ-nin 33-cü polis bölməsinin CA üzrə ə/m Rüstəm Rüstəmov tərəfindən Suraxanı rayonu, Zığ qəsəbəsi, “Maral” otelə baxış keçirilmişdir. Hadisə “Maral” oteldə giriş hissədən sol tərəfdə yerləşən 4-cü otaqda baş vermişdir. Otelin müşahidə kameraları var, lakin hadisənin bilavasitə baş verdiyi otaqda videomüşahidə kamerası yoxdur. İş üçün əlavə əhəmiyyət kəsb edən heç bir əşya müəyyən edilməmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. (iş.v. 9-11) 07 noyabr 2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət barədə istintaqa verdiyi məlumatları təsdiq etmək üçün əhəmiyyətli hesab edilən 02 (iki) ədəd mobil telefonu istintaqa könüllü olaraq təqdim etmişdir. (iş.v. 23) 07 noyabr 2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə, saat 15:40-da cinayət işi üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs oğurladığı pulların ona məxsus olmasını əks etdirən 01 (bir) ədəd fotoşəkil götürülmüşdür. Zərərçəkmiş şəxs bildirmişdir ki, onun təqdim etdiyi şəkil həmin pulların ona məxsus olmasını və istintaq zamanı verdiyi ifadəni təsdiq etmək üçün əhəmiyyətlidir. (iş.v. 24) 07 noyabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarla Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 47) 08 noyabr 2023-cü il tarixli “Mərkəzi Bankın saytına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 01 oktyabr 2023-cü il tarixdən 31 oktyabr 2023-cü il tarixə olan AZN məzənnələri siyahısına əsasən 1 ABŞ dolları 1 manat 70 qəpik təşkil etmişdir. Buna görə də, Zərərçəkmiş şəxs həmin dövrün məzənnəsi ilə 600 (altı yüz) ABŞ dollar pulu 1020 (min iyirmi) manat təşkil etmişdir. (iş.v. 57-59) 10 noyabr 2023-cü il tarixli, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs təklifi ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolunda yerləşən “Maral” otelin qarşısına gəlinmiş, sonuncu istintaqa verdiyi ifadə üzrə cinayəti necə törətdiyini göstərmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, 27 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində taksi ilə üçü Zığ qəsəbəsi ərazisində yerləşən “Maral” otelə gəlmişlər. Təxminən saat 22 radələrində onlar otelə daxil olub, üçü birlikdə otağa qalxmışdır. Üçü birlikdə otağın zalında oturub spirli içki qəbul etmişlər. Bundan sonra Orxan qızla otaqlardan birinə girmişdir. O, isə zalda Orxanı gözləmişdir. Nə qədər səslənsə də, Orxan yuxulu olduğunu, halının olmadığını deyib otaqdan çıxmamışdır. Sonra isə Orxanın borcu ola-ola etdiyi hərəkətlər xoşuna gəlmədiyi üçün zalda masanın üzərində olan Orxana məxsus “Samsung A23” markalı və “Sege” markalı mobil telefonları götürüb oteldən çıxmışdır. (iş.v. 77-78) 11 noyabr 2023-cü il tarixli, “üzləşdirmə protokolu”ndan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir. (iş.v. 82-84) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs, ona məxsus Samsung A51 markalı telefonu normal və işlək vəziyyətdə Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Azim Bayramovdan təhvil almışdır. (iş.v. 85) 12 noyabr 2023-cü il tarixli “əşyanın tanınmasının aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilən 02 (iki) ədəd mobil telefonu görünüşündən, rəngindən və telefonun menyusuna daxil olmaq üçün istifadə edilən təhlükəsizlik şifrəsindən tanımışdır. (iş.v. 86-90) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Rzayev X14 RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Azim Bayramovdan özünə məxsus 02 (iki) ədəd mobil telefonu işlək vəziyyətdə təhvil almışdır. (iş.v. 91) 22 dekabr 2023-cü il tarixli, 9/8924 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla, 2023-cü ilin oktyabr ayına olan olan tarixə orta bazar qiyməti təxminən müəyyən edilir:-“01 (bir) ədəd qara rəngli “SQ 93mini” markalı mobil telefon- 40 (qırx) manat; 01 (bir) ədəd qara rəngli Vyetnam istehsalı “Samsung” markalı “SM- A325F/DS (Samsung Galaxy A32) model, 3501xx/xx/425460/5 İMEİ kodlu mobil telefon (qaburu ilə birlikdə) 230 (iki yüz otuz) manat.” (iş.v. 102-104) 05 yanvar 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi” qərarından görünür ki, zərərçəkmiş şəxsə məxsus 01 (bir) ədəd “Samsung” markalı mobil telefonu və 01 (bir) ədəd “Sege” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. (iş.v. 118-122) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin təqdim etdiyi tələbnamədən və Azərbaycan Respublikası DİN-in inspektoru Aysel Qasımova tərəfindən verilmiş 27 mart 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, himayəsində üçü azyaşlı olmaqla (31 avqust 2012-ci il təvəllüdlü X5, 24 mart 2014-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü Sunay İsmayılova) ümumilikdə beş övladı vardır. Şərur Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin 06 fevral 2024-cü il tarixli hamiləliyin İİ və İİİ üçaylığının müayinəsindən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X3 18-19 həftəlik hamiləlik dövründədir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universitetinin nəzdində X18 Kollecinin 09 fevral 2024-cü il tarixli, 10 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs övladı X10 həqiqətən, X18 Kollecinin əyani İ kurs Turizm işinin təşkili (ödənişli əsaslarla) ixtisasında təhsil alır. Həmçinin 09 fevral 2024-cü il tarixli 02/952 nömrəli arayışdan görünür ki, X1 Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin əyani şöbəsinin Biologiya müəllimliyi ixtisası üzrə İİ kurs tələbəsidir. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ifadələrin yerində yoxlanılması, üzləşdirmə və hadisə yerinə baxış keçirilməsi protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyini və cinayət işinin materiallarını tədqiq edərək məhkəmə araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı toplanmış kifayət qədər mötəbər sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəyini, istintaq və məhkəmə hərəkəti protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. 10 iyun 1997-ci il tarixli Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. CPM-nin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 177.1, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156— 158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Zərərçəkmiş şəxs 12 fevral 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tamamilə ödənildiyini, 600 (altı yüz) ABŞ dolları və 185 (yüz səksən beş) manat məbləğində pulun, 120 (yüz iyirmi) manata aldığı “Samsung A32” markalı və “SQ” markalı 40 (qırx) manat dəyərində sadə mobil telefonların ona qaytarıldığını, təqsirləndirilən şəxslə barışdığını, şikayət və tələbinin olmadığını qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu zərəri tamamilə ödəməsini, əməlindən peşman olmasını və barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin Qeydinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləği ümumilikdə 1435 manat təşkil edir və hazırkı gündə dəymiş ziyan tamamilə ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunması üçün mütləq əsas deyil. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyası iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutduğundan həmin əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir. CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, müasir cinayət ədalət mühakiməsi sisteminin fərqləndirici xüsusiyyəti cinayət məsuliyyətindən azad etmənin həm məhkəməyədək mərhələdə, həm də məhkəmə icraatı mərhələsində mümkün olması, bununla da cinayət təqibinə xitam verilməsilə əlaqədar cinayət işlərinin sayının azalma prosesidir. Cinayət Məcəlləsinin 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin aşağıdakı şərtlərini müəyyən etmişdir: - barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən; - təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış; - təqsirləndirilən şəxs zərərçəkmişlə barışmış olmalıdır. Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır. Hazırkı cinayət işi üzrə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamış, dəymiş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, evli olmaqla beş uşağı var və onlardan üçü azyaşlıdır, bundan başqa ailədə tək işləyən və gəlir gətirən şəxs özüdür, həyat yoldaşının xx.xx.2024-cü il tarixə 18-19 həftəlik hamiləliyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. CPM-nin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CPM-nin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, təqsirləndirilən şəxs barəsində mövcud iş üzrə ibtidai araşdırma dövründə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Beləliklə də, məhkəmə araşdırmanın yekunu olaraq bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, lakin zərərçəkmiş şəxs onunla barışdığından, ona dəymiş ziyan tamamilə ödənildiyindən, ondan şikayət və tələbi olmadığından Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs barəsində mövcud iş üzrə ibtidai araşdırma dövründə seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilməli, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CPM-nin 41.1-1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməli olduğu, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən edildiyi hallarda, cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və məhkəmənin yekun qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə cinayət işi materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 347, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h **********9212327214, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübutun, mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-181/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-181/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver