Məhkəmə qərarları › İş №1(010)-184/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-184/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-184/2021 12.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1993-cü ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağlar yaşayış sahəsində nömrəsiz evdə yaşayan, Suraxanı Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərarına əsasən barəsində əvvəli 15 mart 2021-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və göstərilən tarixdən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində yerləşən fərdi yaşayış evinə 15 mart 2021-ci ildə saat 18:35-də əvvəl həyətyanı sahəyə hasardan aşıb, sonra mətbəxin plastik pəncərəsinin üzərindəki dəmir barmaqlığı sındırmaq yolu ilə pəncərədən qanunsuz daxil olmuş, bunu görən Zərərçəkmiş şəxs evin qapısını açaraq həyətə qaçdıqda sonuncunu təqib edib evin həyətində tutaraq hər iki biləyini sıxmaqla həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək sağlamlığa zərər vurma kimi qiymətləndirilməyən xəsarətlər yetirmiş, eyni zamanda üzərində 5 manat dəyərində ***-***-**-** mobil nömrəsi olan, Vyetnamda istehsal edilmiş, satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarları olmayan 400 manat dəyərində bir ədəd qızılı rəngli “Samsung Galaxy” markalı SM-A515F/DSN modelli mobil telefonunu açıq talamaqla zərərçəkmiş şəxsə 405 manat miqdarında maddi ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməmiş, lakin törətdiyi cinayət əməlini faktik etiraf edərək işin məhkəmə baxışı zamanı bildirmişdir ki, təxminən 10 il əvvəl yol-nəqliyyat qəzası keçirdiyi zaman beynindən zədə almış və həmin vaxtdan psixoloji problemləri yaranmışdır. Ona görə də xeyli müddət ərzində müalicə alıb. Əvvəllər narkotik vasitələr də qəbul edib. Hadisədən 25 gün əvvəl narkoloji problemləri ilə bağlı xəstəxanada müalicə almış, 15 mart 2021-ci ildə saat 10 radələrində evə buraxılmışdır. Xəstəxanadan çıxdıqdan sonra anası ilə bacısının yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində yerləşən nömrəsiz evə getmiş, lakin qapının bağlı olması səbəbindən hasardan həyətə aşıb mətbəxin pəncərəsinin üzərində olan dəmir barmaqlığı həyətdən götürdüyü dəmir parçası ilə yerindən çıxararaq kənara qoymuş, daha sonra plastik pəncərəni kilid hissəsindən yumruqla vurub açaraq evə daxil olmuşdur. Bu zaman içəridə heç bir əşyanın olmadığını görmüşdür. Bir qədər evdə qaldıqdan sonra məhəllədə yerləşən mağazaya gedib oradan borca bir ədəd siqaret almış, daha sonra isə öz evlərinə bitişik evin çöl darvazasının qapısını döymüşdür. Darvazanı bir qadın açmışdır. Həmin qadına mobil telefonunun olmadığını bildirərək xahiş etmişdir ki, onun anasına zəng etsin. Bu zaman anasının və bacısının əlaqə nömrələrini həmin qadına vermiş və demişdir ki, anasından taksi və pul göndərməsini xahiş etsin. Qadından həmçinin xahiş etmişdir ki, ona iki manat pul versin. Həmin qadın onunla razılaşaraq evə girmiş o, isə həyətdə dayanıb sonuncunun qayıtmasını gözləmişdir. Bir qədər sonra qadın qayıdıb ona bildirmişdir ki, pulu yoxdur. O, qadından bir stəkan su verməsini xahiş etmiş, qadın cavabında bildirmişdir ki, ona şirin su və yemək verə bilər. O, da razılaşaraq həmin qadının yaşadığı evin qapısının yanına getmiş və sonuncu ona bir stəkan kompot vermişdir. Bundan sonra özlərinə məxsus evə qayıdaraq qonşuluqda yaşayan həmin qadının ona yemək verməsini və anasıgil ilə danışıb ona xəbər etməsini gözləmişdir. Lakin xeyli vaxt keçdiyinə baxmayaraq qadın ona yemək verməmiş və anasıgil barədə heç bir söz deməmişdir. Sonra eşitmişdir ki, qonşuda yaşayan həmin qadın darvaza qapısını kilidləyir. Pulu olmadığına görə belə qərara gəlmişdir ki, həmin həyətə girib oradan oğurluq etsin, həmçinin bir az əvvəl həmin qadının əlində gördüyü mobil telefonu götürsün. Bu məqsədlə həmin evin həyətinə hasardan aşaraq daxil olmuş, sonra həyətin sonunda yerləşən evə yaxınlaşmışdır. Bu zaman internet xəttini evin çöl hissəsindən dartıb qırmışdır ki, qadın baş verənlər barədə heç kəsə məlumat verə bilməsin. Bundan sonra həyətin zirzəmisinin plastik qapısını açaraq oradan bir ədəd uzun kəlbətin götürmüşdür. Sonra evin pəncərələrindən birinə yaxınlaşıb üzərində olan dəmir barmaqlığı əlindəki uzun kəlbətinlə qırmış və dəmir barmaqlığı yerindən çıxarıb divara söykəmişdir. Bundan sonra plastik pəncərəyə yumruqla vurub pəncərəni açaraq evə girmək istəmişdir. Bu vaxt pəncərə açılmış və pəncərənin üzərindəki tor cırılmışdır. Bu zaman ona kompot vermiş qadın evin qapısını açıb narahat halda ondan nə iş gördüyünü soruşmuşdur. Həmin qadına sakit durmasını, qışqırmamasmı bildirmişdir. Lakin qadın evdən çıxıb həyətin darvaza qapısına doğru qaçmağa başlamışdır. Arxadan qaçıb həmin qadına yaxınlaşmış, bu zaman qadın dizləri üstə yerə yıxılmış və əlləri yerə dəymişdir. O, qadına yaxınlaşıb əllərindən tutaraq mobil telefonu ondan zorla almışdır. Qadın qışqırmağa və ağlayaraq qonşuları çağırmağa başlamışdır. O, qadının qabağını kəsərək darvaza qapısını açmağa imkan verməmişdir. Bu anda həmin evin digər arxa hasarından bir nəfər səsi eşidib hasara qalxmış və onlara baxdıqdan sonra nə etdiyini, nə baş verdiyini demişdir. Həmin kişini görüb mobil telefonu cibinə qoymuş və tez həmin həyətdə olan dəmir seyfin üstünə çıxıb oradan öz həyətlərinə tullanmışdır. Bir az keçdikdən sonra ara sakitləşəcəyini və evlərindən çıxıb oradan uzaqlaşıb həmin mobil telefonu da satıb öz ehtiyaclarını ödəyəcəyini fikirləşmişdir. O, öz evlərinin pəncərəsindən evə girib sanitar qovşağına daxil olmuş və orada gözləməyə başlamışdır. Bir qədər keçdikdən sonra polis əməkdaşlarının onların evinə daxil olduqlarını görmüş, lakin səsini çıxarmamışdır ki, onun evdə olduğunu bilməsinlər. Buna baxmayaraq, polis əməkdaşları evi sanitar qovşağına kimi axtarıb onu tapmışlar və onu Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirmişlər. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, əri X1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində yerləşən nömrəsiz evdə yaşayır. Özü işləmir və günün əksər hissəsini yuxarıda göstərilən evdə tək olur. X3 isə hər gün saat 09 radələrində yaşadığı evdən çıxıb işə gedir və saat 20 radələrində geri qayıdır. Divar qonşusu olduqlarına baxmayaraq, təqsirləndirilən şəxslə və sonuncunun ailəsi ilə yaxın tanışlığı yoxdur. Onları sadəcə qonşu kimi tanıyır. Həmçinin bir neçə dəfə təqsirləndirilən şəxsin öz evlərinin darvazasının bərk döydüyünü və səs-küy saldığını eşitmiş, lakin buna müdaxilə etməmişdir. Qeyd edir ki, 15 mart 2021-ci ildə əri işə getdikdən sonra o, evdə tək qalmışdır. Saat 16 radələrində evin pəncərəsinin döyüldüyünü eşidib çölə boylanmış, bu zaman təqsirləndirilən şəxsin onların həyətinə daxil olduğunu görmüşdür. Qapını açıb təqsirləndirilən şəxsdən nə lazım olduğunu soruşmuş, sonuncu cavabında onunla mülayim danışaraq anası ilə bacısının onu tutdurduğunu, bir neçə vaxtdır ki, xəstəxanada müalicə aldığını, hazırda evlərində heç kəsin olmadığını, evin əşyalarının boşaldıldığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ona 5 manat miqdarında pul verməsini xahiş etmişdir. Cavabında sonuncuya bildirmişdir ki, pulu yoxdur. Lakin təqsirləndirilən şəxs təkid edərək ona heç olmasa 2 manat verməsini xahiş etmiş, cauvabında o, bir daha təqsirləndirilən şəxsə bildirmişdir ki, pulu yoxdur. Bundan sonra təqsirləndirilən şəxs xahiş etmişdir ki, ona sok və çörək arasında nə isə yemək versin. Təqsirləndirilən şəxsin xahişinə əsasən evdən çıxaraq zirzəmidən kompot götürüb ona bir stəkan süzüb vermişdir. Eyni zamanda təqsirləndirilən şəxsdə nə isə çatışmazlıq olduğunu hiss edərək bundan qorxduğuna görə onu şirin dilə tutub çölə çıxarmışdır ki, çıxıb getsin. Təqsirləndirilən şəxs həyətdən çıxdıqdan dərhal sonra çöl darvazasını içəridən bağlamışdır ki, o, geri qayıtmasın. Bundan sonra evə qayıtmış və təqsirləndirilən şəxsin verdiyi telefon nömrəsi ilə sonuncunun bacısına zəng edərək qardaşının onların həyətinə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxsin bacısı cavabında qardaşının beyninin çöndüyünü bildirərək, ona tapşırmışdır ki, darvazanı bağlasın. Bundan təxminən 2 saat sonra evdə televizora baxdığı vaxt qonaq otağının pəncərəsinin yenə də döyüldüyünü eşitmiş və pəncərədən baxdıqda İsrayılın həyətdə olduğunu görmüşdür. Bundan qorxaraq dərhal əri Ceyhuna zəng edib hadisə barədə məlumat vermişdir. Əri ona demişdir ki, təqsirləndirilən şəxsin bacısına zəng etsin ki, gəlib qardaşını aparsın. Əri ilə “WhatsApp” proqramı ilə danışdığı vaxt internetin kəsildiyini görmüş, çölə baxdıqda təqsirləndirilən şəxsin internet xəttini dartıb qırdığını görmüşdür. Bundan dərhal sonra telefonla ərinə zəng edib, məlumat vermiş, daha sonra təqsirləndirilən şəxsin bacısına zəng edib, qardaşının onların həyətinə düşdüyünü bildirmişdir. Təqsirləndirilən şəxsin bacısı ona məsləhət görmüşdür ki, 102 xidmətinə zəng etsin. Bundan dərhal sonra DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bu anda həyətin zirzəmisindən səs gəldiyini eşidib İsrayılın zirzəmiyə daxil olduğunu başa düşmüşdür. Düşünmüşdür ki, təqsirləndirilən şəxs zirzəmidən nə isə götürüb gələcək. Qorxduğuna görə evin arxa otağına keçmişdir ki, İsrayıl onun evdə olduğunu bilməsin. Bir neçə dəqiqə sonra ehtiyatla gəlib evin mətbəxinə boylandıqda İsrayılın mətbəxin plastik pəncərəsinin dəmir barmaqlığını hansısa dəmir əşya ilə qıraraq yerindən çıxarmağa çalışdığını görmüşdür. Səsini çıxarmadan evin çöl qapısına tərəf gəlib orada dayanmışdır ki, İsrayıl pəncərədən içəri daxil olanda o, qapıdan çıxıb küçəyə qaçsın. 2 – 3 dəqiqə gözlədikdən sonra İsrayılın səsinin mətbəxin içərisindən gəldiyini eşitmiş və təqsirləndirilən şəxsin artıq evə daxil olduğunu güman etmişdir. Ona görə də dərhal çöl qapının kilidini açıb evdən çıxmış və yüksək səslə qışqıraraq darvazaya tərəf qaçmışdır ki, oradan çölə çıxıb ətrafdakı insanlardan kömək istəsin. Bu zaman İsrayılın sürətlə onun arxasınca qaçdığını görmüşdür. Təqsirləndirilən şəxs qaçaraq ona deyirdi ki, dayansın və qışqırmasın. Qorxması səbəbindən darvazaya çatmağına bir neçə metr qalmış ayaqları tutularaq dizləri üstə yerə yıxılmışdır. Bu zaman İsrayıl arxadan qaça-qaça gələrək əlləri ilə onun hər iki bilək nahiyələrindən tutmuş, ondan qışqırmamağı tələb edib dizləri üstə evə tərəf sürüməyə başlamışdır. Lakin o, qışqırmağa davam etmişdir ki, İsrayıl ona heç nə etməsin. Onun qışqırığını qonşusu Eyvaz eşidib divara qalxmış və onların həyətinə boylanmışdır. Qışqıraraq Eyvazdan kömək istəmişdir. Bu anda İsrayıl onun əlindəki mobil telefon aparatını dartaraq zorla almış, sonra həyətdə olan dəmir seyfin üstünə çıxıb hasara qalxaraq oradan öz həyətlərinə düşmüşdür. Bu vaxt Eyvaz onların həyətinə düşüb ona yaxınlaşmış və kömək edib evə gətirmişdir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid zərərçəkmiş şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun öz ifadəsi, həmçinin zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 19 mart 2021-ci il tarixli 233 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1993-cü il təvəllüdlü Vət Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarət aşkar edilmişdir: sağ budun qançırı və sıyrığı, sol mil-bilək oynağının qançırı. 2. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 15.03.2021-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir». 19 aprel 2021-ci il tarixli 9/1841 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertiza tədqiqatına təqdim edilən 1 ədəd qızılı rəngli «Samsung Galaxy» markalı, SM-A515A/DSN model Vyetnamda istehsal edilmiş mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 400,00 manat müəyyən edilir». Qeyd olunur ki, iş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilmişdir. Bununla bağlı 09 aprel 2021-ci ildə verilmiş 751 nömrəli rəyin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, özünü təqsirli bilmədiyinə baxmayaraq cinayətini faktik etiraf etdiyini, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərin ödənildiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CMnin 180.2.3 və 180.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd qızılı rəngli, «Samsung Galaxy» markalı SM-A515A/DSN modelli mobil telefon aparatı Zərərçəkmiş şəxs qaytarıldığından onun sərəncamına verilmiş hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 15 mart 2021-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd qızılı rəngli, «Samsung Galaxy» markalı SM-A515A/DSN modelli mobil telefon aparatı Zərərçəkmiş şəxs qaytarıldığından onun sərəncamına verilmiş hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar