Məhkəmə qərarları › İş №1(010)-184/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-184/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-184/2025 07.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.2002-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmayan, Lerik rayonu, Aşağı Binnə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük adlanan ərazidə nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 avqust 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən qohumu Şahid2 ailə üzvləri ilə birgə yaşadığı fərdi yaşayış evinin qonaq otağında Şahid2 arvadı Zərərçəkmiş şəxs onun qardaşı X8 barəsində bir müddət əvvəl Suraxanı RPİ-yə ünvanlanladığı şikayətlə əlaqədar Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla qəsdən bir neçə zərbə vuraraq Zərərçəkmiş şəxs sol bazunun hematoması və qançırı, sol saidin, sağ bazunun və sol göz ətrafı toxumaların qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İbtidai istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, 04 avqust 2024-cü il tarixdə Binə qəsəbəsində yaşayan bacısı Təranə Cəbrayılovanın evinə qonaq getmişdir. Bu zaman bibisi Pərvanə də oraya gəlmiş və onu öz evlərinə qonaq çağırmışdır. O, bibisi ilə birlikdə bibisinin yaşadığı evə getmişdir. Orada olduğu zaman bibisi oğlu Yusif, həyat yoldaşı Günay və oğlu Kənan evə gəlmişlər. Bu zaman bibisi oğlu Yusif ona “burda sənin nə işin var çıx get evimizdən” sözlərini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs da onun üzərinə gələrək evdən çıxmağını tələb etmişdir. O, onu bibisi öz evinə qonaq çağırdığını, bibisinin evinə qonaq gəldiyini bildirmişdir. Daha sonra bibisi oğlu Yusifə bildirmişdir ki, onun həyat yoldaşı Günay qardaşı İlkindən şikayət etmişdir. Günayı şikayətin geri götürməsi üçün başa salmağını istəmişdir. Onun bu sözlərindən sonra bibisi oğlu Yusifin oğlu Kənan onun üzərinə hücum çəkmək istəmişdir. Səsləri eşidən bacısı Təranə də oraya gəlmiş və onları sakitləşdirmək istəmişdir. Kənanın onun üzərinə hücum çəkmək istədiyini görən Yusif və bacısı Təranə Kənanın qarşısını almışlar. Bundan sonra qızışan Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək onu vurmaq istəmişdir. O, Zərərçəkmiş şəxs özünü qorumaq üçün Zərərçəkmiş şəxs itələmiş və oradan çıxıb getmişdir. İtələdiyi zaman Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirməyini görməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etmədiyini, amma peşman olduğunu, hamilə olduğunu, onların evinə getdiyini, Günayın onun atasının qohumu və bibisinin gəlini olduğunu, onu itələdiyini, lakin vurmadığını, oraya getdiyi üçün də peşman olduğunu, əvvəlcə əmisigildə olduğunu, bibisinin də orada olduğunu, sonra Kənanın gələrək burada nə etdiyini soruşduğunu, bibisinin oğlunun da ona getməsini dediyini, getməyə hazırlaşarkən Günay xanımla rastlaşdığını və sadəcə itələdiyini bildirmişdir. Qeyd etdi ki, bibisi tək olduğunu və darıxdığını dediyinə görə bibisinin israrla dəvət etməsi ilə aralarındaki söz-söhbətdən sonra ilk dəfə onlara getmiş və Günay onun üzərinə cummuş, qapı pəncərəni yumruqlamış, o isə 5 yaşlı uşağı qucağında olduğuna görə onu itələmişdir. Bildirdi ki, o, Günaya şillə vurmamış, sadəcə sinəsindən itələmiş, itələdiyi zaman Günay duruşunu itirməmiş, Günayın öz qardaşı sonradan gəlib Günaya şillə vurmuş və Günay əlini də pəncərə qırılanda kəsmişdir. Barışmaq istədiyini və oraya bibisi ilə getdiyinə görə təqsirli olduğunu bildirmişdir. İbtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 04 avqust 2024-cü il tarixdə evə gəldikləri zaman yoldaşının dayısı qızı, İlkinin bacısı Təqsirləndirilən şəxs və bacısı Təranə Cəbrayılovanın onların evdə olmasını görmüşdür. Asifənin onların evdə olduğunu görən həyat yoldaşı Yusif Asifəyə onların evdən çıxıb getməsini bildirmişdir. Bu zaman o, oraya gəlmiş və Asifənin nə üzlə onların evinə gəldiyini demişdir. Asifə isə onların evinə gəlmədiyini, bibisinin evinə gəldiyini bildirmişdir. Bundan sonra Asifə hədə-qorxu ilə ona qardaşı İlkindən şikayət etdiyini, şikayətini geri götürməyini bildirmişdir. Bu zaman o, dözməyərək Asifənin üzərinə getmişdir. Asifəyə qardaşının etdiyi hərəkətə görə cavab verəcəyini bildirmişdir. Bundan sonra Asifənin bacısı Təranə Cəbrayılova onların evin zal hissəsinə gələrək bura bibisinin evi olduğunu, onların çıxıb getməyini demişdir. Bundan sonra o, buranın onun və həyat yoldaşı Yusifin evi olduğunu, getməli olan şəxslərin Asifə və Təranə olduğunu demişdir. Bundan sonra aralarında mübahisə düşmüşdür. O, Asifənin üzərinə gedərək nə üzlə bu evə gəlməsini dedikdə, Asifə onun üzərinə hücum çəkərək yumruqla onun sifət nahiyəsinə və bədəninin müxtəlif yerlərinə vurmuşdur. Asifənin onu döydüyünü görən oğlu Kənan və həyat yoldaşı Yusif onları ayırmışlar. Bundan sonra Asifə onların evindən çıxaraq bacısı Təranə ilə birlikdə getmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs şikayətçi olduğunu bildirərək Asifənin bacısının onun qonşusu olduğunu, digər bacısının isə onun qaynının arvadı olduğunu, yoldaşı Rusiyada olan zaman Asifənin onun oğluna səsli mesaj göndərək nalayiq ifadələrlə onların şikayət etmə səbəblərini soruşduğunu, qardaşıgildən gəldikləri zaman yoldaşı və oğlunun evə keçdiyini, özünün isə həyətdə heyvanlara baxdığını, oğlunun Asifəyə buradan getməsini dediyini, Asifənin isə ona bibisinin evi olduğunu dediyini, ərizəni geri götürmədiyi təqdirdə “başını kəsmək”-lə hədələdiyini, sonra özünün də Asifəyə getməsini dediyini, Asifənin üzərinə cummadığını və yalnız oğluna dediyi nalayiq ifadələrə görə onunla mübahisə etdiyini, Asifənin bacısı ilə birgə onun qollarını cırmaqladıqlarını, qollarında cızıqların olduğunu, Asifənin bacısının onun saçından dartdığını, saçından tutaraq üzünün sol tərəfinə gözünün altına vurduqlarını, onun isə Asifəni vurmadığını, Asifənin 5 yaşlı uşağını onun bacısı uşaqlarının götürüb apardığını, onlar gedəndən sonra qardaşı və anasının gəldiyini, qardaşı gəlməsə, onu öldürə biləcəklərini, səhəri günü isə qardaşı və oğlu ilə birlikdə polisə müraciət etdiklərini bildirmişdir. Qeyd etdi ki, Asifənin qardaşının məhkəməsi olmayıb, sonradan gedib, şikayət eləmişdir, Asifənin atasının dəlilik kağızı vardır və zəng vuraraq hədə-qorxu gəlmişdir. Bildirdi ki, o qonaq otağında olduğuna görə, qardaşı Asifənin onu vurmasını görməyib, özü isə Təranənin də onu vurduğunu görmüşdür, onları oğlu ayırmışdır. Barışıq ilə bağlı əmisi zəng etmiş, qaynatası da gəlmişdir, lakin bağışlamaq niyyəti yoxdur, bu hadisələr səbəbindən 15 yaşlı uşağını psixoloqa aparır. Bundan başqa, bildirmişdir ki, təqsirləndirilən şəxs barışığa cəhd etməmiş, yalnız məhkəmədə cəhd etmişdir. Təqsirləndirilən şəxsin cəzasını çəkməsini xahiş etmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 özü Rusiyada olan zaman dayısı oğlunun onun yoldaşı Günaya təcavüz etdiyini, Rusiyadan qayıtdıqdan sonra işin polisə getdiyini gördüyünü, sözügedən hadisə baş verdiyi gün qaynanasıgildə olduğunu, qayıtdıqları zaman Asifənin onlarda olduğunu, uşağın Asifənin qucağında olmadığını, yerdə olduğunu, orada anası, özü və oğlunun, həmçinin Asifənin olduğunu, yoldaşının heyvanlara ot verdiyini, bacısı və Asifənin hər ikisinin yoldaşı Günayı vurduqlarını, ekspertizaya getdikləri zaman yoldaşı Günayın gözünün göyərmiş olduğunu bildirmişdir. Qeyd etdi ki, Asifə gələn zaman yoldaşı Günay ondan buraya nə üzlə gəldiyini soruşmuşdur. Birinci özü, sonra isə oğlu oraya daxil olmuş, oğlu Asifəyə çölə çıxmasını demiş, Asifə isə oğluna onu bibisinin çağırdığını demişdir. Bildirdi ki, Asifə Günayı vuranda onun uşağını bacısı Təranə öz evlərinə aparmış, sonra isə uşağı qoyub bacısının yanına qayıtmışdır. Təranə onun yoldaşı Günayı sinəsindən itələmiş, Asifə isə gözündən vurmuş, başını divara vurmuşdurlar. Qeyd etdi ki, yoldaşı ondan 3-4 dəqiqə sonra gəlmiş, özünün dava vaxtı ürəyi getmiş, əsəbdən dili tutulmuş, anası isə orada durub sadəcə baxmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid3 oraya dayısıgildən gəldiklərini, evə birinci atası ilə özünün daxil olduğunu, Asifənin onların evlərində olduğunu gördüklərini, Asifədən daha öncə telefonda onu söyməsi və nalayiq sözlər deməsi səbəbindən hansı üzlə gəldiyini soruşduğunu, Asifəyə getməsini dediyini, daha sonra anası Günayın da iki dəqiqə sonra səsləri eşidib gəldiyini, anası Günayın da Asifəyə evdən çıxmasını dediyini, Asifənin onun anası Günaya yumruq vurduğunu, anasının yıxılaraq başının dəydiyini, sonra bacısının da gəlib Günayın üzərinə cumduğunu, anasının isə onları vurmadığını, daha sonra atası Yusifin halının pisləşdiyini, onları ayırmaq istədiyi zaman nənəsinin onu saxladığını, sonra dayısının gəldiyini bildirmişdir. Qeyd etdi ki, Asifənin bacısı gəldikdən sonra, bacısı uşaqları onun uşağını öz evlərinə aparmışdır. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 04 avqust 2024-cü il tarixdə bacısı Asifə onun Binə qəsəbəsindəki evinə qonaq gəlmişdir. Həmin zaman bibisi Pərvanə də orada olmuşdur. Bibisi Pərvanə bacısı Asifəni öz evlərinə qonaq dəvət etmişdir. Bacısı Asifə ilk öncə getmək istəməsə də bibisi Pərvanə oranın onun evi olduğunu, heç kimin heç nə deyə bilməyəcəyini bildirmişdir. Bundan sonra bacısı Asifə bibisi ilə birlikdə onların yaşadığı evinə getmişdir. O, evdə ev işlərini gördükdən sonra yemək hazırlamış və bibisigilə getmişdir. Bibisi Pərvanə, bacısı Asifə və o, orada söhbət etmişlər. Bu zaman qaynı Yusif evə daxil olmuş və onları orada görmüşdür. Yusif qışqıraraq “sizin burada nə işiniz var, hansı üzlə mənim evimə gəlmisiniz” sözlərini demişdir. Bundan sonra təkidlə onların evdən çıxmaqlarını tələb etmişdir. Bu zaman bibisi Pərvanə oğlu Yusifə “bura sənin evin deyil, bura mənim evimdir, getmək istəyirsənsə sən get” sözlərini demişdir. Bacısı Asifə ayağa duraraq evdən çıxıb getmək istəmişdir. Bu zaman bibisi Pərvanə bacısı Asifəni saxlayaraq heç yerə getməyəcəyini bildirmişdir. Bacısı Asifə bildirmişdir ki, o, bibisinin evinə qonaq gəlmişdir. Yusif oranın bibisi Pərvanəyə məxsus olmadığını özünə məxsus olduğunu demişdir. X14 yoldaşı Günayın qardaşı İlkindən şikayət etdiyini, şikayətin geri götürməsi üçün başa salmağını bildirmişdir. Bacısının bu sözlərindən sonra Yusifin oğlu Kənan gələrək bacısı Asifəni təhqir etmiş və evdən çıxmasını bildirərək bacısının üzərinə hücum çəkmişdir. Kənanın bacısı üzərinə hücum çəkdiyini gördükdən sonra o və bibisi oğlu Yusif qarşısını almışlar. Ortalığın qarışdığını görən bacısı Asifə evdən çıxıb getmək istəmişdir. Həmin zaman Yusifin həyat yoldaşı Günay evə girmiş və qışqıraraq evdən çıxmalarını tələb etmişdir. X15 Məmmədovanın üzərinə hücum çəkdiyini görüb Günayı itələmiş və evdən çıxıb getmişdir. İtələdiyi zaman Günayın hər hansı xəsarət almasını görməmişdir. Bacısı Asifə oradan çıxıb getdikdən sonra Günay evi dağıtmağa başlamışdır. O, Günayın bu hərəkətləri etməsini görüb oradan uzaqlaşaraq öz evlərinə getmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid X6 özünün orada olduğunu, o evdə gəlin olduğunu, qaynanasıgildə oturduqları zaman ilk olaraq qaynının oğlunun gəldiyini, onlar çıxan zaman Günayın gəldiyini, bacısı Asifənin qucağında uşaq olduğunu, sonradan Günay xanımın evi özünün dağıtdığını, o evin bibisinin evi olduğunu və özlərinin qonaq gəldiyini, evdə qaynanası, qaynı, qaynının oğlu, eltisi və bacısı olduqlarını, açarın qaynatası Namiqdə olduğunu, marketə getdiyinə görə qapının açıq qaldığını, o gələndə mübahisənin artıq bitdiyini, uşaqları həyətə düşürdüklərini, lakin onların hadisəni gördüklərini, eltisinin iki qapının arasında bacısına cumduğunu, bacısının eltisini, eltisinin də bacısını vurmadığını, evi onlar çıxdıqdan sonra dağıtdığını, pərdələri cırdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş əlavə şahid X1 qardaşı qızı, Günayın isə gəlini olduğunu, onların problemlərini bilmədiyini, işdən gəldiyi zaman Asifənin həyətdə olduğunu gördüyünü və onlarla oturduğunu, Asifənin uşağı ilə hamama getdiyini, sonradan oğlu Yusifin gəldiyini, Yusifin və Kənanın Asifəyə çıxmasını dediyini, Asifə çıxanda Günayın evə girdiyini, Asifənin uşağının qucağında olduğunu, Günayın ərini döydüyünü, Asifənin özünü idarə edib, onu vurmadığını, Günayın qardaşının onu vurduğunu, qablarının Günayın qırdığını, neft tökərək evi yandırmağa cəhd etdiyini, Günayın qardaşının əlinin arxası ilə gözünün altına vurduğunu bildirmişdir. Qeyd etdi ki, hadisə zamanı oğlu Yusifin halı pis olmuş, sonra isə özündən getmişdir. Bildirdi ki, Günayın qolundan əri Yusif evi yandırmaması üçün tuturdu. Güman edir ki, Günayın qolundaki izlər evi yandırmaması üçün onu saxlayarkən yaranmışdır. Cinayət işinin materiallarının 1-ci vərəqində olan cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1-2434 nömrəli material üzrə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarəti alması faktına görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və cinayət işi istintaq aparılması üçün aidiyyatı üzrə Suraxanı RPİnin İŞ-nə göndərilmişdir. Cinayət işinin materiallarının 3-4-cü vərəqlərində olan baxış keçirmə və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto-şəkildən görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evidir. Hadisə yerinin fotocədvəli tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarının 15-16-cı vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 602 saylı rəyində göstərilmişdir ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol bazunun hematoması və qançırı, sol saidin, sağ bazunun və sol göz ətrafı yumşaq toxumaların qançırları. Qeyd edilən xəsarətlər xx.xx.2024-cü il tarixdə və şəraitdə törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınmaları inkar olunur. Cinayət işinin materiallarının 19-cu vərəqində olan cinayət işinin icraata qəbul edilməsi haqqında 31 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi və ibtidai stintaqı davam etdirilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 23-cü vərəqində olan zərər çəkmiş şəxs kimi tanınmaq haqqında 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş kimi tanınması və bu barədə ona bildirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 59-cu vərəqində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi; qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilməklə qərarın surətinin və yazılı bildirişin verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 63-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarının 87-88-ci vərəqlərində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən - xx.xx.2002-ci ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Aşağı Binnə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük adlanan ərazidə nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin seçilməsi, qərarın Təqsirləndirilən şəxs və onun müdafiəçisinə elan edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 90-cı vərəqində olan 06 noyabr 2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizamdan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işinə dair istintaq prosessini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, təhqiqat, istintaq və məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına gələcəyinə və ya yaşayış yerinin dəyişməsi haqqında onlara məlumat verəcəyi barədə yazılı öhdəlik götürmüşdür. Cinayət işinin materiallarının 94-98-ci vərəqlərində olan 07 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən xuliqanlıq cinayəti üzrə Təqsirləndirilən şəxs ittiham elan olunmaması və həmin xüsusat üzrə cinayət təqibinin başlanılmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid2, Şahid3 və X2 barələrində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən iş üzrə dindirmə protokolları, üzləşdirmə protokolu və məhkəmə tibbi ekspertizasının rəyinin sübut növü kimi qiymətləndirilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs barəsində cinayət təqibinin başlanılmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədinə əsasən onun soyadının "Ağazadə" kimi oxunması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid2 şəxsiyyətini təsdiq edən sənədinə əsasən onun soyadının “Cəbrayılov" kimi oxunması, qərarın surətinin ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 127-128-ci vərəqlərində olan Suraxanı Rayon Məhkəməsinin 1(010)-608/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə məhkəməyə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 633/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol bazunun qançırı ilə müşayiət edilən hematoması, sol saidin, sağ bazunun və sol göz ətrafı yumşaq toxumaların qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sol bazunun qançırı ilə müşayiət edilən hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Xəsarətlərin bir və ya bir neçə şəxs tərəfindən törədilməsinin təyini istintaq yolu ilə həll edilə bilər. Beləliklə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, ifadəsi özünü müdafi xaraktri daşımış, formal mülahizələri əsaslanmış, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərər çəkmiş şəxs, şahid ifadəsinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 məhkəmətibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 602 saylı rəyini və təkrar məhkəmə-tibbi ekspertizasının 633/2025 saylı, xx.xx.2025-ci il tarixli ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə islah işləri növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Hazırki cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddələrinin sanksiyalarında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. “Elektron Məhkəmə” sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X3 adlı övladı var. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, ilk dəfə cinayət əməli törətməsi, himayəsində azyaşlı övladının olması və deməsinə görə hamilə olması cəzasını yüngülləşdirən hallardır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, ilk dəfə bu növ təsnifatdakı cinayəti törətməsini, ailəli olmasını, azyaşlı uşağının olmasını, hamilə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 5 (beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 ay (altı ay) müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar