Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-185/2021 02.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:05-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 30 oktyabr 2019-cu il tarixdə, saat 11 radələrində ünvan 2 ünvanda onunla eyni həyətdə yaşayan qohumu Zərərçəkmiş şəxs1 evindən çarpayını çıxartmağa köməklik etmək məqsədi ilə evə dəvət edilməsindən istifadə edərək, qonaq otağında, masanın üzərindəki süfrənin altında olan “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən Zərərçəkmiş şəxs1 adına verilmiş 6762 6111 0875 5520 nömrəli elektron məlumat daşıycısı hesab edilən təqaüd kartını kağıza yazılmış şifrə ilə birlikdə, daha sonra evdə olan servantdakı çaynikin içərisindən 7.5 qram çəkidə üzərində 24 ədəd briliyant qaşları olan 800 manat dəyərində 01 ədəd qadın qızıl üzüyünü və 50 manat dəyərində 01 ədəd qadın gümüş üzüyünü gizli yolla talamış, 09 noyabr 2019-cu il tarixdə, saat 09:33-də isə qeyd edilən elektron məlumat daşıyıcısından istifadə etməklə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən “Azərbaycan Beynəlxalq Banka” məxsus 733 saylı ATM-dən 200 manat pulu çıxardaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1.050 manat məbləğində maddi ziyan vurmaqla oğlurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 dekabr 2019-cu il tarixdə, saat 13 radələrində ünvan 3 ünvanda yaşayan Zərərçəkmiş şəxs2 ev işlərində köməklik göstərməsi üçün sonuncunun evinə dəvət edilməsindən istifadə edərək, evin qonaq otağındakı servantda olan çaynikin içərisində saxlanılan 4.93 qram kütləli, 583/585 əyarlı, üzərində 03 ədəd rəngsiz şəffaf qaşlar olan 295 manat dəyərində 01 ədəd kişi qızıl üzüyünü və 15 manat nəğd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 310 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs1 onun əmisi arvadıdır, onlarla eyni ünvanda bir həyətdə, ayrı-ayrı evlərdə yaşayır. 30 oktyabr 2019-cu il tarixdə, təxminən səhər saat 11 radələrində həyətdə olarkən əmisi Rasifin və onun həyat yoldaşı Sevilin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan oğullarının yaşadığı evə getməyə hazırlaşdıqlarını görmüşdür. Həmin vaxt əmisi Rasif ondan, evlərindəki çarpayını bayıra çıxartmağa və yük avtomobilinə yükləməyə köməklik göstərməsini xahiş etmişdir. Bununla əlaqədar bir neçə dəfə evə daxil olub-çıxmış, həmin vaxt əmisi Rasifin və onun arvadı Sevilin bayırda başlarının qarışıq olduğundan istifadə edərək, qonaq otağında masanın üzərində olan süfrəni qaldırıb altına baxdıqda, süfrənin altında Sevilin adına olan təqaüd kartının və yanında kağıza yazılmış şifrənin olduğunu görmüşdür. Həmin kartı və kağıza yazılmış şifrəni oğurlayıb cibinə qoymuşdur. Sonra evdə olan servantdakı çaynikinin içərisinə baxdıqda, orada 01 ədəd üzərində çoxlu qaşları olan qadın qızıl üzüyünün və 01 ədəd qadın gümüş üzüyünün olduğunu görüb, həmin üzəkləri də oğurlayıb bayıra çıxmışdır. Daha sonra əmisi Rasif və arvadı Sevil evlərinin giriş qapısını bağlayıb getmişlər. Səhəri günü hər iki üzüyü Bakı şəhəri, Nizami rayonu ərazisindəki 8-ci kilometr bazarında tanımadığı şəxsə 150 manata satmış, əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Təqaüd kartına isə pul köçürülmədiyini bildiyinə görə özündə saxlamışdır. 09 noyabr 2019-cu il tarixdə səhər saatlarında sözügedən kartdan istifadə etməklə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən bankomatdan 200 manat məbləğində vəsaiti çıxardıb həmin pulu da öz ehtiyaclarına xərcləmişdir. Sonradan Sevilin, evindən təqaüd kartının və üzüklərinin oğurlanması barədə polisə müraciət etdiyini bilmişdir. Təxminən 01 ay keçdikdən sonra, əmisi arvadı Sevili evin həyətində görüb ona yaxınlaşaraq evdən təqaüd kartını və üzükləri oğurladığını etiraf edərək, kartını Sevilə qaytarmışdır. Sevil ondan üzükləri hara satdığını soruşduqda, onları Bakı şəhəri, Nizami rayonu ərazisindəki 8-ci kilometr bazarında tanımadığı şəxsə 150 manata satdığını bildirmiş, habelə vurulmuş maddi ziyanı ödəyəcəyinə dair Sevilə vəd vermiş, lakin sonradan vədinə əməl edə bilməmişdir. Bundan başqa, o, qonşuluqda yəni ünvan 3 ünvanda yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evdən də oğurluq etmişdir. Belə ki, Cəmilənin dəvəti ilə tez-tez onlara gedərək onların evində müxtəlif işləri görmüşdür. Buna görə Cəmilə həmişə ona pul və yemək vermişdir. Növbəti dəfə 11 dekabr 2019-cu il tarixdə, saat 11 radələrində Cəmilənin dəvəti ilə onun evinə gedib hamam otağında iş görmüş, habelə paltaryuyan maşını təmir etmişdir. Saat 13 radələrində Cəmilə onu nahara dəvət etmiş, həmin vaxt Cəmilə və onun əri Vaqiflə birlikdə nahar etmişlər. Yemək yedikdən sonra Cəmilə və Vaqif çölə çıxmışlar, o isə edə tək qalmışdır. Həmin vaxt, evin qonaq otağındakı servantda olan çaynikinin içərisinə baxdıqda, orada üzərində 03 qaşı olan 01 ədəd kişi qızıl üzüyünün və 15 manat nəğd pulun olduğunu görmüşdür. Pulu və üzüyü oğurlayıb cibinə qoymuş, Cəmilənin evində görüləsi başqa bir iş olmadığına görə oradan çıxıb getmişdir. Səhəri gün, günün birinci yarısında qonşuluqda yaşayan Aydını görmüş, şəxsiyyət vəsiqəsinin olmadığını deyərək ondan, rəhmətə getmiş atasının qızıl üzüyünü lombardda girov qoyub pul götürməkdə köməklik etməsini xahiş etmişdir. Aydın etiraz etməyərək onunla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə getmiş, orada oğurladığı üzüyü Aydının şəxsiyyət vəsiqəsi əsasında lombarda girov qoyub 150 manat pul götürmüşdür. Lombardın işçisi üzüyün kimə məxsus olduğunu soruşduqda, Aydın onu (Təqsirləndirilən şəxs) göstərərək üzüyün ona (Təqsirləndirilən şəxs) məxsus olduğunu, rəhmətə getmiş atasından qaldığını, pula ehtiyacı olduğuna görə girov qoyduğunu demişdir. Pulu götürdükdən sonra Aydına, həmin pulla atasının il mərasimini verəcəyini demişdir. 19 dekabr 2019-cu ildə Cəmilə üzüyün və 15 manat pulun onun tərəfindən oğurlandığını bilərək, səhəri gün Aydınla birlikdə lombarda gedib 150 manat pulu ödüyərək üzüyü girovdan götürmüşdür. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını, Zərərçəkmiş şəxs1 isə vurulmuş maddi ziyanı imkanı olmadığına görə ödəyə bilmədiyini bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 08 iyul 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, əri Vaqiflə birlikdə ünvan 4 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onlarla qonşuluqda yaşayır və sonuncu zəhmət haqqı müqabilində lazım olduğu təqdirdə onların dəvəti ilə evlərində təmir işləri görmüşdür. Sonuncu dəfə Mahid onların dəvəti ilə 11 dekabr 2019-cu il tarixdə, təxminən saat 11 radələrində gələrək hamam otağında iş görmüş, habelə paltaryuyan maşını təmir etmişdir. Həmin gün özü, əri Vaqif və Mahid bir masa arxasında oturub nahar etmişlər. Həmin ərəfədə bir neçə dəfə əri Vaqiflə birlikdə masa arxasından qalxıb çölə çıxmışlar, Mahid isə evdə tək qalmışdır. Nahar etdikdən sonra Mahid, görüləsi başqa bir iş olmadığına görə çıxıb getmişdir. 19 dekabr 2019-cu il tarixdə qonşuluqda yaşayan Aydını görmüş, söhbət əsnasında Aydından Mahidi soruşmuşdur. Aydın isə 12 dekabr 2019-cu il tarixdə Mahidlə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə getdiyini, orada olan lombardların birində öz şəxsiyyət vəsiqəsi ilə Mahidin rəhmətə getmiş atasından qalmış qızıl kişi üzüyünü girov qoyaraq müqabilində 150 manat pul götürüb Mahidə verdiyini, sonuncunun həmin pula atasının il mərasimini keçirdəcəyini demişdir. Aydına heç bir söz demədən yaşadığı evə gedib servantda olan dəm çaynikinin içərisinə baxdıqda, orada saxladığı üzərində 03 ədəd sadə qaşı olan 295 manat dəyərində olan qızıl kişi üzüyünün və 15 manat pulun oğurlandığını aşkar etmiş, həmin oğurluğun Mahid tərəfindən 11 dekabr 2019-cu il tarixdə edildiyini başa düşmüşdür. Səhəri günü Aydınla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən lombarda gedib 150 manat ödəyərk üzüyü girovdan çıxartmışdır. Sonda Zərərçəkmiş şəxs2 cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 17 avqust 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, ünvan 5 ünvanda əri Rasiflə birlikdə yaşayır. Qaynı oğlu Mahid də onlarla bir həyətdə, öz ata evində yaşayır. 30 oktyabr 2019-cu il tarixdə həyat yoldaşı Rasiflə birlikdə oğulları Raminin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evinə getməyə hazırlaşmışlar. Evlərində olan çarpayını oğlunun evinə aparmaq üçün əri Rasif yük avtomobili tutmuş və həmin vaxt Mahiddən çarpayını avtomobilə yükləməkdə köməklik etməsini xahiş etmiş, Mahid də razılaşaraq Rasifə çarpayını evdən çıxartmağa köməklik etmişdir. Bununla əlaqədar olaraq Mahid bir neçə dəfə evlərinə daxil olub-çıxmışdır. Çarpayını avtomaşına yüklədikdən sonra, evin qapısını bağlayıb Rasiflə birlikdə getmişdir. 06 noyabr 2019-cu il tarixdə səhər saatlarında əri Rasif gedib evlərinə baş çəkdikdən sonra işlərinin dalınca getmişdir. 09 noyabr 2019-cu il tarixdə isə Rasif, onun təqaüdünü almaq üçün Binə qəsəbəsindən evlərinə getmiş, qonaq otağında olan masanın üzərindəki süfrənin altında saxladıqları kartın, şifrəsi ilə birlikdə yerində olmadığını aşkar etmişdir. Buna görə də Rasif zəng edib ona kartın yerində olmadığını demişdir. Həmin gün axşam tərəfi təxminən saat 18 radələrində evinə gedib kartı axtarmış, lakin tapa bilmədiyinə görə Beynəlxalq Bankın qaynar xəttinə zəng edib kartını itirdiyini bildirmiş və kartının bloka salınmasını xahiş etmişdir. Qaynar xətdən ona, 09 noyabr 2019cu il tarixdə, saat 09:33-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən bankomat vasitəsilə kartından 200 manat pulun çıxarıldığını bildirmişlər. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib təqaüd kartının oğurlandığı barədə məlumat vermişdir. Bir qədər keçmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları evinə gəlib baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq sənədləşdirmə aparmışlar. Polislər getdikdən sonra, axşam saat 23 radələrində yataq otağında olan servantdakı qab-qacaqlara baxdıqda, dəm çaynikinin içərisindən 800 manat dəyərində 01 ədəd 7.5 qramlıq çəkidə, üzərində 24 ədəd briliyant qaşları olan qızıl qadın üzüyünün və 50 manat dəyərində olan 01 ədəd gümüş qadın üzüyünün də oğurlandığını aşkar etmişdir. 12 noyabr 2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində izahat verərkən üzüklərinin də oğurlandığını bildirmişdir. Buna görə də polislər həmin tarixdə onun evinə gedib ikinci dəfə hadisə yerinə, yəni yataq otağına baxış keçirmişlər. Bundan təxminən bir ay sonra yaşadığı evin həyətində olarkən qaynı oğlu Mahid ona yaxınlaşıb təqaüd kartını qaytararaq oğurluq etdiyini etiraf etmiş, kartından 200 manat pulu çıxardaraq xərclədiyini bildirmişdir. Mahid həmçinin üzüklərini də oğurladığını etiraf etmiş, onları Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarında tanımadığı bir şəxsə satdığını demiş, vurduğu ziyanı qısa bir zamanda ödəyəcəyinə söz vermişdir. Təqaüd kartı oğurlandıqdan təxminən 2-3 gün sonra gedib bankdan yeni təqaüd kartı almışdır. Mahidin oğurluq əməli nəticəsində ona ümumilikdə 1.050 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənilmədiyini buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Zərərçəkmiş şəxs1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur, uşaqlıqdan bir yerdə böyümüşlər, bir sinifdə oxumuşlar və hazırda da qonşuluqda yaşayırlar. 12 dekabr 2019cu il tarixdə, saat 10 radələrində Mahidlə rastlaşmış sonuncu, atasının il mərasimi keçirmək istədiyini, lakin rəhmətə getmiş atasından qalmış kişi qızıl üzüyünü şəxsiyyət vəsiqəsi olmadığına görə girov qoyub pul götürə bilmədiyini bildirərək, ondan şəxsiyyət vəsiqəsi ilə üzüyü girov qoyub pul götürməsində köməklik göstərməsini xahiş etmişdir. Mahidlə razılaşmış və onlar birlikdə Buzovna qəsəbəsində yerləşən lombarda getmişlər. Lombarda getdikdə öz şəxsiyyət vəsiqəsi ilə Mahiddə olan kişi qızıl üzüyü girov qoyub 150 manat pul götürmüşdür. Üzüyün girova qoyulması sənədi onda qalmış, lombarddan aldığı 150 manat pulu isə Mahidə vermişdir. Lombardın işçisi soruşandakı üzük kimə məxsusdur, cavabında Mahidi göstərərək üzüyün ona məxsus olduğunu, rəhmətə getmiş atasından qaldığını, girova qoyaraq götürəcəyi pul ilə atasının il mərasimini vermək istədiyini demişdir. Bakı şəhəri, suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinə qayıtdıqda Mahiddən aralanaraq evinə getmişdir. Mahidin isə hara getməsindən xəbəri olmamışdır. 19 dekabr 2019-cu il tarixdə axşam tərəfi qonşusu Cəmilə onu küçədə görüb onunla söhbət etməyə başlamış və söhbət əsnasında ondan Mahidi soruşmuşdur. Cəmiləyə, bir neçə gün bundan əvvəl Mahidlə birlikdə Buzovna qəsəbəsinə gedib öz şəxsiyyət vəsiqəsi ilə, Mahidə atasından qalmış kişi qızıl üzüyünü lombarda girov qoyaraq 150 manat pul götürüb Mahidə verdiyini, sonuncunun həmin pulla atasına il mərasimi verəcəyini demişdir. Cəmilə bir söz demədən ondan ayrılaraq evinə getmişdir. Səhəri gün Cəmilə ona demişdir ki, lombarda girov qoyub pul götürdükləri üzük onun evindəki servantda olan dəm çayniyinin içərisindən Mahid tərəfindən oğurlanmışdır. Bundan sonra o, Cəmilə ilə Buzovna qəsəbəsinə getmiş və orada lombardın ona verdiyi sənədi təqdim edərək üzüyü geri götürəcəyini bildirmişdir. Cəmilə lombarda 150 manat pulu ödədikdən sonra, onlar üzüyü geri götürmüşlər. Yeni Suraxanı qəsəbəsinə gəldikdə Cəmilədən ayrılaraq evinə getmişdir. Cəmilə, Mahidin üzükdən başqa 15 manat pul oğurladığını da demişdir. Lombarda girov qoyub pul götürdüyü üzüyün oğurluq yolu ilə əldə edildiyini bilməmişdir, bu barədə Mahid ona heç bir məlumat verməmişdir. Mahid, üzüyün rəhmətə getmiş atasından qaldığını demişdir. Üzüyün oğurluq yolu ilə əldə edildiyindən məlumatı olsa idi Mahidlə lombarda getməzdi və öz şəxsiyyət vəsiqəsi ilə üzüyü girov qoyub pul götürməzdi. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ünvan 6 ünvanda yerləşən lombardda zərgər işləyir. 12 dekabr 2019-cu il tarixdə günün birinci yarısında lombardda işdə olduğu zaman, iki nəfər şəxs yaxınlaşıb üzərində 03 ədəd sadə qaşı olan qızıl kişi üzüyünü girov qoyub pul götürmək istədiklərini bildirmişlər. Həmin şəxslərdən şəxsiyyət vəsiqəsini təqdim etməyi bildirdikdə, şəxsiyyət vəsiqəsindən bildiyi Şahid1 öz şəxsiyyt vəsiqəsini və üzüyü ona təqdim etmişdir. Soruşanda ki, üzük kimindir, Şahid1 yanında olan şəxsi, sonradan polisdə tanıdığı Təqsirləndirilən şəxs göstərərək üzüyün ona məxsus olduğunu, rəhmətə getmiş atasından qaldığını, üzüyü girov qoyub pul götürərək atasının il mərasimini vermək istədiyini bildirmişdir. Üzüyü tərəzidə çəkib 150 manata qiymələndirərək bu barədə onlara məlumat vermişdir. Onlar qiymətlə razı olduqdan sonra Şahid1 adına girov bileti tərtib edərək ona 150 manat pul və girov biletinin bir nüsxəsini vermişdir. Girov biletində Şahid1 bütün anket məlumatları göstərilmişdir. Şahid1 pulu götürdükdən sonra, yanında olan Təqsirləndirilən şəxsla birlikdə çıxıb getmişdir. Təxminən bir həftə keçmiş Şahid1 sonradan tanıdığı Zərərçəkmiş şəxs2 ilə birlikdə lombarda gəlib girov biletinin nüsxəsini təqdim edərək üzüyü girovdan götürmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 150 manat pulu ödədikdən sonra, üzüyü onlara qaytarmış və yalnız bu zaman üzüyün oğurluq yolu ilə əldə edildiyini bilmişdir. Üzüyü girova götürəndə oğurluq yolu ilə əldə edilməsini bilmədiyinə görə polisə məlumat verməmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 19 dekabr 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində oğurluq hadisəsi baş vermişdir. İş materiallarında olan təqdim olunmuş əşyanın götürülməsi barədə 26 dekabr 2020ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 4.93 qram kütləli, 583/585 əyarlı, üzərində 03 ədəd rəngsiz şəffaf qaşlar olan 01 ədəd kişi qızıl üzüyü hal şahidlərinin iştirakı ilə götürülmüşdür. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə 09 noyabr 2019-cu il və 12 noyabr 2019-cu il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanda oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs1 qonaq otağında olan, masanın üzərindəki süfrənin altında saxladığı “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən onun adına verilmiş təqaüd kartının kağıza yazılmış şifrə ilə birlikdə, habelə yataq otağında olan servantdakı çaynikin içərisində saxladığı 01 ədəd brlilliant qaşlı qızıl üzüyün və 01 ədəd gümüş üzüyün oğurlandığını bildirmişdir. İş materiallarında olan təqaüd kartının götürülməsi barədə 16 fevral 2020-ci il tarixli protokoldan görünür ki, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən Zərərçəkmiş şəxs1 adına verilmiş 6762 6111 0875 5520 nömrəli elektron məlumat daşıycısı hesab edilən təqaüd kartı sonuncudan hal şahidlərinin iştirakı ilə götürülmüşdür. İş materiallarında olan 16 fevral 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə demiş, sonuncu isə S.H.Ələbkərovanın dediklərini təsdiq etmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 26 mart 2020-ci il tarixli, 6/161-9/132 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 4.93 kütləli üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir. Üzüyün 2019-cu ilin dekabr ayına pərakəndə satış qiyməti təxminən 295 manat müəyyən edilir. İş materiallarında olan təqdim edilmiş girov biletin götürülməsi barədə 12 may 2021ci il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirlmiş Şahid4 ibtidai istintaqa təqdim etdiyi girov bileti hal şahidlərinin iştirakı ilə götürülmüşdür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət nəticəsində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 dekabr 2020-ci il tarixli məlumatından və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 dekabr 2020-ci il tarixli məlumatından həmçinin görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 4-cü maddəsi tətbiq edilməklə cəzası 06 ay azaldılmış, Təqsirləndirilən şəxs 25 fevral 2017-ci il tarixdə cəzasının sonu il azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cü maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 90 (doxsan) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qızıl kişi üzüyünün Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən Zərərçəkmiş şəxs1 adına verilmiş 6762 6111 0875 5520 nömrəli elektron məlumat daşıycısı hesab edilən 01 ədəd təqaüd kartı Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 90 (doxsan) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qızıl kişi üzüyünün ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən Zərərçəkmiş şəxs1 adına verilmiş 6762 6111 0875 5520 nömrəli elektron məlumat daşıycısı hesab edilən 01 ədəd təqaüd kartı cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-**********1300204113, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-185/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-185/2021
02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver